O kiçik kitabxanamız mənim gözümdə Sabir Rüstəmxanlı və onun “silahdaşlarının” yaratdığı böyük bir ədəbi məktəb idi…- Aysel Xanlarqızı

O kiçik kitabxanamız mənim gözümdə Sabir Rüstəmxanlı və onun “silahdaşlarının” yaratdığı böyük bir ədəbi məktəb idi…- Aysel Xanlarqızı

Gözümü açar açmaz desəm,bəlkə də çox şişirmiş olaram, amma, düşünürəm ki, yaradıcı insanların duyğularını ən qabarıq şəkildə ifadə etməsinə güvənərək  deyə bilərəm…  Bəli, gözümü açar açmaz, dünyanın sehrli rənglərinin təsirinə düşər düşməz özümü saysız- hesabsız kitab qəhrəmanlarının dostu ,sirdaşı kimi gördüm…

Öncə bunu qoyub başqa şeyi də deyim, mən Azərbaycanın cənub bölgəsində, Xəzər dənizi ilə Talış dağlarının qolboyun olduğu gözəl bir şəhərdə, Lənkəranda, ziyalı bir ailədə doğulmuşam… Lənkəran bir vaxtlar əyalət sayılsa da, hər zaman inkişafda olan şəhərlərdən biri olub. Gün ərzində zamanım məktəb,dərslər ,musiqi məktəbində piano təhsili almaqla keçsə də , evə gəlib tapşırıqları icra etdikdən sonra atamın kitabxanasındakı kitabların rəngli dünyasına dalmaqla keçirdi. Hələ 3-cü sinifdə oxuyarkən ilk şeirimi yazmışdım. Utandığımdan atama deyə bilməmişdim… Atamın bunu bilməsini ,fikirlərini öyrənmək istəyim məni rahat buraxmadığı üçün şeiri vərəqə yazıb yalandan yemək stolunun üstündə unutmuş kimi göstərmişdim özümü… Hər zaman diqqətli və qayğıkeş biri olan atam kağızı açıb uca səslə şeirimi oxuyanda utandığımdan otağa qaçıb gizlənsəm də, onun ilk reaksiyasını maraqla dinləmişdim. İlk şeirimin belə bəh-bəhlə,təriflə və fəxrlə qarşılanacağını gözləmədiyim üçün təəccübdən və sevincimdən nə edəcəyimi bilməmişdim… Bəlkə bu gün ədəbiyyatda az da olsa , bir misra ilə belə söz deyə bilmişəmsə bu atamın o gün mənə verdiyi böyük dəstək sayəsində olub…

Kitabxanamızda mindən çox kitablar vardı, bununla kifayətlənməyib getdiyim hər yerdə kitab qurdu kimi qarşıma çıxan ilk kitabı acgözlüklə oxuyub bitirməyə çalışardım…  Atam kitab rəflərindəki kitabları xüsusi bir həvəslə bölmələrə ayırmışdı… İndi də xatırlayıram, üçüncü kitab rəfində müasir Azərbaycan ədəbiyyatı, dördüncü rəfdə  dünya ədəbiyyatı və s. kitabları qoyulmuşdu.

Günlərim kitabların içində o qədər çox keçirdi ki, adı çəkilən istənilən kitabı ,gözüyumulu halda yerindən götürüb maraqlanan insana verə bilirdim…

Onunla da ilk tanışlığım hələ çox kiçik yaşlarımda olmuşdu… Evimizin kitabxanasındakı kitab rəfində qoyulmuş, böyük hərflərlə adı yazılmış bu kitabı əlimə alanda onunla tanış olmuşduq… Kitabın ilk səhifələri arasından mehriban baxışlı, nur üzlü,yaraşıqlı bir şair- yazıçı ilə göz gözə gəlmişdik. Saf, uşaq təbəssümümlə, böyük bir sayğı ilə salamlaşmışdıq ,heç onun özünün belə bundan xəbəri olmamışdı. “Ömür kitabını” yazıçı duyğularında, öz ruh dünyasında sehrli qələmi ilə boyayan bu insan – Sabir bəylə olan ilk , virtual tanışlığımız ağlıma belə gəlməzdi ki, gün gələcək real tanışlıqla əvəz olunacaq…

O, mənim də soy kökümün, nənəmin doğulduğu uzaq, doğma Yardımlı rayonundan , kənd mühitindən çoxdan çıxmış, arzularının arxasınca yola düşmüş, ədəbiyyat dünyasında sözünü deməyi bacarmışdı. Mən isə onu və qələm dostlarının yaratdığı sehrli söz dünyasını qalaq –qalaq kitablardan oxuyaraq onlara tərəf qanad açmaq istəyimin fərqində deyildim. Lənkərandakı evimizdə atamın qurduğu o kiçik kitabxanamız mənim gözümdə Sabir Rüstəmxanlı və onun “silahdaşlarının” yaratdığı böyük bir ədəbi məktəb idi…

Tanıdıqca onunla atamın  və özümün çox bənzərliklərini kəşf etməyə başladım. Bəlkə bu torpaq ,yer  və ruh doğmalığından irəli gəlirdi. Yaxşı xatırlayıram, atam bizim soyadımızın sonundakı ov- ova,yev-yeva  sonluqlarını ilk dəyişdirənlərdən biri olmuşdu. Evdə Azərbaycan dilində olmayan bir kəlmə belə işlətməyimizə izin verməzdi…Eynilə  Sabir bəyin dərsliklərə salınan “Ana dilim” şeirində olduğu kimi,eynilə dəfələrlə valideynlərə uşaqlarınıza öncə dilimizi yaxşı öyrədin dediyi kimi və ruhunu əbədi bu dilə tapşıracağını şeirdə dilə gətirdiyi kimi … Gülləbatmaz ipək nəğmələrinin dilimizdəki gözəlliyi anlatdığı kimi, dilimizin orduları sarsıdan qəhrəmanlığı kimi, Araz sərhədini qıran kəlmələrimizin müqəddəsliyinə öyündüyü kimi…

Həyat 39 illik ömrümü dünya adlı okeanda elə dalğalarla üz üzə qoydu ki, uzun zaman qərib ölkələrin həsrət imtahanlarından keçməli oldum.Bəzən sınaqlardan kəsildim, bəzən sinifdə qaldım, bəzən qələbə çaldım, uğursuzluqlar məni büdrətdisə də yıxılmadım,mübarizəyə davam etdim… İllər sonra uzaq İspaniyadan vətənə qayıdıb kənar qaldığım ədəbiyyat susuzluğuna dözəmməyib yenidən qələmlə silahlandım… Sözə olan yanğı ilə duyğuları qələmə doldurub vərəqləri nişan aldım… Heç gözləmədiyim anda ,ağlıma belə gəlmədiyi zamanda söz dünyasının yaradıcı qəhrəmanlarını yaxından tanımaq nəsibim oldu.

Sabir bəy mənimçün kitablardan tanıdığım, uşaq ikən görmədən sevdiyim insan olaraq qalmadı. Ailəmizin, ədəbiyyat sevgisi ilə böyüyən məktəbli qızımın, dərs oxumağı sevməsə də, öz zəngin mənəvi dünyasını qapalı saxlayan balaca oğlumun da şair kimi tanıdığı, dərsliklərdə əzbərlədiyi müəllifin şeirlərdən çıxıb real dünyamıza gələn, baba adlandırdıqları birinə çevrildi… Nur üzündə, mehriban baxışlarında,yüksək insani keyfiyyətləri özündə cəmləşdirən təmiz qəlbində bizə də yer olduğunun fərqində olduğumuz üçün özümüzü xoşbəxt saya bildik.

Yaxşı xatırlayıram, yaxın şair rəfiqələrimdən biri ilə başqa bir insan haqqında söhbət edərkən rəfiqəm mənə,sən o insanı tanısan görəcəksən necə gözəl insandır,onu Sabir bəydən də çox sevəcəksən demişdi… Söhbətimizi diqqətlə dinləyən qızım Aytel qulağıma : – Ana, rəfiqən  o insanı təriflədi, Sabir bəydən də bəlkə onu çox sevəcəyini söylədi, amma, mən bu dünyada Sabir babadan şirin, doğma insan tanımadım deyəndə gülümsəmişdim… Bəli, bu Sabir bəyin- babamızın həyatdakı öz halal qazancı idi…

Hələ “Karantin boşluğu” adlı kitabıma ön söz yazan şairin şeirlərim haqqında dediyi dəyərli sözlər məni necə sevindirmişdi,bir bilsəniz… Bir neçə günə çapdan çıxmağa hazırlaşan yeni şeirlər kitabımın adını qoymağa çətinlik çəkdiyim zaman da yenə o dadıma çatmışdı.

“Sənin şeirlərin həsrət, özləm doludur,sənin şeirlərin darıxır, Aysel , əgər istərsənsə kitabının adını “Darıxan şeirlər” adlandıra bilərsən.”- demişdi. Və onun da mənəvi dəstəyinin sayəsində bir neçə günə “Darıxan şeirlər”imlə oxucuların görüşünə çıxacağım üçün özümü çox xoşbəxt sayıram.

Məni tanıyan insanlar yaxşı bilir ki, boş yerə kimlərəsə tərif yağdırmağı, şablon ,pafoslu cümlələr qurmağı bacaran biri deyiləm. Təbiət etibarilə də utancaq və tanınmış insanlardan təmənnam var düşünməsin deyə qaçan biriyəm. Amma içimdən gələn bir şey oldusa, tam səmimiyyətimi və sevgimi kimsədən gizləmədən ətrafa bildirirəm.

Sabir bəy  uzaqdan görünərkən belə yerişi ilə, masa arxasındakı ona yaraşan vüqarlı duruşu, gümüş saçlı görünüşü ilə mənə uca, məğrur ,başı qarlı ,əzəmətli dağları xatırladır… O dağ ki, arxayınlıqla söykənə bilərsən, o dağ ki, varlığı, görünüşü ilə ruhunu rahatladır,sənə güvən verir.

Sabir bəy həm də mənim üçün gəncliyin dostu, hər yaşda olan insanlarla dostluq qurmağı bacaran doğma biri, sevdiyimiz insan, kölgəsində sərinləyə biləcəyimiz uca,qol – budaqlı bir çinardır… Mən Sabir bəyi həm də öz şeirində dediyi kimi “Vətənə bənzədirəm”…

Bu gün onun haqqında yazmağı özümə mənəvi borc bildim… Atam həmişə bu beş günlük, vəfasız dünyada can deyib can eşitməyi, insanları sevməkdən əsla vaz keçməməyi, bu sevgini dilə gətirməyə tələsib qarşındakına müsbət enerji ötürməyi gecikdirməyin deyərdi…

Mən də bu gün  ona olan böyük sevgimi, duyğularımı, mənəvi bağlılığımı hər kəsin önündə, onun özünə demək istədim… 75 illik ömrünü millət, torpaq,yurd, vətən,insanları sevməyə, əlindən gələn yaxşılığı əsirgəməməyə çalışan ruh insanıma yubiley hədiyyəsi olaraq sevgimi ərməğan etmək istədim…Bilirəm ki, mənim kimi Sabir bəy üçün də bu dünyada sözdən, sevgidən, mənəvi hisslərdən dəyərli heç nə ola bilməz.

 

Sabir bəy, ustad, doğma insan, dəyərlimiz, əzizimiz, özünüzü,böyük ,gözəl ürəyinizi qoruyun… Siz bu gün  həm Musaq Yaqub , həm Bəxtiyar Vahabzadə, həm digər böyük şəxsiyyətlərin yer üzündəki,bu dünyadakı nəfəsisiniz… Çox yaşamağa, gümrah qalmağa ,yanımızda olmağa, bizə yol göstərməyə borclusunuz desəm kobud çıxmaz ,inşaallah… Sizin xeyir duanızla atdığım hər addım məni hüzurlu edir… Varlığınıza şükürlər olsun ,söz adam ,şeir adam, vətən insan… Sizi 100 yaşınızda da gümrah ,sağlam görmək arzusuyla

75-ci baharınız mübarək

 

Aysel Xanlarqızı Səfərli

 

Müstəqil.Az

Share: