Niderlandın cənubundakı Maastrixt şəhərində zəlzələ qurbanı olduğunu deyən 5 yaşlı türk uşağı təkbaşına gəzdiyi zaman tapılıb.
Niderland dilində bir kəlmə belə bilməyən uşağın ölkəyə necə gəldiyi araşdırılır.
Bu barədə Maastrixt polisinin “Instagram” hesabında “Böyük şəhərdə təkbaşına” başlığı ilə açıqlama paylaşılıb.
Açıqlamada 5 yaşlı türk uşağının şəhərin mərkəzində tək halda gəzərkən tapıldığı bildirilib. Niderland dilini bilməyən və türkcə danışan uşağa şirniyyat dükanında konfet alınıb və daha sonra polis bölməsinə aparılıb.
Polis bölməsində uşağa yemək və dondurma verilib. Uşaq türkcə bilən polislə söhbət edib.
Türkiyədən gəldiyini deyən uşaq qeyd edib ki, valideynləri öz ölkələrindədir və hər ikisi fevralın 6-da baş verən zəlzələdə yaralanıb.
Uşaq sosial xidmət işçilərinə təhvil verilib və onun sığınacaq mərkəzinə göndəriləcəyi bildirilib.
5 yaşlı uşağın Niderlanda necə gəldiyi barədə məlumat verilməyib. Niderland rəsmilərinin bu məsələni araşdırdığı vurğulanıb.
Mənbə: Haber Global