“O ağacı əkəndə çox qəhərləndim…” Şəhid əsgərimizin atası…

Tərtər rayonunun Şıxarx (keçmiş Marquşavan) kənində aprel şəhidlərimizin hər birinin adına bir ağac əkilib. 
Məsələylə bağlı Moderator.az-a danışan şəhid əsgərimiz Müşfiq Orucovun atası Arif Orucov bir şəhid atası kimi buna görə çox qürurlandığını bildirib:
“Dünən Tərtər rayonun Şıxarx kəndində aprel şəhidlərimizin hər birinin adına bir ağac əkildi. Tədbir Müdafiə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Tərtər rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirildi. Aypara şəklində salınan parkda ağac əkildi və hər bir şəhid ailəsi öz şəhid övladının xatirəsinə əkilən ağacın əkilməsində iştirak etdi. Doğrusu bu təşəbbüs məni çox qürurlandırdı. Oğlum Müşfiq çox şərəfli bir ömür yaşadı. Sağ olsunlar ki, şəhidlərimizin adını bu cür yad edirlər. Hamıya minnətdarlıq edirik”.
Xatırladaq ki, şəhid ailəsi Zəngilan rayonundan məcburi köçkündür. Aprel döyüşlərində şəhid olan Müşfiq Orucov Azərbaycan Texniki Universitetinin məzunu olub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Share: