“Nizami Gəncəvi almanaxı”nın üçüncü cildi ingilis dilində çap olundu

“Nizami Gəncəvi almanaxı”nın üçüncü cildi ingilis dilində çap olundu

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Nizami Gəncəvi almanaxı”nın üçüncü cildi ingilis dilində nəşr edilib. Almanax Prezident İlham Əliyevin 5 yanvar 2021-ci ildə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq işıq üzü görüb. Nizamişünaslıq şöbəsinin və digər şöbələrin əməkdaşlarının araşdırmaları yer alan “Nizami Gəncəvi almanaxı”nın üçüncü cildi Ədəbiyyat İnstitutunun Elmi Şurasının 28 oktyabr 2021-ci il tarixli, 7 saylı qərarı ilə çap olunub.
Almanaxın elmi redaktoru Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. Üçüncü cildin redaksiya heyətinə akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Nüşabə Araslı (elmi məsləhətçi), filologiya elmləri doktoru Əlizadə Əsgərli, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı daxildir. Məsul redaktorları filologiya üzrə fəlsəfə doktoru Zəhra Allahverdiyeva və Leyli Əliyevadır. Nəşrin koordinatorları İradə Orucova və Zərin Vəliyevadır.
Üçüncü cild akademik İsa Həbibbəylinin “Azərbaycan renessansının yaradıcısı: Nizami Gəncəvi” adlı yazısı ilə açılır. Nəşrdə ümumilikdə 16 tədqiqatçının mövzu ilə bağlı məqalələri yer alıb. “Nizami Gəncəvi almanaxı”na daxil olan məqalələr Nizami Gəncəvinin həyat və yaradıcılığına dair mühüm problemlərin həllinə yönəlib. 188 səhifəlik bu cild “Elm və təhsil” nəşriyyatında çap olunub. Qeyd edək ki, Nizami Gəncəvi almanaxlarının nəşr ənənəsi 1940-cı ildən başlayıb.

Gülnar Səma
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Müstəqil.az

 

Share: