Türkiyənin daxili işlər naziri Süleyman Soylu ötən ilin avqustunda Antalyada güllələnən məşhur azərbaycanlı kriminal avtoritet, “Lotu Guli” ləqəbli Nadir Səlifovun vaxtilə Türkiyədən deportasiya edildiyi halda necə geri dönə bildiyi haqda danışıb.
Müstəqil.Az xəbər verir ki, nazir bu mövzuya TRT Haber-ə müsahibəsi zamanı “yeraltı dünyasının” xaricə qaçan lideri Sedat Pekerin onun ünvanına səsləndirdiyi, son günlər Türkiyədə gündəm olan ittihamları ilə bağlı danışarkən toxunub. Bildirib ki, “Lotu Guli” başqa ölkədən pasport alaraq Kipr üzərindən Türkiyəyə geri dönə bilmişdi.
“Dünyanın 12 ən güclü mafiyasından biri Türkiyəyə gəldi. Nadir Səlifov deyilən adam 20 il həbsxanada yatıb. Səlifov, “Lotu Guli” dünyanın 12 ən güclü mafiyasından biridir. Bir çox insan gəldi, getdi, bunu yaxaladıq. İçəri qoyduq. İki gün ərzində vəkilləri onun Türkiyədən deportasiyasını əngəlləyən, qeyri-leqal miqrantların saxlanılması mərkəzindən sərbəst buraxılmasını tələb edən məhkəmə qərarının çıxarılmasına nail oldular. Amma deportasiya mərkəzindən çıxarıb goydum geri, yerinə. 2-2.5 ay orada saxladıq, danışdırdıq, sonra da ölkəsinə deportasiya etdik. Sonra başqa bir ölkədən pasport aldı, Kiprə getdi, oradan Türkiyəyə gəldi. Yaxınındakı bir cangüdəni bunu güllələdi”,-Süleyman Soylu bildirib.
Qeyd edək ki, mafiya lideri Sedad Peker “Lotu Guli”nin Türkiyədə bir polisin həlak olması ilə nəticələnən atışmada əli olması şübhəsi ilə saxlanıldığını, deportasiya edildiyini, daha sonra geri döndüyünü bildirmişdi.
“Lotu Guli” Azərbaycandan həbsdən buraxıldıqdan sonra Türkiyədə məskunlaşmışdı. 2018-ci ilin payızında Türkiyə polisi onu saxlayıb və deportasiya olunmaq üçün barəsində prosedur başladılıb. Lakin məhkəmə onun sərbəst buraxılmasına qərar verib. Bir neçə həftə sonra “Lotu Guli” yenidən tutulub və bir müddət miqrantların deportasiyası mərkəzində saxlanılıb. Daha sonra Türkiyədən deportasiya edilib. Buna baxmayaraq o, bir müddət sonra yenidən Türkiyəyə dönüb.
Müstəqil.Az