Müstəqil.Az gənc şair Ruslan Dost Əlinin şeirlərini təqdim edir:
Nə vurmusan üstünə?
Adını da unutdum,
Sevdiyim ətirlərin.
Mən hər işə gedəndə
Səndən vurdum üstümə…
Yaxşı yola gedirdik,
Bircə şeydən savayı,
Sən deyirdin uzundu,
Mən deyirdim, kəsdirmə…
Hirslənəndə tuturdun
Bu şəvə saqqalımdan.
Sonra gəlib öpürdün
Üzümdəki xalımdan.
Gözünü zilləyirdin
Elə uzun-uzadı.
Deyirdin, qoy kəsdirim,
Uzağı bir həftədi,
Bir də gördün uzandı…
Baxardın, saçlarında
Əlim nəsə gəzərdi.
Bəs axı birdən-birə
Bizə belə nə oldu?
Nənəm demiş, nəzərdi.
İndi kimə əl açım,
Qaçım kimin üstünə?
Mən baş aça bilmirəm,
Nətər getmisən ki, sən
Üst-başımda qalmısan, –
Gələn-gedən soruşur:
Nə vurmusan üstünə?
Nə vaxtdı
Tale var ki, dumanında dağ azır,
Bayraq hazır, tabut hazır, ağ hazır:
Ölüm elə bu vətəni heey yazır,
Əsgər-əsgər cilidləyir nə vaxtdı.
Solan gördüm yaz günündə gülləri,
Səngər içir o qırmızı gölləri.
Göy üzünə açdığımız əlləri,
Tanrı tutub kilidləyir nə vaxtdı.
Sərhəd boyu dəmir-dəmir ağaclar,
Heç nə demir, heç nə demir ağaclar.
Neçə vaxtı çiçəkləmir ağaclar,
Bizim torpaq şəhidləyir nə vaxtdı…
SƏNİN BU ŞƏHƏRDƏ ƏTRİN QALIBDI…
Gündüzü çətindi, gecəsi zordu,
Burda keçirdiyim vaxtı sevmirəm.
Canıma zərərli olmayan şeyi
Sevməyə həvəsim yoxdu… sevmirəm.
Ard-arda calayıb siqaretləri,
Çəkdim, tüstüsündə kimsə göründü…
Bilməm, nə tapmışam mən bu zəhərdə?
Mənim bu şəhərlə aram sərindi –
Sən yoxsan bu şəhərdə…
Hələ də baxıram, məktublarında,
Sevdiyim o muncuq xəttin qalıbdı.
Mənə canım qədər əzizsən yenə,
Yanımda nə boyda xətrin qalıbdı.
Yoxsa, məktubdanmı gəlir bu ətir,
Elə bil nə vaxtsa burdan keçmisən,
Sənin bu şəhərdə ətrin qalıbdı…
Sən yoxsan bu şəhərdə…
…Çoxları, bəlkə də, məni qınayır,
Gözümdən itirdim “əl çatan”ları…
Məni oralarda yaxşı tanıyır,
Sən olan şəhərin gül satanları…
Burda da adımı əzbər bilirlər,
Aptekdə işləyən satıcı qızlar…
Elə də sən deyən parlaq deyillər,
Elə bil, can dərdi çıxır ulduzlar,-
Sən yoxsan bu şəhərdə…
Yoxsa, bu şəhərə kimsə qarğayıb..? –
Gül kimi gözəllər qarıyıb gedir…
Yazın ortasında yas yas dalıyca, –
Ağaclar bir ucdan quruyub gedir…
Bəlkə də, ağlında, fikrində deyil,
Heç nə bu şəhərdə yerində deyil,
Bilirsən, başımda bir az çatışmır,
Onsuz bu şəhərin dəlisi çoxdu,
Əli bu şəhərə artıqlıq edir…
Bir də bu şəhərdə bir qız çatışmır, –
Sən yoxsan bu şəhərdə…
Sən…
Mütəqil.Az