2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Müzəffər Azərbaycan ordusunun 44 günlük zəfər savaşında göstərdiyi qəhrəmanlıq sayəsində 30 ilə yaxın bir müddətdə düşmən tapdağında sıxılan torpaqlarımıza, o cümlədən əzəmətliliyi məhv edilmiş Şuşaya qovuşduq. Bu yerlərdə bütün sahələrə yeni nəfəs verilməsinə başlanıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də işğaldan azad olunmuş Şuşa şəhərinə birinci səfəri zamanı tarixi çıxışında dediklərini xatırlamaq yerinə düşər: “Bu gün Şuşaya gələrkən 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm. Bu yerdə Mədəniyyət Evi yerləşirdi və Üzeyir bəyin, Bülbülün büstləri məhz bu yerdə qoyulmuşdu. Mənfur düşmən Şuşa Mədəniyyət Evini dağıdıb və dahi şəxsiyyətlərimizin büstlərini gülləbaran edib. Xurşidbanu Natəvanın büstünü Heydər Əliyev özü şəxsən açmışdır, 1982-ci ilin yay aylarında. Mən də o vaxt atamla birlikdə burada idim. Bax, buradan bir qədər aralı bir yerdə Xurşidbanu Natəvanın büstü qoyulmuşdu. Dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Sovet dövründə uşaq sanatoriyası kimi fəaliyyət göstərən, işğaldan sonra ermənilər tərəfindən dağıdılan Natəvan sarayı xan qızının evi kimi bərpa ediləcək”.
… Nədənsə, 2011-ci ildə Cəmil Tağıyevin “Şur” nəşriyyatında işıq üzü görən “Xan qızı…” kitabını yenidən oxumaq, fikirlərimi sayğıdəyər oxucularla bölüşmək istədim. Adından bəlli olduğu kimi, kitabda XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına bir daha nəzər salınır.
Kitabın “Giriş”ində müəllif yazır: “Azərbaycan ədəbiyyatı insanlığa böyük dahilər bəxş etmişdir. Digər dünya xalqlarının yaratdığı ədəbiyyatla, yetirdiyi sənətkarlarla müqayisədə Azərbaycan ədəbiyyatının hamımızın öyünə biləcəyimiz bir nöqtədə dayandığını görür və bununla fəxr edirik. Sadəcə, bir faktı ürək ağrısı ilə qeyd etmək lazımdır ki, bizim ədəbi irsimizə, ədəbi korifeylərimizin yaradıcılığına, yaşantısına və düşüncələrinə Şekspir, Puşkin, Düma, Balzak və başqa dünya klassikləri qədər işıq salınmayıb. Hansı səbəbdən olmasından asılı olmayaraq, bu biganəliyin içində biz öz mənəvi təpərimizi layiq olduğu ucalığa daşıya bilməmişik. Bunun da bir səbəbi, bəlkə də, həmin sənətkarların həyat və yaradıcılığını özümüzün tam araşdıra bilməməyimizdir. Çox vaxt haqqında ağızdolusu danışdıqlarımızın adlarını icmallarda çəkməklə kifayətlənmişik. Kimisə günahlandırmaq fikrindən uzağıq. Amma ədəbiyyat tarixi ilə bağlı mənbələrdə haqqı özünə qaytarılmayan, adları ümumi sıralanmalarda çəkilən o qədər böyük sənətkarlarımız var ki… Görünür zaman-zaman yazılanlar bizim mədəni sərvətlərimizin bolluğu fonunda hələ çox azdır. Məsələn, XIX əsrin ikinci yarısında Qarabağın böyük Cavanşirlər nəslindən olan Xurşidbanu Natəvan yaşayıb-yaradıb və həm insanlığı, həm düşüncələri, həm də özünəməxsus dərdləri ilə xalqın yaddaşında əbədiləşib. İnsan qəlbinin zərif və mürəkkəb hisslərini qəzəllərində dolğunluqla əks etdirən Natəvanı olduğu kimi tədqiq edə bilməsək də, keçən yüzilliklərdən gözəl Natəvanın səsi, nəfəsi duyulur. O, ən çox sevilən, ən çox mübahisələrə səbəb olan, lakin həyat və yaradıcılığının öyrənilməsi vacib sayılan sənətkarlardan biridir. Xurşidbanu Natəvan XIX əsrdə öz adı, soyadı, yaxın qohumları ilə fəxr edən bir şairə xanım olmuşdur və onun həm şəxsiyyəti, həm poetik irsi öyrənilməlidir. Bütün yaradıcılığı küll halında gəlib zəmanəmizə çatmasa da, əlimizdə olanlar onun böyük yaradıcılıq yolu keçdiyini göstərir”.
C.Tağıyev kitabda Cavanşirlər nəslinin yadigarlarından olan, ötən əsrin ortalarında dünyasını dəyişən Xan qızı Natəvanın ata tərəfdən əmisi nəticəsi Geysu xanım Cavadbəy qızı ilə zamanında apardığı söhbətlərdən, Geysu xanımın Xan qızı haqqında dediklərindən bəhs edir. Geysu xanımın Natəvan haqqında söylədikləri arasında araşdırılması vacib olan məqamlar da var. Müəllif yazır: “Geysu xanım Cavadbəy qızı Xurşidbanu Natəvanın həyatı və yaradıcılığı haqqında çox danışardı. O vaxtlar yazılı qeydlər aparmadığımdan, sadəcə yaddaşımın saxlaya bildiklərini oxucularla bölüşmək istəyirəm. Onun danışdıqları arasında elm aləmində mübahisə yarada biləcək məqamlar da var idi”.
Bir oğlunun vaxtsız dünyadan köçməsi, digərinin ondan ayrı düşməsi, ana bir ata ayrı övladların mal, mülk üstündə bir-birinə düşmən kəsilməsi, həyata keçirmək istədiklərini başa çatdıra bilməməsi Xan qızının taleyində bir natamamlıq çevrəsi yaratmışdı. Bu çevrədə ürəyi yaratmaq eşqi ilə döyünən bir qadının bütün arzularının yarımçıq qalması qəzəllərində öz əksini tapırdı:
Varıdı sinədə dərdü qəmi-nihan, ölürəm,
Fəda olum sənə, gəl eylə imtahan, ölürəm.
Fəraqdan gecələr yatmaram səbahə kimi,
Xəyali-zülfünə bağlı gedibdi can, ölürəm.
Kitabın ən mühüm cəhətlərindən biri budur ki, “Xan qızı…” latın qrafikalı əlifbaya keçəndən sonra oxucuların Natəvanın həyat və yaradıcılığı ilə yaxından tanışlığına imkan yaradır. Belə kitablara, həqiqətən, oxucuların ehtiyacı var. Çünki Natəvan elə bir şəxsiyyət idi ki, onun heç bir digər fəaliyyəti olmasaydı belə, xalqın yaddaşında yaşaması üçün zərif, kədərli poetik irsi kifayət idi. Və ya şairliyi, poeziyası olmasa idi, gördüyü çox böyük xeyirxah əməllər onu yaşadacaqdı.
Kitabın diqqətimi çəkən ikinci mühüm cəhəti bu oldu ki, müəllif orada bəzi yeni faktlar söyləyərkən fərziyyələrə yox, şairin doğmalarının dilindən eşitdiklərinə əsaslanır. Həm də hisslə yox, ağılla söylədiklərinə. Tədqiqatçı göstərir ki, əslində bu kitabın yaranmasının bir səbəbi də elə Geysu xanımla etdiyi söhbətlər olub. Bu söhbətlərdən müəllifin yadında qalan əsas faktlardan biri Xurşidbanunun təxəllüsü ilə bağlıdır. Bir az əvvəl qeyd etdiyimiz kimi, Xan qızının taleyində bir natamamlıq çevrəsi yaranmışdı. Hamı bilir ki, şairə şeirlərini Natəvan (zəif, gücsüz, evsiz, köməksiz) təxəllüsü ilə yazırdı. Baxın, imkansızlara əl tutan, məktəblər tikdirən, arxlar çəkdirən və əməllərilə elə arxa, dayaq olan, zəhmətkeş təbəqənin güman yeri olan, hətta ölümündən sonra da bir çoxlarının pənah apardığı Natəvan özünə gücsüz təxəllüsünü seçir. El arasında “Xan qızı” kimi tanınsa da, dövrünün tanınmışları ona “bürcü-səltənət”, “Fatimənin kənizi-xurşidbanu” desə də, o, özünə “Natəvan” təxəllüsünü yaraşdırmışdı. Bunu hər kəs bilir. Lakin onu heç kəs bilmir ki, şairə həm də “Natamam” təxəllüsü ilə şeirlər yazarmış. Bunu isə C.Tağıyevin kitabından Geysu xanımın söhbətlərinə əsasən öyrənirik. Müəllif əsaslandırır ki, xoşbəxt bir qadın taleyi yaşaya bilməyən, ana kimi bala dağı görən, ətrafın dedi-qodularına tuş gələn bir çox arzuları yarımçıq qalan bir şairənin “Natamam” təxəllüsü ilə də yazması mümkündür, inandırıcıdır.
“Xan qızı…” kitabının “Cavanşir nəslinin söz adamları” bölmələrində X. Natəvanın şair qohumları haqqında danışılır və X. Natəvanın böyük tədqiqatçılarından olan Bəylər Məmmədovun kitablarından mənbə kimi istifadə olunur. Müəllif bu haqda yazır: “Latın qrafikalı Azərbaycan əlifbasına keçəndən sonra dövlət səviyyəsində mədəniyyət tariximizə öz möhürünü vuran sənətkarların əsərləri yenidən nəşr olunmağa başlandı. Ancaq bunlar hələ çox azdır. Yeni nəslin tariximizin və ədəbiyyatımızın bu məqamları ilə bağlı bilgilərini daha da artırmaq üçün dühalarımızın həyat və yaradıcılığına bacardığımız qədər yenidən ayna tutmalıyıq. Bir çox şair və yazıçılarımız kimi, X.Natəvanın həyatına yenidən nəzər salmağa da çox ehtiyac var”.
- Natəvanın digər tədqiqatçıları kimi, C.Tağıyev də bu fikirdədir ki, Xurşidbanunun həyatının, yaradıcılığının hələ işıqlandırılmamış qaranlıq məqamları çoxdur. Cavanşirlər nəslinin davamçılarından vaxt itirmədən hələ də nələrisə öyrənmək olar.
“Son söz əvəzi”ndə isə Xurşidbanu Natəvanın əmisi nəticəsi Geysu xanımın həyatı haqqında geniş məlumat, onun əmisi oğlu Vahid Cavanşirovun və nəvəsi Azər Tağıyevin xatirələri yer alıb.
YERİ GƏLMİŞKƏN: kitabın müəllifi Cəmil Tağıyev 1931-ci ildə Zəngilan rayonunun Aşağı Gəyəli kəndində anadan olub. Orta təhsilini rayon mərkəzindəki 1 saylı məktəbdə tamamlayıb. 1948-50-ci illərdə Naxçıvan Dövlət Müəllimlər İnstitutunu, sonra Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsini (qiyabi) bitirib.
Müəllimlik fəaliyyətinə rayonun Şayıflı kənd məktəbində başlayıb. 58 illik pedaqoji fəaliyyətinin xeyli hissəsini direktor müavini və direktor vəzifəsində çalışıb.
1993-cü ildə Zəngilan erməni silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra Bakı şəhərinin Nəsimi rayonunda məskunlaşıb. Bu rayondakı 46 saylı orta ümumtəhsil məktəbinin rus bölmələrində Azərbaycan dili müəllimi işləyib. 2016-cı ildə haqq dünyasına qovuşub.
“Təlimi rus dilində olan orta ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisi məsələləri” adlı dərs vəsaitinin və on doqquzuncu əsrin ikinci yarısında Cəbrayıl qəzasının Şərikan kəndində (indiki Zəngilan rayonu) yaşayıb-yaradan aşıq Məhəmməd Bağbanın həyat və yaradıcığından bəhs edən “Yaddaşlardan yığılan kitab”dan sonra bu, Cəmil Tağıyevin oxucularla üçüncü görüşü idi.
30 illik bir zaman kəsiyindən sonra Şuşanın düşmənin soyuq nəzərlərinin məngənəsindən qurtulduğu kimi, Xurşidbanu Natəvanın ruhu da azad olundu. Azad ruhların qarşısında sayğı duruşundayıq. Natəvan sarayının xan qızının evi kimi bərpa edilməsindən sonra, bir çox dəyərli eksponatlar kimi, Cəmil Tağıyevin “Xan qızı…” kitabının bir neçə nüsxəsinin də ora göndərilməsini istərdim.
Vasif SÜLEYMAN
Müstəqil.Az