O, mələklərin dilində danışır…

O, mələklərin dilində danışır…

Elə adamlar var ki, özləri boyda bir vətəndirlər. Onların məkanı olmur. Haraya getdilərsə vətəni də oraya daşıyırlar…

Deyir ki,- “İnsbrukun işıqları doğulub boya çatdığım Buynuz kəndinin işıqlarına çox oxşayır.

Artıq iyirmi ilə yaxındır ki, Avropanın göbəyində yaşayıram. Buna baxmayaraq, özümü heç vaxt Buynuzdan ayırmadım. Onu da, evimi də götürüb gəlmişəm bura. Nə olsun ki, Avropada yaşayıram, evimizə kim gəlirsə, gəlsin, elə biləcək ki, Buynuzdan elə dünən çıxmışam. Ramiz Rövşənin bu misraları həmişə yadımdadır:

Hara qaçacaqsan göz qabağından,

Bu zalım dünyaya neyləyəcəksən?..”

Haqqında söhbət açdığım Səhər xanım unudulmaz xalq şairi Musa Yaqubun qızıdır. 1968-ci ildə atası doğulan ünvanda dünyaya gəlib. Arada bir müddət Bakıda yaşayıblar. Beşinci sinfə qədər orada oxuyub. Sonra yenidən doğma el-obaya qayıdıblar və orta təhsilini İsmayıllı rayon, 1 saylı orta məktəbdə başa vurub. Xarici Dillər Universitetinin məzunudur. Doqquz ay Buynuz kənd orta məktəbində müəllim işləyib. Hazırda ailəsi ilə birgə Avstriyada yaşayır…

“Doğma kəndimizdə keçən uşaqlığım indi də xatirimdədir. Mən ordan heç vaxt getmədim ki, sadəcə yerimi dəyişdim. Mən dəyişdim, Buynuz dəyişmədi. Bir xatirəmi sizə danışım. Biz uşaq olanda kəndimizdə bir mağaza vardı, amma nədənsə orda saqqız satmırdılar. Rayon mağazalarında satılırdı, onu da kənddə hər adam ala bilmirdi. Kəndimizin uşaqları saqqız yerinə daşlaşmış qır tapıb, kiçik parçalara bölərək, aralarında paylaşıb çeynəyərdilər. Həmişə mənim də payımı ayırardılar. Mən də onu evimizin arxa tərəfindəki ot tayasının içində gizlədərdim. Dədəm “Sən yenə qır çeynəmisən?” deyib üstümə acıqlananda, mən dişlərim qapqara ola-ola and içirdim ki, vallah, çeynəməmişəm. O vaxtlar dədəm Macarıstana getmişdi, ordan bizə çoxlu rəngli saqqızlar gətirmişdi. Elə sevinirdim ki. Uşaqlara da paylamışdım. Amma həmin saqqızları çeynəyə-çeynəyə hər gün gedib, gizlətdiyim o qır parçasını əlimə alır, oynadıb, üzünə gülüb, yenə gizlədərdim. İndi Avropanın rəngli saqqızları ilə deyil, gizlətdiyi o qır parçası ilə xoşbəxt olan Səhəri tez-tez xatırlayıram.”- söyləyir.

Uşaq kimi səmimi, düz danışan, kövrək qəlbli, duyğusal xanımdır. Söhbətləri o qədər ecazkardır ki, dinləyərkən tilsimə düşürsən. Onu sanki təkcə qulaqlarınla deyil, ruhunla da eşidirsən. Və qəribə bir hiss səni xəyalən uzaqlara aparır. Bəlkə də o, adi bəşər deyil, o, RUH ADAMDIR?..

Deyir ki, – “Mən şair Musa Yaqubu atam Musa Yaqubdan çox sevirəm. O vaxt atamın doğum günü ilə bağlı “Fb”-də bu barədə status da paylaşmışam. Atamın “Bu dünyanın qara daşı göyərməz” şeirini oxuyandan sonra o daşın yerini soruşanlara gülürəm. Azadlığı Avropada axtaranlara güldüyüm kimi. Qürbət də, azadlıq da ürəyimizlə ağlımız arasındakı bir yerdədir. O da daşdır, bu dünyanın qara daşı. Onunla ev tikmirsən, ya göy üzünə atırsan, ya göz yaşını silirsən, ya da ürəyinə bağlayırsan. Bax, mən o, daşı gətirib ürəyimə bağladığım gündən Musa Yaqub məqamını dərk etmişəm və o vaxtdan onu atamdan da çox istəmişəm…”

Mülahizələri, yozumları, SÖZə çevirə bildiyi düşüncələri kiməsə qeyri adi görünə bilər, amma bütün bunlarda körpə saflığı, ilahi bir möcüzə var. O, mələklərin dilində danışır. Uzun illər elə bilib ki, qardaş və bacılarına şeir həsr etsə də, atası onun haqqında heç nə yazmayıb və tez-tez bunun səbəbini ondan soruşurmuş…

“İllər öncə ömrümün bir tərəfində çətin günlərimi yaşayırdım. Atam mənə baş çəkməyə gəlmişdi, xeyli dərdləşdik. Sonra məni qoyub, qayıtdı kəndə. Bir-iki həftədən sonra gəlib məni də apardı. Otağını yığışdırırdım. Həmişə yığışdırmazdan əvvəl yazı masasının üstündəki əlyazmalarına, şeir dəftərinə baxıb, sonra işimi görərdim. Bu dəfə dəftəri masanın üstündə deyildi. Daxılını eşələdim, gördüm arxada gizlədib, bildim ki, təzə nəsə yazıb. Dərdləşdiyimiz günün səhəri yazmışdı onu. Adımı qeyd etməsə də, o, mənim şeirimdi. Mənim gözlədiyim o şeir, istəyirdim dilimin əzbəri olsun, ömrümün deyil. “Mənə danışma” adlı şeiri belə başlayır.”- söyləyib, şeirdən bir neçə misranı səsləndirir:

“Hər ömrün bir tale dərdi var, pəri,
Yəni ki, silinməz, kömək edilməz,
Hər kəsə deyilməz gizli kədəri…
Təkcə sənə məlum, özünə əyan,
Tale qıfılını vurub bu dərdə.
Yaşından yaş gedir elə bil…”

Səhər xanımın şeir yazıb-yazmadığını bilmirəm, amma çox gözəl publisistikası var. Yazılarını oxuduqca ifadə tərzindən, istedadının təbiiliyindən, seçdiyi sözlərin şirinliyindən zövq alırsan. Mövzu rəngarəngliyi adamı heyran edir. Elə bil, oxumursan, görürsən, hər bir mətin gözlərində film kimi canlanır…

Deyir ki,- Artıq darıxmıram. Yaşadığım İnsbrukun küçələrində çox göz yaşı tökmüşəm. Mən həsrətin bu qədər doğma olduğunu bu şəhərdə bilmişəm. Hara gedirəm, hardan keçirəmsə, hara baxıramsa doğmalarımın, əzizlərimin hərəsi bir yerdən xəyalən çıxır qarşıma, sevindirir məni. Ağladığım o küçələrdə indi uşaqlar oynayır, ağacların yarpaqları nəğmə deyir, gülləri çiçək açır, İnsburkun sinəsində daşa dönən buzu əriyir, pəncərələri də açıqdı, pərdələri yellənir. Burada gözlərimin yaşından başqa hər yeri tanıyıram. Ona görə darıxmıram artıq…”

Bəli, Səhər xanım özü boyda bir Vətəndir, VƏTƏN ADAMDIR. Özü Avstriyada olsa da ruhu Azərbaycandadır.
Aman Allah, görəsən, bu istedadlı xanımı- böyük Musa Yaqubun yadigarını sözlə ifadə etməyə gücüm çatdımı?..

Elman Eldaroğlu

Share: