Müstəqil.Az xəbər verir ki, Vətən müharibəsi iştirakçılarından biri olan Hacızadə Nurəddin və ailəsi çox çətin vəziyyətdədir. Bu barədə öz facebook sosial şəbəkə hesabında tanınmış telejurnalist İlhamiyyə Rza məlumat verib:
“Şəkildə gördüyünüz ev qazi Hacızadə Nurəddin Ələsgər oğlunun evidir. Vətən müharibəsində kontuziya alıb və nitq qabiliyyətini itirib. Dörd, altı və səkkiz yaşlarında üç övladı var, Tərtər şəhərində yaşayır.
Təcili olaraq,vaxt itirmədən psixonevroloji müalicə lazımdır! Şəkildən göründüyü kimi, ailənin çox şeyə ehtiyacı olsa da, ailə heç nə istəmir. İstədikləri tək bir şey tibbi yardımdır!
Yaşat fondundan onun mənzil şəraiti ilə maraqlanıblar. Tibbi yardım qeydiyyatına isə ala bilmirlər. Çünki hərbi hospitalda yazılıb ki, “Özünün dediyinə görə?!!! Nitq problemi var.”
Danışa bilmir! Çox güclü şəkildə kəkələyir, əsəb sistemi tam pozulub. Gah aqressiv olur, gah da kövrəlib hamıdan üzr istəyir. Ailə üzvləri təlaş içində yaşayırlar.”
İnanırıq ki,aidiyyatı qurumlar və yardımsevər insanlar müharibənin odlu, alovlu yollarından keçmiş gənc qaziyə dəstək olacaqlar!
Ayse Səfərli
Müstəqil.Az