Qayıt, mənim gülüm, yerbəyer elə,
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.
Qayıt, yerinə qoy Ayı, Günəşi –
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, səhmana sal bu kainatı.
Ağlamaq haqqında yazacam bu gün, qəribə bir ağlamaq… Bir Güneylinin ağlamağı… Köndələn yağışlar kimi fərqli və səlis! Uşaqcasına ağlamaq.
Gözümü açıb, evimizdə atamın dostlarını, saz-söz məclisləri, ədəbi məclislər, aşıqların deyişməsini görmüşəm. Atamın iş yoldaşı Aşıq İbrahim İbrahimzadəni, onun qardaşı Aşıq Əjdər əmini görmüşəm, əlində sazı, ürəyi mum kimi kövrək. Uşaqlıqdan qopuzu sevmişəm, qopuz çalmağı öyrənmişəm.
Yadıma gəlir, Aşıq İbrahim İbrahimzadə dəfələrlə “Siz xoşbəxt adamlarsınız. İran İslam İnqilabı dövründə musiqi qadağan olunmuşdu. Sazı qadınlara verirdik ki, çadralarının altında məclislərə gətirsinlər,” – deyirdi.
O, adicə musiqi azadlığını xoşbəxtlik hesab edirdi. Atamın iş yerinə gələndə, qalın şüşəli eynəyini çıxarıb təbəssümlə, “Ay Ümid, sənə adını Təbrizin aşıqları və mən vermişəm, Ümid… Görürsənmi, necə gözəl addır!”.
***
Sizin hiç babanız öldü mü?
Benim bir kere öldü, kör oldum
Yıkadılar, aldılar, götürdüler
Babamdan ummazdım bunu, kör oldum…
Cəmal Sürəyyanın bu şeiri və şeirdəki sualı mənə qəribə gəlmir. Sizə sual versəm ki, bu vaxtacan film üstündə döyülmüsünüz? – təəccüblənəcəksiniz.
Mən bir film üstündə iki dəfə döyülmüşəm.
İbtidai sinifdəydik, tənəffüsdə Yaşar mənə dedi ki, sinemalara türkdilli bir film gəlib.
Açığı, ona inanmadım. Çünki o vaxtacan İranda Azərbaycan türkcəsində film izləməmişdim. Başladı film haqqında danışmağa: “Filmdə bir aşıq var, sevgi filmidir, qızın adı Saraydı, filmin adı “Saray”dı…” – film haqqında elə gözəl danışdı ki, ağlım məktəbdən, dərsdən uzaqlaşdı.
Dərs başladı, qəfil riyaziyyat müəllimimizə sual verdim ki, Ağa müəllim, “Saray” filminə baxmısız? Sinemalara belə bir film gəlib”.
Elə bil, müəllimi ilan çaldı, başladı məni danlamağa: “Kilas (dərs otağı) belə sualların yeri dəyir, ağılıvı başıva yığ… Mən dərs diyirəm, sən sara-maradan danışırsan…”.
O biri tənəffüsdə Yaşara dedim ki, gedək filmə.
– “Necə gedax? Mədrəsənin qapısı bağlıdı axı” – təəccübləndi. “Aşacağıx, divarı aşarıx” – dedim.
Yaşarın gözləri güldü. Bir neçə dəfə divardan aşıb mədrəsədən qaçmışdıq. Məsələn, Novruz bayramı ərəfəsində dərslər boş keçirdi, biz də mədrəsədən qaçırdıq.
Təbrizin bazarındakı “Fərhəngian” sinemasına çatdıq, sinemanın girişində növbə vardı.
Hər gün bu sinemanın qarşısından keçirdim, ancaq heç vaxt belə izdiham görməmişdim. Qiyamət idi.
Hamı filmdən danışırdı… Növbədə elə adam var idi ki, ikinci dəfə bilet alıb, baxmaq istəyirdi.
Birinci seansın biletləri satılmışdı. Qaldıq ikinci seansa.
Nəhayət, kinozala keçdik, ön sıradakı yerimizdə oturduq.Tum, çips də almışdıq. Yaşar mənə dedi:
– Sən Allah, bax adama, arxaya bax.
– Doğrudan. Bir səndəl (oturacaq) da boş deyil.
Qulaq şahidi oldum, yanımda oturan kişinin ləhcəsi mənə fərqli gəldi. Bir az sonra məlum oldu ki, filmi izləmək üçün Bakıdan gələnlər də var.
O möhtəşəm an!
Aşıqların təriflədiyi “Saray” filmi…
Film başladı…Azərbaycan türkcəsi…
Onda Yaşarın sözlərinə inandım.
Əzizim od yandırmaz,
Yar səni od yandırmaz,
Elə ki, sən yandırdın, a gülüm,
Heç vədə od yandırmaz.
Yədullah Səmədinin ssenarisi və rejissorluğu ilə qeyri-adi bir filmi izlədik. Filmin sonunda Sarayın özünü Arpa çayına atması, Aşıq Çingiz Mehdipurun saz ifası, Aşıq Məhbub Xəlilinin səsi hamının kövrəltdi.
Hamı ağlayırdı… O ağlamaq başqa ağlamaq idi… Ana dilimizcə ağlayırdılar sanki.
O vaxtdan sonra Saray obrazı Güney Azərbaycan qadınlarının müqavimət və kimlik simvoluna çevrildi.
Mədrəsə iki saat əvvəl bağlanmışdı.
Götürüldüm evə.
Anam qapıdaca gözləyirdi. Qulağımdan yapışıb:
– Köpəyoğlu, iki saatdı mədrəsəyə zəng edirəm, nənəyə zəng edirəm, atana zəng edirəm, hardasan sən? – başladı məni şapattamağa.
İndi gəl, izah elə…
Anam döydü, mən ağladım, anam döydü, mən ağladım…
Sabahsı gün də mədrəsədə.
Dekan saldı təpiyinin altına…
O döydü, mən ağladım, o döydü, mən ağladım…
Bəs siz bir film üstündə döyülmüsünüz? – Mən bir film üstündə iki dəfə döyülmüşəm.
…Ağlamaq haqqında yazdım bu gün, qəribə bir ağlamaq… Bir Güneylinin ağlamağı… Köndələn yağışlar kimi fərqli və səlis! Uşaqcasına ağlamaq.
Olsun, acılar xatirəyə çevriləcək, unudulacaq, əsas filmdir, sənətdir, ümiddir. Ümidinizi diri saxlayın, hörmətli Azərbaycan xalqı!