“Seanews.az”-ın məlumatına görə, bu barədə Krallığın Təhlükəsizlik və Ədliyyə Nazirliyinin katibi Erik van der Burq bildirib.
Bu yaxınlarda böhranın idarə edilməsi üzrə nazirlər komissiyası qaçqınlar üçün üç böyük laynerin ehtiyat saxlanılması barədə qərar qəbul edib. “Hər halda, gəmilərin Niderlanda gəlməsi ilə bağlı qərara gəldik. Dəqiq harada duracağını müəyyənləşdirməyə çalışırıq,- Erik van der Burq deyib.
İlk gəmi avqustun əvvəlində Velsenə çatacaq və sentyabr ayından qaçqınları gəmiyə qəbul edə biləcək.
Böyük gəmilərin yan ala biləcəyi limanların sayı məhduddur. Beləliklə, Niderland hökuməti kruiz gəmilərinin sadəcə sahilə yaxın yerlərdə lövbər salması imkanını araşdırır.
“Hüquqi və təhlükəsizlik baxımından bu, mümkündürmü? Sahillə əlaqə qayıqların köməyi ilə qurulacaq. İnsanları gəmiyə bağlamaq olmaz, onları dənizə göndərib, quru ilə əlaqəni təmin etməsək, bu, əslində həbs cəzasına bənzəyəcək və buna yol vermək olmaz,” – deyə məmur qeyd edib.
Niderlandda sığınacaq axtaranlar üçün vahid qəbul mərkəzi var. Ter Apel-də yerləşir. Nəzəri cəhətdən ərizələri qeydiyyata alınan insanlar orada altı gündən çox qalmamalıdırlar. Amma ölkə ərazisindəki qaçqınların yerləşdirilməsi mərkəzlərinin hamısında yer çatışmazlığı səbəbindən insanlar Ter Apeldə həftələrlə, bəzən aylarla yaşamalı olurlar. Nəticədə mərkəz o qədər sıxlaşıb ki, yeni gələn sığınacaq axtaranlar küçədə yatmağa məcbur olurlar.