Müstəqil.Az Qarabağ xanının qızı, şairə Xurşidbanu Natəvanın hal-hazırda Amerikada yaşayan kötücəsi professor Sevda Kamali ilə müsahibəni təqdim edir.
– Sevda xanım, istərdik şəcərənizlə bağlı bir az məlumat verəsiniz…
– Mən Xurşidbanu Natəvanın kötücəsiyəm. Bildiyiniz kimi, Natəvanın birinci əri osetin millətindən olan Xasay bəydir. O, Çar Rusiyasında böyük vəzifə sahibi, general-leytenant idi. Ailə qurandan sonra gəlib Gürcüstanda, Şuşada yaşayıblar. Dörd il uşaqları olmayıb, onda Natəvanla Xasay bəy Bakıya gəlib, kəndlərin birində müalicə olunmağa başlayıblar. Həmin ərəfədə Natəvan o kəndə su və yol çəkdirib, kəndi abadlaşdırıb. Onların iki oğlu, bir qızı olub. Mehdiqulu xan və Bikə xanım. Xurşidabnu Natəvan öz atasının adını oğluna verib. Oğlu Mehdiqulu xan da Vəfa təxəllüsü ilə şeilər yazıb. Uşaqlarının 9, 10 yaşı olanda Xasay bəyin anası onlar Dağıstanda yaşamağa dəvət edib. Xurşidbanu buna razı olmayıb. Xasay bəy tək gedib. Mehdiqulunun oğlu olanda adını Xasay qoyurlar, Natəvan sonralar onun adını dəyişib Mehdiqulu edir. Mənim atam Məhəmməd Mehdiqulunun oğludur. Mehdiqulu xan 102 yaşında dünyasını dəyişib. O, atasının ailəsi haqqında çox danışardı.
– Bildiyim qədərilə, Naxçıvan xanlığı ilə də qohumluğunuz olub.
– Bəli. Elədir. Babamın danışdıqlarından bilirəm ki, Xasay bəy Natəvanı çox sevib, o, sonradan başqa qadınla evlənsə də çox yaşamayıb. Natəvan sonradan öz faytonçusuna – Seyid Hüseyn adlı kasıb bir kişiyə ərə gedib. Babam deyirdi ki, buna görə onun oğlu Mehdiqulu xan evdən çıxır, uzun müddət anasını danışdırmır. Seyid Hüseyndən olan oğlu Mirhəsən isə on yeddi yaşında dünyasını dəyişir. Bütün var-dövləti əlindən çıxır. Natəvan elə bir vəziyyətə düşür ki, qızıllarını, evinin əşyalarını satmağa başlayır. Bu müflisləşmənin səbəbi də Natəvanın Xasay bəydən olan uşaqları ilə Seyid Hüseyndən olan uşaqlarının arasında olan mal bölgüsü idi. Natəvanın varidatı üzərində çox davalar düşüb. Onu sanki aşağılamışdılar. Üstəlik, Seyid Hüseynə getdiyi üçün Natəvana pis baxırdılar. Bütün bunlar Natəvana dərd olmuşdu, onun əsəbləri pozulmuş, ömrünün sonlarına yaxın gözləri tutulmuşdu. Güclü ürək ağrıları olurmuş. O, dərddən, fikirdən dünyasını dəyişib. Ölümü də çox faciəvi və səfalət içərisində olub.
– Dəfni barədə nə bilirsiniz?
– Ağdamda İmarət qəbiristanlığı var, bizim ölülərin çoxu orada dəfn olunub. Natəvan da orada dəfn olunub. Babam danışırdı ki, rəhmətə gedəndə Şuşadan Ağdama qədər camaatı onu çiynində apardı.
– Gövhər ağa ilə necə qohumsunuz?
– Gövhər ağa İbrahimxəlil xanın qızı, Natəvanın bibisidir. Gövhər ağa da varlı bir kişiyə ərə gedib, amma onu sevməyib, onun katibini sevib. Gövhər ağanın əri bunu biləndə həmin katibi öldürtdürüb. Bundan sonra o, Şuşaya qayıdıb, çox varlı bir adama ərə gedib, ancaq övladı olmayıb. O adamın var-dövlətini İbrahimxəlil xanın varidatı ilə eyniləşdirirlər. Gövhər ağa ərinin pulu ilə Şuşada Gövhər ağa adlı məscidlər tikdirib. Hamısına da öz adını qoyub. Həmin məscidlər indiyə qədər qalır.
Üzeyir Hacıbəyov Natəvanın pulu ilə oxuyub. Natəvan çox mehriban və gözəl qadın olub. Qapısında olan qulluqçularla da çox mehriban davranırmış.
– Sevda xanım, öz ailə üzvləriniz haqqında nə deyə bilərsiniz?
– Mən özüm həkiməm, Tibb Universitetini bitirmişəm. Amerikada məni doktorantura yazmışam, burada da oxumuşam. Artıq on doqquz ildir ki, Amerikada yaşayıram.
Biz ailədə beş uşaq olmuşuq: üç qardaş, iki bacı. Üçümüz professor, ikimiz elmlər namizədiyik. Mənim valideynlərimin hər ikisi Moskvada İqtisad Universitetini bitirib. Atam uzun müddət vəzifədə işləyib. Anam bəy ailəsindəndir. Savadlı nəsil olublar. Anamın anası uzun illər Tibb Universitetinin Ginekologiya kafedrasında professor kimi fəaliyyət göstərib. Anam iqtisadçı olub, uzun müddət restoran müdiri işləyib. Qardaşlarım da mənim kimi başqa-başqa ölkələrdə yaşayırlar. Bir qardaşım Rusiya vətəndaşıdır, neft sahəsində professordur. Rusiya Dumasının deputatı olub. Bir qardaşım Almaniyada yaşayır. O biri qardaşım isə uzun müddət Çində yaşayırdı, indi Rusiyaya qayıdıb. Bakıda bircə bacım yaşayır.
– Deyəsən, siz İran vətəndaşı ilə ailəlisiniz. Bir az özünüz haqqında danışmağınızı istərdim.
– Bəli, İran vətəndaşı ilə evliyəm. Həyat yoldaşım bəstəkardır. İranda ilk “Heydərbabaya salam” operasını o yazıb. Onun Rza Pəhləvinin ailəsi ilə qohumluğu, yaxın münasibətləri var. Biz onunla Bakıda tanış olmuşuq. O konservatoriyada işləyirdi, mən isə həkim idim. Mənim xəstəm olub, onu müalicə etmişəm. Sonra da ailə qurub Türkiyəyə getmişik. Altı il Ankarada yaşamışıq. Ondan sonra Amerikaya gəldik. Burada mən təhsilimi davam etdirdim. İndi bir qızımız var. O da burada hüquq sahəsi üzrə təhsil alır. Yoldaşımın əsli Gəncə xanlığındandır. Xalis iranlı deyillər. Yüz il əvvəl onun babaları İrana köçüb, orada yaşayıblar.
– Azərbaycanla əlaqələriniz necədir?
– Azərbaycanla əlaqəmi kəsmirəm. Get-gəlimiz var. Orada bizim evimiz də var. Amma atamla anam bir ilin içində dünyasını dəyişdi. Azərbaycanla əlaqələrimiz heç vaxt kəsilməyib. Burada da evimizin içərisində bir kiçik Azərbaycan yaratmışıq.
– Qarabağ xanlığını quran insanın nəslindənsiniz. Otuz ilə yaxındır ki, Qarabağ, Şuşa işğal altındaydı. Şuşanın işğaldan azad olunma xəbərini necə eşitdiniz, hansı hissləri yaşadınız?
– Sonuncu dəfə Şuşada 1988-ci ildə olmuşam. O vaxta qədər biz bütün yayı Şuşada keçirmişik. Qarabağın işğal olunması bəlkə də hamıdan çox mənə təsir etmişdi. Çünki belə demək mümkündürsə, bizimkilər Qarabağın yaradıcıları olublar. Qarabağın işğaldan azad olunma xəbərini eşidəndə çox sevindim. İnana bilmirdim ki, doğurdan da belə bir xoşbəxtlik baş verib. Xəbəri eşidəndə ağladım. İndi də sizinlə danışanda kövrəlirəm, duyğulanıram. Öz-özümə dedim, yəni, mən yenə gedib oraları, Şuşanı görə biləcəyəm? Atam çox həsrətlə getdi, dünyadan Şuşa deyə-deyə köçdü. Mən istəyirdim ki, ata-anam Şuşada dəfn olunsun. Amma olmadı. Dövlətimizə də, bizi dəstəkləyən türk xalqına da təşəkkür edirəm. Burdakı, Azərbaycandakı dostlarım hamısı zəng vurub məni təbrik edirdilər, deyirdilər, əsas təbrik sizə düşür.
– Natəvanın irsi barədə nə qədər bilgilisiniz?
– Natəvanın yaradıcılığı iki hissəyə bölünür. Əvvəlki yaradıcılığı həyat dolu, insanlara məhəbbət hissi ilə yazılıb. Ailə faciəsi başlanandan, oğlu öləndən sonra o daha çox qəmli şeirlər yazmağa başlayıb. Natəvan yaxşı qəzəlxan olub. Onun qəzəllərini Seyid Şuşinski həmişə oxuyub, öz repertuarında saxlayıb. Rəhmətlik Xan əmi də Natəvanın əsərlərinə müraciət edib. Natəvanın irsindən onu deyə bilərəm ki, hal-hazırda onun ev paltarları Fransanın Loyer muzeyində saxlanılır. O, çox savadlı qadın olub, əlyazmaları xalq arasında yayılıb. Üç dildə – fars, rus və Azərbaycan dillərində təmiz danışa bilirmiş. Birinci əri Xasay bəy Fransada oxuduğuna görə, çox gözəl fransızca danışırmış. Ona görə, eşitdiyimə görə, Natəvan fransız dilini də bilib. Bu haqda heç yerdə yazılmayıb. Amma mən eşitmişəm.
– Aleksandr Düma ilə də dostluq münasibəti olub.
– Olub. O, Aleksandr Düma ilə şahmat oynayıb. Natəvan şahmatı çox yaxşı bilirmiş. Bundan başqa onun yaxşı əl işləri olub. Düma əsərində Natəvan haqqında yazıb. Natəvanın Şuşadakı ev muzeyi indi bilmirəm necədir. Amma eşitdiyimizə görə oranı da ermənilər pis vəziyyətə qoyub. Heykəlini də güllələdilər. Onun heykəli o vaxt gətiriləndə mən özüm şəxsən gedib baxmışdım. Deşik-deşik olmuşdu. O da bir tarix, erməni vəhşiliyinin bariz nümunəsidir.
– Natəvan haqqında biz bilmədiyimiz daha nələri bilirsiniz?
– Mənim nənəm Natəvanın gəlini olmuşdu. Danışırdı ki, onlara qırmızı qaşlı üzüklər, sırğalar taxmağı qadağan eləmişdi. Natəvan qırmızı qaşlı bəzək əşyalarını evində işləyən qulluqçular, rəiyyət adamlarına verirmiş. Onların tumanlarının ətəklərinə də qızıl pullar tikdirib deyirmiş ki, evində kimi saxlayırsansa, bəy adına layiq saxlamalısan. Natəvan çox ürəyiaçıq, hamıya hörmət edən qadın olub. Hətta ona kimsə kiçik bir hədiyyə gətirəndə, qulluqçularına tapşırarmış ki, on qat artıq hədiyyə verin. Etiraz edirmişlər, deyirmişlər, xırda bir hədiyyəyə görə bu qədər xərc nəyə lazım? Deyirmiş, yox, bunun mənası çox böyükdür. Natəvan çox adamı oxutdurub. Hətta həyətində işləyən qulluqçuların da hamısını oxutdurub. Bundan başqa Üzeyir Hacıbəyovun ata və anasını mənim ulu nənəm evləndirib. Onlar hər ikisi Natəvanın işçiləri olub. Molla Pənah Vaqif Xan sarayında dəftərxana müdiri olub. Yaxşı əl qabiliyyəti olub. Aşpazlar xörək bişirəndə gedib göstəriş verir, bəzən də qolların çırmalayıb özü bişirərmiş.
– Natəvanın çox gözəl geyimləri, bər-bəzəyi olub… Özü tikirmiş, ya dərzisi olub?
– Onun və ailə üzvlərinin xüsusi dərzisi olub. Dərzi gəlib evdə onların ölçülərini götürüb paltarlar tikirmiş. Təhsili də evdə alıblar. Xüsusi müəllimləri, mürəbbiyələri olub. Natəvan çox ağıllı, savadlı olduğu üçün ona hörmət ediblər. Gözəllyi, incəliyi, şair ruhu onu xalqa çox sevdirib. Babam deyirdi, Natəvan həmişə deyirdi ki, mənim nəslimdə oxumayan, təhsilsiz insan qalmamalıdır. Bunu öləndə də vəsiyyət edib. Bu vəsiyyətə hamı əməl edib. Natəvanın soyundan olan insanların Azərbaycandan kənarda yaşasalar da hamısı savadlıdır. Bizim nəslin xaricdə yaşamasına səbəb isə sovet dövrü bəy, xan ailələrinə qarşı edilən repressiyadır. Mənim qohumlarım, nənələrim, babalarım çox əziyyət çəkiblər o dövrdə. Mal-dövləti əllərindən alınıb, özləri təqib olunub…
– Natəvanın irsinin qorunub saxlanmasından nə dərəcədə razısınız? Özünüz bu sahədə hansı işlər görmüsünüz?
– Burada – Amerikada belə məsələlərə o qədər də fikir verən yoxdur. Qarabağla bağlı bir cəmiyyət var, bir neçə dəfə məni ora dəvət ediblər. Orada da gördüm ki, cəmiyyətin sadəcə adı Qarabağla bağlıdır. Bir-iki dəfə burada parlamentin kitabxanasına getdim ki, baxım, araşdırım. Bu tək Natəvanla bağlı deyildi. Bilmək istəyirdim görüm, başqa elm adamlarının bir guşəsi varmı? Təəssüf ki, Azərbaycan guşəsini ümumiyyətlə tapa bilmirdim. Lap küncdə güclə tapdım, amma içəri girən kimi erməni guşəsi dərhal nəzərə çarpırdı. Bu məsləni bir az araşdırdım. Dedilər, bizə nə veriblərsə, onları qoymuşuq guşəyə.
– Nəslinizdə sonradan şeir yazan oldumu?
– Əvvəllər mən özüm yazardım. İndi yox, sonralar başım qarışdı elmi işlərə. Mənim Tibb Universiteti üçün 4 kitabım var. Ona görə də şairliyi bir kənara qoydum. Atam da hərdən şeirlər yazardı. Qardaşlarım yazmayıb.
– Natəvan xanımdan, onun dövründən sizə yadigar qalan əşya, əlyazma varmı?
– Xurşidbanu Natəvan mənim nənəmə özünün qızıllarından bir neçəsini bağışlayıb. Nənəm də mənə verdi. Onları yadigar kimi saxlayıram. Qızıma deyirəm, sənə verəcəm. Qızım çox amerikalılaşıb. Amma ona tapşırmışam ki, bu əşyaları yadigar kimi saxlasın.
– Sevda xanım, artıq Şuşa işğaldan azad olunub, qələbə çalmışıq. Şuşaya getmək, nənənizin irsi ilə bağlı nələrsə etmək fikriniz varmı?
– Əlbəttə. Yoldaşım da artıq neçə gündür mənə deyir ki, biz Şuşaya nə vaxt gedirik? Gözləyirəm vəziyyət qaydasına düşsün. Ondan sonra mütləq gedəcəyik. Azərbaycansız isə mən ümumiyyətlə yaşaya bilmərəm. İndiyə qədər həmişə Bakıya gəlirdim, indi artıq Şuşaya da gedə biləcəm. Pandemiyayla bağlı hələ ki, Bakıya da gələ bilmirik.
Bizim nəslin keçmişi ilə bağlı mən ancaq eşitdiklərimi və öz müasirlərim haqqında danışa bilərəm. Hərdən mənə deyirlər ki, siz çox xeyirxahsınız, nədir bunun səbəbi? Deyirəm, bu bizdən asılı deyil. Bizim nəslimiz, kökümüz əvvəldən xeyirxahlıqla məşğul olub. Bu, bizim yaddaşımıza hopub artıq. Sonda bir xatirəmi danışım sizə. Bir dəfə Şuşada gedirdim. Uşaq idim. Beşinci sinifdə oxuyurdum. Bir qoca kişi və qadın yaxınlaşdı mənə. Ər-arvad idilər. Çəliklə gedirdilər. Qadın mənim əlimdən öpdü. Çox pis oldum, tez əlimi çəkdim. Mənə dedi, qızım, əlini çəkmə, biz sənin atanın, babanın çörək bişirənləri, şatırları olmuşuq. Şatır sözünü başa düşmədim. Gəldim nənəmə dedim. Nənəm dedi, şatır – çörəkbişirən deməkdir. Onlar dədə-babadan Xan sarayının çörəkbişirənləri olub.