Nizamikəndin şəhid oğlu – Bəhram

Nizamikəndin şəhid oğlu – Bəhram

Esse

Bu dünyaya gələn hər kəs xoşbəxt olmaq arzusu ilə yaşayır. Fərqi yoxdur varlı ya kasıb ailənin övladıdır, hərənin bəlli qisməti və alın yazısı da olur. İnsan ömür boyu axtarışlarda ola bilər, axtardığını isə heç gözləmədiyi yerdə, ağlına gəlməyən məqamda tapar… Bəzən də heç gözlədiyin qismət ömür boyu gəlib çıxmır, sən ona, o da sənə tərəf yol gəlir, amma bu yollar kəsişmir ki, kəsişmir…

Pənahov Bəhram Xıdır oğlu, 2 iyul 1987-ci ildə Şeyx Nizaminin adına olan Nizamikənd kəndində doğulub. M.Məmmədov adına Nizamikənd tam orta məktəbini bitirib, həqiqi hərbi xidmət yaşı özünü yetirincə Vətənə borcunu verməyə yollanıb. Əsgərlik illəri Qazax rayonunda yerləşən “N” saylı hərbi hissədə keçib, xidmətini layiqincə başa vuraraq 2007-ci ildə dönüb doğma kəndə. Elə müxtəlif işlərdə fəhlə kimi çalışmağa başlayıb, sonra Aynurə adlı xanımla ailə quraraq üzərinə daha bir məsuliyyət də götürüb. Dünyaya üç sappasağlam övlad gətiriblər, bir qız və iki oğlan.

Bəhram içində vətən, torpaq sevgisi böyüdən oğul olub, həmişə əsir Qarabağın dərdini çəkib, o yurd yerlərinin azad olunacağıı günü düşünüb. Heç vaxt o torpaqları görməyən, amma içində bir parça əsir vətən yaşadan oğullar kimi o da sevinib Ali Baş Komandan İlham Əliyevin müharibə ilə bağlı əmrinə… Könüllü yazılaraq cəbhəyə yollanıb və gedəndə “Evə ya şəhid kimi ya da qazi olaraq qayıdacağam… Amma qələbə çalmayınca rahatlıq düşməz bizə!”

Bəhram Pənahov 1 oktyabr günündən başlayaraq Ağcabədi rayonunda  kiçik təlimlərdə iştirak etmiş, sonra Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərə qatılmışdır. Ağır və çətin sınaqlardan keçən əsgər elə 9 oktyabr günü Xocavənd uğrundakı qanlı döyüşlərin birində şəhidlik şərbətini dadmış və şəhadətə qovuşmuşdur…

Bu Odlar yurdumun gözü Qarabağ,

Cənnət ocağımın közü Qarabağ.

Xanın zənguləsi, səsi Qarabağ…

Yarıldı düşmənin bağrı, yarıldı,

Alındı Qarabağ, axır, alındı!..

Oktyabarın 20-də kənd qəbristanlığında dəfn olunub Bəhram Pənahov. Ölümündən sonra “Vətən uğrunda” , “Döyüşlərdə fərqləndiyinə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Atası Xıdır kişi və onun həyat yoldaşı Bəsti ana birlikdə dörd övlad böyüdüb tərbiyə etmişdilər. Bəhrəm ailənin yeganə oğlu idi, uşaqlıqdan vətənpərvər böyümüşdü, ailəcanlı, evcanlı, el-obaya, torpağına bağlı idi. Qayğıkeşdi, vicdanlıydı…

Həyat yoldaşı Aynurə deyir Bəhram bir az çılğın adam idi, tez özündən çıxırdı. Amma ailəsini, uşaqları çox sevirdi, ailəsi üçün ölümə də gedərdi… Qızı Zəhra o üçüncü sinifdə oxuyur, amma böyüyəndə həkim olmaq fikrindədir. ” Atanı necə xatırlayırsan?”-soruşuram, sualıma üzündə-gözündə təbəssüm ifadəsi ilə cavab verir:

-Atam yaxşı ata idi mənim, həmişə saçlarımı oxşayırdı, əzizləyirdi məni, hər dəfə də dizi üzərində oturdub yanaqlarımdan öpür və “sən mənim gözəl qızımsan” deyirdi…

Uşaqlar evin barometridir deyib dahilərdən biri, mən Zəhranı dinlədikcə bu ailədə atmosferin təmiz, saf, havanın isə isti olması qənaətinə gəldim. İllər kecəcək, Zəhra da, qardaşları da böyüyəcək, ataların canı ilə qoruduğu Vətən onlar üçün həmişə and yeri olacaq. Sevgi elə ailədən başlanır, ailə də kiçik dövlətdir və ailəsini sevən hər kəs mütləq vətəndaşı olduğu Vətənini də sevəcək və qoruyacaqdır, elə şəhid Bəhram Pənahov kimi!..

Şahnaz Şahin

 

 

 

 

 

Share: