NATO bazası Gürcüstanın ermənilərin kompakt yaşadığı bölgəsində yerləşdirilsə…

Ermənilər Axalkalakiyə türk hərbçilərin də gələcəyindən bərk qorxur…
Xəbər verildiyi kimi, amerikalı analitik, nüfuzlu “Heritage Foundation” mühafizəkar institutunun üzvü Lük Koffi Suriyadan çıxarılmış ABŞ hərbçilərinin Gürcüstanda, konkret olaraq ölkənin cənubunda, etnik erməni əhalinin kompakt yaşadığı Cavaxeti regionunda yerləşdirilməsi barədə təklif irəli sürüb.
 
Moderator.az Gürcüstanın “Nor101.1FM” nəşrinə istinadla xəbər verir ki, ABŞ analitikinin təklifini dəyərləndirən gürcü ekspertlər bunun mümkünlüyünə o qədər də nikbin yanaşmırlar.
Xatırladaq ki, L.Koffi sözügedən təklifi  barədə “Twitter”də  belə yazıb:
«Təklif: Suriyanı tərk edən ABŞ qoşunları Gürcüstana göndərilə və “İŞİD”-in bərpa olunacağı təqdirdə sürətli cavabın verilməsi üçün “üfüqdən kənarda” qalan bir qüvvə ola bilər. ABŞ Suriyanın Raqqa şəhərindən cəmi 740 kilometr məsafədə yerləşən Axalkalakidəki keçmiş Rusiya bazasından istifadə edə bilər. İndi Gürcüstan İraqdan daha etibarlıdır…»
Koffi vurğulayır ki, bu, onun şəxsi ideyasıdır və Vaşinqtonda  müzakirə edilmir. Bəzi tənqidçilər amerikalı hərbçilərin Gürcüstanda yerləşdirilməsinin Gürcüstanla Türkiyənin münasibətlərini korlayacağını hesab edir.  Koffi isə belələrinə Gürcüstan-Türkiyə münasibətlərinə daha diqqətlə yanaşmağı tövsiyə edir:
Onlar, sadəcə, Türkiyə-Gürcüstan münasibətlərini anlamırlar. Bu, həm də Rusiyanın qarşısını alacaq…”
Gürcüstanın Strateji Analiz Mərkəzinin direktoru və müdafiə sahəsində mütəxəssis Nodar Xarşiladze belə deyir:
«Lük Koffinin maraqlı ideyaları olur, o, bacarıqlı analitik və Gürcüstanın dostudur. Ancaq onun ideyalarının hansının həyata keçirilməsinin mümkün olub-olmaması başqa məsələdir. Prinsip etibarilə, bu adam Gürcüstan hökumətinin etməli olduğunu edir, konkret olaraq, o, daim Qərbi və bütün dünyanı Gürcüstanla bağlı narahat olmağa çağırır və daim Gürcüstan məsələsini gündəmə gətirir».
Beynəlxalq münasibətlər üzrə ekspert Tornike Şaraşenidze isə Koffini “fantaziyaçı”, onun təşəbbüsünü isə “uydurma” adlandırır.
“Bu təklif xoş səslənir, lakin o, reallıqdan uzaqdır. Bu Koffini dinləmək elə xoşdur ki. Lakin ən yaxşısı xırdaçılığa varmamaq və amerikalı hərbçilərin birbaşa Qoridə [gürcü-osetin münaqişəsi zonasına bitişik, rusiyalı hərbçilərin yerləşdiyi bölgə- S.L.) yerləşdirilməsini tələb etməkdir» —  deyə Şaraşenizde “Facebook”da yazıb.
Xatırladaq ki,  sentyabrın ortalarında “Cavaxk” vətənpərvər birliyinin sədri, Ermənistanın Respublikaçılar partiyasının üzvü Şirak Torosyan  bildirmişdi ki, Gürcüstanın NATO-ya üzv olacağı təqdirdə erməni etnosu türk qoşunlarının oradakı mövcudluğuna dözməyəcək… Yəni ermənilər Kremldəki böyük qardaşlarıyla birgə Axalkalakidəki  NATO bazasına türk hərbçilərin də gələcəyindən bərk ehtiyatlanır…
Müstəqil.Az
Share: