O, cəmi bircə dəfə gəmi ilə səfərə çıxıbmış

O, cəmi bircə dəfə gəmi ilə səfərə çıxıbmış

Dəniz səyahətindən bəhs edən məşhur romanın müəllifi özü cəmi bircə dəfə gəmi ilə səfərə çıxıb

1685-ci ildə kral Yakov əleyhinə hersoq Monmutun rəhbərlik etdiyi üsyana qatılıb, üsyançıların məğlubiyyətindən sonra uzun müddət gizlənmək məcburiyyətində qalıb.

Daniel Defo yaradıcılığının ilk vaxtlarında yazıları ilə o qədər də şöhrət qazana bilmirdi. Amma o heç vaxt həvəsdən düşmür,  yaradıcılıqdan çəkilmək haqqında düşünmürdü.

1719-cu ildə özünün dünyanı fəth edən ən məşhur əsərini – “Robinzon Kruzo”nu yazdı. Əslində Daniel Defo bədii yaradıcılığa çox gec başlayıb. Yazıçı bu əsərini yazanda onun təxminən 58 yaşı var idi. Lakin bu roman Defoya böyük şöhrət gətirdi.

Məhz yüksək bədii keyfiyyətlərinə, hadisələrin ustalıqla, cəlbedici dillə təsvir edilməsinə, süjet xəttinin çox maraqlı qurulmasına, ümumiyyətlə gözəl qələmə alınmasına görədir ki, “Robinzon Kruzo” ən çox tərcümə olunan, ən çox tirajla çap olunan əsərlərin ön cərgəsindədir. Ustalıqla yazılmış bu əsərin ən maraqlı cəhətlərindən biri odur ki, roman dəniz səyahətindən bəhs etsə də, Daniel Defo yalnız bircə dəfə – gənclik illərində gəmiylə Portuqaliyaya səfər edib, qalan bütün ömrünü isə yalnız öz Vətənində keçirib.

Defo əsərin süjetini həyatdan götürüb. Həmin dövrlər – 16-18-ci əsrlərdə dəniz ölkələrindən gəmi ilə uzun səyahətlərə çıxanlar çox idi. Dənizçilər bu səfərlər haqqında çox maraqlı macəralar danışardılar. Defo şotlandiyalı bir dənizçinin insan ayağı dəyməyən kiçik bir adada dörd il dörd ay yaşaması, sonradan təsadüf nəticəsində xilas olması haqqında hekayətini dinləmişdi. İstedadlı yazıçı məharətlə bu hadisələri bədiiləşdirərək oxucunu Robinzon Kruzo ilə adada günbəgün, saatbasaat yaşamağa, onunla birgə çətinlikləri keçməyə vadar edib.

Qazandığı bu böyük uğurdan sonra yazıçı həvəsləndi və səyahətdən bəhs edən bir neçə əsər yazdı. “Polkovnik Cek”, “Dünya ətrafında səyahət”, “Dəniz qulduru”, “Şeytanın siyasi tarixi” romanları dərc olunsa da, bu əsərlər “Robinzon Kruzo”nun kölgəsindən çıxa bilmədilər. Onun 200-dən çox kitabı və broşürləri var ki, yüz illərdir oxucuların əlindən düşmür. İngilislər uzun illər Defonu İngiltərənin sərvəti adlandırıblar, onun istedadı ilə fəxr ediblər.

Bu istedadlı yazıçı böyük maddi sıxıntılar içərisində yaşayıb, pulsuzluqdan əziyyət çəkib, elə yoxsulluq içində 70 yaşında dünyadan köçüb.

“Robinzon Kruzo” əsərinin bütöv adı “Yorkdan olan balıqçı Robinzon Kruzonun özünün həyatı, maraqlı və təəccüblü sərgüzəştləri barədə yazdıqları”dır.

Müstəqil.Az

Mənbə:Seanews.az

Share: