“Parlamentdə yaş məhdudiyyəti yoxdur. Təəssüf ki, əhalinin böyük hissəsi pensiya yaşı deyəndə parlamenti də buna qarışdırır”.
Müstəqil.Az xəbər verir ki, bunu Azvision.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
72 yaşlı komitə sədri 2020-ci ildə keçiriləcək parlament seçkilərində yenidən iştirak etmək istədiyini bildirib:
“Dünyada parlamentarilərin orta yaşı 57-62 arasındadır. Deputatlar bir qədər yaşlı olmalıdır. Bu gün təəssüf ki, parlamentin ətrafında yalanlar, iftiralar dolanır, bu da siyasi texnologiyaların məhsuludur. İstərdim ki, jurnalistlər həqiqətləri çatdırsın, fəal deputatla qeyri-fəal deputatı seçə bilsinlər. Milli Məclisdə yatan deputatın olmasının tərəfdarı deyiləm, deputat aktiv olmalıdır və bunun yaşa heç bir aidiyyatı yoxdur. Əgər təmsil olunduğum partiya namizədliyimi irəli sürərsə, böyük məmnuniyyətlə növbəti dəfə deputat olmaq istəyirəm”.
Qeyd edək ki, Hadi Rəcəbli I-V çağırış, yəni 24 ildir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.