O avtobus hələ də gözlərimin önündə canlanır

O avtobus hələ də gözlərimin önündə canlanır

Kulis.Az Xalq yazıçısı Anarın “525-ci qəzet”də çap olunan “Yaşamaq haqqı” traktatından 20 Yanvar hadisələri haqda parçanı təqdim edir.

Sonra məşum gecə – 19 yanvardan 20-nə keçən gecə gəldi. Bu gün tarixə Qara Yanvar kimi düşdü.

Bu dəhşətli hadisəyə bir gün qalmış Azərbaycan KP MK binasında SSRİ Ali Sovetinin sədri E.M.Primakov və Sov. İKP MK Katibi A.Qirenkoyla görüşdük və onlar bizi inandırdılar ki, heç bir fövqəladə vəziyyətdə Bakıya qoşun yeridilməsi nəzərdə tutulmur. Əslində isə belə məlum oldu ki, qırğından bir neçə saat qabaq tibbi personalı səfərbərliyə almaqla, xəstəxanalarda əlavə çarpayılar yerləşdirməklə, bu qanlı aksiyaya öncədən hazırlaşıbmışlar.

1990-cı ilin 19 yanvarından 20-nə keçən qış gecəsi sən demə Bakının min illik tarixində ən faciəli, ən dəhşətli, ən nəhayətsiz gecə olacaqmış. Fövqəladə vəziyyət elan olunmasından yeddi saat qabaq Sovet qoşunları –tanklarla, “BTR”lərlə, ən müasir silahlarla – Azərbaycanın paytaxtında əməliyyatlara başladılar. Yüzlərlə meyit, minlərlə yaralı, o cümlədən qocalar, uşaqlar, qadınlar, əlillər… Çoxusu azərbaycanlılardı, amma ruslar da, tatarlar da, ləzgilər də, yəhudilər də vardı… Tankların tırtılları altında tapdananların, sinəsindən və kürəyindən vurulanların, itkin düşənlərin, ömürlük şikəst olanların, ağır yaralardan canını tapşıranların sayı-hesabı yoxdu. Binalar, hətta təcili yardım maşınları, avtobusda yol gedənlər, öz mənzilində oturanlar, eyvandan boylananlar, küçəyə çıxıb telefon avtomatlarda danışanlar belə güllə-baran edilmişdi. Ordunun öz vətəndaşlarına qarşı bu dərəcədə qəddarlığı ağla sığmazdı.

Üstündən illər keçib, amma 19 yanvar axşam saat 11-də Tbilisi prospekti ilə şütüyən avtobus hələ də gözlərim önündə canlanır. Yeniyetmənin sifəti, qaynar gözləri və avtobusun açıq qapıları. O, tankın, zirehin, alovun üstünə yalın əllə gedirdi. Və bu fəlakət gecəsində, bu fəlakət saatında Tarixin elə qüvvəsi, elə sözləri, dəlilləri yox idi ki, bununla onu əyləmək, saxlamaq mümkün olsun. Güllənin, tankın, ölümün qarşısını kəsə biləcək elə bir güc yox idi.

O günlərdə bizim gənclərin yaşantıları tamam aydın olsun deyə bir sənədə müraciət edirəm. Yanvar gecəsində həlak olanlardan biri istedadlı cavan şair, Xarici Dillər İnstitutunun tələbəsi Ülvi Bünyadzadə idi. O öz müsibətinə hələ dörd ay qalmış şəhid andını yazmışdı. “Mən, Bünyadov Ülvi Yusif oğlu öz vicdanım qarşısında and içirəm”.

“Mənsub olduğum milləti və xalqı heç zaman unutmayacağam, Azərbaycan torpağının əzəmətini və şərafətini müqəddəs nemət kimi qoruyacağam; bütün varlığımla, düşüncələrimlə, qanımın hər damlasıyla azərbaycanlı adına layiq olacağam; qorxaqlığa, ikiüzlülüyə yol verməyəcəyəm və nəyin bahasına olur-olsun özümün azərbaycanlı mətanətini təsdiq edəcəyəm. Əgər mən bu andı pozsam anamın südü, doğma torpağın çörəyi mənə haram olsun. 10 sentyabr, 1989-cu il”.

“Şəhidlər dağı – şəhidlərin dağı” oçerkində təklif etdim ki, Bakıda yanvar faciəsi şəhidlərinə muzey yaradılsın. Hətta gözümün önünə belə bir stend də gəlirdi: müxtəlif zamanlarda bizim xalqın tarixi fəlakətləri və məhrumiyyətləri haqqında böyük şairlərin və yazıçıların sözləri həkk olunmuş divar. Mərkəzdə isə yalnız iki misra – bu dahilər, böyük sənətkarlar məclisində öz halal qanıyla yer tutmağa layiq cavan şəhid şairin iki misrası:

Həyat üçün doğulmuşduq

Vətən üçün ölməliyik.

Bu, Ülvi Bünyadzadənin şeiridi. Azərbaycan Yazıçılar İttifaqı onun adına mükafat təsis edib. Bu mükafat hər il uğurlu debütə görə gənc şairlərə təqdim olunur.

Tanınmış həkim Nurəddin Rzayev yazır: “1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecəsinin bir neçə saatı ərzində ağlasığmaz, gözlənilməz vəziyyətdə yaralanmış, öldürülmüş onlarla, yüzlərlə insanı xəstəxanalara gətirmişdilər. Vaxtı itirmədən yaralıları xilas etməyə tələsmək, dəhşətli gülləbaran, mərmi partlayışları, qan donduran tank nəriltiləri altında yaralıları və meyitləri küçə və meydanlardan toplamaq lazım idi. Həkimlər həyatlarını təhlükə altına qoyaraq xəstəxanalarda cəmləşməyə başladılar, kimi telefon zəngi ilə, kimi vicdanının səsilə. Yaralıları əməliyyat stoluna uzadırdılar, hətta adını, soyadını belə soruşub öyrənmədən, soyundurmadan əməliyyat – həyat uğrunda döyüş başlanırdı”.

Sonra dünya bu hadisələrdən az-çox xəbər tutanda Sovet rəhbərləri bu qətliamı, dinc zamanda dinc əhaliyə qarşı olunan bu vəhşiliyi əsaslandırmaq üçün minbir cəhdlə sübutlar gətirirdilər, özü də fərqli sübutlar. Fikirlər bir-birinə zidd idi, uzlaşmırdı. Bir dəstə deyirdi ki, biz Sovet hakimiyyətini bərpa etməyə gəlmişik. Sovet hakimiyyətinin axırı nə oldu? Bir başqaları isə söyləyirdilər ki, guya onların məqsədi millətlərarası qırğınlara son qoymaqdı. Ayrı-ayrı millətlərdən olan yüzlərlə insanı məhv etməklə millətlərarası qırğını dayandırmaq? Yaxşı üsuldu!… Üçüncü dəstənin nümayəndələri söyləyirdilər ki, əsas məqsəd Xalq Cəbhəsi strukturlarını dağıtmaqdı. Məktəb uşaqlarının, qarıların, əlillərin və eləcə də siyasətlə heç bir bağlılığı olmayan sadə insanların Xalq Cəbhəsinə nə dəxli? Yeri gəlmişkən, Xalq Cəbhəsi xadimlərindən birinin də burnu qanamamışdı. Şübhəsiz ki, Bakıda 13-14 yanvarda törədilmiş talanların qarşısını almaq olardı. Səbəbkarlar indiyə qədər bəyan olunmayıb. Görünür, bu talanlar bəhanə kimi lazım imiş ki, özünü həddindən artıq müstəqil sayanlara dərs verilsin.

Yanvarın 20-dən 21-nə keçən gecə mən ölkə Ali Sovetinin deputatlarına, respublikaların Yazıçılar İttifaqlarına, ayrı-ayrı məşhur yazıçılara müraciətnamə yazdım. Elə o günlərdə Çingiz Abdullayev və İbrahim Şükürov tərəfindən tərtib olunmuş “Qara yanvar” kitabına, bu müraciətnamələrin əsasında qələmə aldığım “Müsibət” adlı məqaləm daxil edildi. Sonra mənim “Müsibət”im Türkiyədə, İranda, Fransada çap olundu.

20-də səhər tezdən Yusif Səmədoğlu ilə zəngləşdik və onun maşınında İsa Qəmbərlə (İsa o gecəni Yusifin mənzilində keçirtmişdi), Hikmət Hacızadə ilə MK-nın qarşısındakı mitinqə getdik. Xalq son dərəcə hiddətlənmişdi, çoxları elə buradaca – partiyanın qərargahı qarşısındaca partbiletlərini cırır və yandırırdılar. “Ştab” özü də Sov.İKP əleyhinə şüarlarda, Qorbaçovun xaçla haşiyələnmiş portret–karikaturaları ilə bəzədilmişdi. Mitinqdə mən də çıxış etdim.

Ertəsi gün – 21 yanvarda biz Elmlər Akademiyasında toplaşdıq. İclası mən aparırdım. Yazıçılar bu qırğının qarşısını ala bilmədiklərinə görə respublika rəhbərliyi və Mərkəzi hakimiyyət əleyhinə ehtiraslı nitqlər söyləyirdilər. Mən də hazırladığım müraciətnaməni oxudum. İştirakçıların razılığı ilə bu müraciətnamə SSRİ Ali Sovetinin bir çox deputatlarına, bütün respublikaların Yazıçılar İttifaqlarına, məşhur ədəbiyyatçılar D.Lixaçova, S.Zalıginə, İ.Bondarevə, Y.Yevtuşenkoya, V.Bıkova, A.Bitova, Y.Kuznetsova və başqalarına göndərildi.

Elçinin rəhbərlik etdiyi “Vətən” cəmiyyəti tərəfindən də müraciətnamələr göndərilirdi. Elçinlə və onun əməkdaşları ilə yanaşı bu müraciətnamələrin göndərilməsində bizim ümumi dostumuz, mərhum filoloq-alim Araz Dadaşzadə də iştirak edirdi.

Akademiyada iclas zamanı əsəblərin tam tarıma çəkilməsinə, son həddə gərginləşməsinə baxmayaraq, təbii olaraq başqa insani ehtiyaclar və hansısa nəfəsdərmə tələb olundu. Xəlil Rza Qara Yanvar haqqında bir gecədə yazdığı poemasını oxumağa başladı. Poema çox təsirli idi, amma bununla belə, bu gərginlikdə camaat poeziya hayında deyildi, buna görə də səbirsizliklə gözləyirdilər ki, Xəlil deklamasiyasını qurtarsın. Nəhayət ki, o poemasını bitirəndə birinci sırada oturmuş Vaqif Səmədoğlu iclasın aparıcısı kimi mənə müraciət etdi: – Mən nələrisə tam eşidə bilmədim, olarmı ki, Xəlil müəllimdən rica edək, poemanı bir də oxusun?

– Vaqif, mən sənin telefon nömrəni Xəlil müəllimə vermişəm,- dedim, – o, söz verib ki, sənə zəng vuracaq və telefonla sənə bütün poemanı yenidən oxuyacaq.

Zarafat bir yana qalsın, Xəlil Rza həqiqətən də o dəhşətli gecə haqqında təsirli əsər yaratmışdı. Bir neçə gündən sonra Qabilin bütün ağrı və acıları müasir faciə kimi, ənənəvi şərq janrında ifadə etdiyi coşqun “Mərsiyyə”si meydana çıxdı. Bəxtiyar Vahabzadə o günlərdə dərin məzmunlu “Şəhidlər” poemasını yaratdı. Fikrət Qocanın, Məmməd İsmayılın, Nüsrət Kəsəmənlinin və bir çox başqa şairlərin şeirləri diqqət çəkdi. Yazıçılar həmişə olduğu kimi millətin tarixinin taleyüklü anlarında, xalqın yaşamaq haqqı uğrunda mübarizəsində ön sırada durdular.

Elə həmin gün – 21 yanvarda – Bəxtiyar Vahabzadə radio ilə deputatları Ali Sovetin Sessiyasına çağırdı və axşam fövqəladə vəziyyət şəraitində, komendant saatında bu iclas bütün gecəni davam etdi.

Sonralar İsa Qəmbər etiraf edirdi: “O zaman ağsaqqal deputatlar – Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Anar və başqaları sessiyanın təşkilinə böyük kömək göstərdilər”. (“Yeni Müsavat” qəzeti 17-20 yanvar, 1997-ci il).

İclasın əvvəlində təklif etdim ki, həlak olanların xatirəsini yad edək. İclası iştirakçıların istəyilə İsmayıl Şıxlı aparırdı. Xalq Cəbhəsinin nümayəndələri də iştirak edirdilər.

Biz – əsasən yazıçılar, eyni zamanda Azərbaycan SSR Ali Sovetinin sədri Elmira Qafarovanın, MK katibi Həsən Həsənovun, Ali Sovetin məsul işçiləri Tofiq Bağırovun, Səfa Mirzəyevin, Şahin Əliyevin iştirakilə bir neçə müraciətnamə hazırladıq. Bu mətnləri kabinetdə Elmira Qafarova ilə nəzərdən keçirməyə başladıq, yerdə qalan iştirakçılar aşağıda, iclas zalında gözləyirdilər.

Təklif olunmuşdu ki, mətnlərlə Xalq Cəbhəsinin nümayəndələri tanış olsun. Onların mətnlərlə tanış olmaqları ümumi işi xeyli ləngidirdi. Onlara müraciət edəndə ki, tələsmək lazımdı, axı bu mətnləri iclas zalında səbirsizliklə gözləyirlər, “cəbhəçilərdən” biri rüşxətlə dedi:

– Qoy gözləsinlər, biz də onları çox gözləmişik.

Mövcud vəziyyətdə və mövcud zamanda, hamının acığına yersiz olaraq özünü göstərmək niyyəti məni heyrətə gətirdi. Ümumiyyətlə, hərdən müxalifətin nümayəndələri ilə ünsiyyət saxladıqca və onların davranışını müşahidə etdikcə, görürdüm ki, miqyaslı məsələləri təyin və həll etmək imkanı onların bir çoxunun başını yüngülcə gicəlləndirmişdi. Təzəcə vəzifə almış belə xadimlərdən biri öz xüsusi hakimiyyətindən doymuşcasına, yorğun səslə: “Gürcülər xahiş edirlər ki, onlara bir neçə sisterna benzin yollayaq, fikirləşirəm, bəlkə də icazə verdim”,- deyirdi… sanki o artıq eyni vaxtda Nazirlər Soveti sədrinin və ən azı iki-üç nazirin (hələ ki, yalnız Xalq Cəbhəsi idarəçiliyinin üzvü statusuna malik ola-ola) funksiyasını icra eləyirdi. Amma məsələ ondadır ki, o günlərdə “cəbhəçilər” həqiqətən də bütün respublika miqyasında mühüm məsələləri həll etmək imkanlarına malik idilər.

Nəhayət, konsensus əldə olundu, mən tribunadan dünya ictimaiyyətinə, BMT-yə, xarici ölkələrin Parlamentlərinə bir neçə müraciətin mətnini səsləndirdim. Doğrusu, bütün mətnlər eyniyyət təşkil edirdi.

Ertəsi gün öyrəndik ki, vəzifədən kənarlaşdırılmış Heydər Əliyev yanvar faciəsinin səhəri ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedib, mətbuat konfransı keçirib və bəyanatla çıxış edib. Bu, H.Əliyevin misilsiz addımı idi. Birincisi, o öz həyatına risk etmişdi, axı Mərkəzi mətbuatda onun cinayət məsuliyyətinə cəlb olunacağı (daha doğrusu, nümayəndəliyin qarşısında həbs olunacağı, ya saxlanılacağı) barədə xəbərlər şişirdilirdi, hətta erməni döyüşçüləri, yaxud xüsusi xidmət orqanları tərəfindən sui-qəsd də mümkün idi. Bundan başqa, ilk dəfə idi ki, hakimiyyətdən kənarlaşdırılmış bu dərəcədə yüksək ranqda siyasi xadim istefadan sonra məxfi razılaşma qaydalarını pozurdu. Eyni zamanda keçmiş Büro üzvü ölkənin ali rəhbərliyinin ünvanına qarşı birbaşa ittihamlarla çıxış edirdi.

Amma H.Əliyevin tarix duyumu həmişə güclü olub. O dərk edirdi ki, səmimi qəlbdən öz xalqına başsağlığı verməsi təbiidir, çıxışı isə bir sənəd kimi tarix üçün və hazırkı dövr üçün gərəklidir. O çıxış tarixin bu dəhşətli saatında fəlakətə sürüklənmiş və ümidsizləşmiş insanlarla həmrəylik ifadəsi idi. H.Əliyevin bu cəsur addımı Azərbaycanda yüz minlərlə insan üçün ümid işartısı oldu, qaranlıq tunelin axırında işıq kimi göründü. Hətta ola bilsin ki, Heydər Əliyev özü də fərqinə varmadan bu çıxışla sanki Böyük siyasətə yenidən qayıtdı.

Azərbaycanın özündə də Sovet rəhbərliyinin bu qanlı aksiyası qəzəblə ittiham olunurdu. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri E.M.Qafarova bu haqda sərt bəyanat vermişdi. Sonralar M.Qorbaçov SSRİ Ali Sovetinin sessiyasında utanmaz-utanmaz dedi ki, guya Qaferova (o, Elmira xanımın soyadını belə səsləndirdi) bu bəyanatı tapança təhdidi altında edib.

Şeyxülislam Allahşükür Paşazadənin M.Qorbaçova müraciəti də xeyli sərt və təsirli idi:

“Mənim sözlərim Azərbaycan xalqının bütün kədərini, milyonlarla insanın qəlbinə çökmüş hədsiz qəmi ifadə etmək iqtidarında deyil. Bunu sizin bizim dərdimizə şərik olmanız məqsədilə demirəm, çünki bu mənim xalqım üçün təhqir olardı, məhv olmuş həmvətənlərimin xatirəsinə rişxənd olardı. 19-20 Yanvarda törədilmiş vəhşiliklər ağıla sığmır. Şəhərin küçələri qanla sulanıb, onların arasında uşaqlar, qadınlar, qocalar da var. Sizin bir dövlət başçısı kimi imza atdığınız bu dəhşətli cinayətə, qanlı qırğına bəraət qazandırmaq olmaz.

…Mən bütün Azərbaycan xalqının iradəsini ifadə edərək qoşunların dərhal Bakıdan çıxarılmasını tələb edirəm. Heç bir xalqla, o cümlədən, Azərbaycan xalqı ilə silah dili ilə danışmaq olmaz. Bu, on gün də, Əfqanıstandakı kimi on il də davam edə bilər, amma tez, ya gec ədalət qalib gələcək. Allah üstümüzdə olsun! Amin!

Xalq şairi Bəxtiyar Vahabzadə “Bakinskiy raboçiy” qəzetində işıq üzü görən “Mənim dözümlü xalqıma” məqaləsində yazırdı:

“Ömrümdə çox şey görmüşəm, mənim narahatçılığım əbəs deyil. Milli təfriqə salanların məkri və qeyzi sonsuzdur. İndi onlar bizi rus xalqı ilə salışdırmaq istəyirlər. Dəhşətli məkrdir!

Bu alçaq iş həyasızlıqla görülür. Hətta mərkəzi qəzetlərdə belə qərəzli materiallar çap olunur, yanlış məlumat verilir. Əminəm ki, bütün bunlar Moskvada, Leninqradda və başqa şəhərlərdə yaşayıb işləyən azərbaycanlılara hücumla nəticələnə bilər. Sizi and verirəm, provokasiyalara uymayın, bizim xalqın təmiz adına ləkə gətirə biləcək heç bir hərəkət etməyin.

Bizim mübarizə zəif idi. Çünki hökumətimiz xalqla əl-ələ işləyə bilmirdi. Əminəm ki, yeni rəhbərlik xalqdan uzaqlaşmayacaq, xalqla əl-ələ işləyəcək”.

Bəxtiyar müəllim tamamilə haqlı idi, biz mərkəzi mətbuat və televiziya tərəfindən informasiya blokodasına salınmışdıq. Nadir hallarda paytaxt qəzetlərinə, yaxud TV-yə yol tapanda da, ekranda, ya mətubat səhifələrində öz müsahibəmizi və ya məqaləmizi tanıya bilmirdik – bütün sərt fikirləri “qayçılayırdılar”.

Məni məmnuniyyətlə və az qala hər ay çap edən “Literaturnaya qazeta” Qarabağ münaqişəsi başlayandan bəri mətnlərimə cəmisi üç dəfə yer ayırmışdı: Böyük maraq doğuran “Müstəqilliyin şirin xülyaları, yaxud cənab Jirinovski Boris Nikolayeviçin şərəfinə badə qaldıracaqmı” başlıqlı iri məqalədə Azərbaycanın və eləcə də müasir mərhələdə bütün ölkənin mühüm problemləri qoyulurdu. İkinci material çox da böyük olmayan “Yenə də söz…” başlıqlı Qorbaçovun hazırlanan ittifaq müqaviləsi haqqında mənfi qeydlərim idi. Və nəhayət, üçüncü materialda – “Gecə düşüncələri”ndən parçada mən Qarabağ məsələsi ilə bağlı Solejnitsinin və Saxarovun mövqelərinə tənqidi yanaşmışdım.

Hərdən cəfəng situasiyalar meydana çıxırdı. “Literaturnaya qazeta”nın redaksiyası özü mənə – eyni zamanda Ermənistan Yazıçılar İttifaqı sədrinə, bizim Qarabağ probleminə necə yanaşmağımız haqqında məqalə sifariş vermişdi. Yazdım, amma məqalə gülüş doğuran bəhanə ilə yayımlanmadı: sən demə, erməni müəllifinin mətni lazımi səviyyədə deyilmiş və ona görə də qərara alıblar ki, bu mövzuda yazıları ümumiyyətlə çap etməsinlər. Doğrusu, onda fikirləşdim ki, ola bilsin erməni yazıçısına da belə bir dəlil gətiriblər: guya, Anarın materialı yüksək səviyyədə deyil.

Hər halda Qara Yanvarın ilk və az-çox anlaşılan cavabı “Pravda”da yayımlandı. 22 yanvarda “Pravda”nın Bakıya gəlmiş müxbirləri mənə zəng vurdular və görüş xahiş etdilər. Onları evə dəvət elədim. Kifayət qədər müfəssəl olan bu söhbətin əsas məqamları “Pravda”da yayımlandı. Söhbətin əvvəlində müxbirlər A.Qoroxov, V.Okulov yanvar faciəsinin səbəbləri haqqında soruşdular.

“Səbəb? – SSRİ Ali Sovetinin üzvü və xalq deputatı, Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin Birinci katibi Anar bizim sualımıza sualla cavab verdi. – Hesab edirəm ki, faciənin qarşısını almaq olardı. Axı hakimiyyətin sərəncamında çox güclü aparat var… Mən həm də silahsız insanların üstünə tank göndərənləri günahlandırıram… Amma Xalq Cəbhəsinin sağlam qüvvələri ilə sıx əlaqələr qurmaq olardı.

Ənənəvi qaydada çay içirik, solğun günəş pəncərəni döyür, yaxınlıqdakı dənizin suları bərq vurur – sanki heç nə faciədən xəbər vermir. Amma yox, 52 yaşlı ev sahibinin qəlbində ağrılı duyğuların qaynadığını müşahidə edirik.

– Belə deyək, –Anar sözünə davam edir,- mənim yeniyetməliyim 1956-cı ildə bizim qoşunlar Macarıstana girəndə bitdi. Gəncliyim 1968-ci ildə, Çexoslavakiya hadisələrində… İndi mənə elə gəlir ki, bu yanvar günlərində ömrüm başa çatıb.

Yazıçının sözlərində faciəviliyi peşəkar emosionallıqla da bağlamaq mümkündür, ancaq mübaliğəsizdir ki, dünyaya ədəbi simalar bəxş etmiş Azərbaycan ziyalılarının rəylərini nəzərə almamaq olmaz. – Yanğını alovlanmamışdan qabaq söndürməyi bacarmaq lazımdır, – yazıçı sözünə davam edir. Anar mərkəzin Qarabağla bağlı öz qərarlarını həyata keçirə bilməməsindən danışır”.

Bakıda baş vermiş faciə ilə bağlı, qəzetlərdə, jurnallarda böhtan dolu təhrikçi, qızışdırıcı materialların yayımlanması, bütün ölüm hallarına görə azərbaycanlıların günahlandırması, baş vermiş hadisələrin tamamilə yanlış mənzərəsinin yaradılması fonunda “Pravda” qəzetinin bu qeydləri nadir hadisə idi. Bir faktı gizlədib, digərini qabartmaqla, ölkə ictimaiyyətini yalan məlumatlarla çaşdırmaqla, müəyyən stereotip yaratmaqla böyük şəhərin heç nədə təqsiri olmayan əhalisinə qarşı divan hazırlayırdılar. Mərkəzi kütləvi informasiya vasitələrinin bu sayaq davranışına tam əminliyin yaranması üçün, bizim bölgədə olmuş, hər şeyi öz gözü ilə görmüş və bir müddətdən sonra Bakının “Vışka” qəzetində böyük məqalə ilə çıxış etmiş jurnalist Georgi Rojkovun yazısından nümunə gətirirəm: “Artıq iki ay keçib, amma mən Azərbaycana və Ermənistana səfərlərim barədə bir sətir də olsun yazı çap etdirə bilməmişəm. Nə bir Moskva qəzeti, nə bir jurnal öz səhifələrində mənə yer vermək istəmir. Nə üçün? İzahat sadədir, mənim söylədiyim həqiqətlər aylardan bəri oxucuların və dinləyicilərin başına doldurulmuş məlumatlara bənzəmir. Belə çıxır ki, guya Azərbaycan qaniçən təcavüzkardı, onun qonşusu isə günahsız qurban”.

Aşkarlıq və pluralizmin mərkəzi nəşrlərdə əyani, göz qabağında olan nümayişi deyilmi? Xalqımızın ağrı və acılarını başa düşən, həqiqəti ürək ağrısı ilə ifadə edən Georgi Rojkova həm də ona görə minnətdaram ki, onun sözləri rus xalqının böyük mənəvi dəyərlərinə sədaqət timsalıdır və özündə ədalət və vicdan duyğuları yaşadır. Qoy süngü ilə yaralananları qələmlə öldürmək istəyən cızmaqaraçı hədyançılar öz vicdanları qarşısında cavab versinlər.

Dərin rus ziyalılığının vicdanının təzahüründən xəbər verən daha bir nümunə – məşhur kinorejissor Stanislav Qovoruxinin “Şahid qadının şəhadəti” məqaləsidir.

“Bakıdan həqiqi mənada sarsıntı, daxilən əzilmiş halda uçdum, – S.Qovoruxin yazır. – Dərhal da keçdim masanın arxasına, – bu dəhşətli təəssüratı ürəkdə saxlamaq ağırdı… Doğrudanmı, mən çoxlu sayda atəşə tutulmuş eyvanlar, güllələrdən deşik-deşik olmuş evlər görmüşdüm? Axı insanlar o eyvanların, divarların arxasında idi. Bəlkə erməniləri xilas edən (belələri Bakıda çox olub) onlar idi.

Nə qədər insana öz eyvanında, öz mənzilində güllə dəymişdi. Kədərli yekun bəlli idi – 106 meyit, yaralıların hesabı aparılmamışdı. Əgər insanlar inansaydılar ki, ordu, onların ordusu, öz vətəndaşlarına atəş açacaq, qurban az ola bilərdi. Sumqayıt yolunda bir minik maşını yolun qırağına çəkilmişdi ki, tank qəfiləsinə yol versin, maşında Elmlər Akademiyasının üç alimi vardı; üçü də professor, onlardan biri qadındı. Birdən tanklardan biri qəfildən ayrılır və maşını polad tırtıllarının altına salaraq, üstündən keçir, bütün sərnişinləri basıb əzir. Tank qəfiləsi dayanmır – şəhərə səpələnmiş düşməni əzmək üçün yoluna davam edir.

Alimlərin üçünü də şəhərin mərkəzində – xiyabanda dəfn etdilər. Orda – o yamacda məzarlar çoxdu – həmçinin uşaq, qadın məzarları. Bu da yeddinci sinif şagirdi Larisa Məmmədovanın qəbri. Başdaşında məktəbli formasını və çantasını təsvir ediblər, öz şəkli yoxdur. Daha bir şəkilsiz başdaşı – üstündə də yazı: “Efimov. Kor imiş. Süngü ilə qətlə yetirilib”. Bu da şəkilli məzar, yenicə evlənmiş İlham və Fərizə qolboyundular. İlhamı güllələyiblər, o isə canına qəsd eləyib – zəhər içib.

Hökumətin vətəndaş münaqişəsini dayandırmaq üçün tətbiq etdiyi tədbirlə cəza əməliyyatı arasında məsafə nəhəngdir. Bakının iki milyonluq əhalisi bunu belə başa düşdü: tanklar şəhərə girdilər ki, müstəqillik tələb edən xalqı cəzalandırsınlar. Və elə cəzalandırsınlar ki, başqa respublikalara da dərs olsun.

Bəlkə də Bakıya qoşun yeridilməsi hələ yalnız məşq idi.

“Moskovskiye novosti” qəzeti, 18 fevral 1990.

O dəhşətli yanvar gecəsində Bəxtiyar Vahabzadə birbaşa Ali Sovetin binasından Oljas Süleymenova zəng vurdu və müsibətimiz haqqında onu məlumatlandırdı. İki gündən sonra Oljas Bakıya gəldi. Bu, əsl qardaş hərəkəti idi. Oljas bir neçə gün Bakıda qaldı, bizə mənəvi dəstək oldu. Bakıdaykən o soyuqlamışdı. “Azərbaycan” mehmanxanasında ona baş çəkdim. Elə nömrəsində Xalq Cəbhəsinin bir neçə gənc nümayəndəsini gördüm. Hökumət evinin qarşısındakı meydan boş idi. Sonra qəribə şeylər baş verdi. Meydandan nərilti ilə keçən tanklar dəniz vağzalına yan alıb körfəzi mühasirəyə almış gəmilərə atəş açdılar. Mehmanxana da güllələrə tuş gəldi. Cavanlar pəncərədən keçib dəhlizə düşən bir neçə qəlpəni Oljasın nömrəsinə gətirdilər. İndi rəhmətə getmiş cavan operator Etibar Cəfərov qorxmadan atəşə tutulan eyvandan bu “dəniz döyüşünü” lentə aldı.

Gecə də atəş səsləri eşidilirdi – avtomat silahlardan atırdılar. Gəmilərin fit səsləri eşidilirdi. O tükürpədici uğultu şəhərin üstünə dalğa-dalğa yayılırdı. Bir neçə gün gözümü yummadım.

Share: