“O gündən bu günə “böyüyəndə nə (kim) olacaqsan?” sualının bir cavabı var idi…Amma, mən bunu heç kəslə bölüşmürdüm..”- Mətanət Qüdsi yazır…

Hacı Zeynalabdin Tağıyev

 (Mətanət Qüdsi)

    Məktəb illərində aldığım ən böyük dərsim 5-ci sinifdə “Ata Yurdu” adlı fənndən olduğunu desəm yanılmaram. O kitabdan cəmi bir dərs mənim bütün həyatıma, hədəflərimə təsir etdi. Müəllim dərs ili boyunca müəyyən aylar sonunda ümumiləşdirici dərs elan edirdi. Fənn boyu keçdiyimiz bütün dərslərin adını biletlərə yazıb hazırlayar, onlara uyğun bizi qiymətləndirərdi. Bu dəfə biletləri hazırlamağı mənə tapşıran müəllim, sanki qismətin vasitəçiliyini yerinə yetirirdi. Uşaq ağlımla, sevdiyim dərsin mənə düşmə ehtimalının çox olacağı ilə biletlərdə necə işarə qoyacağımı düşündüm. Ağlım yalnız “Xeyirxah insan” adlı mövzuda qalmışdı. Bu dərsi oxuyanda, bax budur axtardığım. Mən özümü və nə istədiyimi tapdım demişdim.

Evə gəldim, biletləri, ardınca da planımı hazırladım. Müəllim bilet çəkməyə ilk məni dəvət etsə, təkcizgili dəftərin baş hissəsi olan enli xətli bileti çəkəcəkdim. Nəticədə, arzuma çatıb, kitabın sağ səhifəsindən başlayan, enli burma bığları, papağı şux, sinəsi medalla-ordenlərlə dolu olan kişi haqqında danışacaqdım. Indi, yazdıqca xatırlayıram ki, düşüncənin gücünə ta, uşaqlıqdan inanırmışam. Biletləri stolun üstünə sərib, xəyal gücümü işə salırdım ki, yaşca böyük qonşumuz bizə gəldi. Onun yolunu mən davam edəcəyim üçün bu dərsi də mən ifadə edib danışmalıydım. Əslində, bu saat o dərsdən sizə danışmaq istəsəm, bacarmayacam. Çünki, heç bir cümlə xatırlamıram. Yadımda qalan və bütün həyatıma hopan bir həqiqət var idi. O, insan H.Z.Tağıyev idi və mən onun davamçısı olmağa qərar vermişdim. Daha doğrusu, bu qərarı hardasa çoxdan qəbul etmişdim, lakin bənzədib, ifadə edəcək insan modeli tapmamışdım.

O gündən bu günə “böyüyəndə nə (kim) olacaqsan?” sualının, bir cavabı var idi: H.Z.Tağıyev. Amma, mən bunu heç kəslə bölüşmürdüm. Çünki, onu ifadə etməyi bacarmırdım. O oxuyub, danışdığım dərsi demək olar unutmuşdum. Yadımda qalan mavi üzlü “Ata Yurdu” kitabı, sağ səhifədə, ordenli, bığlı kişi və bir söz: Xeyirxah insan…

Bu arzuya çevrilən düşüncəni, xəyalən 9 il daşıyıb yaşatdım. Özümlə bərabər bu yaşıma gətirdim. Günlərin biri “Gənc Tağıyevçilər” birliyinə rəhbərlik edən biri ilə tanış oldum. Yaradanı göndərdiyi işarə kimi qəbul etdim. Ümid qığıcımları tərpəndi daxilimdə. Üstündən çox qısa zaman keçmişdi, bizi kollektiv şəkildə Azərbaycan Milli Tarix Muzeyinə dəvət etdilər. Biz yaradıcı gənclərin sərgisi bu dəfə bu tarixi məkana rast gəlib burada qərar tutmuşdu. Nə yazıq mən orda öyrəndim ki, muzey daxilində H.Z.Tağıyevin ev muzeyi yerləşir. Nə yalan deyim, bunu heç özümə yaraşdırmadım. Özümü danlamağımı orda belə təxirə salmadım. Buna baxmayaraq, sevincimin həddi məni 50-dən çox insan arasından alıb 9 il əvvələ apardı. İçimdə elə bir hiss yarandı ki, sanki, birdən-birə arzularıma on addım yaxınlaşmışam. Gözümü açdım ki, adamların içində it-bat olmuşam, bir xanım isə gəzərək Tağıyevdən danışır. Bütün gördüklərimi yenidən görəcəm ümidi ilə, 9 il əvvələ qayıtdım. O gün mənim üçün bu özəlliyi ilə digər yoldaşlarımdan daha çox sevinməyimə səbəb oldu. Tağıyevlə bağlı olması üçün illərdir məni özünə hakim etməsi öz yerində, buranın strukturu, dəyəri, sərvəti, ən əsası milliliyi məni özünə daha da bağladı.

Qərara gəldim ki, bura bir daha yalnız başına gəlməliyəm. Qərardan çox bunu borc bildim desəm doğru  olar. Yol boyu dostumla bu haqda xeyli danışdıq. Hətta hələ planı belə olmayan evimin təmiri, dizayn forması haqda qərarlarımı və necə milliliyə bağlı olduğumu, bu kimi arzularımdan söhbət açdım. Sonra səs-küydən uzaqlaşıb pəncərədən içəri soxulan küləyə qoşulub, daxilən onlardan çox uzaqlaşdım. Mən təxminən iki əsr öncəyə, Tağıyevin dostu olmağa getmişdim. Getdim onun məsləhətlərindən gətirim bu dövrə, onun nəsihətindən yazım. Onun deyəcək çox sözləri vardı, həm də çox. Elə bütün bunlar yenidən qaytardı məni onun nəfəsi toxunduğu, dabanları dəydiyi bu otaqlara…

Bir neçə gündən sonra mən, yenidən  Milli Azərbaycan Tarixı  Muzeyinə getdim. Muzeyin binasını görüncə, sanki göz bəbəklərimin sevincdən böyüdüyünü və məni yavaş-yavaş həyəcan bürüdüyünü  hiss edirdim.

Artıq mən bu sehirli aləmə, Milli Azərbaycan Tarixi Muzeyinin  binasına daxil oluram. Çox isti və mehribanlıq dolu  olan bu qarşılama isə məni bura daha da çox bağladı.  Burada göstərilən  isti münasibətdən hiss edə bilirdim ki, Tağıyev ruhu da  şad olaraq,  bizim aramızda dolanır.

Elə bil ki, ondan xəbərsiz,  bütün hərəkətlərini izləyərək, onun ardınca gəzirdim. Gəzdikcə ona bir az da tamaşa edir, yaxınlaşır, dostlaşırdım. Bir kişinin bu boyda saraya başçılıq etməsi, bu qədər işlərə zamanını ayırıb hər birinə ayrılıqda nəzarəti saxlayıb uzaqgörən olması məni heyrətə gətirirdi. Qoyub getdiyi hər bir nöqtədə onun xarakterini oxuyurdum.  Sanki , hər yanda özündən bir parça qoyub getmişdi Tağıyev:

Məncə bunu oxumaq, görmək elə də çətin deyildi. Sadəcə biraz diqqətli olmaq kifayət edirdi ki, xalq üçün bu qədər fədakarlıq göstərən, xeyirxah insan adını tarixə yazıb gedən birini hiss edəsən. Adam, bunu kimlərdənsə alıb-oğurlayıb etməmişdi. Özündən qıyırdı, pulunun çoxluğu gözlərini bağlamamışdı. Xarakterini dəyişməyi bacarmamışdı. Tox qarına acları düşünəcək qədər böyük idi. Onu izləməyə davam etdikcə illər öncə aldığım dərsin davamını öyrənirdim.

Bu H.Z.Tağıyev davamçısı olmaq eşqidir, anlayışıdır. Amma ruhuna bağlı yazmaq sevdası da məni rahat buraxmır. Tağıyev haqqında hiss etdiyim hər şeyi cümlələrə çevirib tarixin bir küncünə yazmalısan deyir. Mən axı nə karəyəm. bunu  etməliyəm. Onlar məni yazıçı kimi qəbul edib istədiyim bütün suallara cavab verdilər. Tağıyev varisini, Azərbaycan tarixinin sərvətini qoruyan  insanlar kimi,  bu fikrimin onları necə sevindirdiyini də açıq-aşkar görmək olurdu. Bunun da şirin və özünəməxsus bir dadı var. (Tutun yaşayın həyatın bu məqamlarını. Həyat bu məqamlardan ibarətdir)

Mənə bələdçilik edən  isə Muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi işçisi Sahibə xanım sona qədər mənim suallarımı təmkinlə cavablandırdı. Mən isə sanki, “Sehirli xalat”ımı geyinib  185 il əvvələ, H.Z.Tağıyevin inamlı baxışları və qərarlı addımları atılan o saraya qayitmişdim.

Onu da qeyd edim ki, bu əzəmətli bina XKS-nın 31 mart 1936-cı il qərarına əsasən Azərbaycan Dövlət muzeyinin yenidən qurulması, tarix profilli muzeyin yaradılması və onun Azərbaycan Tarixi Muzeyi adı ilə yenicə təşkil edilmiş İttifaq EA-nın Azərbaycan filialına verilməsi ilə başa çatır. Muzeydə hal-hazırda 6 şöbə, Muzey əşyalarının bərpası labaratoriyası, 12 fond, 4 qrup və kitabxana fəaliyyət göstərir. 2016-ci ildə Azərbaycan Xalq Cüumhuriyyəti bölməsi fəaliyyətə başlamışdı. Muzeydə Naxçıvan, Gəncə, Xocalı, Qəbələ, Mingəçevir və digər rayonlardan olan dəyərli tarixi materiallar saxlanılır.

Əslində, Milli Tarix muzeyi haqqında ayrıca aylarla danışmaq və yazmaq olar. Bütün bunlar axtardıqca aşkara çıxan dəyərlərimizdir.

Mən isə diqqətinizi daha çox muzey içində, muzey adlandırılan, H.Z.Tağıyevın xatirəsini əbədiləşdirmək məqsədi ilə onun yaşayış mülkündə yerləşən  9 otaqdan ibarət Tağıyevin xatirə muzeyinə yönəltmək istərdim.

 

İş otağı

 

İlk başdan gözlərimi onun iş otağında gəzdirmişdim, sol yanda divardan asılmış fırtınalı dəniz mənzərəsində bir xeyli dayandım. Elə bu başdan ortaq nöqtələrimizi tapmağa başlayırdım, otağın səliqəli düzülüşü və stolunun qarşısında yağlı boya ilə qalın kətan üzərinə çəkilmiş ayaqüstə məğrur duruşlu portretinə rastladım. Tablodan belə, nidalı: mən Hacı Zeynəlabdin Tağıyevəm deyirdi.

Onun divarları qırmızı ağaclardan düzəlmiş paralellərlə və naxışlı tünd yaşıl divar kağızı ilə bəzədilmişdir. Burda Hacının özünə məxsus kitab şkafı, yazı stolu, kreslo, stul və dolabla yanaşı köhnə ailəvi foto albom əsasında hazırlanmış digər əşyaları vardır. Elə bu otaqda hər səhər Hacının köməkçiləri ona yerli, Rusiya, Avropa, eləcə də Şərq ölkələrində çıxan onu maraqlandıran qəzet və jurnalları oxuyardı. Hacının öz şəkil kolleksiyasında İran hökümdarları, Nadir Şah Əfşar və Fətəli Şah Qacarın, solda isə Rusiya İmperatoru II Nikolayın və onun xanımı Aleksandra Fiodorovnanın portretləri asılıb. Pəncərə ilə üzbəüz isə rəssam Ayvazovskinin “Dənizdə fırtına” adlı əsəri asılıb. Hacının İran şahı Müzəffərəddinlə görüşünü (1902-ci il) əks etdirən portret isə yaşadığı günlərdə olduğu kimi öz yerindən asılıb. Yazı masası ilə üzbəüz portretini görmək olar. Bakıda orta texniki məktəbin tikilməsində göstərdiyi dəstəyə görə şəhər duması Tağıyevin portretinin sifariş edilməsi qərarını vermişdir. Əsəri 1912-ci ildə görkəmli rəssam İ.Brotski çəkmişdir. Burda Tağıyevin təltif edildiyi bütün medal və ordenlər əks olunmuşdur. Onlar arasında Rusiyanın “Müqəddəs Stanislav ordenləri”, “Səyinə görə” 3 qızıl medal, İranın “Şiri xuşrid ordenı”, Buxara Qızıl Ulduzu vardır.

 

Şərq zalı

 

Sarayın iki ən böyük zallarından olan qədim oriyental ornamentlərini özündə birləşdirən Şərq zalıdır. Burda qəbullar, rəsmi müşavirələr və təntənəli mərasimlər keçirirdi. Qapıları qoz, fıstıq, armud ağaclarından hazırlanmış Şərq zalı xüsusi zövqlə bəzədilib.. Zalın müxtəlif hissələrində rast gəlinən müsəlman memarlığında geniş işlədilən 6 guşəli ulduz Süleyman peyğəmbərin üzüyünün qaşı formasındadır. Inanca görə o, insanı pis nəzərdən qoruyur.  Bura tamam başqa aləm idi. Insan səs etməyə ehtiyat edirdi, bu sehirli aləmə toxunar deyə. Hər bir yanı incəliklə işləməli, insan boyundan 2-3 dəfə hündür qapılar, ovulmuş taxtalarla əhatə olunmuş bəstəboy arakəsmələr, şaquli, ensiz güzgülər, rahatlıq verən rənglər və açıq parket. Tən ortada böyük stol stullar, üzərində nadir görünüşlü əşyalar.

Zalın solda yerləşən hündür güzgüləri ilə qarşı-qarşıya ucalan pəncərələr salona təbii işıq saçırdı. Xüsusən, pəncərədə diqqət çəkən şüşə arasına ərəb hərfləri ilə H.Z.Tağıyev, tavana isə “La ilahə illallah” kəlimələrinin yazılması idi.

Pəncərələrin qabağında yerləşən iki ağ-qara royal bir daha H.Z.Tağıyevin incəsənətə, yaradıcılığa necə bağlı olmağından xəbər verir. Bütün bunların üstünə bir də başımı qaldırıb göyə baxsan necə təkrarsız və əvəzi olmayan dəbli naxışlar əks olunub.

Bir neçə quran ayələrini tavana həkk etməsinə, yaradana inamı olduğunu, ona iman gətirdiyini də görmək olurdu. Bundan əlavə onun vəsaiti ilə Müqəddəs Quran kitabı 3 cilddə “Kəşfi heqaiq” (Həqiqətlərin kəşfi) adı ilə Azərbaycan dilinə tərcümə edilib və hal-hazırda həmin Quran kitabı muzeydə saxlanılır.

Bu salonda nümunə kimi öz yerini alan baş tərəfdə xüsusi ayrılmış yerdə muğam üçlüyü qərar tuturdu. Qonaqları necə qarşılamasını, evinin ən gözəl guşəsində onların rahatlığını təmin edəcək bütün xüsusi qulluqlar, verdiyi ziyafətlərin növləri, özünəməxsus şöhrəti, hər dəfə fəxrlə nümunə göstərdiyi muğam üçlüyü, hər addımında milliliyin nümayişi ona olan bağlılığımı daha da gücləndirirdi. Muğam üçlüyünün səsi, şüşələrin şaqqıltısı saraya yayıldıqca, məni ən dərin duyğuların girdabına aparır, gözlərimin parıltısı saraya yayılan səsə qoşulub, firlana-firlana sarayın ən xırda detallarını belə hərəkətə gətirirdi.

Həmçinin həmin guşədə qonaqların sərbəst şəkildə oturması, dincəlməsi üçün oturacaqlar, yumşaq divan  yerləşirdi. Ümumən Şərq zalının bəzəklərinə 9 kiloqram qızıl tozu işlədilmişdir.

 

Kitabxana

 

Qonaqları qəbul etdiyi çilçıraqlı salona qayıtsan bu dəhlizin solu səni başqa hüzurlu bir aləmə aparır. Burda onun çox rahat kitab otağı, özünəməxsus kitabxanası vardı. Bir birindən aralı məsafədə yerləşən kitab şkaflarında müxtəlif kitablar yer almışdı. Bu kitabxanadakı mənzərəyə baxdıqca o qəhvəyi rəngdə qalın parçalarla bəzədilmiş stulda oturmuş Tağıyevi düşünürəm. Əlini stola qoymuş, diqqətlə oxucusunu dinləyirdi. Boyaların verdiyi rahatlıq hər otaqda olduğu kimi hündür pəncərələrdən düşən işıq insan ruhunu dincəldirdi. Ayrıca hər otaqda xırda və həssaslıqla yanaşılan naxışlara baxmadan, ən azı hər biri üzərində bir qədər dayanıb tamaşa etmədən keçmək qeyri mümkün idi.

Oxuması və yazması olmayan bir insanın belə kitabxanasının olması onun necə dərin bir insan olmasını bir daha sübut edir. Məktəb oxumadan bir insanın hər şeyə bu qədər ustalıqla yanaşması doğuluşdan arif olması ilə bağlıdır. Kitabxanasında olan kitabları vaxtı vaxtında oxutduran Tağıyev hər gün oxunulmasına, dünən kitabın hansı səhifəsində, hansı cümlədə qaldığını söyləyirdi. İnsan beyni dayanmadan inkişaf etdiyi XXI əsrdə bir saat əvvəl oxuduğumuz kitabı əlfəcin olmadan unuduruq.

Tağıyevin “Oxuyun!” -deyə qoyub getdiyi mirasının da biri budur. Görəsən neçə insan dərk edir bu tarixə sancılı mesajları, kim dəyərləndirir, kimlər? O, söyləmişdir ki, “Bir oğlan uşağını təhsilsiz böyütmək cəmiyyətdə bir savadsız insan böyütməkdir, bir qızı təhsilsiz böyütmək isə bir ailəni savadsız böyütmək, cəmiyyətə savadsız bir ailə vermək deməkdir”. Onun söylədiyi bu dəyərli fikri indi biz nə yazıq ki, lazımi şəkildə bacarmırıq.

H.Z.Tağıyev maarifçiliyin tərəqqisi üçün misilsiz səy və xidmətlər göstərmişdir. Onun vəsaiti hesabına görkəmli yazıçı və şairlərin, tarixçilərin əsərləri çap olunmuşdur. Tağıyev “Kaspi” qəzetini almiş, onun sahibi olmuş, quranı Azərbaycan dilində ilk dəfə həmin qəzetin nəşriyyatında nəşr edilmişdir və həmçinin onun kitab şkaflarında Rusiya İmperiyasının qanunlar toplusu saxlanılır.

Bilyard otağı

 

Hər bir işə zaman ayırıb, hər işi vaxtında yerinə yetirən Tağıyev istirahətini də unutmurdu. Kitabxanasından  bir addım irəli daxil olmaqla artıq bilyard otağına keçirdin. Bu otaq da, öz sakitliyi və qapalılığı ilə digərlərindən fərqlənir və arxası hündür gön-dəri kreslolar və xüsusi quruluşlu çilçıraq da otağı tamamlayır.

Yemək otağı

 

Sütunlu tağların arasından qayıdıb solda yerləşən yemək otağına keçirsən. Otağın divarlarına məxməri-ipək parça çəkilmiş ortada uzun dördbucaqlı masa və ətrafında oturacağı məxmərdən olan stullar düzülüb. Buxara əmrinin hədiyyəsi olan gümüşdən hazırlanmış üstü minalı qab dəsti burada nümayiş olunur. Şkaflarda H.Z.Tağıyevın Fransadan gətirdiyi, üzərində özünün venzeli olan xörək dəsti, gümüş bıçaqlar, billur qədəhlər qoyulub. Həmçinin otaqda qoz ağaçından gözəl ornamentli böyük bufet yerləşir.

 

Məlumat otağı

 

Ordan həmən irəli Tağıyevin ayaq üstə portreti toxunmuş xalçanın asıldığı, eyni zamanda Tağıyevin tərcümeyi halı, ailəsi haqqında məlumatlar yazılıb asılmış otağa aparırdı. Bütün bunlarla yanaşı, bu otaqda şüşələr altında yazılı olaraq saxlanılmış səfərləri və gördüyü işlərlə bağlı məlumatlar, fotoşəkillər vardır.

Bildiyimiz kimi, Tağıyev 1838-ci ildə İçərişəhərdə başmaqçı ailəsində anadan olmuşdur. Anası Ümmə xanım Zeynalabdinin 10 yaşında vəfat etmişdir. 10 yaşında bənna yanında usta köməkçisi olur. 12 yaşına çatanda daş yonur. 15 yaşında bənnalıq etməyə başlayır. Sonra bir müddət tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. Tağıyev müəyyən vəsait toplayıb 20 yaşında ev tikintisi və daş yonma işləri təşkil edir. Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı Qızlar Gimnaziyasının binasında onun dəsti xətti hiss edilir.

Müəyyən hadisələrlə bağlı Tağıyevin doğum tarixi dəqiq məlum deyil, amma bu tarixin 1823-1838-ci illəri əhatə etdiyi bəllidir. Onu da qeyd edim ki, Nəriman Nərimanov 1900-cü ildə yazdığı tərcümeyi-halda Tağıyevi 1838-ci il, 25-30 yanvar aralığında olan gündə doğulduğunu qeyd etmişdir.

H.Z.Tağıyev iki dəfə ailə qurmuşdur.  Onun birinci yoldaşı öz əmisi qızı Zeynəb xanım idi.  Zeynəb xanımdan iki oğlu, bir qızı dünyaya gəlmişdir. Oğlanları – İsmayıl, Sadıx və qızı Xanım. Həyat yoldaşı Zeynəbin ölümündən sonra  o, 1896-ildə yenidən evlənmişdi.

İkinci həyat yoldaşı  isə məşhur general-leytenant Balakişi Ərəblinskinin qızı Sona xanım olub. Ərəblinskinin iki qızından böyüyü Nurcahan xanım Hacının birinci arvadından olan oğlu İsmayılın arvadı idi. Hacı oğlugildə olanda Sona xanımı

görüb bəyənmişdi. Sona xanımdan Tağıyevin üç qızı, iki oğlu olmuşdu. Qızları – Leyla (sonralar Şəmsi Əsədullayevin oğluna ərə getmişdi), Sara və Sürəyya, oğlanları – Məhəmmədkazım və  Məhəmmədtağı. Məhəmmədkazım Lənkəranda “Dikaya diviziya”da xidmət edirdi. Orada silahla ehtiyatsız davranış nəticəsində silahdan açılan güllə onu ölümünə səbəb olmuşdur. Məhəmmədtağı isə xəstəliyə tutularaq dünyasını dəyişmişdir.  H.Z.Tağıyev son nəfəsini  Mərdəkanda olan bağ evində verir. O, 1924-cü il sentyabrın 1-də axşam vaxtlarında vəfat etmişdir. Onun dəfninə çox böyük izdiham toplanmışdı.

Məlumdur ki, H.Z.Tağıyev məhz neft sahəsinə sərmayə qoyaraq, böyük uğurlar əldə etmişdir.

Beləki, 1872-ci ildə neftli torpaqlar hərraca qoyularkən Tağıyev də torpaq icarəyə alır. Aldığı torpaqda uzun illərin zəhmətindən sonra neft fontan vurur.  Məhz bundan sonra H.Z.Tağıyev milyonların sahibinə çevrilir. Bir çox zavod və fabriklərin qurucusu olmaqla, minlərlə ailənin işlə təmin olunmasına şərait yaradır. 1882-ci ildə Tağıyev 1-ci gildiya tacir rütbəsinə layiq görülür. 1896-cı ildə onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə nail olur. 32 miliyon put (512 kq) neft hasil edir. 1897-ci ildə neft mədənlərini Britaniya şirkətlərindən birinə satan Tağıyev qeyri-neft sektoruna sərmayə qoyur. Onun inşa etdirdiyi Bakı Toxuculuq Fabriki Azərbaycanda yeni istehsal sahəsində başlanğıc oldu. Toxuculuq Fabrikini xammalla təmin etmək məqsədilə Tağıyev Yevlax rayonunda pambıq əkini üçün əkin sahəsi alır və 1909-cu ildə Cavadda pambıq təmizləmə zavodu tikdirir. 1890-cı ildə balıq sənayesinə güclü sərmayə qoyan Tağıyev o balıq məhsullarının saxlanmasını təmin etmək üçün Mahaçqala şəhərində soyuducu, buz istehsal zavodu və çəllək zavodu inşa etdirmişdir. 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək Bakıda ilk qızlar məktəbi tikdirir. Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Binanı 1898-ci ildə tikintisi başlayıb, 1900-cü ildə isə tikinti başa çatdırılmışdır.

İlk xeyriyyə cəmiyyəti isə 1905-ci ildə yaranmış “Müsəlman Xeyriyyə Cəmiyyəti” olub. Bundan başqa “Nəşr və Maarif”, “Nicat” cəmiyyətlərinin yaranmasında H.Z.Tağıyevin yaxından köməyi olub.

Bildiyimiz kimi, H.Z.Tağıyev haqqında xalq arasında bir çox deyimlərə rast gəlinir. Bunlardan daha çox yayilanını sizlərə xatırladaraq sual vermək istərdim. Deməli, H.Z.Tağıyev Almaniyada səfəri zamanı bahalı restoranların birinə girir. İçəri girib künc tərəflərin birində əyləşir. Üzü başı saqqallı və çox sadə olduğu üçün ofsiant Tağıyevi dilənçi zənn edir və ona yaxınlaşmır. Bir müddət keçir, ona yaxınlaşmadığını görüb çıxıb gedir. Sonra restoran müdiri xəbər tutur ki, həmin şəxs Azərbaycandan gəlmiş milyonçu Hacı Zeynəlabdin Tağıyevdir. Həmən onu axtarıb tapır və restorana dəvət edir. Onun üçün 20 nəfərlik süfrə təşkil edir və ondan üzr istəyir. Tağıyev isə ona belə bir sual verir. Belə bir süfrənin bir günlük qiyməti nə qədərdir? Restoran müdiri hesablayıb cavab verir. Bəs bir həftə? Müdir yenə hesablayıb deyir. Tağıyev təkrar soruşur bəs bir aylıq, bəs bir illik? Yenə hesablayıb deyir. Sonda bəs 100 illik? Bu cavabı da alınca Tağıyev restoran sahibi ilə 100 illik müqavilə bağlayır. Müqavilədə qeyd olunur ki, 100 il müddətində bu restorana gələn hər bir azərbaycanlı belə bir süfrədə, bu restoranda pulsuz yeyib-içəcək. 2011-ci ilin yanvar ayı Almaniya səfirliyindən Azərbaycana məktub gəlir. Məktubda qeyd olunur. 1911-ci ildə sizdən olan bir vətəndaş bizimlə belə bir müqavilə imzalayıb. İndi həmin müqavilənin müddəti bitir. Bu müqaviləni uzadacaq biri varmi? İndi mən sual verirəm. Varmı?

Suallar başımda gəzməyə davam edirəm. Növbəti yol bəzək və yataq otağı ilə davam edir.

 

Yataq otağı.

 

Bu otağı xüsusi edən elementlərdən biri orijinal qapıların və qapı tutacaqlarının olmasıdır. Otaqda olan əşyalar Tağıyevin öz zamanında olduğu kimi foto əsasında hazırlanaraq düzülmüşdür. Ardınca gələn və bir qadın olaraq diqqətimi çəkən bəyəndiyim zal “Güzgülü zal”dır.

Buduar (Güzgülü zal)

 

Bu zal Tağıyevin 2-ci həyat yoldaşı Sona xanımın otağı idi. Yataq otağının sağ tərəfindəki xüsusi orjinallağı ilə digərlərindən fərqlənən qapı, Sona xanımın bəzək otağına açılır.

Mən burda Sona xanımın hüzurunda olan otağı tamaşa etdikcə bir qadının necə sevildiyini, necə yaşadığını anlayırdım. Qadına verilən dəyər, qadın fikirlərinə olan sayğı, anlayış bu otağın hər bir bucağında parıltı ilə göz qamaşdırırdı. Ona məxsus sevgi divar kağızlarına dönüb otağın 4 tərəfini bürümüşdü. Otağın tən ortasında günəşə bənzər şəfəqli  tirmo və ətrafında dairəvi yumşaq oturacaq otağa ayrı bir rəng qatmışdır. Həmçinin tavan fiqurlu güzgülü lövhəçiklərdən quraşdırılmış, divarlar rəngarəng naxışlarla bəzədilmişdir.

Mərkəzdə orijinal dəyirmi divan və onun üstündə isə lampa üçün xüsusi yer vardı. Dördguşəli, naxışlı stullar və yumşaq kreslo da öz yerini almışdır.

 

Bəzək otağı

 

Güzgü qarşısında məmnunluqla bəzənib həmin yerdə yaslanıb xanım-xatın əyləşməsi bütün bu mənzərəni tamamlayırdı. Mən otağın hansı bucağına baxırdımsa orda sevgi görürdüm.

Sonda, qeyd etməliyəm ki, sözün əsl mənasında insanın ruhunu oxşayan, zehnini təzələyən bu sehirli məkandan ayrılmaq məcburiyyətində qalsam da özümü çox xoşbəxt və zəngin ruhda hiss edirdim.

Bu gözəl memarlıq əsəri milliyətcə polyak olan İosif Qaslovskinin layihəsi əsasında ərsəyə gəlmişdir.

Bir vətəndas olaraq, ölkəmizin gündən-günə inkişaf etməsi məni qürurlandırır. Bununla fəxr edirəm. Lakin bu inkişafda mən çox az hallarda milliliyi hiss edə bilirəm. Biz özümüzü unuduruq, bəzən inkişafı özümüzdən qaçmaqda görürük. Biz azərbaycanlıyıq. Bizim öz keçmişimiz, öz keyfiyyətlərimiz, bizi biz edən öz dəyərlərimiz, bizə məxsusluğumuz var. Biz bunları unuda bilmərik, dana bilmərik, bunlardan qaça bilmərik. Bizi bir edən dəyərlərdən qaçsaq birləşə bilmərik. İnkişafın ən yüksək pilləsinə çatsaq belə. Özümüz olaraq ucalmalıyıq. Çünki, bizi fərqləndirən milli tariximiz və dəyərlərimizdir.

Eynən, milli əzəmət, şanlı tarix geyinmiş bu möhtəşəm bina kimi.

 

Müəllif: Mətanət Qüdsi

Share: