ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edib. Sentyabrın 17-də başlayan və 3 gün davam edəcək səfər ciddi rezonans doğurub.
Pelosi sentyabrın 18-də Ermənistan parlamentinin spikeri Alen Simonyanla keçirdiyi görüşdən sonra Azərbaycan əleyhinə kəskin bəyanatlar verib. O, Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında sentyabrın 12-14-də baş vermiş sərhəd toqquşmaları barədə danışarkən, günahkar qismində Azərbaycanı göstərib. “Azadlıq radiosu”nun Ermənistan redaksiyasının məlumatına görə, ABŞ rəsmisi ölkəmizi “Ermənistan ərazisinə qanunsuz və ölümcül hücumlar təşkil etməkdə” qınayıb (https://www.azatutyun.am/a/32039652.html). Pelosi deyib ki, “səfərdə olan nümayəndə heyəti sülh sazişinin perspektivlərini təhdid edən bu hücumları ABŞ Konqresi adından qətiyyətlə pisləyir”.
Nensinin səfər proqramının ziddiyyətli olacağı gözlənilirdi. Çünki, onun karyerası zatən ziddiyyətlərlə doludur. 2019-cu ildən etibarən Nümayəndələr Palatasına rəhbərlik edən xanım skandallı siyasətçi kimi ad çıxarıb. Avqust ayında Çin Respublikası prefekturasına – Tayvana etdiyi səfər də eyni rezonansı doğurmuşdu. Çin tərəfi səfərə rəsmi etirazını bildirmiş, ABŞ-ı və şəxsən Pelosini ittiham etmiş, xanım spikeri uçduğu təyyarənin vurula biləcəyi ilə hədələmişdi. ABŞ özünə bəraət qazandırmaq üçün bildirmişdi ki, Nensinin səfəri ABŞ administrasiyasının mövqeyini ifadə etmir. Hansı ki, xanım spiker vəzifəsi baxımından ABŞ iyerarxiyasında çox önəmli mövqe tutur.
Səfəri ilə Tayvanı bir növ müstəqil dövlət kimi şərəfləndirməyi hədəfləyən Konqres spikeri Çinin təhdid və hədələri ilə qarşılaşınca, səfərinin siyasi yükünü inkar etmiş, onu humanitar aksiya kimi qələmə vermişdi. Açıqlamalarından belə nəticə çıxmışdı ki, 82 yaşlı Nensi gələcək karyerasını humanitar aksiyalar üzərində qurmaq, dünyada insan haqları müdafiəçi imici ilə tanınmaq istəyir.
Onun 60 illik karyerası bu cür ziddiyyətli açıqlamalarla zəngindir.
Nensinin Ermənistana səfəri də bu qəbildəndir. İrəvan səfərinin əsas təşkilatçıları – erməni lobbisi fikir yaymışdı ki, Pelosi Azərbaycanla qarşıdurma halında olan Ermənistana dəstək verəcək, Qarabağ mövzusunda Ermənistanın mövqeyini gücləndirməyə çalışacaq. Amma o özü ilk bəyanatlarında fərqli danışmışdı. “Washington Post” qəzetinə açıqlamasında “səfərin insan haqları mövzunun müzakirəsinə, demokratik inkişafın dəstəklənməsinə” həsr ediləcəyini demişdi. İrəvandan yaydığı ilk açıqlamada da bu istiqaməti inkişaf etdirmişdi: “Ermənistanda təhlükəsizlik, iqtisadi inkişaf və demokratik durum müzakirə ediləcək”-demişdi. Sentyabrın 17-də, İrəvana səfərinin ilk günündə verdiyi rəsmi bəyanatda Qarabağ münaqişəsi mövzusuna ümumiyyətlə toxunmamışdı.
Nensinin səfərinin daha bir səbəbi barədə ehtimalı BBC gündəmə gətirmişdi. BBC ehtimal edirdi ki, Pelosi “Konqres üzvlərinin hədəfi olmamaq üçün” səfərinin real məqsədini gizlədir: “Onun Ermənistana səfəri ABŞ-ın daxili siyasi gündəmi və ölkədəki erməni lobbisinə yaxınlıq ehtiyacı duyması ilə əlaqəlidir” (https://www.bbc.com/azeri/region-62932331).
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Richard Kauzlarich də BBC-nin ehtimalını dəstəkləyib və daha da inkişaf etdirib. Bildirib ki, Nensinin Ermənistana səfəri “çoxlu amerikalı erməni seçicinin yaşadığı Kaliforniya ştatındakı daxili siyasətlə bağlıdır. O, gələn ay- noyabrın ortalarında- keçiriləcək aralıq seçkilərində erməni lobbisinin, erməni seçicilərinin səsini qazanmaq istəyir”. Erməni lobbisi ABŞ-da öz gücünə görə sayca 4-cü yerdədir.
Beləliklə, Nensi Pelosinin İrəvan səfəri barədə iki versiya daha çox dayanıqlı olubdur: birinci versiyaya görə, o Ermənistana səfər etməklə ABŞ-dakı erməni icmasının səsini almaq, erməni lobbisinin dəstəyini qazanmaq istəyir. İkinci versiyaya görə isə, Nensi gələcək karyerasını humanizm üzərində qurmaq, dünyada insan haqları müdafiəçi imici ilə tanınmaq istəyir. Bu baxımdan “zəif dövlətlərə, əzilən, haqsızlığa uğrayan xalqlara dəstək göstərir”.
Nensi erməni icmasından ianə qismində 50, səfər xərcləri üçün 25, Paşinyanı tərifləmək üçün 15 milyon dollar alıb
Amma Konqres spikerinin İrəvan səfərinin müzakirəsi və araşdırılması kontekstində yeni faktlar ortaya çıxıb. Bəlli olub ki, Nensi Pelosinin Ermənistan turunun səbəbi yalnız Demokratlar Partiyasına seçici qazandırmaqdan ibarət deyil.
Bəllidir ki, Pelosinin İrəvana səfəri barədə informasiyalar sentyabr ayının əvvəllərində gündəmə gəlmişdi. Amma ABŞ höküməti səfər xərclərini ödəməkdən imtina etdiyi üçün səfər ləğv olunmuşdu. ABŞ höküməti “sadə amerikalı vergi ödəyicilərinin hesabına Nensi Pelosinin İrəvan səfərinə maliyyə ayırmaqdan imtina etmişdi”. İndi bəlli olub ki, Nensi Pelosinin səfər xərclərinin bir hissəsini Konqresdə fəaliyyət göstərən Amerika Erməni Kommitəsi-ANCA ödəyib. Digər hissəsi isə Rusiyalı biznesmen Ruben Vardanyanın payına düşüb. Nensi Pelosinin İrəvana səfəri erməni icmasına nə az, nə çox, tam 120 milyon dollara başa gəlib.
Səfərin xərclərinin ödənilməsi haqqında açıq mənbələrdən görünür ki, Vaşinqtondakı erməni lobbiçilərin hesabına Ruben Vardanyanın bankı vasitəsilə 75 milyon dollar vəsait köçürülüb. Bu məbləğin 50 milyon dolları Demokratlar Partiyasına “birdəfəlik ianə” kimi nəzərdə tutulub. Yerdə qalan 25 milyon dollar isə Nensinin 72 saatlıq səfərinin təhlükəsizlik və digər xərclərinə sərf edilir. Səfərin təşkilatçısı qismində çıxış edən erməni şirkəti ABŞ Nümayəndələr Palatasının spikeri Pelosinin hesabına daha 15 milyon dollar ayıracaq ki, o, yekun bəyanatında Nikol Paşinyanın müdafiəsi üçün əlahiddə fikirlər səsləndirsin. Vasitəçi şitkət nümayəndələri olan 3 nəfər isə, hərəyə 10 milyon dollar olmaqla, ümumilikdə 30 milyon dollar “qonarar” alacaqlar.
Məsələnin təəccüblü tərəfi odur ki, bütün dünayada Rusiyalı iş adamlarına sanksiyalar tətbiq olunur. Belə durumda erməni əsilli Rusiya iş adamı Ruben Vardanyan Rusiyadan oğurladığı pullar hesabına ABŞ Konqresinin nümayəndələr palatası spikerinin səfəri üçün maliyyə ayıra bilir. Paralel şəkildə ABŞ-ın iqtidar partiyasına- Demokratlar Partiyasına- ianələr edə bilir.
İş ondadır ki, OCCRP ( Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi) 2019 cu ilin mart ayında açıqladığı hesabatında Rusiyada yaşayan erməni əsilli oliqarxların fəaliyyətinə də toxunub. Onların Ermənistandakı oliqarxlarla müştərək şəbəkələrindən bəhs edib. Qeyd edilib ki, bu şəbəkə Rusiyada “çirkli pulların yuyulması”nda rol alıb. Özlərinə məxsus investisiya bankı vasitəsi ilə ölkədən 9 milyard dollarlıq vəsaitin çıxarılmasını təşkil ediblər. Hesabatda şərti olaraq “Troyka pulyuyan maşını” kimi təqdim edilən bu sxem korrupsiyaya bulaşmış Rusiya oliqarxlarının, siyasətçilərinin çirkli pullarının yuyulması, vergidən yayınması, mülklərinin xaricdə gizlədilməsi kimi fəaliyyətlərdə ittiham edilir. 53 yaşlı oliqarx milyarder, “Troyka Dialoq” investisiya şirkətinin keçmiş sahibi olan Ruben Vardanyan isə bu şəbəkənin açar fiqurlarından biri kimi təqdim edilib. Əlavə edilir ki, “şəbəkə” Rusiyanın hakim elitası ilə sıx əlaqəlidir. İndi isə ABŞ-ın Konqres spikeri Ruben Vardanyandan ianə qəbul edir.
Bu səfərin təşkilini Ruben Vardanyanın sanksiyalardan yayınmaq üçün verdiyi rüşvət kimi də qəbul edə bilərik.
Kiçik dövlətlər Ruben Vardanyanla münasibətə görə sanksiyaya məruz qalır, ABŞ Kongresinin spikeri isə onunla müttəfiqliyindən qazanc götürür.
Müqayisə üçün bildirək ki, OCCRP hesabatında adı “Troyka pulyuyan maşını” kimi təqdim edilən Ruben Vardanyan prosesi kiçik ölkələr üçün problemə çevrilib. Məsələn, Almaniya hökuməti “Troyka pulyuyan maşını” ilə adı keçən şəxslərə qarşı hüquqi təqib və əmlak sanksiyaları tətbiq edir (https://www.occrp.org/en/daily/12935-germany-raids-properties-linked-to-the-troika-laundromat). Yaxud, Avropa İttifaqı qanunvericiləri “Troyka pulyuyan maşını” ilə əməkdaşlıq etmiş bankirlərə qarşı sanksiyalar tələb edirlər ( https://www.occrp.org/en/daily/9372-eu-lawmakers-demand-sanctions-against-troika-laundromat-bankers). “Troyka camaşırxanası” hesabatı Avstriya banklarını da dağıdır (https://www.occrp.org/en/daily/9316-troika-laundromat-fallout-hits-austrian-banks). Monteneqronun Avropa İttifaqına üzvlüyü də bu proseslə əlaqə səbəbindən ləngidilir (https://www.occrp.org/en/troikalaundromat/how-russian-blood-money-flowed-into-montenegro).
ABŞ-ın özündə də Rusiya oliqarxlarına qarşı münasibət kəskindir. Rusiyanın əksər milyarderlərinə qarşı Qərb tərəfindən sanksiyalar tətbiq olunub. Yerdə qalanlar haqqında da ciddi araşdırmalar gedir. ABŞ Ədliyyə Nazirliyi bu sahədə əlahiddə iş başlayıb, Qərbin sanksiyalarından yayınmağa cəhd edən “rus oliqarxlarının” adlarını araşdırır. “Forbes” yazır ki, ABŞ prokurorları “Rusiya oliqarxlarının” Qərb sanksiyalarından yan keçməyə çalışdıqlarına dair sübutlar tapıblar ( https://www.forbes.ru/milliardery/461203-v-minuste-ssa-zaavili-o-popytkah-rossijskih-oligarhov-izbezat-zapadnyh-sankcij).
Rusiyaya qarşı tətbiq edilən sanksiyaların monitorinqini aparan “Trap Aggressor” analitik qrupu isə məlumat yayıb ki, ən məşhur 10 nəfər rus oliqarxının yarısı hələ də sanksiyalar altında deyil (https://www.epravda.com.ua/rus/news/2022/08/5/690060/). Qrup sanksiyadan kənarda qalan milyarderlərin adlarından ibarət siyahı tərtib edib. Amma maraqlıdır ki, araşdırmaların heç birində Ruben Vardanyanın adı keçmir. Bəs Ruben Vardanyan niyə kənarda qalıb, hansı səbəblərdən sanksiya tətbiqindən yayındırılıb? Sualın cavabı indi aydın olur. Bəlli olur ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi “Troyka pulyuyan maşını” sexeminin müəllifi olan Ruben Vardanyanla şübhəli əlaqədədir, ondan ianələr qəbul edir. Vardanyanın sanksiyalardan yayına bilməsinin səbəblərindən biri də məhz budur. Bu informasiyanı gizlətmirlər. Açıq mənbələrdə paylaşıblar.
Pulu erməni lobbisindən alıb Azərbaycanı ittiham edirlər
Hər bir dövlətin lobbi maraqlarını həyata keçirmək kimi legitim haqqı vardır. Amma burada da məkirli oyunlar, haqsız rəqabət amilləri mövcuddur. 2018 ci ildə Azərbaycanın güya bəzi AŞPA deputatlarını rüşvət və bahalı hədiyyələrlə ələ alması üzrə araşdırmalar aparıldı. Hansı ki, Azərbaycan həmin şəxslər ilə sadəcə lobbi qrupları qismində əməkdaşlıq etmişdi. Korrupsiya ilə mübarizə əhəmiyyətli, vacib olsa da , bu araşdırmada sellektiv yanaşma sərgiləndi. Lobbi qrupları ilə iş Azərbaycanın kimlərəsə rüşvət verməsi kimi qələmə verildi. Əvəzində, rəsmən pulyuma əməliyyatlarında, korrupsiya hallarında ad çıxarmış erməni milyarderlərin Avropalı paralementarilərə rüşvət verməsi “Lobbi qrupları ilə iş” kimi təsnif edildi. Bu gün bəlli olur ki, erməni icmaları hətta ABŞ Konqresinin spikerinə də maliyyə verirlər və bu, “lobbiçilik işi” çərçivəsində rəsmiləşdirilir. Amma Azərbaycanla əməkdaşlıq edən nüfuzlu avropalı siyasilər. lobbi qrupları şərlənir, haqsız rəqabətə məruz qalırlar.
Yeganə Hacıyeva
Müşfiq Ələsgərli