Niamey məhkəməsi akkreditasiyadan məhrum edilən Fransa səfiri Silven İttenin Nigerdən qovulması barədə qərar çıxarıb.
“İtte artıq diplomat statusundan məhrum edildiyinə və Nigerdə daimi yaşamaq icazəsinə malik olmadığına görə dərhal ölkəni tərk etməlidir”, – məhkəmənin qərarında deyilir.
Səfirə qarşı məhkəmə iddiası ölkə hakimiyyəti tərəfindən qaldırılıb.
Xatırladaq ki, avqustun 25-də Nigerin hərbi hakimiyyəti İttenin bəyanatlarının Nigerin maraqlarına zidd olduğunu bildirərək Fransa səfiri və həyat yoldaşından 48 saat ərzində ölkəni tərk etməyi tələb edib. Lakin onlar tələbi yerinə yetirməkdən imtina edib və Fransanın Niameydəki səfirliyinin binasında qalmağa davam ediblər. Fransa Xarici İşlər Nazirliyi də öz növbəsində bildirib ki, üsyançıların səfirin ölkəni tərk etməsini tələb etmək hüququ yoxdur, çünki səfirin qəbuluna razılıq “Nigerin qanuni hakimiyyəti” tərəfindən verilib.
Hazırda səfirliyin yaxınlığında hər gün etiraz aksiyaları keçirilir və onların iştirakçıları Niger hakimiyyətinin fərmanının icrasını tələb edirlər.
Mənbə: TASS