Narahat qəlbin poetik duyğuları,

yaxud itkilərin üzdüyü alim Yavər Sultanovun şair Yavər Sultanova şikayəti

 İnsan həyatı boyu müxtəlif itkilərlə üzləşir, bu, təbiidir və hər kəsin başına gələn olaydır. Amma elə itkilər var, adamı sındırır, vaxtından qabaq ruhdan salır. Yavər Sultanov həyatında çox itkilərlə üzləşib, bunların ən ağırı övlad itkisidir. Övlad itkisi qədər onu dostlarının itkisi də yandırıb. Bu itki isə ölümün alıb apardığı itki deyil, bu, etibarın, əqidənin, vafanın itkisidir:

 

Əbəs yerə ağartdım mən başımı,

Tanımadım dostumu, qardaşımı.

Oğul istər kürəkləyə daşımı,

Tanımadım, dostumu, qardaşımı.

 

Arxa sandıqlarının arxadan vurduqları, yolunun üstündə hörümçək tək tor qurduqları bu adam şair qəlbli alim, Cəlilabadda müəllim işləmiş, bir sıra məsul vəzifələri tutmuş biologiya üzrə fəlsəfə doktoru Yavər Sultanovdur. Yavər Hüsü oğlu Sultanov 1941-ci ildə anadan olmuş, o dövrün “bərkgedən” təhsil müəssisələrindən sayılan Ali Partiya Məktəbini bitirmişdir. O, Cəlilabad rayon partiya komitəsində kənd təsərrüfatı şöbəsinin müdiri və sovxoz direktoru vəzifələrində işləmişdir. Ömrünün son illərində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Cəlilabad rayon şöbəsində inspektor vəzifəsində çalışmışdır.

Yavər Sultanovun həyatının ən təlatümlü çağları Azərbaycanda müstəqillik uğrunda mübarizə aparıldığı 1990-cı illərlə bağlıdır. Bu dövrdəki fəaliyyətinə görə həbs olunmuşdur. Yavər Sultanovun adının mübarizlər sırasında hallanması kommunist dostlarını ondan uzaq salmış, hətta güvəndiyi və etibar etdiyi adamlar məhkəmədə onun üzünə durmuşlar. Amma Yavər Sultanov azadlıq uğrunda apardığı mübarizədə çəkdiyi əzablardan, əziyyətlərdən sınmamış, özünə, əqidəsinə daim güvənmişdir:

 

Keçdiyim yollara nəzər salıram,

Enişli, yoxuşlu, nahamar yollar.

İnana bilmirəm özüm özümə,

Mənim keçdiyimdir görən bu yollar?

 

Bir də bu yollara qayıtmaq olmaz,

Bir dəfə keçilir çünki bu yollar.

Mənasız keçiddən heç bir iz qalmaz,

Mənalı ömürlə bəzənir yollar.

 

Xoşbəxt o kəsdir ki, sözü qalacaq,

Keçdiyi yollarda közü qalacaq.

Özü dünyasını dəyişsə belə,

Hər yerdə, hər zaman izi qalacaq.

 

İradəsi nə qədər möhkəm olsa da, insan özünə həmdəm, həmfikir gəzir. Axtardığını tapmayanda isə sözünü Haqqın, Ədalətin böyük sahibinə – Tanrıya deyir:

 

Yoxdur məni başa düşən bir həmdəm,

Üzləri gör necə bürüyübdür qəm.

İlahi, bizlərin dadına sən çat,

Nicat ver, qəlblərdə qalmasın sitəm.

 

Buludlar alıbdır günəşin üzün,

Kəsirlər dilini, kim desə düzün.

Niyə məcrasını dəyişdi həyat,

Kəsəri qalmayıb ağıllı sözün? 

 

Yavər Sultanovu təbdən çıxaran, hirsləndirən məqamlar da az deyil. “Sən adam deyilsən, bir yalquzaqsan” şeiri bu qəbildəndir. Adamları çapıb talayan, tüpürdüyünü yalayan, yazıqların başında od qalayan insanlıqdan uzaq olanlar yalquzaq xislətlidir. “Əqrəb”, “Daş atma”, “İnsan olan”, “Haqq yoluna üz çevirin” və başqa şeirləri də bu ovqatdadır. Arı, həyası, yurdu, yuvası olmayan, mayası zəhərlənən belə adamları “Qozbel tayfası” adlandırır. “Mən varam” şeirindən:

 

Çox çətinlik, müsibətlər görmüşəm,

Yediyim tikənin qədrin bilmişəm.

El yolunda çox əziyyət çəkmişəm

Əbəs yerə mənə tənə vurma sən.

 

Çətin gündə mən çoxunu sınadım,

Fikrə dalıb öz-özümü qınadım.

Hər yolçudan yoldaş olmaz, bilmədim,

Düşmən mənlə çörək kəsdi, görmədim.

 

“Darda qalmaz” şeirindən:

 

Dostum, bir az düşün dərin,

Qabaqdadır xoş günlərin.

Onda təmiz unudarsan

Acısını bu günlərin.

 

Hər kəs əkdiyin biçəcək,

Hamı qonaqdır, köçəcək.

Yaxşılara rəhmət olsun,

Hər məclisdə deyiləcək.

 

Cəlilabad çoxlu alimlər yetirib, Yavər Sultanov bölgədə tək yaşayan fəlsəfə doktoru deyildi. Onun müstəqillik uğrunda mübarizə apardığı illərdə həbs edilən cəlilabadlı alimlərdən biri iqtisadiyyat üzrə fəlsəfə doktoru Nağı Nağıyev idi. Məhkəmə sədri mühakimə olunan məhkumların kimliyi ilə tanış olandan sonra özünü pis hiss etmiş və soruşmuşdu ki, Cəlilabadda daha alim yoxdur? Demişdilər, rayonda yaşayan alimlər elə bunlardır. Biri də var, o da iqtisadiyyat üzrə fəlsəfə doktorudur, amma həbsdədir. Məhkəmənin sədri özünü saxlaya bilməmiş, demişdir: “Bəs onda bu rayonu kimlər idarə edir? Alimlər həbsdədirsə, fürsəti çobanlara vermisiniz?!” Bir müddət sonra məhkəmə qərara aldı ki, Azərbaycan müstəqillik qazandığına görə bu yolda mübarizə aparmış fəlsəfə doktorları Yavər Sultanovun və Nağı Nağıyevin üzərindən ittiham götürülsün və onlar azadlığa buraxılsınlar. Elə həmin ərəfədə həbs edilmiş digər şair təbiətli alim – Mehman Quliyev də azadlığa çıxdı. Yavər Sultanov “Qoruyun məni” şeirində elə bu olayları nəzərdə tutaraq yazırdı:

 

Nəğmə dolu bir ürəyəm,

Xoş arzuyam, xoş diləyəm.

Bu ellərə çox gərəyəm,

Qoruyun məni, insanlar!

 

Məramım xoş, arzum aydın,

Kaş ki, arzuma çataydım.

Bərkiyəcək qol-qanadım,

Qoruyun məni, insanlar!

 

Qaraya ağ deməz qələm,

Qoy eşitsin bütün aləm,

Bir danılmaz həqiqətəm,

Qoruyun məni, insanlar!

 

Yavər Sultanovun şeirlərindən bir qismi əlimizdədir, nə yaxşı ki, öz sağlığında, 2006-cı ildə “Ömür bir karvandır” kitabı nəşr olunmuşdur. Kitab mərhum şair, yazıçı və publisist Adil Ağazadənin “Bir qəlbin duyğuları” adlı ön sözü ilə işıq üzü görmüşdür. Əslində bu kitab Yavər Sultanovun övadını əlindən almış fələyə, dostluğun qədrini bilməyən insanlara qarşı üsyanıdır: “Vaxtsız ölüm, dost dönüklüyü, əqidəsizlik müəllifi bir ata kimi, şəxsiyyət kimi haldan-hala salır, özünü qoymağa yer tapa bilmir. Övlad şirinliyinin əvəzsiz nemət olduğunu göstərir, əqidəsizləri, dostluqda nankor çıxanları tənqid atəşinə tutur. Qəlb ağrısı və içində kükrəyib daşan kədər hissi ilə qələmə aldığı bu şeirlər oxucuda müəllifə haqq qazandırır və onun dərdinə-sərinə şərik edir”.

 

Yavər Sultanov həyat haqqında öz fəlsəfi fikirlərini kitaba ad kimi seçdiyi “Ömür bir karvandır” şeirində daha yaxşı ifadə etmişdir:

 

Ömür bir karvandır, daima yolda,

Onda xoş üz də var, qəm, qalmaqal da.

 

Ömür bir karvandır, durmur, hey gedir,

Kimi xoşbəxt edir, kimi mat edir.

 

Yol gedir bu karvan, qalır izləri,

Qaytarmaq olarmı ötən günləri?

 

Ümidlə boylanır hər bir sabaha,

O ötən anları görmərik daha!..

 

Ömür bir karvandır, yükü dəfinə,

Onu əvəz etməz heç bir xəzinə!

 

Ömür bir karvandır, bizsə sariban,

İmdad diləyirik səndən, yaradan!..

 

Yavər Sultanov 2013-cü ildə vəfat etmişdir. Çətin, enişli, yoxuşlu, əzablı və narahat yolda büdrəməyən alim və şair nəhayət son mənzildə rahatlıq tapdı. Ondan bizə tutarlı və üsyankar məzmunlu şeirlər yadigar qaldı.

 

Bilal Alarlı HÜSEYNOV,

filologiya üzrə fəlsəfə doktoru

Share: