Mina RƏŞİD
NOVRUZ BAYRAMI
I
Novruz bayramı –
Uşaqlıq illəri,
Paxlava, şəkərbura naxışları kimi
Sevimli günlər, şirin gülüşlər…
Novruz bayramı –
Yamyaşıl bir zəmi,
başımızda çələng,
Ağ libaslı ağaclar
bir mələk…
Novruz bayramı –
Ağdamın Qiyaslı kəndi,
Atamın zümzüməsi,
Anamın qonşuya pay göndərməsi,
Böyük bir tonqal
Ağırlığım-uğurluğum harda qaldı?
Novruz bayramı –
Balaca qardaşımın papaq atması,
Yumurta döyüşməsi,
Xocalı uşaqlarının gülüşməsi…
Novruz bayramı –
Şuşanın dağları
Dumansız-çənsiz
Qızları qırmızı qoftalı,
Yaşıl şalvarlı –
Cıdır düzündə, at belində…
Xanın cəci havalandı;
“Qarabağın şikəstəsi!”
Dünyaya səs saldı,
Açın qulaqlarınızı!
Novruz bayramı –
Kosalı, keçəlli,
A novruz çələngli,
Göy bənövşəli…
…Ah, bir də uşaq olarammı?
Tonqaldan atlanarammı?
Novruz bayramı –
Məni bu dünyayla barışdırarmı?
II
(Uşaq şeiri)
Bayramların içində
Biri var, o ayrıdır.
Biz onu çox sevirik
O Novruz bayramıdır.
Bəzəkli yumurtalar
Döyüşə hazır olar.
Tonqalların üstündən
Ən qoçaqlar atılar.
Stolun üstündəki
Səməni boyu uca.
Şəkərbura, paxlava,
Şirni, noğul bolluca.
Qızlar qapı yanında
Qulaqlarını tutar.
Qonşular qoz-fındığı
Papaqlara doldurar.
Nənəm Qarabağdakı
Novruzundan danışar.
Qəlbimizdə bir sevinc
Tonqal kimi alışar…