Heç nəyin şeiri
Dözək, bir qədər də…
yol qurtaracaq,
Uğurun nə sonu, nə bədi olsun.
Dördəlli yapışan daha tez çökür,
Nə var ki, dünyada əbədi olsun?!
Haqqın pozulduğu qətdi divanım,
Haqq deyən oldumu, durum Haqq danım?
Bilirəm, yollarda çıxacaq canım,
Ruhum bədənimin məbədi olsun.
Üzü boz üfüqə ulayan Qurddur,
Mən quran ümidi duan uçurtdu.
Mənim istədiyim vətəndi, yurddu,
Sənin əl açdığın Kəbədi,- olsun.
……………………………
O bayraq ki…
Bilirsənmi,adam,
Dünyada ən gözəl bayraq
ən yuksəkdə dalğalanan deyil,
Ən çox seviləndir.
Ən çox qorunan deyil,
Ən çox öpüləndir.
Ən bahalı parcadan tikilib
Ən kasıb millətin ruhuna kölgə salan deyil,
Önündə diz çökülüb əzəmətinə səcdə ediləndir.
Bilirsənmi,adam,
Mən ilk dəfə o bayrağı
Ənvər adlı bir vətən övladından almışdım.
Palıdı çantasından
gizli-gizli çıxarıb mənə vermişdi.
O da heç bayraq deyildi,
Üstündə kustar üsulla 3 rəng həkk olunmuş
Döş nişanı idi…
Bilirsənmi,adam,
Biz o nişanı açıq-aşkar gəzdirə bilməzdik,
Cinayət sayılırdı bu,-bilirsənmi?!
Amma,
Biz o nişanı tərs üzünə,
Döş cibimizin içinə sancardıq,
Ürəyimizin üstünə ki,
Sevgi dolu döyüntüsünü
Ən yaxın məsafədən hiss etsin.
Və…
Biz o bayraqlı nişanın nurunu
Dubinyakların,
Lebedlərin,
Bünyadovların…
Bir də bir çox milli satqınların
Gözlərindən çəkib çıxardıq zərrə-zərrə
Daşıdıq köksümüzdə
“Qorotdel-qorotdel”,
“KPZ-KPZ”,
“Bayıl-Bayıl”,
“Şüvəlan-Şüvəlan”,
“Xələc-Xələc”…
Bilirsənmi,adam,
Bizim üst-başımızı yoxladılar,
Göz-qaşımızı yoxladılar.
Hər şeyimizi aldılar,hər şeyimizi…
Pul-paramızı,saatımızı,sənədlərimizi,
Cibimizdən çıxan kağız-kuğuzu,
Şeiri-meiri…
Təkcə o nişanı tapmadılar
Açıq-aşkar söydülər,gizli-gizli öydülər.
Yüngülcə tərifləyib,möhkəmcə döydülər.
İmansızlar,
təkcə qəlbimizin üstündəki o imanı tapmadılar.
Bilirsənmi,adam,
Çox soyuq olurdu kameralar,
Biz o bayraqlı nişanın istisinə qızınırdıq.
Aç idik,susuz idik,
Bezəndə açırdıq sinəmizi,baxırdıq.
Nuruna
Aclığımız keçirdi,susuzluğumuz sönürdü…
Bilirsənmi,adam,
Sən o zamanlar heç anadan olmamışdın.
Olsan belə,qorxudan
Kəndinizdəki kəndiniz boyda həbsxananın
Divarlarına alma şəkli çəkə bilməzdin,
Çöl tərəfdən hətta!
Amma biz
İçəridə qanımızla bayraq şəkli həkk edirdik
Göy divarlara.
Yaşılı çəmənlik olacaqdı bir bahar.
Şükür,çiçəklədi arzularımız
Göy,qırmızı,yaşıl…
Daha sonra,biz,bu çiçəyi
Döyüş-döyüş,
Cəbhə-cəbhə,
Hərbi geyimimizin soluna
Və beretimizin sağına sancdıq.
Başımızın üstündə ilahi bir sevgi,
Qubadlı-Qubadlı,
Laçın-Laçın,
Ağdərə-Ağdərə,
Füzuli-Füzuli,
Ağdam-Ağdam
Gəzdirdik özümüzlə…
Sən bayraq sevənləri görməmisən,bala,
Görməmisən!
Get,şeirini yaz,
Şeir yazmaq hələ üçrəngli ölüm deyil.
Ölmə,sev,
Şöhrət üçün yox,bayraq sevgisi üçün yaz,
Ölmək çox çətindi,mənim balam,
Hər şeir yazan bacarmaz!
……………………………
DALĞALARDA QURTULMAQ
Yadında saxla, dənizçi dostum,
Çərpələng uçurtmaq üçün əsmir bu külək,
Yel dəyirmanını fırlatmaq üçün,- heç deyil.
Gəmin beşik deyil yırğalanmağa, unutma!
Nuh olmaq çoxdan tərgidilib peyğəmbərcəsinə.
Heç nə,
odu söndürüb, toz-torpaqla oynamaqdır,-
kül əvəzi,- onunku…
İlan kimi əlindən sürüşüb çıxmış iplər, pərlər, kibrit dənələri səpələnmiş yoxluqlara.
İlan demişkən…
Titrəyişlərinə baxma stenddəki ürək şəklinin,
Heç də qorxulu deyil
aptek üzərindəki ilanın dili, toxuna bilərsən.
Kimsə al dili ilə aldadıb
çıxarıb yuvasından zəhərini dərman əvəzi.
Küləyin ürək döyüntüsünə dəxli yoxdur,-
İlanvari fısıldasa da…
Unudulmuş…
Söyüd yarpaqlarının döydüyü pəncərədə kirli,
toz başmış intizarın kirpik cizgilərini
oxuya bilsən Morze əlifbasıtək.
Görərsən ki, göyün boşluğundandır, bu külək,
dənizin doluluğundan…
Sadəcə,
su ilanlarını ilanbalıqları sevməz nahar zamanı
Sən bilərsən, dənizçi dostum,
necə olur quruda batmaq, atəşdə boğulmaq!
…Və çərpələng uçurmaq üçün əsmir urəyin…
………………………………………
UNUTMAQ
Mən də bir gün unudacam yolları,
Öz arxamca ayağımı çəkəcəm.
Yaddaşımda dağ yoxuşu, daş barı,
Səhralara qum lağımı çəkəcəm.
Çəhlim qalmaz ləpirimlə düz gələ,
Meh xoşlamaz əsən dizdə ölməyi.
Bütün yollar sonda çıxır əcələ,
Heç sevmirəm yolda-izdə ölməyi.
Bənövşələr gözlərindən şeh asıb,
Nərgizlərə göz dağıdır kor sıra.
Köhnə izi nə zamandır ot basıb,
Çiçək-çiçək aldanıram cığıra.
Bu dərədən nə zamansa axıb Kür,
O vadidən inanmıram keçim sağ.
Daşıdığım qəm yüküdür bir ömür,
Qurtulmağın bir yolu var,- unutmaq!