Neyləyim
Bir qapı var ha döyürəm açılmır,
Gözlərimin nuru ora saçılmır,
Ulu Tanrı yazısından qaçılmır,
Ötən günlər geri dönmür, neyləyim?
.
O qapının arxasında gəncliyim,
Baxır ona həsrət qalan dincliyim,
İllər öncə tapdığım, itirdiyim,
İndi məndən uzaq düşüb, neyləyim?
.
Zaman qaçır hey baxıram arxadan,
Xalisləri mən seçirəm saxtadan,
Yaş üstünə yaş gətirir Yaradan,
Yavaş-yavaş qocalıram, neyləyim?
.
Ömür keçir, tutmaq olmur qaçanı,
Qapı örtsən günlər seçər bacanı,
Bacarsaydım durdurardım zamanı,
Axı,o da duran deyil, neyləyim?!
Çox uzaqlardan misralar…
Yan alıb sahilə yelkənsiz gəmim,
Yaxın gəl, gəmimin tərsanəsi ol.
.
Sərxoştək dolanır ruhumda qəmim,
İmdad et, qəmimin meyxanəsi ol.
.
Pərişan tellərim darıxır sənsiz,
Sığal çək saçıma, bir şanəsi ol.
.
Bir şam yandırmışam köksüm içində,
İstəsən, gəl onun pərvanəsi ol.
.
Susub nəğmələri dəli könlümün,
De ki, sən könlümün təranəsi ol.
Qadına yazığım gəlir
Bir tərəfi qaynar yaydır,
Bir tərəfi qışdır, qardır,
Örpəyi sal qızıldandır,
Nə qəribə ruzigardır,
Adı payız, sonbahardır…
Yarpaqlar saralır tək-tək,
Yağış tökür şəlalətək.
Payız qurduğu busatda,
Qadın durub çətir altda.
Ömrünün son baharıtək,
Payız yaşayır həyatda.
Həzin-həzin, asta-asta
Gözlərindən yaş süzülür…
Ətrafa baxır, üzülür…
Görən niyə,
nədən axı qadın ömrünə qəfildən
Payız belə vaxtsız gəlir?!
Qadına yazığım gəlir…
İmtahan
Düşündüm bir tale yaşadım özüm,
Yazanı özüməm, pozanı özüm.
Dəqiq seçilirdi güya hər sözüm,
Həqiqət də özüm, yalan da özüm.
.
Qürurla dağları aşıb ötürdüm,
Ayları,illəri bir-bir ötürdüm.
Güya işıqlı bir dövran sürürdüm,
Sevincdən alışıb, qəmdən sönürdüm.
.
Bir gün imtahana çəkdi Yaradan,
Dedi, bu dünyanı mənəm yaradan!
Mənim əsərimdir bu gün, bu dövran!
Mənim istəyimlə dövr edir cahan!
.
Sənindir atdığın iri addımlar,
Səndə cürət də var, cəsarət də var.
Ancaq mənimkidir yenə son qərar,
Unutma, alnında mənim yazım var!