Narkotiklə mübarizə SƏRHƏDDƏN başlamalı…

Narkotiklə mübarizə SƏRHƏDDƏN başlamalı…

…və ya DIN “patı əməliyyatı” keçirir, bəs DSX sərhəddə neynəyir?!.

Ölkədə narkotiklərə qarşı müharibə elan edilib. Emosiyasız, soyuqqanlı müşahidələr onu göstərir ki, mübarizə köklü deyil, epizodikdir. Yəni o çəkdi, bu aldı, filan uşaq çəkən valideyndən zorakılıq gördü, sürücü patı çəkib sərnişin daşıdı, filankəs on qram patı satdı, bəhmənkəs üç qram patı aldı. Qızlar arıqlamaq üçün patı çəkir. Ya da ən yaxşı halda bir kiloqram narkotik maddə aşkarlanıb…
Böyük partiya satan, “baqaj” olan, yəni partiyaları saxlayan, daşıyan və işin sahibləri, necə deyərlər oyundan kənardadır. Ya toxuna bilmirlər, ya da toxunmaq istəmirlər.
Bir versiya da deyim, ola bilər, bu patı biznesini kimlərsə öz əlinə almaq üçün oyun başladıb indiki günki real sahiblə.
Bütün hallarda proses açıq gedirsə Daxili Işlər Nazirliyi güc orqanı olaraq işin mərkəzində olanlardandır. Amma çoxlu suallar da var. DIN-ə və hər kəsə.
Məsələn, müxtəlif rayonlarda polisin adı bu işlərə bulaşır. Bilərəkdən və ya bilməyərəkdən, bunu demək çətindir. Amma bu həm də dünya praktikasıdır. Belə məsələlərdə polis mütləq bulaşır və ya bulaşdırılır. Bəzən məcburi, bəzən könüllü. Indi durumu nə xilas edə bilər? Hesabatlar, media ilə işi düzgün qurmaq, real çıxış yolları axtarmaq. O üzdən müəllif olaraq şəxsimə maraqlıdır, DIN-in rayon şöbələri bu günə qədər narkotiklərlə bağlı mərkəzə və mərkəzdən KIV-ə neçə dəfə hesabat verib? Hansı sosial çarxlar hazırlanıb? Neçə reklam şiti var şəhərdə, narkotiklərlə mübarizə məqsədli? Vəziyyətlə bağlı dövlətin ali rəhbərliyinə raport verilibmi?
Məsələnin başqa bir tərəfində dövlət qurumlarının işbirliyi durur. Bu işbirlikləri bəzən özündən razılıq üzündən baş tutmur. Məsələn, tutalım DIN-in mübarizəsi qənaətbəxş deyil. Hətta deyək ki, ölkə daxilində genişmiqyaslı mübarizəyə gücü çatmır. Sual yaranır, bəs sərhəd, orqda nə iş görürlər? Yəni daxilolmalar sərhəddə baş verir axı. Hətta ölkə traniz sayılır bütün növ daşımalarda, o cümlədən narkotiklərlə bağlı. Bu halda bizim sərhəddə neynirlər?
Haqlı olaraq soruşuruq, DIN-nin gücü daxildə patı əmliyyatlarına çatır, bəs Dövlət Sərhəd Xidməti sərhəddə neynəyir? Narkotik qaçaqçılığı ilə mübarizəni möhkəmləndirmək üçün nə ediblər, nə edirlər, gələcək planları hansıdır? Və ya bu işin öhtəsindən necə gəlirlər? Və ya lazımı qədər gələ bilirlərmi? Bəlkə ciddi səbəbləri və maneələri var, aşa bilmirlər? Dövlətə və hansı KIV-ə hesabatları var, məhz narkotiklərlə bağlı? Və ya varmı?
Əslində DSX narkotiklərin qeyri-qanuni tranziti, qaçaqmalçılığı və ölkəyə daxil olması ilə bağlı mübarizənin önündə getməlidir. Ancaq fəaliyyəti yox səviyyəsindədir bu işdə və ya çox zəifdir. Iranla sərhəd boyu, ta Füzuliyəcən olan ərazilərdə vəziyyətdən bəhs edən bir məlumatı belə yoxdur. Narkotiklərlə bağlı SOS siqnalı çalınan bu neçə gün ərzində bir açıqlama yaymayıb. Halbuki rayon-rayon, kənd-kənd hesabat hazırlanmalı idi. Ancaq DSX tam heyətdə susur. Şəhidi olanda da susur, digər bütün hallarda da. Niyə cənablar, axı narkotiklərlə mübarizə sərhəddən başlayır. Bəlkə haqsızıq? Min patı əməliyyatı, bir sərhəd əməliyyatı qədər effekt verə bilməz axı. Amma əməliyyat deyirəm sizə, malalamaq, göz boyamaq üçün kadrlar yox. Əgər gücü çatmırsa, səsi çatmalıdır DSX-nın, elə DIN-in də. Vətəndaş dəstəyi narkotiklə mübarizdə böyük rol oynayır. Prezident bu dəstəyi Qarabağ savaşında dilə gətirdi və aldısa, dövlət qurumları niyə dillənmir? Nəticəsiz, epizodik mübarizə aparır, fon yaradır və ciddi şübhələrə əsas verir.
Bir də unutmaq olmaz, DIN ölkəyə daxil olan narkotiklə mübarizə aparır, DSX bu işə sərhəddən cavabdehdir. Daha böyük məsuliyyəti var yəni.
***
Ən vacibi, sirr deyil, ölkəyə qanunsuz yolla daxil olan narkotiklərin əksəriyyəti Irandan gəlir. Iran-Azərbaycan sərhəddində vəziyyət görüntüdə sabitdir. Əslində isə, o məhşur filmdə deyildiyi ki, təhlükəli sular həmişə sakit axır, cənablar. Lap Iranla sərhəddə, Arazın axdığı kimi…
***
Iranda da təbii ki, narkotiklər dövlət nəzarətində olmayan işdir. Ancaq bu da sirr deyil ki, Iran narkotikin “atası”, dini şovinizmin “anası” imajını qazanıb dünyada. Və hər iki imkanlarından Azərbaycan ərazisində yararlanmamış deyil bəzi iranlı və ya iranpərəst qüvvələr. Təbii ki, bu məsələ artıq Azərbaycanın müvafiq dövlət qurumlarının iranlı həmkarları ilə ciddi müzakirə mövzusu ola biləcək həddə çatıb. Üstəlik, artıq belə bir fon yaranmaqdadır ki, Qarabağın azadlığından sonra, Iran Azərbaycanda sağlam gələcəyi “baltalamağa” hazır qonşularla bir sıradadır. Cənub mövzusundan dolayı. Bəlkə bu da Iranın dövlət siyasəti deyil. Bəlkə rəsmi Iran da bu məsələlərdə maraqlı deyil. Amma susur və anlaşılan bu olur ki, Iranda belə güclər yoxdur, demək olmaz. Bir məsələ daha. Azərbaycan, Qarabağın işğal altında olan ərazilərində narkotik becərilməsi məsələsini beynəlxalq təşkilatlar qarşısında dəfələrlə qaldırıb. Həmin işdə də Iranın adı keçirdi. Odur ki, indi patı, kakos və ya üç-beş adamın həbsi heç nəyi dəyişmir. Sərhəddə vəziyyət, Iran faktoru, daşınmalarda, keçiddə və paylanmada iştirak edənlərin heç olmasa bir rəhbərini saxlamaq gərəkdir.
Bunun üçün, Iranla sərhəddə Azərbaycanın DSX-nə tabe olan sərhəd zastavalarının, həmçinin eyni rayonlarda DIN-in yerli polis idarələrinin narkotiklərə dair hesabatları gərəkdir .Varmı?! Paylamalarda adı xüsusi çəkilən, məsələn, Biləsuvar, Astara, Yardımlı, Imişli, Lənkəran və Füzuliyəcən olan bütün rayonların polis və sərhəd xidməti rəislərinin narkotiklərə dair əlahiddə xüsusi açıqlamaları olmalıdır, varmı?!.
Və məsələ təkcə bu adıçəkilən beş rayonla bağlı deyil. Məsələ o ki, iş köklü qurulmalı.
Qanunvericilik bazası yenilənməli, KIV, QHT sektoru bu işə cəlb olunmalıdır. DIN, DSX ayrılıqda və ya birgə mübarizə yolları düşünməli, bəlkə reydlər, əməliyyatlar keçirməlidirlər. Hətta “Narkotiklərlə mübarizə üzrə dövlət proqramı” hazırlanmalıdır. Əks halda heç bir effetkiv fəaliyyət və nəticə ortada olmayacaq. Ortada olan bir o olacaq ki, “ağ ölüm”, hər bir ailənin qapısını döyəcək. Bu isə artıq milli təhlükəsizlik məsələsi olacaq. Bəlkə də artıq milli təhlükəsizlik məsələsidir. Sadəcə patıda ilişib qalıb ölkə. Ya da patıyacan gedə bilib. Niyə? Çünki sadaladıqlarım edilsə, bu iş həm də yuxarı eşalonlarda işdən çıxarılmalar və ya həbslərlə nəticələnə bilər. Kimsə belə risqə girmək, düşmən qazanmaq istəmir…
…Və bütün bunlardan sonra müəllif olaraq epizodik patı əməliyyatlatına, ancaq ürək ağrısı ilə baxıram. Yüyürə biləcəyimiz yerdə, iməkləyirik və nə qədər həyatların məhvinə taşamaçıyıq…
Jalə Mütəllimova.
23.07.2021.
Share: