Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın örnəkyaradan qürurverici planetar humanizmi bir çox ölkələrin elmi-ictimai, humanitar-sosial həyatında dərin izlər buraxıb. Mehriban xanım ictimai xadim, nüfuzlu dövlət adamı, sülh və xeyirxahlıq çarçısı, eyni zamanda, nümunəvi qayğıkeş xanım kimi müxtəlif ölkə və xalqların ictimai-humanitar həyatında mühüm töhfələrə görə, dərin ehtiramla qarşılanır. Misilsiz xidmətlərinin və bənzərsiz yorulmaz fəaliyyətinin saysız ölkələrin ən yüksək fəxri adları və təltifləri ilə mükafatlandırılması Mehriban xanımın beynəlxalq səviyyədə parlaq humanist obrazını təcəssüm etdirir.
Mehriban xanımın fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla dünyəvilik əsas prinsiplərdəndir. O, heç vaxt insanların dil, din, irq və sosial mənşəyinə fərq qoymur, minlərlə insana, xüsusi ilə uşaq və qadınlara sağlamlığını və ümidini qaytarır, sevinc və fərəh bəxş edir.
Mehriban Əliyevanın yaşadığımız bölgənin sakinləri olan erməni xalqına olan sosial qayğısını da yaddam çıxarmaq olmaz, Azərbaycanda 60 mindən çox erməni əsilli vətəndaşımız var, onların sırasında yüksək dövlət vəzifələrində çalışanlar da az deyil. Bu, ermənilərin cəmiyyətimizin ayrılmaz tərkib hissəsinə çevrilərək dövlətimizin və Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial aksiyalardan yararlandığını təsdiqləyir. Azərbaycan dövlətinin xeyirxahlığını unutmayan, minnətdarlıq edən ermənilərin fikirləri də sübut edir ki, onlar Azərbaycanda yaşamaqdan məmnundurlar. Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyanın Kürdəmirdə yaşayan bacısı Zoya Arutyunovanın, Şamaxıda, Şəmkirdə və digər bölgələrdəki ermənilərin timsalında biz bunları görə bilərik.
Yeri gəlmişkən, 2020-ci ildə Vətən müharibəsi zamanı Bakı erməniləri icmasının erməni katalikos II Qareginə, dünya ermənilərinə, Qarabağda yaşayan ermənilərə müraciətində də Azərbaycanda yaşayan on minlərlə erməninin bütün xalqlarla bərabər, eyni sosial dəstək və qayğı ilə əhatə olunmaları vurğulanırdı.
Azərbaycan dövləti erməni xalqına yalnız yaxşı güzəran və dinc həyat arzulayıb. Mehriban Əliyevanın erməni analarına, bizim vətəndaşlarımız olan Qarabağ ermənilərinə müraciətlərində sülh və barışın, firavan həyatın, sülhpərvər mövqeyin təsvirlərini görmüşük. Mehriban xanım Əsil Ana, qəlbində ülvi mərhəmət və insaniyyətlik duyğusu ilə dəfələrlə erməni analarına üz tutaraq öz övladlarını kimlərinsə oyunlarına qurban verməməyə çağırırıb, oğlanlarının məzarında göz yaşı tökməsini arzulamadığını diqqətə çatdırıb. O, hər zaman nifaq və düşmənçiliyə son qoyulması üçün fədakarlıq edib, səmimi və xoşməramlı niyyətlərdən çıxış edərək Əsil insanlıq nümunəsi göstərib.
Mehriban xanımın, Cənab Prezidentin davranışları, humanistliyi, böyük müdrikliyi bir öyüd və nəsihət kimi Azərbaycan gənclərinin ruhuna, mənəvi-əxlaqi tərbiyəsinə hopub. Müharibə dövründə ermənilərin qoyub qaçdığı yaşlı ata, analarına, nənə-babalarına sahib çıxan, onlara su, ərzaq, geyim verən və hər bir köməkliyi əsirgəməyən Azərbaycan əsgərinin insanlıq davranışları da bu nümunəvi tərbiyədən, humanizmdən qaynaqlanır.
2022-ci ilin fevralında Prezident İlham Əliyevin və Mehriban Əliyevanın Rusiya Federasiyasına rəsmi səfər çərçivəsində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə Bakıda yaşayan ermənilərin dinc və təhlükəsiz şəraitdə, ən yaxşı sosial hüquqlarla təmin olunmaları diqqət mərkəzində oldu və bütün bu faktlar sosial humanizmin sübutu olmaqla yanaşı, həm də ermənilərin Azərbaycanda, o cümlədən Bakı şəhərində dinc və təhlükəsiz yaşamasını beynəlxalq ictimaiyyətə təqdim etmək, Ermənistanın Bakıda erməni yaşamadığına dair saxta təbliğatını ifşa etmək üçün ən dəyərli təşviqat toplusudur.
Mən Heydər Əliyev Fondunun Gürcüstanda icra etdiyi humanitar layihələrə də diqqət yönəldərək burada bərpa olunan tarixi, dini abidələrin sırasında erməni irsinin olmasını da istisna etmirəm. Məsələn, Gürcüstanda erməni kilsəsinə pulsuz qazın verilməsi, uşaq bağçaları və məktəblərin yanacaq təchizatı, digər humanizm aksiyaları Fondun xeyirxahlıq və mərhəmət məramını əks etdirməklə, bəşəri irsə qarşı xüsusi nəcibliyinin möhtəşəm səhifələrini təşkil edir.
Şəxsən bir çox xarici ölkədə iştirak etdiyim ictimai-siyasi, elmi tədbirlərdə təmsil olunan erməni elm və ictimai xadimlərinin böyük əksəriyyətinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın humanizm və xeyirxahlığı haqqında dəyərli fikirlərin də şahidi olmuşam. Tbilisidə gürcü dilində nəşr edilmiş “Azərbaycanın Mehriban Siması” adlı kitabımın təqdimatında erməni əsilli ziyalıların söhbətlərində Mehriban xanımın mədəni-humanitar diplomatiyası, bölgədəki bütün xalqların firavan və dinc yaşayışı və rifahı üçün gördüyü misilsiz işlər, o cümlədən 44 günlük müharibədən əvvəl və müharibədən sonra Qarabağda yaşayan dinc erməni xalqına azərbaycanlılarla mehriban birgə yaşamaq çağırışları haqqında fərəhləndirici xoş sözlər eşitdim. Digər görüşlərdə də Mehriban xanımın UNESCO-nun keçmiş və İSESKO-nun Xoşməramlı səfiri kimi millətlər arasında fərqi qoymadan öz bəşəri humanizminin fövqündə dayanaraq bütün insanların gələcək layiqli həyatı naminə fədakarlığı barədə fikirlərlə rastlaşdım.
Gürcüstanın Milli Elmlər Akademiyasının prezidenti Giorgi Kvesitadzenin Mehriban Əliyevanı tək Azərbaycanın yox, Qafqazın Mehriban Siması adlandırması gürcülərlə yanaşı, ermənilərin də bu sosial humanizmlə əhatə olunmasını təsdiq edən dürüst qiymətləndirmə hesab edilə bilər.
Bir neçə ay əvvəl Ülu öndərin 100 illik yubileyinə töhfəm olan gürcü dilində çapdan çıxmış “Dövlətçiliyimizin Simvolu” adlı kitabımın Tbilisidə geniş təqdimatı zamanı da Gürcüstanda yaşayan erməni əsilli gürcülərin Ulu öndər və Cənab İlham Əliyevlə yanaşı, Mehriban xasnımın planetar humaninizmi, insanların rifahı, sülh və nicat diplomatiyasını yüksək dəyərləndirən fikirləri dinlədim.
Mehriban Əliyeva Cənab Prezident İlham Əliyevlə çiyin-çiyinə Qarabağda, Şərqi-Zəngəzurda quruculuq salnaməsinə öz zəngin töhfəsini verir, məscid və dini-tarixi abidələri bərpa edir, Şuşada erməni kilsəsinin təmirinə də eyni diqqət yetirilir. Heç şübhə yoxdur ki, Heydər Əliyev Fondu azərbaycanlılarla birgəyaşayışı seçərək sülh və dostluq şəraitində yaşamaq istəyən Qarabağdakı Azərbaycan vətəndaşı olan ermənilər üçün də müasir tipli məktəb və səhiyyə müəssisələri, uşaq bağçaları, mədəni-sosial obyektlər inşa edəcək, onlar da bu nəcib və mərhəmətli sosial humanizmlə əhatə olunacaqlar. Erməni xalqı bu humanizm dalğasından faydalanmaq üçün yaranmış əlverişli fürsəti qaçırmamalıdır.
Sonda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı həyatının ən əlamətdat günü olan Ad günü münasibətilə təbrik edir, yüksək dövlət vəzifəsində və zəngin ictimai-humanitar fəaliyyətində uğurlar, uzun ömür, möhkəm cansağlığı və ailə xoşbəxtlyi arzulayıram!
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev