***
Olumdan ölümə qədər bəşər övladı yaşadığı bu dünyadan – fani dünyadan çox o dünya – haqq dünyası ilə maraqlanıb, oradaki iki əks qütblü “yaşayış məskəni”ndəki olaylardan xəbərlər gözləyib. Doğrudanmı Cənnətdə bizi nazlı-qəmzəli, üzündən, gözündən, əndamından gözəllik tökülən lüt mələklər gözləyir? Oradan doğru-dürüst xəbər gətirən olmamağını hətta müdrik Ömər Xəyyam da “dərd” eləmişdi:
Cənnət-Cəhənnəmə girən yox, könül,
Gedib o dünyanı görən yox, könül.
Ümid və qorxumuz o şeydəndir ki,
Onlardan bir nişan verən yox, könül.
Fani dünyadan köçənlərlə dörd il əvvəl şirin-şirin, yuxufason xəyali söhbət etmişdim. Söhbətdən çox gileyə bənzəyən 12 “seriya”lı rəngbərəng yuxularımda ölüləri mücərrəd suallarımla “narahat” etmişdim:
O dünyanın ölüləri,
ağıllısı, dəliləri,
görəsən sizdə də varmı əlləri qabarlılar,
məzlum yoxsullar, yağlı varlılar,
fani dünyadakı acgöz yeddimədəlilər,
nəfsi zədəlilər,
ağıllıya lağ eləyən beyni dazlar,
sərvətbazlar,
yırtıcı məmur sürüsü,
doymamazlıq virusu
daşıyanlar,
yalquzaq xislətiylə yaşayanlar,
tamahı itilər,
insafı kütlər,
ağasına sadiq mütilər,
toxunulmaz bütlər,
nadanlar, yarımadamlar,
başdan ayağacan qarın adamlar?..
Bu suallar toplusuna cavab verən bir kimsə tapılmadım. Bəlkə də haqq dünyasındakı tanış-biliş fani dünyadakı xislətini tərgitməyib, ona görə də sirlərini heç kimə vermək istəmirlər. Müdrik Mövlananın “özü bir tələ olan bu dünyanın yemi nəfsimizin istəkləridir” deyimindəki həqiqətlər heç vaxt köhnəlmir. Nəfs də insanla bərabər o dünyaya gedirmi? Bəlkə də. Niyə bəlkə də? Sonra izah etməyə çalışacağam.
Nəhayət o dünyadan xəbər verən bir “vunderkind”ə rast gəldim. Onu 28 ildir tanısam da fitri “istedadı”nı – haqq dünyası ilə telepatik söhbətlər etdiyini indi bilmişəm. O dünya ilə “rabitə” əlaqəsi yaradan bu dünyanın adamı Mahir Qabiloğludur.
Mahir müəllimin atası – görkəmli Xalq şairi Qabilin əziz xatirəsinə yazdığı “Cəncəhim” romanı əslində iyirmi birinci yüzillikdə yaranan nadir nümunələrdəndir. Üç cildlik “İtbaşı” romanı isə məncə ədəbi hadisədir.
“Cəncəhim” romanında fani dünyanın ədalətsizliyindən, əziyyətindən canını qurtarıb əbədi son evinə gedənlərin haqq dünyasındakı dartışmalarından, Cənnətə düşmək uğrunda İnkir-Minkirlə “ölüm-dirim” cəngindən elə fraqmentlər var ki, məni nigaran qoyan o dünya kimi qaranlıq suallara cavab tapdım. Bu dünya ilə o dünyanın fərqi elə də çox deyilmiş Bəlkə də haqq dünyası daha işıqlıdır? Bu dünyadan fərqli olaraq. Adı haqqdır axı. Demə, haqq dünyasında da bizim yerlibazlıq, rüşvətbazlıq, mal-mülk savaşı, huri-mələklərlə əylənmək sevdamız varmış. Elə də haqq dünyası olar? İnkir-Minkir məmuru cəhənnəmə göndərə bilmir, onu itələyib cənnətin qapısından içəri keçənə müqavimət göstərmir – fani dünyadakı kimi…
Haqq dünyasına Mahir Qabiloğlunun baxışları ilə boylanaq:
“Artıq elektron tablo quraşdırılıb. Qırmızı tabloda “Cənnətə yer yoxdur”, yaşıl tabloda isə “Cəhənnəmə yerlər limitsizdir” sözləri yazılıb. Ölüləri sakitləşdirmək olmur. Dörd aydır ki, rəhmətə gedən, öz növbəsini gözləyən azərbaycanlı jurnalist dilə gəlir:
-Necə yəni yer yoxdur? Hanı İnkir-Minkir? Bu nə haqsızlıqdır? Nə sorğu-sual edirlər, nə də haqq-hesab çəkirlər. Elə deyirlər ki, istəsən də budur, istəməsən də. Yaxşısansa da cəhənnəmliksən, pissənsə də. Bu nə deməkdir? Axı bura haqq dünyasıdır. Fani dünya zaddır ki, “xiyar” yeyək? Qurban olum fani dünyaya…”
Haqq dünyasında İnkir-Minkirin zəhləsini tökən, amma hövsələdən çıxarmayan ( fani dünyanı tanımaq üçün marağı İnkir-Minkiri hirsləndirmir – V.O.) jurnalist Qanlıgün az qalıb Avropa Məhkəməsinə şikayət eləsin ki, niyə haqq dünyasında “bəraət” sözünü leksikondan çıxarıblar? Heyif deyil fani dünya “bəraət”in özü də, çəkisi də, dəyəri də, variantları da var idi…
Görəsən haqq dünyasında Cənnətdəki yerləri “bron” etmək olurmu? Cənnətin qəbzi neçəyədir? İçəridə qabaq yerlərin qiyməti çoxmu bahadır?. Arxa yerlərdə uzanıb mələklərin rəqsini, əndamını yaxşı görmək, təravətli ətrindən bihuş olmaq mümkündürmü? O dünyaya niyə haqq dünyası deyirlər? Bəlkə bizi aldadırlar, şirnikləndirirlər ki, tez gedək ora? Cəhənnəm qalıb boş-boşuna – fani dünyanın ucqar kəndləri kimi. Limitsiz yerdə yaşamaq yaşamaqmı? Deyəsən orda da haqq yoxdu. Olsaydı, cəhənnəm boş qalmazdı…
Bir də azərbaycanlı jurnalist necə Cənnətə düşsün ki, ömründə bir dəfə həqiqəti yazmayıb, ədalətin zəfəri üçün çalışmayıb, şantaj edib, millətin başının altına yalanlarla, vədlərlə dolu qu tükü doldurulmuş yumşaq yastıq qoyub ki, qəflət yuxusundan ayılmasın….
“Batırmadığı kol dibi qalmayan”, radioda, televiziyada, qəzetlərdə işləyən, gündə bir QHT açıb varlanmaq yanğısı ilə yanan jurnalist Qanlıgün “Cəncəhim”in “qəhrəman”ıdı. Bu “qəhrəman”ın İnkir-Minkiri görəndə dili-ağzı quruyur: “Deməli mən jurnalist də ömrüm boyu günah içində yaşamışam”. Yazıçının nə düşündüyünü anladım: mütləq İnkir-Minkirin soyuq nəfəsini və qorxunc “göz”lərini sinəndə hiss etməlisən ki, günahlarını etiraf edib imdad diləyəsən?
Öz aramızdır, haqq dünyasında da bürokratizm baş alıb gedirmiş. Qanlıgün “artıq dörd aydır ki, qıl körpüsündə növbədədir”. O dünyada da varlılar “qruppovoy” öləndə günahından asılı olmayaraq cənnətdə ayrıca kotec istəyirlər”. Orada da “milyonerlər məhəlləsi”nin olduğunu bilmirdim…
Fani dünyada at oynadan “cəsarətli” Qanlıgünün “qələmini sındırıb gözünə, ora-burasına soxurdular. Haqq dünyasında isə o, “özü öz qələmini sındırıb atmışdı”. Sən demə, ona görə deyirlərmiş qorxu Cənnətdən, ya da Cəhənnəmdən gəlib. Məmurdan qorxmaq İnkir-Minkirin sorğu-sualından qorxmağın yanında toy-bayram imiş.
Fani dünyadakılar haqq dünyasında da şakərlərindən əl çəkmirlərmiş. Bəlkə fani dünyadakı qidadandır? Mahir müəllimin təbirincə desək, kasıblar uşaqlarına kartoşkanı ət adıyla sırıyıbmış. Deməli, udduğumuz hava kimi ət də “fiktivni”di. Kartoşkadan ət “istehsal” edənlər xislətini necə dəyişsin ki? Biz xislətimizə xilaf çıxa bilmərik, dünya dağılsa da. Ona görə də “ağıllı təklif” irəli sürürük:
“Cənnətdə yer yoxdur”. Yoxdur? Onda əlavə “raskladuşka” qoyun”.
O dünyanın “məmur”u İnkir-Minkir bu dünydan gedənlərdən daha ədalətli və cəsarətliymiş. Hətta Qanlıgünün üstünə çəmkirmək hünərindədir:
-A kişi, bura sənin üçün 4 nömrəli “Kəndçi bolnitsası” – zaddır ki, sanitarkanın cibinə pul basasan, dəhlizdə əlavə yer düzəldə? Günaha batarsan a… belə danışma!..
Görəsən İnkir-Minkir “Kəndçi bolnitsası”nı görübmü? Fani dünyadakı ağlasığmaz işləklərimizdən necə xəbər tutub? Kimdir bizim sirrlərimizi faş edən? Bəlkə o da fani dünyadan köç edən məmurlardan biridir? Seyid Əzim demişkən, bəlkə o da bizim birimiz? Orada hansı yollarla yağlı vəzifə sahibi olub? Bəs deyirdilər orda pulun rolu yoxdur? Alış-veriş varsa, niyə haqq dünyası deyirlər oraya? Orada da Milli Məclis, səsvermə, kvorum varmı ki, İnkir-Minkiri vəzifəyə təsdiqləyiblər? Vallah, müəmmalar içində itib-batmışam. Ay səni, Mahir Qabiloğlu!
“Cəncəhim”də Hacı Vasimin danışdığı lətifə mənə çox mətləbləri qandırdı. O lətifəni sizə danışmayacağam. Mən Hacı Vasim deyiləm axı. Maraqlanırsınızsa oxuyarsınız. Bircə onu deyim ki, bizim ölülərimiz Cənnətdə atına, ulağına da yer saxlayırlarmış. Cənnətin qapısının ağzını da başqa dinin ölülərinə qıymırlar. Bizim yerimiz ancaq Cənnətiymiş…
Bu dünyada Avropa Məhkəməsini, o dünyada İnkir-Minkiri vecinə almayıb, ancaq Allah deyib duranlar heç dəyişməyibmiş. Əzrayılı görəndə də. Bu fikrə İnkir-Minkir gəlib. O, bizi bizdən yaxşı tanıyırmış. Fani dünyada başına zopa dəyəndə, ağzındakı tikə əlindən alınanda səsi çıxmayanlar haqq dünyasını “Azadlıq meydanı”na döndəriblər…
Mahir Qabiloğlunun gəldiyi nəticəyə görə, fani dünyada Cənnəti elə qələmə veriblər ki, adı gələndə “priton” yada düşür – lüt mələklər, eyş-işrət, şən qəhqəhələr, müşk-ənbər qoxusu, estrada, meyxana, şou-biznes, daha nələr, nələr…
Zorlamaya görə dörd dəfə türmədə yatan, ölümqabağı orasını kəsib spirtə qoyan, qardaşı öləndə orasını qardaşının yoğun bağırsağına gizlicə soxub o dünyaya gətirməyi vəsiyyət edən “kişi” cənnətdə oturub orasını gözləyir. Orada xirurq tapıb tikdirəcək yerinə, əməlini davam etdirəcək…
Qanlıgünün bəzi hünərlərinə görə onu bağışlamaq olar, hətta alqışlamaq da. Qanlıgün tərəfindən şərəf və ləyaqəti alçaldılan məmura Qanıgünün cavabı məni təəccübləndirdi. Jurnalistdə cəsarətə bir bax:
“Ay vəzifəli, sənin şərəf və ləyaqətin var ki? Bir-iki il bundan qabaq vəkillərin bu ali insani xüsusiyyətinə 10 min manat qiymət qoydular. Mən də pulumu verib almışam. Üstəlik iki il də içəridə yatmışam. Deməli bu ali insani xüsusiyyətin mənimdir. Bu da məhkəmənin qərarı. Etirazın varsa, satışa çıxarıram, 50 min ver, qaytarım şərəf və ləyaqətini”.
Həqiqətən fani dünya ucu-bucağı görünməyən alış-veriş dünyasıdır – bazar, yarmarka, “tolkuçka”, “moll”, gecə barı. Hamı nəyinisə satır. ‘Bazar milli əxlaqın güzgüsüdür” (Əlisa Nicat). Haqq dünyasının “polojeniya”sına da fani dünyadan gedən bizimkilər nəzarət edir. Təcrübəliyik. Çox bacarıqlı, idarəetməni əla bilən xalqıq. Yoxdu bizdən…
Jurnalist Qanlıgünün İnkir-Minkirlə uzun söhbəti çox maraqlıdır, darıxdırıcı deyil, önəmli informasiyalarla zəngindir. Nəhayət bildim ki, bu dünyanın gerçəklikləri ilə İnkir-Minkiri agah edən bizim jurnalistlərmiş – “milli satqınlar”. Artıq bütün işləklərimizi bildiyindən İnkir-Minkirdən bəraət almaq imkanımız sıfıra bərabərdi. Bununla belə İnkir-Minkirin ürəyinə yol tapmaq, onu yolundan döndərmək imkanlarımız hələ varmış. Dörd ay qapı arxasında növbədə dayanan Qanlıgün İnkir-Minkirlə “Cənnət saziş”i “imzalamağı bacarmasa da, Cəhənnəmdə vəzifə ala bilir – Tiyanbaşı. Yəqin “gözəl insan” meyarlarına cavab verirmiş göstəriciləri.
Mahir müəllimə görə “gözəl insan” kimdir: “Azərbaycanda pulunu əsirgəməyən, xərcləyən, bir deyəndə iki verən adama “gözəl insan” deyirlər. “Gözəl insan”lar o dünyada da gözəl “yaşayırlarmış”.
Jurnalistikada pul qazanmağın çeşid-çeşid yollarını Qanlıgün İnkir-Minkirə danışır. Heyrətdən İnkir-Minkirin gözləri bərəlir: “siz jurnalistlər dəhşət adammışsınız”. Yazıçı jurnalistin informasiya toplamaq yollarını, “qara piar” üsullarını elə dəqiq və inandırıcı göstərir ki, İnkir-Minkirin fikrinə şərik oluram: “ay Mahir müəllim, siz də lap dəhşətsinizmiş”…
45 yaşında Əzrayılın o dünyaya “oppa”lara apardığı Qanlıgünün fani dünyadakı genişəhatəli, hərtərəfli “yaradıcılığı”ndan bəlli oldu ki, jurnalistika nəhəng və “rentabelli” sahə imiş. Söhbət yaradıcılıqdan, istedaddan, təxəyyüldən getmir, qeyri-adi “istedad”dan gedir….
Fikir İnkir-Minkiri ağuşuna almışdı. Qanlıgün ilk mərhum idi ki, nəşəni onun cibinə polisin atdığını inkar edirdi. Düz fikirləşirdi. Əgər “yaxşı” həmkarları varsa, polisə ehtiyac nəyə gərək? İnkir-Minkir çaşıb qalmışdı: “yoluq bir jurnalist Allahdan çox bilirdi”…
Mahir Qabiloğlu çağdaş ədəbiyyatımızda ən məhsuldar (yeddi ildə 11 kitab müəllifidir və Xalq şairi Qabilin 7 cildlik külliyatının tərtibçisi və naşiridir) yazıçılardan biridir və xarakterlər ustasıdır. “Cəncəhim” romanındakı bir-birindən fərqlənən xarakterlərin hətta heç bir oxşar cəhəti yoxdur. Dili dastan dili kimi sadə, yüyrək və səlisdir, yorucu təfərrüata yer vermir. Əsərdə cərəyan edən hadisələrə folklorla, xüsusilə lətifələrlə elə naxış vurur ki, yaddaşa həkk olunur.
Gülmali müəllim maraqlı obrazdır. Fani dünyanın icra başçısını türmə necə dəyişirsə, zəngin sərvətli məmur haqq dünyasında xeyirxah insana çevrilir. Sən demə türmədə daha mütərəqqi və insani pedaqoji metodlar, tərbiyə üsulları varmış. Azadlıqda hələlik icra başçısının, nazirin, xislətini dəyişdirə biləcək “əxlaq kodeksi” yazılmayıb.
Ürəyimdən belə bir arzumu deyim, təklifmi keçdi. Fikirləşirəm, icra başçılarını, nazirləri, millət vəkillərini, bir sözlə, çinli məmurların hamısını o dünyaya göndərək, xasiyyətlərində, əməllərində, tamahında, varlanmaq ehtirasında, quduz şəhvani hisslərində “korrektə və redaktə” etsinlər, insanlıq, mərhəmət dolsun ürəklərinə və qayıtsınlar bu dünyanı səliqə-sahmana salmağa. Bəlkə cəmiyyət humanistləşər, saflaşar. Yadıma 2000 il əvvəl yaşamış Roma imperatoru Mark Avreli düşdü. O, bu sahədə etalon idi. Ancaq inanmıram ki, filosofların, mənəvi təmizlərin məmur olmaq üçün maddi meyarları çatışsın, qaneedici “dosye”ləri olsun.
Biz də qulp qoymaqda, ayama qoşmaqda ustayıq. O dünyadan gələnin arxasına vedrə bağlayıb içinə də beş-altı içiboş qoz atacağıq ki, ay aman, xortdan gəlib. Onda hamı qorxacaq və rüşvət verəcək, ya da yaltaqlıq edəcək ki, xortdan onu yeməsin…
O dünyadan qayıtmış “korrektəolunmuşlar” şərait dəyişən kimi buqələmuna çevrilməyəcəklər ki?
“Gülmalı müəllim əvvəllər olduğu kimi şikayətçini, ona pənah gətirən rayon sakinlərini qapısından qovmurdu. Əksinə, öz problemləri ilə içində qovrulan, fiziki olaraq heç yana əli çatmayan bu məhbusların qabağına gedirdi. İcra başçısı kimi yox, onlardan biri olan məhbus kimi danışdırırdı, ürək-dirək verirdi. Dolayı yolla problemlərini həll edirdi. Bəzən cibinin də ağzını açırdı. Uydurduğum “İcra başçısı oyunu” yaman xoşuna gəlmişdi. “Heç həqiqi icra başçısı olanda vəzifəmdən belə ləzzət almamışdım” deyə etiraf da edirdi”.
Söz adamı nə qədər saf və sadəlövh olarmış. Doqquz əsrə yaxındır ki, ədalətli şah axtarırlar. Hələ də tapılmayıb. Əlahəzrət sözün bir ədələtli şah yaratmaq qüdrəti yoxmuş…
Romanda iki məqamı qabardıram, ancaq təfsilatına varmıram. Nöyütçü Kərimin “baş barmağı” və komandirin təchizat üzrə müavininin “qudurğanlığı”. Hər ikisi bu gün adi olay olsa da dərinliklərində çox nəsnələr gizlənir. Hər hansı işimizin içindən mütləq “baş barmaq” çıxmalıdır.
Vəzifəyə qalxmağın Azərbaycan “tramplin”ləri: yaltaqlıq, namusunu zibilliyə atmaq, “rəqib”ə arxadan zərbə, badalaq, gürcü İlyanın Moskvada Qafqazsayağı bacarığı, Gülmalı müəllimin “ondan biri prinsipi” və s. Və sairlər o qədər çoxdur ki. Kresloya əyləşəndən sonra onda biri on beşdə doqquz eləmək uğrunda mübarizədə bütün mənəvi kriteriyalara tüpürmək birinci və sairdi. Bir də ən əsas məsələ: “məmurun arvadı göyçək olmalıdır. Çirkindirsə, nazirin 19 yaşlı mamlı-matan “pul sayan” katibəsini almalısan ki, el içinə çıxa biləsən, kübar ziyafətlərdə utanmayasan, arvadının ağappaq barmaqlarındakı, biləyindəki, mərmər sinəsindəki zər-ziba həndəvərindəkilərin gözlərini qamaşdırsın, məmur da özünü bəxtəvər hiss etsin. Onda departament sədri də olacaqsan, nazir müavini də. Onda altı aydan oğlun dünyaya gələcək, nazir bu oğlanı “ata”sından çox istəyəcək…
Nazir Nəsrulla Şeyxzadənin katibəsi Nazlı departament sədri Mustafanın qızıdır, həm də başqa departamentin sədrinin yeni arvadı. Mustafanın ikinci arvadı Gülya nazirin kompüterçisi və “pulsayan” olub. Gülyanın anası da cavanlıqda o nazirlikdə katibə olub. Qohumluq əlaqələrinin “möhkəm”liyinə söz ola bilməz.
“Yeni ceyranlar” axtarışında olan nazirə daha Gülyalar, Nazlılar lazım deyildi. Nazlının atası Mustafa ilə söhbəti mənəvi çürüklüyün pik nöqtəsidir:
-Mənə görə əl dəymədi sənə. Ata, get yaşa, kefini çək. Bəlkə səni nazir müavini də təyin etdirdim. Bir də ki, hər yerdə qürrələn, fəxr elə ki, oğlun da nazirin qanını daşıyır, gələcək nəvən də…
Departament sədri Mustafa katibə qizı Nazlının vasitəsiylə nazir müavini olandan sonra güzgüyə baxır:
“Üç buynuzum var idi. Demə, birini arvadımı boşayanda, ikincisini isə nazirin məşuqəsini alanda qoydurmuşam. Üçüncüsünü də qızım qoymuşdu – nazirin altına yıxılmaqla. Qızım tərbiyə görmüşdü. Amma bu yolla anasının heyfini aldı məndən”.
Aftafalı günləri üçün burnunun ucu göynəyirdi nazir müavini Mustafanın:
“Mağazaları gəzməyə başladım. Hansına girdimsə, güldülər mənə: “Aftafa zəmanəsi çoxdan keçib, ay əmi. İndi heç kim aftafa almır”. Nə qədər axtardımsa tapmadım. Tapsaydım belə, o təmiz adımı geri qaytara biləcəkdimmi? Yox. Çünki bu zəmanəyə mənim kimilər lazımdır – Allahın üz döndərdiyi aftafa görməyən g….r”.
Romanda başqa bir ibrətamiz məqam. İşdən azad olunan nazirin yeni nazir üçün seyfdə saxladığı üç zərfdəki “məmur üçün qızıl qayda”. Əsas məsələ zərfləri növbəyə açmaqdı.
1-ci zərfdə: “Bütün günahları yıx özündən əvvəlki nazirin boynuna”.
2-ci zərfdə: “Günahı yıx işçilərinin boynuna”.
3-cü zərfdə: “Sən də üç zərf hazırla”.
Mahir Qabiloğlü dördüncü “qızıl qayda”nı da “kəşf” edir, məmurlara yol göstərir, “xeyirxahlıq” edir (guya məmurlar o “qayda”nı bilmirlər): “bacardığınız qədər yığın, o qədər pul yığın ki, nəinki ailəyə, hələ dünyaya gəlməyən nəvə-nəticələrinizə də bəs etsin. Vəzifəyə dirilməyə gəlin”. Buna “vəzifənin düsturu” deyir yazıçı.
Romandakı hər biri bir roman çəkisində beş hekayət (bölgü mənimdir – V.O.) cəmiyyətin bütün sahələrini əks etdirir. Mahir müəllimin əsərlərində konkretlik, yığcamlıq əsas yazı manerası olduğundan onları bir romana yerləşdirə bilir:
1. Qanlgünün hekayəti.
2. İcra başçısı Gülmalı müəllimin hekayəti
3. Komandirin hekayəti.
4. Nazir müavinin hekayəti.
5. Xoşbəxtin hekayəti.
Roman ictimai-siyasi-sosial əsərdir. Ölkə tarixinin ayrı-ayrı dövrlərinin problemləri önə çəkilərək zamanın real mənzərəsi yaradılıb. Nazir müavinini qova-qova namərd edənlər, insanları zombiləşdirənlər, şər-böhtan atıb tutanlar, “şeytana papış tikib arxasında deşik qoyanlar” insanları insanlıqdan çıxarmağın dürlü-dürlü yollarını bilirlər. “İqtidarı söyəndə ac, müxalifəti söyəndə tox gəzən” keçmiş müxalifətçi qəzet yazarını millət vəkili təyin edərkən iqtidar nümayəndəsinin yeni millət vəkilinə birinci “məsləhət”i: “Biz sənə demirik ki, hürmə… Hür. Amma qonşu həyətə”. Bu yolla “cəmiyyətin ayranları “qaymağa” çevrilirlər.
Artur Şopenhauerin “asi”liyində böyük həqiqət var: “Bu dünyanı Tanrı yaradıbsa, onun yerində olmaq istəmərəm. Çünki dünyanın səfaləti ürəyimi parçalayar. Yaradıcı bir ruh düşünülsə, yaratdığı şeyi göstərərək ona belə qışqırmaq haqqımızdır: “Bu qədər bədbəxtliyi
və kədəri ortaya çıxarmaq üçün heçliyin səssizliyini və tərpənməzliyini pozmağa necə cəhd etdin?”.
“Cəncəhim”də insanlar iki tipdir. Birincilər – fani dünyanın bütün pisliklərinə bais Nəsrulla Şeyxzadələr (Şeyx Nəsrullahlar ölüləri “dirildirdi”, Nəsrulla Şeyxzadələr isə diriləri diri-diri “öldürürdülər”) və haqq dünyasında da tamahının qulu olaraq “yaşamaqda davam edən , “c
Cənnətin qapısını təpiklə sındırıb içəri soxulan, hələ bir İnkir-Minkirin ağzının üstünə bir yumruq da vuran”, kotecdə yaşayan varlı-hallılar. İkincilər – Şeyxzadələrin, Azadların, Gülmalı müəllimlərin tamahının, vəhşi etirasının, bəd əməllərinin torunda çabalayan bədbəxtlər.
Mahir müəllim bar qadını bədbəxt Xoşbəxtin timsalında həyatın dibindəki bədbəxtlərin halına acıyır. Taleyin ironiyasımı, ya yazıçının, bardakı fahişələrin adı Səadət, Xoşbəxtdir. Onlar və digərləri “xozyayka da evində priton açıb Mama Rozalıq edən” cəmiyyətin üfunətli məzlumlarıdır. Onların atası da, anası da, bacı-qardaşı da Mama Rozadır. Xoşbəxtə atası sahib durmayanda Mama Roza ona “atalıq” eləmişdi.
Xoşbəxtin Qanlığınlə dialoqu iyrənc cəmiyyətə qiyamdır:
– Çoban (Qanlıgün), bir anlıq düşün. Biz pisiksə, onda niyə bizi axtarırlar, yanımıza gəlirlər, evlərinə, bağlarına, saunalara, restoranlara gətizdirirlər, pul verirlər, hələ öhdəliklərində olan arvadlarına “xərcləməli” olduqları bir, iki, hətta üç fazanın hamısını ayırıb bizə “qoşurlar”. Evə gedəndə də arvadlarının yanına batareyaları yatmış girirlər. Eləməsinlər də bunları. Sonda da onların hər şıltaqlığına dözən bizlərin adını fahişə qoyurlar. Çoban, bəs bizi fahişə edənlərə, bizə fahişə deyənlərə nə deyirlər?
– Kişi.
Əsərin kulminasiya nöqtəsi Tiyanbaşı-Qanlıgünün Cəhənnəmdə yeni “vəzifə”sində apardığı islahatlar – “əsaslı struktur dəyişikləridir”dir. Əlinə toppuz verilən, tiyandan çıxıb qaçmaq istəyənlərin başına toppuz vurub tiyana qaytarmalı olan Tiyanbaşı etiraz edir, ölüləri vurmayacağı haqqında “bəyanat” verir. “Cəhənnəm” yazılan lövhəciyi çıxarıb atır:
-Bu gündən buranın adını qoyuram Cəncəhim. Çünki artıq ölülər üçün nə Cənnət var, nə də Cəhənnəm. Artıq hər ikisi eyni şeydir onlar üçün. Siz İnkir-Minkir də əhəmiyyətinizi itimisiniz. Ona görə də fani dünyadakılar üçün yeni struktur yaratmğa qərar verdim. Adını da qoydum CƏNCƏHİM – Cənnət, Cəhənnəm sözlərinin ilk hecasını, İnkir-Minkir sözünün də baş hərflərini birləşdirdim. Alındı – CənCəhİM. Ay İnkir-Minkir, bilirsinizmi bunlar bu vaxtacan niyə dözüblər? Ona görə ki, nə vaxtsa Cənnətə düşsünlər, kef çəksinlər, nə edim, necə edim deməsinlər. Siz də deyirsiniz ki, Cənnətdə yer yoxdur.
Qanlıgün o dünyadakılara “isti hovuzlar, türk hamamları, fin saunaları, quru və yaş parxanalar, cakuzilər tikəcəyinə” söz verir, “Avropa standartlarına uyğun xidmət” vəd edir. Yadıma Millət vəkili təyin edilmək istəyənlərin seçkiqabağı platformaları, çıxışları düşdü. Qanlıgün Cəncəhimin “mer”idir axı. Onun həm də Cəncəhimin “parlament”inin üzvü olmaq istəyində olması təbiidir. Çünki, fani dünyada belə görüb. O dünya da bu dünya kimiymiş. Məmuru da, məzlumu da. Populizm haqq dünyasında da dəbdə imiş…
Tarix təkrar olunur deyənlər necə də uzaqgörəndilər. Mahir Qabiloğlunu iyirmi birinci yüzilliyin Mirzə Cəlilinə, “Cəncəhim”i “Ölülər”ə, Qanlıgünü Kefli İsgəngərə bənzətdim…
V.Q.Belinski yazırdı ki, müasir romanın vəzifəsi – həyatı bütün çılpaqlığı ilə əks etdirməkdir. Mahir Qabiloğlu daha irəli gedərək “Cəncəhim” romanında iki həyatı – fani dünyanı və haqq dünyasını bütün çılpaqlığı ilə təsvir etməyi bacarmışdır. Nə qədər gəlimli-gedimli dünyamız var, bu romandakı mətləblər də, müəllif də unudulmayacaq…
VAQİF OSMANOV.
Yanvar 2021.
Müstəqil.AZ