Tanınmış jurnalist Cavid Əhmədoğlu adı dəfələrlə qalmaqalda hallanan Aşıq Namiq Fərhadoğlunu məhkəməyə verir.
Əhmədoğlunun BAKU.WS-ə verdiyi məlumata görə, bu addımı atmasına səbəb aşığın onun təhqir etməsidir:
“Namiq Fərhadoğlu “İnstagram” səhifəsində aparıcısı olduğu “Xoş ovqat” proqramından kadrlar paylaşıb və “Xoş ovqat efirdə?” yazıb. Gördüyünüz kimi bu cümlədə sual işarəsinə ehtiyac yoxdur. Mən də videonun altında şərh yazaraq, sual işarəsinin yerinə nöqtə qoyulmalı olduğunu bildirdim.
Gözləmədiyim halda iradımın altında çox ağır formada məni təhqir etdi. Bununla sakitləşməyib mesaj bölümündə təhqirə davam etdi. Mən onun səviyyəsinə düşüb təhqirlərə cavab vermədim. Məhkəməyə verirəm. Artıq tanıdığım vəkillərimdən biri ilə iddia ərizəsi hazırlayırıq. Belə insanlara öz hədlərini bildirmək lazımdır. Bunlar özlərini nə sayırlar?! Niyə belə qudurğanlıq edirlər?”.
C.Əhmədoğlu N.Fərhadoğlunun ona yazdığı söyüşlərin skrinşotunu bizə göndərsə də, oxucularımıza hörmət əlaməti olaraq paylaşmırıq.
Xatırladaq ki, bir neçə il əvvəl jurnalist Tahirə Məmmədqızı təhqirə görə Namiq Fərhadoğlunu məhkəməyə vermişdi.
Müstəqil.Az