Naxçıvanın sabiq daxili işlər nazirinin əmlakı özünə qaytarıldı

Naxçıvanın sabiq daxili işlər nazirinin əmlakı özünə qaytarıldı

Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun əlindən alınmış əmlakı özünə qaytarılıb.

APA-nın əldə etdiyi xəbərə görə, söhbət Naxçıvanda “57 bazarı” kimi tanınan ərazidə yerləşən bir neçə obyektdən gedir.

Həmin obyektlər 20 ildən artıq Əhməd Əhmədovun olub, həbs olunduqdan sonra isə ondan alınıb. Lakin sözügedən əmlak Əhməd Əhmədovun cinayət işi ilə bağlı məhkəmə hökmü ilə müsadirə edilməyib, geri qaytarılması proseduru da eyni qaydada reallaşıb.

Qeyd edək ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılaraq həbs olunub.

Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Yuxarı instansiya məhkəmələri hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Share: