O, uşaqlıqdan özünü yaradıcı mühitdə – kitabların, rəsmlərin arasında görüb…

O, uşaqlıqdan özünü yaradıcı mühitdə – kitabların, rəsmlərin arasında görüb…

Uğur olsun, Aysel xanım!..

Hiss etmə bacarığı güclü, özünə güvənən, həssas xanımdır. Acizliyə, zəifliyə nifrət edir. Kənardan heç kəsin asanlıqla hiss edə bilmədiyi, özünü qorumaq üçün yaratdığı qəribə sədləri var. Əslində bu sədlərin arxasında son dərəcə mülayim bir xarakter gizlənir. Çəkdiyi sədlər ancaq qarşısındakı insana güvəndiyi zaman dağılır. Amma hər kəsə asanlıqla güvənmir. Birdən düşünərsiniz ki, bu kobudluqdan irəli gəlir, əsla yox. Onun heç vaxt qarşısındakı insanın qəlbini qırmaqdan xoşu gəlmir. Deyib gülməyi sevir və yumor anlayışı çox yaxşı inkişaf edib. Dostlarına və dostluğa böyük önəm verir. Köməyə ehtiyacı olan hər kəsə əl uzatmağı xoşlayır. Olduqca xarizmatik bir kimliyə sahibdir. Zamanla onu daha yaxından tanıyan insanlar daxildə əzab çəkdiyini zənn edə bilərlər, amma o, çox şən adamdır. Ortaya hər hansı bir problemi çıxanda cəmiyyətdən uzaqlaşmağı üstün tutur. O, bunu heç kimi narahat etməmək üçün edir. O qədər əsrarəngizdir ki, bu xüsusiyyəti onun varlığına xüsusi bir rəng qatır…

Haqqında söhbət açdığım Aysel Şıxlinskaya ictimai siyasi xadim, məşhur xalq yazıçısı İsmayıl Şıxlının oğlu Fərrux bəyin ailəsində, 1994-cü ildə dünyaya gəlib. Orta təhsilini Bakıda 102 saylı məktəbdə başa vurub. Sonra təhsilini BDU-da davam etdirərək Turizm və Otelçilik ixtisasına yiyələnib. 2016-2018-ci illərdə Azərbaycan “Bentley”, 2019-cu ildə isə “Corn Advertising” şirkətlərində çalışıb. Daha sonra bir müddət müstəqil fəaliyyət göstərib. Ömür-gün yoldaşının xaricdən iş təklifi alması ilə əlaqədar Hollandiyanın Amsterdam şəhərinə köçüblər. Hazırda orada rəqəmsal sənət üzrə kurslar keçir və hekayələrini ingilis dilinə tərcümə etməklə məşğuldur. “Qanadsız mələk” adlı ilk kitabı işıq üzü görüb…

Deyir ki,- “Sevgi və dostluq həmişə aktual mövzudur. Onu müasir gənclərin gözündə təsvir etmək istədim. Düşünürəm ki, hər kəs fərqli hekayələr, həyatlar yaşayır, ancaq hisslər eynidi. Əgər insanlar kitab oxuyarkən öz hiss etdiklərindən bir parça tapa bilirlərsə, o zaman kitab uğurludur…”

Atası rəssam Fərrux Şıxlinski, anası yazıçı Reyhan Yusifqızı olan Aysel xanım uşaqlıqdan özünü yaradıcı mühitdə – kitabların, rəsmlərin arasında görüb. Rəsm çəkməyə də erkən yaşlarından başlayıb. Bir gün plastilindən düzəltdiyi miniatür fiqurlar rəsm müəlliminin diqqətini cəlb edir və o, bu fiqurları məktəbin sərgisinə qoyur. Günlərin birində Azərbaycan televiziyasından evə çəkiliş qrupu gəlir və iki hörüklü balaca qız kamera qarşısında plastilindən fiqurlar düzəldir. Sonra isə aparıcının suallarını həvəslə cavablandırır. Ümumiyyətlə məktəb illəri ərzində Aysel bir çox sahələrdə özünü sınayıb: musiqilə məşğul olub, fortepianoda çalmağı öyrənib. Özünü ifadə etmək qabiliyyətini kəşf edəndən sonra, fikirlərini yazıya köçürməyə başlayıb və kiçik hekayələr yazaraq onlara illüstrasiyalar çəkib. Orta məktəbin sonuncu sinfində Aysel birdən-birə dekorativ sənətlə məşğul olmaq qərarını dəyişib sənədlərini 2-ci qrupa verib və Bakı Dövlət Universitetinin Turizm və Otelçilik ixtisasına qəbul olunub. Amma yaradıcılıq həvəsi onda heç vaxt sönməyib. Təhsilini bitirdikdən sonra yenidən yaradıcılığa qayıdaraq, qrafik dizayner kimi çalışmağa başlayıb. Daha sonra fəaliyyətini müstəqil olaraq davam etdirib. Peşəkar yazıçılıq fəaliyyətinə isə 2018-ci ildən girişib. İlk dəfə “Mənəm, Yusif” adlı hekayəsi 2020-ci ildə 525-ci qazetdə nəşr olunub.
44 günlük müharibəyə həsr olunmuş bu əsər savaşın müasir gənclərin savaş boyunca necə böyüdüyünü, hadisələrin məğzini, vətən sevgisini daha dərindən dərk etmələrindən bəhs edir. İkinci “İşıq” adlı hekayəsi isə sahibini itirmiş itin həyatına həsr olunub. Heyvanlara qarşı olan sevgisi onu evsiz heyvanlara qarşı biganə qalmağa qoymur. Bu hekayə ilə bütün canlıların evə və sevgiyə möhtac olduğunu göstərməyə çalışır. Ayselin hələ nəşr olunmamış “Arzuların səyahəti” və “Dostum Çinar” adlı hekayələri də var. Özünü müxtəlif janrlarda sınayanan o, hal-hazırda böyük fantastik əsər üzərində çalışır. Və bu əsərin Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirəcəyindən əmindir…

“Qanadsız mələk” ilk kitabım olsa da ilk əsərim deyil. Uşaqlıqdan yazmağa həvəsim var idi. Hətta məktəb vaxtı gündəlik yazırdım. Biri bitən kimi yenisinə başlayırdım. Öz fikirlərimdən ibarət qısa yazılarım var idi. Çox mütaliə edirdim. Vaxt keçdikcə özümü təkmilləşdirdim. Ancaq hamıdan gizlədirdim, paylaşmaq istəmirdim. Yazıçı ailəsində böyümək məsuliyyətlidir. Bu qorxuma güc gəlmək məndən xeyli zaman aldı, ancaq sevinirəm ki, bu addımı atdım…”- söyləyir.

“Yazmağa, fərqli janrlarda özümü sınamağa davam edirəm. Onsuz yaradıcılıq elədir ki, sənə fikir gələn zaman onu ərsəyə gətirməyənə qədər yaxanı buraxmır. Yazmağa başlayanda isə real dünyadan qopursan, başqa yerə gedirsən. Öz yaratdığın, idarə etdiyin bir dünyaya düşürsən. Nə demək istədiyimi yaradıcı insanlar anlayar, yəqin ki.”- söyləyir…

Arzuları çoxdur. Ağlında yığışıb qalmış bütün yeni idea və fikirlərini yazıya çevirmək, onları ərsəyə gətirmək və yeni uğurlar qazanmağı planlaşdırır. On il sonra televizoru açdıqda insanların onun əsərləri əsasında çəkilmiş filmləri, animasiyaları izləməsini, bir sözlə, oxucu auditoriyasının genişlənməsini istəyir. Pianoda ifa etmək, yağlı boya ilə rəsmlər çəkmək, manqa və komikslər oxumaq onun hobbisidir. Düşünür ki, müasir gənclərə dəstək olmaq, yön göstərmək vacibdir. Onları həvəsdən salmamaq, ilk uğursuzluqda kəsib atmamaq lazımdır. Axı yaradıcı insanların həmişə dəstəkləndiyini və sevildiyini bilməyə ehtiyacı olur. Hesab edir ki, ədəbiyyatda hələ tam yerini tutmayıb. Bu da onun arzular siyahısına daxildir. “Teas-press” nəşriyyatında nəşr olunan “Qanadsız mələk” adlı ilk kitabı, ölkədən kənarda yaşadığından hələ də təqdimatı gecikir. Bakıya qayıdan kimi ilk işi kitabın təqdimatını keçirmək olacaq…

Aysel hələ gəncdir, cəmi 28 yaşı var. İnanıram ki, İsmayıl Şıxlı ocağından pərvazlanan digər istedadlar kimi, onun da şöhrəti gələcəkdə Azərbaycanı gəzib dolaşacaq. Və Aysel Şıxlinskaya babası kimi xalqımızın sevimli yazıçılarından biri kimi tanınacaq…

 

Elman Eldaroğlu

Share: