Neçə il yatıbmış, neçə il Allah

Zəkiyyə ELRUH
VƏTƏN ƏTRI VAR
 
Tonqalın hisində vətən ətri var,
Havanın sisində vətən ətri var.
Yanan ağacların son hönkürtüsü-
Çırtıltı səsində vətən ətri var.
 
Bu saçı leylada vətən ətri var,
Aranda, yaylada Vətən ətri var.
Körpə rayihəli ana laylası
Ayədir, laylada Vətən ətri var.
 
Bu yerdə, bu göydə vətən ətri var,
Behiştmi, bu iydə vətən ətri var?
Elə bil sevgiylə qoşa yaranıb,
Sevilən hər şeydə Vətən ətri var.
 
Bu odda, bu suda vətən ətri var,
Dənizdə, quruda vətən ətri var.
Allahım, yuxudan ayıltma məni,
Bu şirin yuxuda Vətən ətri var.
 
UŞAQLIQ SEVGİM
 
Söyüdü ana tək qucaqlamışdım,
Seçilməz olmuşdum budaqlarından.
Zülfümü saçı tək saçaqlamışdım,
Öpürdüm küt lanset-dodaqlarından.
 
O cərrah söyüddən qopa bilmirdim,
Bitmişdi könlümün vətən həsrəti.
O suya, torpağa hopa bilmirdim,
Selə qərq etmişdim bitən həsrəti.
 
Neçə il yatıbmış, neçə il, Allah,
Bu ağac sevgisi şüurun altda?
Yuxuda bar verdi, açdı dil , Allah,
Dünya bədirləndi bu nurun altda.
 
Bir də görərsən ki, layla çaldırır
Söyüd ürəyinin ana sevgisi.
Mürgülü duyğular nə baş qaldırır,
Nə nəğmə gətirir cana sevgisi…
 
Pəmbəyin seliylə qəlbimə dolub,
Bu sevda nə şirin… sonu nə acı…
Uşaqlıq eşqimmiş şil, əlil olub,
Qaməti əyilmiş söyüd ağacı.
03.06.2015
 
SEVİRƏM
 
Mən dağı sevirəm, daşı sevirəm,
Dağlara yamanan daşın dili yox.
Mən bağı sevirəm, quşu sevirəm,
Bağ quşdan qorunmaz, quşun əli yox.
 
Dənizi sevirəm, çayı sevirəm,
Gölün aynasında canım divlər tək.
Ulduzu sevirəm, ayı sevirəm,
Gecənin saçına səpılıb zər tək.
 
Çiçəyi sevirəm, gülü sevirəm,
Gözün eşitdiyi nəğmədir güllər.
Mən bir xəzəl adlı ölü sevirəm,
Odu sönsə belə, doğmadır güllər.
 
Şeiri sevirəm, sözü sevirəm,
Misralar gör necə ləçək-ləçəkdir.
Nəğmələr cücərdən közü sevirəm,
Qulağın gördüyü nəğmə-çiçəkdir.
 
ÜRƏK DİLİNDƏ
Gözəllik, gözəllik, gözəllik ancaq…
Başqa bir silahı yoxdur əlində.
Qəlbləri fəth edər zərif, utancaq-
Çiçəklər danışar ətir dilində.
 
Gözəllik dilində gözlə danışar,
Sevgiylə danışar ürək dilində.
Hər kəsin fitrətdən yarpaq dili var,
Gül kimi söz açsın gərək dilin də.
 

Bənövşə

 
Utana-utana müjdə gətirib,
Deyir: “Bahar gəlir,”- bu tər bənövşə.
Aləmə yaymaqçün xeyir xəbəri
Al-əlvan gülləri ötər bənövşə.
 
Dilsiz duyğuları açan dil olar,
Eşqin tərcümanı zərif gül olar.
Aşiqlər əlində bir bülbül olar,
Sevgi nəğməsini ötər bənövşə.
 
İncə ehtiramla əyilib başı,
Koldan salam deyir kol vətəndaşı.
Kol-kos hesab edib kipriyi, qaşı
Şəhla gözlərdə də bitər bənövşə.
 
Güllər: “Gəl-gəl,”- deyir, sən kahal olma,
Könlümü dindirib özün lal olma.
Belə boynubükük, fağırhal olma,
Elruh tək vətənin itər, bənövşə.
2002
Share: