Son günlərdə ölkənin gündəmini zəbt edən narkomaniyanın qadınlar, gənclər arasında yayılması xəbərlərinə tez-tez rast gəlinir. Xüsusən də gənc qızlar arasında narkotik və siqaretə artan meyillik hiss olunur.
Bəzi gənc qızların ailə nəzarətindən çıxmaq və müstəqilliyə meyillilikləri son nəticədə həm də narkotik asılılığı kimi acınacaqlı vəziyyətə gətirib çıxarır. Hətta paytaxtda fəaliyyət göstərən saysız-hesabsız bar, kafe və restoranların bəzilərində buna açıqq şəkildə şərait yaradılır. “Patı” adlanan sintetik narkotik vasitəsini isə əksər qadınlar kilo vermək üçün istifadə etdiklərini bildirirlər. Onların bir çoxu bu vasitələrin əslində həm öz sağlamlıqları, həm də cəmiyyət üçün nə qədər böyük təhlükə mənbəyi olduğunun fərqində deyil. Bəli, narkomaniyanın bu yeni növü, yeni çaları olduqca aqressivdir, amansızdır və yaşından asılı olmayaraq istənilən insan orqanizmini çox iti sürətlə məhv edir.
Bu dəhşətli fəlakət mənbəyini ölkəmizdə bəzi qüvvələr qəsdən geniş şəkildə yaymağa çalışırlar. Sual oluna bilər ki, bəs bu narkotik tərkibli maddələr ölkəmizə necə daxil olur, onları ölkəmizə kimlər gətirir, Azərbaycan gənclərini kimlər zəhərləyir, gələcəyimizi kimlər məhv etmək istəyir? Hesab edirəm ki, bu sualların hər biri həyati əhəmiyyətli sualdır və bu suallara cavab axtarmaq, günahkarları aşkar edərək nəzarətə götürmək, zərərsizləşdirmək bu gün ən aktual məsələlərdən biridir. Sözügedən narkotiklərin istehsal edilməsində və üçüncü ölkələr üzərindən Azərbaycana tədarük edilməsində ermənilərin, Ermənistanın da adı keçir ki, bu da əsla təəccüblü deyil. İşğalçı Ermənistanın əvvəllər Azərbaycanın işğal edilmiş Zəngilan rayonunda, indi isə Xankəndində metamfetamin həblər və digər bu kimi zərərli narkotik tərkibli maddələr istehsal etməsi faktı üzə çıxıb. Düşmən ölkə tərəfindən stehsal olunan bu öldürücü maddələrin İran, Gürcüstan, Rusiya üzərindən qaçaqmalçılıq yoluyla Azərbaycana ötürüldüyü bildirilir. Məqsəd isə 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu darmadağın etmiş Azərbaycanın igid oğullarını, övladlarını, bütövlükdə Azərbaycan cəmiyyətini bu yolla zəiflətmək və sıradan çıxarmaqdır.
Bu çox xain və mənhus plandır və etiraf edək ki, düşmənlərimiz artıq bu məqsədlərinə müəyyən dərəcədə nail olmaqdadırlar. Nə yazıq ki, bu gün gənclərimiz arasında bu zərərli və zəhərli psixotrop maddələrdən asılılıq az qala ildırım surəti ilə yayılmaqdadır. Bu birbaşa bizim gələcəyimizə yönələn terrordur və bu terror qarşı istər dövlət, istərsə də cəmiyyət olaraq hamımız əl-ələ verib total şəkildə mübarizə aparmalıyıq. Mən çıxış yolunu yalnız elliklə mübarizədə görürəm. Əlbəttə, bu mübarizənin müxtəlif təşkil formaları var. Burada ən böyük iş ilk növbədə hüquq-mühafizə orqanlarımızın üzərinə düşür. Qeyd etməliyik ki, son günlər istər paytaxtda, istərsə də ölkəmizin əksər bölgələrində hüquq-mühafizə orqanları tərəfindən narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində geniş tədbirlər həyata keçirilir. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və digər əlaqədar qurumlar tərəfindən bu istiqamətdə həyata keçirilən zəruri-profilaktik tədbirlər və əməliyyatlar həqiqətən də təqdirə layiqdir. Bunun nəticəsidir ki, külli miqdarda müxtəlif çeşidli narkotik vasitələr dövriyyədən çıxarılır və bu vasitələrin tədarükü, satışı ilə məşğul olanlar həbs olunurlar.
Ancaq narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə təkcə hüquq-mühafizə orqanlarının işi deyil. Bu mübarizədə yer almaq və fəal surətdə iştirak etmək əslində hər birimizin vətəndaşlıq məsuliyyəti, insanlıq borcudur. Çünki dəhşətli bəla sabah öz yaxınlarımızı, doğmalarımızı, dostlarımızı da təhdid hədəfinə çevirə bilər. Odur ki, bu işdə hər bir vətəndaşlmız hüquq-mühafizə orqanlarına yaxından kömək etməli, bu bəlanı birlikdə dəf etməyə yardımçı olmalıdırlar. Eyni zamanda narkotik maddələrin qanunsuz dövriyyəsinə rəhbərlik edənlər aşkar edilərək zərərsizləşdirilməli və onlar ən ağır cəzaya məhkum olunmalıdırlar. İmkan vermək olmaz ki, kimlərsə öz şəxsi maraq və mənafeləri üçün bütövlükdə Azərbaycan gəncliyini zəhərləsin, onu məhv etsinlər.
Narkomaniya Azərbaycan gəncliyinə qarşı terrordur və bu terrora qarşı mübarizədə fərd və cəmiyyət olaraq şüurlu mövqe tutmayacağıqsa, sağlam təfəkkürlə münasibət göstərməyəcəyiksə, bunun nəticələri sabah bütövlükdə milli təhlükəsizliyimizi də təhdid edə bilər. Odur ki, maarifləndirmə işlərinə də ciddi fikir verməliyik. İnsanlarımızın narkotiklərdən asılılığının qarşısının alınması üçün maarifləndirmə işlərini maksimum dərəcədə genişləndirməliyik. İlk növbədə media var gücü ilə maarifləndirmə işi aparmalıdır. TV-lər bu sahədə xüsusilə fəal mövqe nümayiş etdirməlidirlər. Çünki onların ictimai rəyə təsir gücü daha böyükdür. Eyni zamanda təhsil sferası da narkotiklərə qarşı böyük mübarizə meydanı olmalıdır. Təhsilli, savadlı insanları narkotiklərdən, tütündən, alkoqoldan asılı vəziyyətə salmaq elə də asan məsələ deyil. Çünki onlar narkotiklərin və digər zərərli alışqanlıqların necə böyük təhlükə mənbəyi olduğunu çox yaxşı dərk edirlər, anlayırlar. Fikir verirsinizsə, bu günləri narkotik asılılığına məhkum olmuş əksər insanlarımızın məhz təhsilsiz və ya natamam təhsilli şəxslər olduğu məlum olur. Odur ki, mən təhsili əsas çıxış yollarımızdan biri kimi görürəm.
Həmçinin, ədəbiyyatın təsir gücündən, idmanın imkanlarından da geniş şəkildə istifadə etməliyik. Narkotiklərin məhv etdiyi insan obrazlarının qabardıldığı əsərlər kütləvi şəkildə çap edilib yayılmalıdır. Bu işdə xüsusən də gənc yazarlarımızın üzərinə böyük məsuliyyət və missiya düşür. Hətta özləri bir müddət narkotik asılılığından əziyyət çəkmiş bəzi şair və yazarlarımız mən deyərdim ki, öz acı təcrübələrini gənclərimizlə bölüşməklə cəmiyyətə böyük fayda vermis olarlar. Eləcə də gənclər arasında sağlam insan, sağlam həyat, sağlam ruh kultunu yenidən təbliğ etməyə başlamalıyıq. İdmanın sağlamlığın əsas rəhni olduğunu gənclərimizə izah etməliyik. Kütləvi idman yarışlarının, idman-sağlamlıq aksiyalarının təşkilinə xüsusi önəm verməliyik.
Bir sözlə, görüləcək işlər həddindən çoxdur. Mən bütün siyasi partiyaları və qeyri-hökumət təşkilatlarını (QHT) da narkomaniyaya qarşı, narkotik vasitələrin yayılmasına qarşı fəal mübarizəyə səsləyirəm. Bu hamımızın ümumi işimiz, birgə görəvimizdir. Vətən müharibəsində olduğu kimi narkomaniyaya qarşı mübarizədə də hamılıqla milli birlik və həmrəylik nümayiş etdirməliyik.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri