Noşəhərdə gül yağışı… -Sakit MALİKOV yazdı

Noşəhərdə gül yağışı… -Sakit MALİKOV yazdı
(Kapitanın gündəliyindən)

1980-ci ilin isti bir yay günü idi. Bizim gəmi İranın Noşəhər limanına yan almışdı. İran İslam İnqilabının ilk dönəmləri idi və hər şeyin üstündə inqilabın havası hiss olunurdu. Gəmidəki matroslar səhər yeməyindən sonra işlərinə başlamışdılar.

Hər kəs öz sahəsinə çəkilmişdi. Kimi göyərtəni pasdan təmizləyir, kimi gəminin burun hissəsini boyayırdı. Mən isə arxa hissədə leyerləri boyamaqla məşğul idim. Günəşli bir hava idi və limanın üzərinə düşən şəfəqlər sanki hər şeyi qızılı rəngə bürümüşdü. İslam İnqilabının əks-sədası liman işçilərinin də əhval-ruhiyyəsində hiss olunurdu. Onlar şən idilər, zarafat edir, sanki dünyanın yükünü unutmuşdular. Birdən arxa hissəyə toplaşmış qara mədrəsə geyimində, hicablı bir dəstə qız gördüm. Onlar, müəllimləri başda olmaqla gəmiyə maraqla baxır və nələrisə müzakirə edirdilər. Nə danışdıqlarını eşitməyə çalışdım və aydın oldu ki, söhbət Sovetlər Birliyindən gedir. Dindən, allahsızlıqdan bəhs edir, sovetlərin dini sıxışdırdığını iddia edirdilər.
Mən səssizcə onlara yaxınlaşdım və yarı fars, yarı azərbaycan dilində dedim ki, kommunist partiyası dini azad buraxıb. Onlar bir-birlərinə baxıb təəccübləndilər. Danışmağım onları bir az daha cəsarətləndirdi və mən qızları dediklərimə inandırmaq üçün bildiyim bir neçə Quran ayəsini oxumağa başladım. Bu zaman müəllimləri əllərini yuxarı qaldırdı və birlikdə “Allahu əkbər, Xomeyni rəhbər!” şuarını səsləndidilər. Bu səhnə bir neçə dəfə təkrarlandı. Qızlar Quran ayələrini əzbər bilirdilər və mənim dediklərimi hər dəfə coşqu ilə qarşılayırdılar. Bir az sonra qızlar Şahın villası tərəfə getdilər, amma mən rahat deyildim. Sovet ideologiyasının sərt qaydaları altında xaricdə dinə belə açıq şəkildə dəstək vermək təhlükəli ola bilərdi. Gəmidən aşağı endim, öz kayutuma çəkildim və hadisələri düşünməyə başladım. Təxminən qırx dəqiqə sonra, bayırdan yenidən “Allahu əkbər, Xomeyni rəhbər!” sədaları eşidilməyə başlandı. Artıq bayıra çıxmağa ürək etmirdim. Bir az sonra bir motros gəlib dedi ki, pompolit məni çağırır. Çıxdım göyərtəyə və məni görən kimi qızlar məni gül atəşinə tutdular. Güllər havada uçuşurdu, gəminin göyərtəsinə düşürdü. Sanki mənim Quran ayələrindən gətirdiyim sitatlara təşəkkür etmək üçün bu gözəl anı yaradırdılar. Sonra birlikdə “Allahu əkbər, Xomeyni rəhbər!” deyərək, limanı tərk etdilər. Bu hadisədən sonra mənim üçün İran İslam Respublikasına səfər uzun müddət qadağan olundu. Gül yağışı ilə başlanan bu tanışlıq, sonradan düşünməyə dəyər bir təcrübəyə çevrildi.
Share: