Kulis.az Rəvan Cavidin “Böyük Şərqin dahisi – Hüseyn Cavid” yazısını təqdim edir.
Hüseyn Cavidin 140-cı doğum gününə…
Öncə ondan başlamaq istəyirəm ki, Cavid və onun irsi haqqında yazmaq mənə həmişə çətin və xəyalçatmaz görünüb. Azərbaycan ədəbi mühitində də onun haqqında dəqiq, gözəl və Cavid əfəndiyə layiq yazılar çox azdır. Cavidin bütün əsərlərini, onun haqqında yazılmış bütün araşdırmaları (xüsusən Azər Turanın araşdırmaları) və adı keçən bir çox sənədləri, məktubları oxusam da, o mənim üçün elə böyük mifdir ki, ətaləti və bütün dövrlərə düşən proyeksiyaları daim ona bütün şərqin ən böyük dahilərindən biri ünvanını qazandırıb və onun haqqında söz deməyə çəkinmək ədəbi həyaya çevrilib. Bəli, o bütün Şərqin dahisidir. Onun yazdıqları ötən əsrdə də aktual idi, bu gün də. Buna görə də, Caviddən sonrakı bütün şairlər, bütün fikir adamları, mənə görə, onun ideyaları və mətnləri qarşısında balaca görünür. Cavidin ədəbi irsi humanizm, tolerantlıq, sülhəçağırış və ən saf hisslərin yaratdığı böyük bir kollajdır. Tarixin və millətinin ən ağır zamanlarında ən həssas mövzuları səhnələşdirən Hüseyn Cavid repressiya dövründə qaranlığın daşladığı, cəhalətin və siyasi vandalizmin bizdən aldığı peyğəmbər idi.
O, Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, ilk milli ideologiya xəttinin, romantizmin, ilk irfani dramların, ilk pozitivist, ilk passifist ədəbi nümunələrin, Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsi arasında ortaq şeir dilinin banisidir. Cavidin yaradıcılığı ədəbiyyatımız üçün bir çox mövzunun mənbəyi oldu. SSRİ-nin yarandığı illərdə və Azərbaycanı işğal etdiyi bir zamanda türkçülüyü, milliyətçiliyi müdafiə etməsi onu və dostlarını ölümə aparırdı. Qorxdularmı? Yox! Məhz Hüseyn Cavidin həmin dövrdə İstanbula getmək şansı olsa da, Bakıda qaldı. Pantürkist, panislamist damğalarına rəğmən.
Hüseyn Cavidə ilk xeyir-duaları İstanbulda “Siratül müstəqim” qəzetində Mehmet Akif Ersoy, Bakıda “Füyuzat”da Əli bəy Hüseynzadə verdi. 1906-cı ildə İstanbula təhsil almağa gedən Hüseyn Cavid (indiki İstanbul Universiteti, Ədəbiyyat fakültəsi) Rıza Tevfikin, Mehmet Akif Ersoyun, Halit Ziya Uşaklıgilin dərslərindən, danışdıqlarından ciddi təsirlənmişdi. Repressiya olunana qədər də müəllimlərinin ona miras qoyduğu ideologiyaya sadiq qaldı.
Hüseyn Cavid yaradıcılığı bəşəridir. “İblis” bütün dövrlərin Xeyir və Şər mübarizəsi haqqında yazılmış ən yaxşı dramlarından biridir. Əsərdə təkcə Qafqaz, Orta Şərq, Mərkəzi Asiya xalqlarının siyasi, ictimai, sosial problemləri yox, həm də əsərin yazıldığı dövrdə (1918-ci il, ermənilər Bakıda qanlı cinayətlər törədirdi) Qərb ideoloqlarının Azərbaycana və türk xalqlarına münasibətini, rus və fars imperialistlərinin Azərbaycan torpaqlarına “göz qoyması” təsvir olunmuşdu. Həmin dövrdə Cavid özü də ermənilərin əsiri olub. Bir müddət sonra isə Təbrizə – Şeyx Məhəmməd Xiyabaninin yanına gedib. “İblis”in gərgin süjet xəttinin, vahiməli monoloqlarının, idealist, humanist dialoqlarının səbəbi məhz belə bir dövrdə yazılmasıdır. Dünyada şərin, fitnənin müxtəlif obrazlara girib insanlıq üçün yaratdığı fitnələri Cavid əfəndi İblisin monoloqlarında sadə və anlaşıqlı təsvir edib.
Rüya gibi her an olarak zahir-ü-qaip
Ben Şarkta abid olurum, Qarpta rahib.
Bir kazi olup, gah ederim fitneler icat,
Bir mürşit olup, gah ederim alemi berbat.
Bazen olurum bir papa! Cennet satarım ben,
İsa dirilip gelse de korkar qazabimden…
Hüseyn Cavidin insanlığa xitab etdiyi, bütün dövrlər üçün aktual olan ikinci bir əsəri “Şeyx Sənan”dır. Qədim ərəb əfsanəsi əsasında yazılan, özündən əvvəlki eyni adlı faciələrdən fərqlənməyi bacaran Cavid əfəndi bu əsəri ilə dini, irqi və milli ayrıseçkiliyi tənqid edir, bu ayrıseçkiliyin ölümə belə səbəb olmasını aydın ştrixlərlə oxucuya, tamaşaçıya çatdırır.
“Şeyx Sənan” ədəbiyyatımızda irfani məsələlərin, şəriət və din problemlərinin dramatikləşdirildiyi, səhnələşdirildiyi ilk əsərdir. Hüseyn Cavid ilk dəfə irfanı göydən yerə endirib, onun canındakı dramatik kodları teatrallaşdırıb. İstər qədim ərəb əfsanəsi, istər Firuddin Əttarın, istərsə də Əlişir Nəvainin eyni adlı əsərləri Cavidin dörd pərdəli tragediyası yanında solğun görünür. Bu əsər bütün dini, siyasi ideologiyaların insan sevgisi, insan məhəbbəti və mərhəməti yanında kiçik göründüyünü, lazımsız olduğunu göstərir.
“Şeyx Sənan” faciəsinin məşhur obrazlarından biri kor ərəbin naləsi hələ də Azərbaycan ədəbiyyatında, musiqisində, kinosunda, teatrında əvəzedilməz monoloq kimi anılır.
Ne aşk olaydı, ne aşik, ne nazlı afet olaydı,
Ne halk olaydı, ne halik, ne eşki-i hasret olaydı.
Ne dert olaydı, ne derman, ne sur olaydı, ne matem,
Ne aşiyane-i vuslat, ne bari firkat olaydı.
Hüseyn Cavid “Kor ərəbin mahnısı” ilə ədəbiyyatımızda nihilist düşüncənin, ekzistensialist ovqatın əsasını qoydu. Məhz bu düşüncə sistemi ilə Azərbaycanın həmin dövrdə keçdiyi siyasi yol, görünən siyasi mənzərə üst-üstə düşür. Cavid buna görə dahidir. Ki, onun əsərləri həm öz dövrü haqqında kifayət qədər geniş məlumat verə bilir, həm də sonrakı dövrlərlə körpü qura bilir. Borxes ədəbiyyat haqqında müsahibələrindən birində bu tərifi təkcə mətnlərə deyil, bütün sənətə aid edirdi. Sənət gələcəklə bu gün arasında qurulan körpüdür. Hüseyn Cavid bu baxımdan həm dövrünün, həm də yüz il sonranın mütəfəkkiridir.
1922-25-ci illər. Moskvada ateizmin təbliği başlanılır. Kiçik xalqların dini adət-ənənələri sıxışdırılır. Din bir ikona kimi gözlərdən uzaqlaşdırılır və Allah mifə çevrilir. Belə bir dövrdə Hüseyn Cavid “Peyğəmbər” dramını yazıb bitirdi. Məncə, “Peyğəmbər” və “Topal Teymur” Cavid əfəndinin sürgün və repressiya pasportları oldu. Biri İslamı, digəri türkçülüyü tərənnüm edən möhtəşəm əsərlər idi. Stalinin “xalqlar dostluğu” yaratdığı, milli kimliklərin unutdurulduğu, milliyyətçilərin manqurtlaşdırıldığı vaxtda “Topal Teymur” bum effekti yaratmışdı.
İstanbulda dil problemləri artan vaxt, fransız mədəniyyətinin türk mədəniyyətinə sinə gərdiyi bir dövrdə Hüseyn Cavid “Uçurum”u yazdı. Və türk camiasına olan sədaqətini bir daha göstərdi.
Hüseyn Cavid sürgün edildi, sürgündə erməni növbətçilər tərəfindən çox işgəncələr gördü, onu Sibirdə qarın içində gəzdirdilər, ac saxladılar. Müşgünaz xanımın göndərdiyi corablar da onu xəstəlikdən xilas edə bilmədi. Nəhayət, 1941-ci ildə dekabrın 5-də, gecə saat 22:30-da Sibirdə sepsis və ürək iflicindən dünyasını dəyişdi.
Həyatının ən ağır dövrlərində də əfəndiliyini qoruyub saxladı. Səliqəli, şık geyimi, dərin baxışları və şux yerişi, davranışı ona əfəndilik qazandırdı. Haqqında həmin dövrdə çox yazıldı. Dövrünün böyük şairləri haqqında donoslar yazdı, onu türkçülükdə ittiham etdilər. Bu donoslara görə o böyük şairlərin döşünə medal da asıldı, ad da verildi. Amma heç biri Cavid əfəndi kimi şərəfli və faydalı yaşaya bilmədi. Türk sevdası ilə yaşayıb, türk sevdası ilə dünyadan köçdü.
Mişginaz xanım (H.Cavidin həyat yoldaşı) xatirələrində yazır ki, o, yazıları ilə məşğul olanda uşaqları necəsə yatızdırırdım, sakitləşdirirdim. Ağlayanda isə deyirdim ki, atanız işləyir. Ərtoğrul da, Turan da kimin övladları olduqlarını bilirdilər, dərk edirdilər. Cavidin oğlu Ərtoğrul da atasının taleyini yaşayırdı. “Xalq düşməni”nin oğlunu cəbhəyə deyil, işçi qüvvəyə göndərmişdilər. Yenə Mişginaz xanımın qeydlərində oxuyuruq ki, oğlunun kimliyini çox yerdə gizləyirdi, istəmirdi ki, onu da öldürsünlər, çünki Ərtoğrul da atası kimi düha idi. O, Üzeyir Hacıbəylinin sinifində musiqi təhsili almışdı. Bəstələri var idi. Cəmi 24 illik bir ömrünə çoxlu musiqilər, uğurlar sığışdıra bilmişdi.
Cavid haqqında yazmaq onun misraları qarşısında dahiyə kiçik ad günü təbrikindən başqa bir şey deyil. Cavidin varlığı bu millətin böyüklüyünü sübut edəcək qədər müqəddəsdir.
Tanrısı gözəllik, sevgi olanın ali ruhuna ehtiramla…