Kulis.az Dalğa Xatınoğlunun “Nizami ilə Şekspirin 20 oxşarlığı və fərqi” adlı yeni yazısını təqdim edir.
Neo-klassik ədəbiyyatda ən ünlü şairlərindən olan Nizami Gəncəvi ilə Vilyam Şekspirin əsərlərini orijinal dildə oxuduğunda, heyrətə gəlməmək olmur.
Onların Azərbaycan dilində tərcümə olunmuş əsərlərindən bir neçə nümunə görmüşəm, çox təəssüf ki, orijinal dildə olan keyfiyyət təxminən məhv olub, əslində, tərcümədəki Nizami və Şekspir sıravi şairlərdir.
Nizami ilə bağlı haqq vermək olar, yəni tərcüməçinin suçu yoxdur. Onun şeirləri o qədər texniki elementlər, incəliklər və orijinal dilə məxsus imkanlarla doludur ki, tərcümə olunası deyil. Mən “Xosrov və Şirin” əsərinin tərcüməsindən bir neçə hissəni oxudum, görünür çoxlu zəhmət çəkilib, ancaq orijinal əsrin gözəlliyindən əsər-əlamət qalmayıb.
Şekspir də elədir, onun əcaib dramaturgiyası var, nə bir kəlmə artıq, nə də əskikdir. Məncə, hər iki şairin əsərləri nəsr kimi, izahlar daxil olmaq şərtilə yenidən tərcümə olunsa daha yaxşıdır.
Oxşarlıqlar:
1. Hər iki şair neo-platonik məktəbin yetirmələridirlər, daha çox platonun “Simpozium” əsərindən təsirləniblər və yunan ədəbiyyatı, fəlsəfəsininin təsiri altında olublar. Hər ikisinin əsas teması, gözəlliyə vurğunluq və onu yenidən yaratmaqdır.
2. Hər ikisi rəvayət yolunu (öyküləmə, Eng: Narration) seçiblər. Şekspir 38 dram yazıb (əksəri vəznlidir), Nizami isə, poema janrında, bir çox qısa və uzun hekayələri şeirə çevirib.
3. Hər iki şair yaşadığı toplumda dominant dinin yaranışından öncəki zamana üz tutublar. Şekspirin diqqəti tamamilə Roma, Yunan ədəbiyyatına yönəlib, Nizami də elədir, Xristianlıqdan öncəki Yunan və İranın İslamdan öncəki dövrünə aid olan hadisələri, insanları, tarixi, mifləri diqqət mərkəzinə alıb.
4. Hər iki şair özlərindən öncə yazılmış əsərləri yenidən yazıblar. Məsələn, Şekspirin yalnız “Tufan” əsəri öz xəyalından yaranmış əsərdir, başqa əsərləri ya öncə yazılmış əsərləri yenidən yazmaq, ya da tarixdən iqtibasdır. Nizami də elədir. “Yeddi gözəl” əsərində İranın Sasanilər kralı Bəhramın həyatı haqda yazıb, “Xosrov və Şirin” poemasının hadisələri həmin sülalədən olan II Xosrov zamanı baş verir. “İskəndərnamə”də Yunan kralı haqda yazır, həmçinin Yunan filosoflarının hekayələrini bu əsərin ikinci hissəsinə (“İqbalnamə”) daxil edib. Hər iki şair həm epik, həm lirik, həm tarixi, həm sevgi temalarında əsər yaradıblar.
“Sirlər xəzinəsi” əsərində isə, müxtəlif hekayələr var, o cümlədən, Sasanilər kralı I Xosrov, Süleyman peyğəmbər və s. (İslamdan sonrakı hekayələr də bu əsərə daxildir).
5. Hər ikisi yaratdığı əsəri zirvəyə qaldırıblar, yəni onlardan sonra, onların əsərlərini yenidən yaratmağa çalışan heç bir şair uğur qazana bilməyib. Məsələn, Nizaminin “Sirlər xəzinəsi”ni götürək, bu əsər orijinal dildə “Məxzənul-Əsrar” adlanır. İndiyə kimi bu kitaba bənzər dörd yüzə yaxın əsər yazılıb, hamısının adı da bu əsərə bənzəyir, məsələn, “Mətləul-Ənvar”, “Zubdətul-Əşar”, “Məzhərul-Əsrar” (bu poema Nizaminin yaradıcılığına rəqib bir əsər kimi yazılıb), və digərləri hətta Nizaminin tozuna da çata bilmirlər.
6. Hər iki şair yaşadığı dövrün hökmdarları tərəfindən birmənalı şəkildə dəstəkləniblər.
7. Hər iki şair bir neçə dil bilirdi.
8. Hər iki şair qəzəl janrını da sınayıblar, (Şekspirin sonetləri mahiyyətcə dəqiq qəzəl janrına bənzəyir, baxmayaraq ki, forma baxımından fərqlidir) ancaq Nizamidən fərqli olaraq, Şekspirin yaradıcılıq zirvəsi sonetləridir. Nizaminin qəzəlləri hədsiz dərəcədə zəifdir, təxminən, göz yummaq olar.
9. Hər iki şairin həyatı haqda təxminən heç nə bilmirik, xüsusilə, Şekspir nə özü, nə ailəsi haqda, hətta əsərlərinin içində belə bir kəlmə yazmayıb və onun yaşayışı haqda, bəlkə, yarım səhifədən artıq məlumat yoxdur.
10. Hər iki şairin əsərlərindəki aforizmləri çıxarsaq, elə əsərin özü boyda bir kitab alınar, həddindən artıq düşüncəyə diqqət göstərən sənətçilər olublar.
Fərqlər:
1. Nizaminin şeirlərindəki dil çox ağır, mürəkkəb və yüksək savadlılar üçündür, ancaq Şekspir olduqca sadə dildə yazıb, yəni onun dramları, hətta sonetləri mahiyyətcə avam xalqın başa düşəcəyi bir dildə yazılıb.
2. Nizaminin yaratdığı qəhrəmanlar, nəinki müsbət xarakterlər olub, həm də seçilmiş təbəqədəndirlər, ancaq Şekspirin yaratdığı xaratkerlər həm seçilmiş, həm adi xalqdan ibarətdir. Şekspirdə qəbirqazan Hamletin özü qədər önəmlidir.
3. Şekspirin əsərlərində kral kral kimi, qəbirqazan qəbirqazan kimi, əsgər əsgər kimi, qadın qadın kimi danışır, hər birinin özünə məxsus dili var, hətta alçaq təbəqədən olanların dialoqları çox vaxt nəsr kimi yazılıb, ancaq Nizaminin əsərlərində avam kənd qarısının ağzından çıxan sözlər sanki bir filosofun ağzından çıxır, yəni xarakterlərin hamısı eyni intonasiya, eyni düşüncə ilə danışırlar. Başqa sözlə desəm, Nizami yaratdığı xarakterlərin yerinə danışır, ancaq Şekspir imkan verir hər kəs öz dili ilə danışsın.
4. Nizami öz zamanının elmləri, bilikləri ilə dərindən tanış olub, məsələn “Leyli və Məcnun” əsərində neçə səhifə ardıcıl astronomiya ilə bağlı yazıb, ancaq Şekspirin biliyi çox az olub, hətta mütaliəsi də yox səviyyəsindədir.
5. Şekspir öz ana dilində yazıb, yaradıb və yüzlərlə yeni söz bu dilin lüğət xəzinəsinə artıb, əsərlərində 29 minə yaxın sözdən istifadə edib. Nizami yad bir dildə yazıb, ancaq Fars ədəbiyyatının dilini tamamilə dəyişib, gözəlləşdirsə də, yeni sözlər yaratmayıb.
6. Nizaminin əsərləri hədsiz dərəcədə təhrif olunub, məsələn “Leyli və Məcnun” əsərinə 400 beytdən artıq onun ölümündən sonra əlavə olunub. İndi bu misralar əsərdən çıxarılıb. Original dildə dərhal bilmək olur ki, bu misralar həddindən artıq zəifdir və digər misralarla uyğunluğu yoxdur, eləcə də “Şirin və Fərhad” əsərində. Hər iki əsərin içinə fəsillər, yeni hekayələr əlavə olunub. Ancaq Şekspirin bütün önəmli əsərləri təhrifdən uzaq qalıb, ola bilsin hansısa bir əsər səhvən onun adına tanınıb, ancaq o əsərin özü təhrif olunmayıb.
7. Şekspirin əsərlərini oxuyanda təxminən Xristianlıqdan əsər-əlamət yoxdur, ancaq Nizami hər əsərinin başlanğıcında, bəzən hekayələrin içində dini şəxsiyyətləri uzun-uzadı mədh edib, baxmayaraq ki, əsərlərin özü mahiyyətcə dini şəxsiyyətlərdən uzaqdır.
8. Şekspir komediya janrında da yazıb və bəzən çox möhtəşəm əsərlər yaradıb, ancaq Nizami bu janra tamamilə etinasız yanaşıb.
9. Şekspirin yumorik dili var, yerli-yersiz zarafatları, istehzaları var, ancaq Nizami əsərlərində özünü həddindən artıq ciddi aparır.
10. Şekspirin əsərlərinin hamısı “İambic pentameter” ritmdə yazılıb, hətta sonetlərinin hamısı bu ritmdədir (da DUM da DUM da DUM da DUM da DUM), ancaq Nizaminin hər poeması ayrıca bir vəzndə yazılıb.