Natalya Fatyanova: Dəniz zəiflər üçün deyil!

Müstəqil.Az və Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin birgə layihəsi olan “Dənizçi həyatı”nın budəfəki qonağı Azərbaycan Dövlət Dəniz Akademiyasının “Gəmi energetik qurğuları” kafedrasının asistenti Natalya Fatyanovadır. Onunla söhbəti oxucularımıza təqdim edirik.

– Natalya xanım, mümkünsə oxucularımıza özünüz haqda ösaca məlumat verəsiniz

-Mən, Fatyanova Natalya Vladimirovna 1992-ci ilin  fevral ayının 21-də  Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. 1998-ci ildə Bakı şəhərində 20 nömrəli məktəbin 1-ci sinfinə qəbul olmuşam. 2009-cu ildə həmin məktəbi əla qiymətlərlə bitirmişəm. 2010-cu ildə Azərbaycan Dövlət Dəniz Akademiyasına, “Dəniz texnikası və texnologiyası mühəndisliyi” ixtisasına qəbul olmuşam. 2014-cü ildə Azərbaycan Dövlət Dəniz Akademiyasını bitirib “Dəniz texnikası və texnologiyası mühəndisliyi” ixtisasına yiyələnmişəm və həmin il Akademiyanın magistratura pilləsinin “Gəmiqayırma” ixtisası üzrə tam ali təhsil almaq üçün qəbul olmuşam. 2016-cı ildə Akademiyanın magistr pilləsi fərqlənmə diplomla bitirmişəm. 2016-cı ildən bu günə qədər Akademiyada assistent kimi çalışıram. 2017-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyası “Gəmiqayırma və gəmi təmiri” ixtisasına doktorantura pilləsinə qəbul olmuşam.

– Sizin nailiyyətlərinizə sevinmək olar.  ADDA-da çalışırsız, kontingentin əksəriyyəti kişilərdi, xanım olaraq auditoriyada hər hansı bir sıxıntı hiss etmirsiz ki?.

– Yox, Akademiyada kontingent əladı. Biz, elə bil, bir ailəyik. İnsanlarımız mehriban, bir-biri ilə çox doğmadır. Mən çox razıyam.

– Siz özünüz də bir vaxtlar, dediyiniz kimi,  bu Ali tədris ocağının tələbəsi olmusuz. Sizin tələbəlik vaxtarınızla bu günün hər hansı bir fərqi varmı?

– Əlbəttə var. Ölkəmizin çox yerində olduğu kimi burda da inkişaf göz önündərir,  texnologiya bir yerdə dayanmır. İndi Akademiyada bütün auditoriyada kompyuterlər var və dərslər elektron vasitəsi ilə keçirilir.

– Auditoriryaya tələbə kimi girmək xoş idi sizə yoxsa indi müəllim kimi daxil olmaq?

-Mənim üçün auditoriyaya həm tələbə kimi, həm də müəllim kimi daxil olmaq çox xoşdu. Bilirsiz,  tələbə vaxtlarımı mənə heç kim təzədən qaytara bilməz, amma o vaxtlar çox maraqlı insanlarla tanış olmuşam, təzə şeylər öyrənmişəm. Müəllim kimi də mənə  çox xoşdu auditoriyaya daxil olmaq. Həm də ona görə xoşdur ki, biliklərimi gənc nəsilə çatdırıram.

– Deyəsən siz pedoqoji fəaliyyətlə yanaşı, ictimai işlərlə də məşğulsuz. Feysbukda paylaşımlar edirsiz. YAP-ın aktivlərindənsiniz həm də…

– Bilirsiz, biz elə bir zamanda yaşayırıq ki, ölkəmizin həyatında hər hansı bir işi görməli, özümüzü Vətənimizə layiq bir vətəndaş kimi təqdim etməliyik. Düz buyurursuz,  mən ictimai işlərlə də məşğul oluram. Mən 23 saylıNəsimi-Səbail Dairə Seçki komissiyasının 24 saylı seçki məntəqəsinin  katibi kimi ölkənin siyasi həyatında da bacardıqlarımı edirəm. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC – də Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzviyəm. Akademiyada YAP-nın koordinatoru  və YAP Səbail rayon Gənclər Birliyi idarə heyətinin üzvüyəm.

 -Natalya xanım, zərif çiyinlərinizi kifayət qədər məsul işlərin altına vermisiz, göz dəyməsin.

– Çox sağ olun, mən hansı işlə məşğul oluranmsa, ürəklə, həvəslə o işi görürəm.

-Şübhə etmirəm, Deyin, ümumiyyətlə dəniz və dəmnizçilik haqda da fikirlərinizi bilmək maraqlı olardı

– Dənizdə işləmək çox çətindir, hamı bunu bacara bilmir. Bacarsaydı da bu sənət o qədər maraqlı və sevilən də olmazdı axı.  Elə insanlar var ki, çətin hava şəraitinə, ailədən, doğma evindən uzun müddətə ayrı dayana bilmir. Elə iş yerində də yaşadıqları stresə dözə bilmirlər. Necə deyərlər, dəniz zəiflər üçün deyil!

– Bəs, Sizi dənizə hansı maraq çəkib gətirdi?.

– Uşaqlığımdan bəri ailəmdə gəmilər, dənizdə işləmək, gəmilərin  təmiri, tikilməsi haqqda çox eşitmişdim. Ailəmizdə bu sahəyə maraq çox olub,  babalarımdan biri üzən qazma qurğusunda, digəri babam isə “Partkomunna” gəmiqayırma zavodunda işləmişdir. Buna görə uşaqlıqdan bəri dənizlə əlaqəli olmağı xəyal etdim.

– Bu gün təhsildə yüksək uğurlar əldə etmək üçün gənc mütəxəssis olaraq hər hansı bir təklifiniz olubmu, yoxsa məşhur filimdə deyildiyi kimi, döyüşə qocalar gedir, hər şeyi onlar nizamlayır?

– Bilirsiniz, yaşlı nəslə hörmət edilməlidir. Biz, gənclər, yaşlı nəsil ilə ittifaqda çalışmalıyıq, onlardan öyrənməliyik ki, gənclərə də öyrədə bilək. Ancaq yaşlı nəsil də vaxt və texnologiyanın dayanmadığını başa düşməlidir. Buna görə də təcrübələrimizi bir-birimizlə bölüşməliyik.

– Natalya xanım, ADDA-da bu gün vəziyyət necədir, tələbələrin təhsili, dərslərin tədrisi, imtahanlar, bir çətinlik yoxdur ki?

-Akademiyada heç vaxt bu problem olmayıb, düşünürəm ki, olmayacaq da. Çünki, kifayət qədər həm pedoqoji, həm psixoloji təcrübələri olan müəllim və texniki işçilərlə əhatələnmişik.. İndi də, bütün bəşəriyyət üçün təhlükəli olan bir vaxtda Akademiyada tədris prosesi ən yüksək səviyyədə aparılır. Akademiya rəhbərliyinin köməyi ilə onlayn dərs və imtahanların keçirilməsi prosesi quruldu, və uğurla davam etmədədir…

Sizə və kollektivinizə uğurlar arzu edirəm. Bu müsahibə Müstəqil.Az saytının və Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin birgə lahiyəsidir. Biz də həm mətbuat olaraq, həm dəİB-lik olaraq təhsilimizin yanındayıq və sizlərə dəstək olmağa hazırıq.

– Çox sağ olun, mən də Sizə və yenicə yaradılmış İctimai Birliyinizə uğurlar arzu edirəm.

Söhbətləşdi: Faiq Balabəyli

 

 

 

Share: