“Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq” Beynəlxalq elmi konfransı keçirildi

“Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq” Beynəlxalq elmi konfransı keçirildi

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Özbəkistan Respublikasının Azərbaycandakı Səfirliyi ilə birlikdə “Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novtorluq” onlayn Beynəlxalq elmi konfransı keçirilib.

Dahi Azərbaycan şairi və mütəfəkkiri  Nizami Gəncəvinin anadan olmasının 880 illiliyi və dahi özbək şairi Əlişir Nəvainin anadan olmasının 580 illiyinə həsr olunmuş konfrans Əlişir Nəvainin və Nizami Gəncəvinin Bakıdakı heykəllərinin ziyarəti ilə başlayıb. Ziyarətdə bir sıra ölkələrin səfirləri və Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi də iştirak edib. Çıxışlardan sonra konfrans iştirakçıları heykələrin önünə gül qoyublar.

Onlayn konfransı giriş sözü ilə Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Cənab Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il Sərəncamı ilə 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsini xatırladıb. Həmçinin 19 oktyabr 2020-ci ildə Özbəkistan Respublikası Prezidentinin Sərəncamı ilə  Əlişir Nəvainin anadan olmasının 580 illiyinin keçirilməsinə aid Sərəncam imzaladığını diqqətə çatdırıb.

Akademik hər iki şairin yaradıcılığı haqqında danışaraq bildirib ki, böyük Azərbaycan şairi Nizami Gəncəvi dünyada ilk “Xəmsə” yaratmış qüdrətli sənətkardır, “Xəmsə”nin Şərq dünyasında böyük təsiri olub. Nizami ortaq mədəniyyətimizin zirvələrində dayanır, onun ardıcıllarından biri də Əlişir Nəvaidir. “Xəmsə” yaradıcılığında hər iki birincilik Azərbaycan və Özbəkistana məxsusdur. Əlişir Nəvai türk dilində “Xəmsə” yaratmaqla bütün türk dünyasına böyük xidmət göstərmiş, türk dilinin “Xəmsə” yaratmaq qüdrətinə malik olduğunu sübut etmişdir. Əlişir Nəvai dövlət xadimi olmuş, özbək türkcəsi haqqında elmi əsər yazmış, ədəbiyyat ensiklopediyası yaratmışdır.

Əlaqələrin müasir inkişaf yolundan danışan akademik əlavə edib ki, İnstitutun Azərbaycan – Türkmənistan – Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri Almaz Binnətovanın “Sənətkarın elmi pasportu” seriyasında “Əlişir Nəvainin əsri və nəsri” adlı kitabı çap olunub. 2020-ci ildə İnstitutun “Müqayisəli ədəbiyyatşünaslıq” Beynəlxalq elmi jurnalının  Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr olunmuş 352 səhifədən ibarət xüsusi buraxılışı işıq üzü görüb. Ədəbiyyat İnstitutu ilə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında imzalanmış müqaviləyə əsasən Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin nəzdində Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq Mərkəzi yaradılıb. BDU-nun professoru, filologiya elmləri doktoru Ramiz Əskər “Xəmsə”ni bütövlükdə Azərbaycan dilinə çevirib. Bununla belə, yubileylərlə bağlı ortaq tədbirlərin il ərzində davalı olacağnı qeyd edib.

Sonra Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Bəhram Əşrəfxanov hər iki şairin türk dünyasında önəmli mövqe tutduğunu bildirib. 2008-ci ildə Bakıda Nəvainin heykəlinin açılını, Daşkənddə isə Nizami Gəncəvinin heykəllərinin ucaldılmasını birlik və qardaşlığa ərməğan adlandırıb.

Onlayn konfransda Əfqanıstan İslam Respublikasının Azərbaycandakı səfiri Amanulla Ceyhun və Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Səyyid də giriş nitqi söyləyiblər.

Konfransın davamında Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, filologiya elmləri doktoru, Müqumi adına Kokand Dövlət Pedaqoji Universitetinin Fəxri professoru Almaz Ülvi, Özbəkistan Yazıçılar İttifaqının üzvü Mirzə Gəncəbəy, Özbəkistan Karakalpak Berdax adına Nukus Dövlət Universitetinin prorektoru, professor Olimjan Dusyenbayev, Özbəkistan Yazıçılar Birliyinin şöbə müdiri Ədhəmbəy Alimbəyov, Ədəbiyyat İnstitutunun direktor müavini, dosent Aygün Bağırlı, Özbəkistan Respublikası Dil, Ədəbiyyat və Folklor  İnstitutunun əməkdaşı, nəvaişünas Erqaş Oçilov Nizami və Nəvai yaradıcılığına aid məruzələrlə çıxış ediblər.

Bunlardan əlavə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin şöbə müdiri, professor Nurbay Cabbarov, Özbəkistan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Nüsrətulla Cumayeva, Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi Təhminə Bədəlova, Əlyazmalar İnstitutunun elmi katibi Əzizağa Nəcəfov, Karakalpak Berdax adına Nukus Dövlət Universitetinin filologiya kafedrasının müdiri İlhambəy Qurbanbayev, Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Aysara Məmmədəliyeva,  özbək ziyalı Şaira Daniyarova konfransın mövzusuna uyğun məruzələrlə  çıxış ediblər.

 

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Müstəqil.Az

Sin descripción disponible.

Sin descripción disponible.

Sin descripción disponible.

Share: