Nigeriyada fəaliyyət göstərən “Cuisine Chez Billura” (Billurənin mətbəxi) assosiasiyası Fransanın Nigeriyadakı “Alliance Francaise” (Fransız İttifaqı) təşkilatı ilə əməkdaşlığa başlayıb.
Publika.az xəbər verir ki, tərəflər birgə əhəmiyyətli kulinar layihələrə start verib və ilk tədbirləri artıq baş tutub.
Tədbirdə müxtəlif xalqların mətbəxi və tarixi mövzusunda dəyirmi masa təşkil olunub. Müzakirə zamanı qonaqlara iştirak edən ölkələrin yeməkləri təqdim olunaraq, yaranma tarixi haqda məlumat verilib. Nigeriyanın məşhur aşpazları Aleks və Ozozla yanaşı, ölkəmizi Cuisine Chez Billura assosiasiyasının rəhbəri Billura Bernard təmsil edib.
Billura Bernard Publika.az– a açıqlamasında bildirib ki, bu qəbildən olan tədbirlərin ölkəmizin dünyada tanıdılmasında böyük əhəmiyyəti var:
“Tədbirimizdə Nigeriya, Fransa və Azərbaycanda çörəyin növlərindən bəhs edib, tarixi əhəmiyyətindən danışdıq. Daha sonra qonaqlarımıza ət və göy qutabı təqdim etdik. Mətbəx ilk baxışdan bizə çox sadə görünə bilər. Ancaq xaricdə yaşadığım müddətdə dərk etdim ki, bu yolla xalqımızın mədəniyyətindən tutmuş, musiqisinədək bir çox sahələri daha gözəl və dərindən tanıda bilərik. Yaxın günlərdə eyni tədbiri Azərbaycanda da təşkil etməyi düşünürük”.