“O gün görürəm ki, Uşaqlar tarix dərsində  səngərdən-səngərə atılan ilk “sülh mesajı”nı müzakirə edir.”-Habil Rzanur Mustafayev…

Müstəqil.Az gənc, istedadlı şair Habil Rzanur Mustafayevin doğum gününü təbrik edir, şairə yaradıcılıq uğurları arzulayaraq, yeni şeirlərini təqdim edir:

Allahım kimisən…

Yatmadığım gecələrdə
Gördüyüm yuxum kimisən.
Bütün varlığım sən idin.
Olmusan yoxum kimi, sən!

Sevişir dərdim başımla,
Nə durmusan,buyur şumla!
Sən onsuz da göz yaşımla,
Yetişən toxum kimisən.

Budur mənim sədaqətim,
Elə safdı məhəbbətim,
Hərdən duam,ibadətim,
Hərdən də ahım kimisən.

Küsürsüzsə,küsün məndən.
İmanımı kəsin məndən.
Allah incıməsin məndən,
Elə,Allahım kimisən.

 

O gün…

O gün görürəm ki,
Bir şinşila bir adamın cızılmış dərisini sarıyır.
Adam da utanır…
O gün görürəm ki,
Yetimlər evi boş qaldığından zarıyır.
O gün görürəm ki,
Qızılgül kolları qəfildən insanlara atəş açıb,
Adamlar qəlpə-qəlpə ləçəklərə boyanıb.
O gün görürəm ki,
insanlıq insanlardan tez oyanıb,
Bütün savaşlar dayanıb.
O gün görürəm ki,
Atom “yox, parçalanmıram!” – deyir
O gün görürəm ki,
Mərmi “lülədən ayrılmıram” deyə üsyan edir.
O gün görürəm ki,
Neft quyularından ağ göyərçinlər çıxır.
Hərəsi dimdiyində bir düyü Afrikaya uçur.
O gün görürəm ki,
Bir budda müsəlman uşaqlara “uşaq bişirib yeyən” divin nağılını danışır.
Onları qorxutmamağa çalışır.
O gün görürəm ki,
Uşaqlar tarix dərsində
səngərdən-səngərə atılan ilk “sülh mesajı”nı müzakirə edir.
O gün görürəm ki,
Bir terrorçu insanların sıx olduğu meydanda, ilk yeni il fişəngini havaya uçurur.
O gün görürəm ki,
Hitlerin gizlədilmiş büstü
47 milyon parçaya bölünüb dünyadan üzr istəyir.
O gün görürəm ki,
Tankların üstünə “AMBULANS” yazılıb.
O gün görürəm ki,
Sonuncu şəhid məzarı qazılıb.
O gün görürəm ki,
Xəritələrdə sərhədlər silinib.
O gün görürəm ki,
Müəllim yeni ev tapşırığı verib:
Səhifə 2017, tapşırıq –
“Tanrı necə 7 milyarda bölünüb?..”

 

Elə qəşəng olur ki…

Elə qəşəng olurki ayrılığın səhəri…
Çarpayın da tərtəmiz,
Bicə qırışı olmur.
Dünya dediyin şeyin, səninlə işi olmur.
Otaqın səndən küsür.
Yatağın səndən küsür.
Xəyalındakı ailən, uşağın səndən küsür.
Sən isə öz özündən,
Hər kəlmən, hər sözündən,
Lap həyatın özündən, elə rahat küsürsən.
Bir metr ip gəzirsən!!

Təsəlli başdaşları papiros kötükləri.
Aşıb daşan külqabı.
Gülündən qopardılan, yanı çatlaq gülqabı….

Ağzın da zəhər dadır.
Mədənin qıcqırtısı.
Lap təzəcə doğulmuş,
O körpə ayrılığın, göz yaşı, hıçqırtısı..

Elə qəşəng olurki ayrılığın səhəri.
Ölümlə arandakı məsafə bircə qarış.
Daxilində anandan,
Daxilində atandan,
Daxilində bacından, nə olar ölmə deyə,
Hönkürtülü yalvarış.

Elə qəşəng olurki ayrılığın səhəri.
Səni səndən gizləmir.
Nə günəş şəfəqləri,
Nə səhərin saflığı, bu qəmi təmizləmir!

Yarıaçıq pəncərə…..

Otaq səndən üşüyür.
Gecə yuxusuz olan,
Gecə sevgisiz qalan,
Yataq səndən üşüyür.

Üşüyər dodaqların.
Ölüm səndən utanar.
Elə zülüm çəkərsən,
Zülüm səndən utanar.

Elə qəşəng olurki ayrılığın səhəri.
Sonsuz hesab etdiyin bir sevginin sonusan.
Daha başa düşürsən,
İxtisasın ayrılıq,
Sən öz ixtisasının qırmızı diplomlusu,
Ayrılıq məzunusan!

Elə qəşəng olur ki……

Share: