“O, xəstəliyinə görə əri ilə bir otaqda qala bilmirdi”- Müsahibə

“O, xəstəliyinə görə əri ilə bir otaqda qala bilmirdi”- Müsahibə

Bü gün böyük sənətkar, Xalq artisti Şövkət Ələkbərovanın 100 illiyidir. Bu münasibətlə kulis.az xanəndənin gəlini, musiqişünas Gülnarə Səfərova ilə müsahibəni təqdim edir.

– Gülnarə xanım, Şövkət Ələkbərova necə insan, necə qadın idi?

– Çox gözəl, təvazökar, mehriban, qonaqpərvər adam idi. Bu evdə olan, qonaq gələn insanlar, onunla ünsiyyətdə olanlar hamısı onu çox gözəl tanıyırdı. İnanmıram ki, kimsə nə vaxtsa, ondan incik düşsün. Qəlb qırmağı sevməzdi.

– Siz də musiqiçisiniz. Uşaqlarından musiqi ilə məşğul olan oldu?

– Şövkət xanım nə öz uşaqlarını, nə də nəvəsini bu yola, musiqiyə qoymazdı. Onun bu barədə qadağası vardı. Mən bir dəfə bu qadağanın səbəbi barədə ona sual verdim. Dedi, xalqı qane etmək çox çətindir. Xalqın gözündə nüfuzlu və hörmətli qalmaq üçün xanəndə çox şeyə, birbaşa özünə diqqət etməlidir. Çünki əgər o xanəndədirsə, tanınan adamdırsa, artıq özü üçün yox, tutduğu yol üçün yaşayır. Bu yol da çox çətindir. Ona görə də nə uşaqlarımın, nə də nəvələrimin bu çətinliyi çəkməsini istəməzdim. Onların bu yolda özlərini təsdiq edib etməyəcəklərini bilmirəm. Həyat indi çox çətinləşir, amma bizim dövrümüz başqaydı. Ona görə də bizim qızımız Şövkət anadan olandan sonra Şövkət xanım onun səsi olduğunu hiss edib mənə demişdi ki, bunun musiqi duyumu çox yaxşıdır, amma sənə indidən deyirəm, nəbadə onu musiqi sahəsinə qoyasan…

– Xanəndəliyi nəzərdə tuturdu?

– Yox, ümumiyyətlə mədəniyyət sahəsini deyirdi. Şövkət xanım öz uşaqlarını da qoymamışdı. Nə mənim yoldaşım, nə də rəhmətlik Natella bircə not da bilmirdilər.

– Siz musiqiçi idiniz, sizə iradı oldu?

– Bilirsiniz, mən klassik musiqiçi, fortepiano üzrə müəllim idim. Bu başqadır. Amma inanırsınız, o, heç məni də qoymurdu ki, televiziyaya çıxım, onun üçün mahnı ifa edim. Halbuki, mən onun bütün repertuarını bilirdim. Bir dəfə onu müşayiət etdim. Almaniyada. 20 Yanvar faciəsi baş verəndə biz Şövkət xanımı Almaniyaya müalicəyə aparmışdıq. Yanvarın 13-də Bakıdan getdik, 20-də hadisə baş verdi. Bu, Şövkət xanıma çox pis təsir etdi. İnanın, gündə iki dəfə onun üstünə təcili yardım maşını gəlirdi. Orda Şövkət xanım və Azərbaycan diasporu 20 Yanvar şəhidlərinin ailələri üçün yardım etmək istəmişdi. Sovet səfirliyi isə bizim yardımımızı qəbul etmirdi. Qırmızı Xaç cəmiyyətindən bizə dedilər ki, bu yardımı elə-belə götürə bilmərik. Siz bir konsert edin, onun əsasında biz nə isə qəbul edək. Biz orda qırx gün yas saxladıq. Qırx gündən sonra Şövkət xanım orda konsert verdi. O, çox xəstə idi. Deyirdi, oxuya bilməyəcəm. Amma konserti verdik. İnanırsınız, mahnıları stulun üstündə otura-otura oxudu. O zaman onu mən müşahidə etməli oldum, çünki not yox idi, musiqiçiləri tapmaq mümkün deyildi. Biz axı ora konsert verməyə getməmişik. Təklif edəndə ki, onu müşayiət edə bilərəm, Şövkət xanım təəccüblənmişdi. Biz düz bir həftə hər gün səhər saat doqquzdan, axşam doqquza kimi notsuz məşq etdik.

– Həmin konsertdən xeyli pul da yığılmışdı.

– Bəli. İki konsert oldu, yaxşı da pul yığıldı. Onunla nə qədər dərman, tibbi ləvazimat alınıb Bakıya göndərildi. Həmin konsert vaxtı çox şey baş verdi. Hətta erməni diasporu orda bizim başımıza oyun gətirdi, təxribat etmək istəmişdilər ki, konsert baş tutmasın. Demişdilər, konsert salonunda bomba var. İki gündən sonra bizi Berlinə dəvət etdilər, ordakı azərbaycanlılar Şövkət xanımı dinləmək istəyirdilər. Onda konsert vaxtı işıqları kəsdilər. Camaat ayağını yerə döyüb işıqların yandırılmasını tələb etdi, heç kim konsert salonunu tərk etmədi. Bir saatdan sonra işığı verdilər və konsert davam etdi. Bir məqamı da qeyd edim. Şövkət xanım baxmayaraq ki, qardaşını müharibədə itirib, sonra digər qardaşını və anasını, buna baxmayaraq mahnı ifa edəndə heç vaxt ağlamayıb, hislərini ancaq ifasında ifadə edib. O konsertdə Şövkət xanım “Ana” mahnısını ifa edib 20 Yanvar şəhidlərinə görə ağladı. Onda bütün zal da hönkür-hönkür ağlayırdı.

– Şövkət xanımın qayınana kimi sizə başqa hansı qadağaları vardı?

– Mən Şövkət xanımın evinə gəlin gələndə on səkkiz yaşım vardı, cavan uşaq idim. O, məni hamıdan qoruyurdu. Onun haqqında bir kitab çap olunub. Siz indi ona baxsanız, görəcəksiniz ki, o kitabda hər kəs var, məndən başqa. Onda mən cavan idim, başa düşmürdüm. Fikirləşirdim ki, kitabda qızı, oğlu, nəvəsi var, amma mən yoxam. Sonralar başa düşdüm ki, onun məqsədi məni qorumaq olub. Bəlkə də o, müdrik qadın idi deyə istəmirdi hansısa problemlər yaşansın.

– Şövkət xanım öz sənətkarlığının, böyüklüyünün fərqindəydi?

– Bəli. Həmişə deyirdi, mən Şövkətəm! Bununla özünü harasa uca yerə qoymurdu. Sadəcə, bilirdi ki, Üzeyir Hacıbəylinin yetirməsidir. Özü də həmişə deyirdi ki, həmin məktəbi saxlamaq lazımdır. Bunun üçün də əlindən gələni etdi. Açıq etiraf edək, ondan başqa heç kim bunu etmədi. Hərə öz hayında idi. Şövkət xanım hər şeyi, daha doğrusu, yetirməsi olduğu məktəbi başa düşürdü. Bütün ömrünü də məktəbin qayda-qanunlarını qoruyub saxlamağa həsr etdi.

– Dostları çox olub: Sara Qədimova, Gülxar Həsənova, Nəsibə Zeynalova, Rübabə Muradova sizə gəlib-gedən olub…

– O, çox qonaqpərvər idi. Amma deməzdim, hamı onun yaxın rəfiqəsi olub. Rəfiqələri, dostları ilə zəngləşib, görüşürdülər. Sadəcə, kiminləsə bacı kimi yaxın deyildi. Hamı ilə sənət dostu idi.

– Hər halda, sənət dostları dediyiniz adamlarla get-gəli olub.

– Bəli, bəli. Sara xanım, Nəsibə xanım da bir-birinin yanına gedirdilər. Açığı, Rübabə xanımı onun yanında görməmişdim, Gülxar xanımla da münasibətinə yaxınlıq deməzdim. Sənət yoldaşı olublar. Onlar həmişə gəlirdilər, Şövkət xanımı görmək istəyirdilər. Amma rəfiqəlik, yaxın dostluq bir az başqa şeydir.

– Bəs özü kimlərin evinə gedirdi?

– Sara xanımgilə gedirdi. Onlar ayda heç olmasa bir dəfə görüşürdülər. Bir-birinin yanına gedirdilər.

– Xan əmi ilə də yaxın olub.

– Xan əmi Şövkət xanıma çox yaxın insan olub. Şövkət xanım da onun ailə üzvlərindən biri olub. Xan əminin qızı Bəyimxanımın Fikrət Verdiyevlə ailə qurmasında Şövkət xanımın rolu olub. O özü Xan əminin yanına gedib, gələcək kürəkəni tərifləyib. Xan əmi də deyib ki, Şövkət sən gəlmisən, sənə “yox” demirəm. Ümumiyyətlə, o, çox dostcanlı, qohumcanlı insan idi. Bütün qohum-əqrəbasına, qardaşlarının, bacısının uşaqlarına demək olar, analıq edib. Onun bir qardaşı rəhmətə gedib, arvadı isə uşaq üstə həlak olub. O, qardaşının qızı Validəni öz qızından ayırmayıb. Özü böyüdüb, oxutdurub, ərə verib. Şövkət xanım özü üçün yaşayan adam deyildi. Özü də həmişə deyirdi, mən yetim saxlayıram, elə bil, alnıma yazılıb ki, yetim saxlayım, imkan olmadı özüm üçün nəsə edim.

– Toylara gedirdi?

– Yox, getmirdi. O, heç vaxt toylarda oxumayıb. Çox yaxın qohumunun və ya rəfiqəsinin məclisinə gedirdi. Xanəndə kimi yox, qohum, yaxın adam kimi gedirdi, iştirak edib pulunu da yazdırırdı. Ondan xahiş edəndə ki, bir mahnı oxusun, onda oxuyurdu. Burda heç bir qazanc məqsədi yox idi. Onun qazancı təqaüdü və müəllimlik məvacibi idi. Sovet dövründə hamı necə yaşayırdısa, biz də elə yaşayırdıq.

– Bəs səhnə adamı kimi ehtiyaclarını necə qarşılayırdı?

– Mən onlara gəlin gələndə 60 yaşı vardı və dərs deyirdi. Onun çox yüksək səviyyədə dolandığını görməmişəm. Sadə yaşayırdı. Buna baxmayaraq, yenə də hamıya kömək edirdi, nəyi var bölüşdürürdü.

– Hər bir sənətkarın özünəməxsus ərköyünlüyü olur. Şövkət xanımda necə?

– Mən həmişə deyirəm, təəssüf ki, Şövkət xanımın məhsuldar vaxtlarını, qastrollara, konsertlərə gedişini görməmişəm. Mən onunla ömrünün axırıncı on ilini – 60 yaşından 70 yaşa qədərki vaxtı birgə yaşamışam. Onda artıq təqaüdçü idi, Bülbül adına məktəbdə, Asəf Zeynallı adına məktəbdə, evdə dərslər keçirdi. İndi biz əyləşdiyimiz otaqda nə qədər tələbəyə dərs keçib.

– Kimlərə, hansı tələbələrinə kömək edirdi?

– Hamıya.

– Adlarını çəkə bilərsiniz?

– Çəkəcəm. Amma özləri də desinlər də. Aybənizdən (Aybəniz Haşımova – red) başqa heç kim heç nə demir. Sonra da deyirlər, Aybəniz çox danışır. Aybəniz nə var onu danışır. Şövkət xanım tələbələrini geyindirirdi, yedirdirdi, televiziyada işə düzəldirdi. Bəzi məsələlər var ki, açıqlamaq istəmirəm. O, insanlara ona görə əl tuturdu ki, özü də çətin günlər yaşamışdı. İkinci dünya müharibəsi zamanı cəbhədə olmuşdu, konsert vaxtı yanında bomba partladığından kontuziya almışdı. O vaxtı heç kim deyə bilməzdi ki, mən cəbhəyə konsert verməyə getmirəm.

– Kontuziyası sonralar ona əziyyət verirdi?

– Yüngül olmuşdu. Bütün hallarda stress yaşamışdı. Özü danışırdı ki, müharibə bitəndən sonra sosializm dövründə Azərbaycanın bütün kəndlərini qarış-qarış gəzirdik. Özü də rahat avtomobillərdə yox, estafet qatarları, arabalarla gedib çöllərdə, tarlalarda konsertlər veriblər. Şövkət xanım əziyyətlər çəkib, Xalq artisti adını elə-belə almayıb. Azərbaycanın mahnılarını dünyaya Rəşid Behbudovla, Şövkət xanım yayıb. O, həmişə deyirdi ki, sovet dövrü olmasaydı, mən milyoner olardım. Çünki onun vallarını valyutaya satırmışlar, ordan ona çox cüzi pul düşürmüş. Misirdə ona ikinci Ümkülsüm deyirmişlər.

– Səsini xüsusi olaraq qoruyurdu? Misal üçün dondurma yeyirdi?

– Mən deməzdim belə xüsusi nələrsə edirdi. Dondurma yeyirdi, amma çox az. Şirniyyatı, dondurmanı çox sevirdi, amma şəkəri olduğuna görə yeyə bilmirdi.

– Dolubədənli idi. Ümumiyyətlə, o dövrdə dolu bədənli qadın olmaq dəb idi…

– Bəli. Onda arıq adama deyirdilər, yəqin xəstədir. Onlar Kislovodska, Yesentukiyə istirahətə gedir, özlərini kökəldirdilər. Qadın kök idisə, deməli onda hər şey qaydasında idi. Həm də o dövrün insanlarının çoxu müharibə görmüşdü, aclıq yaşamışdı. Ona görə, bolluq dövrü haqlı olaraq çox yemək istəyirdilər. Onlar konfet, pirojna nədir bilməyiblər. Aclıq çəkiblər.

– Onun geyimi, bər-bəzəyi də özünəməxsus idi. Xüsusi bir dərzisi, geyimi ilə məşğul olan adam vardı, ya hər şeyi öz zövqü ilə edirdi?

– Hər bir dövrün öz gözəlliyi və dəbi var. O vaxtlar hamı ona baxırdı, deyirdilər, görək Şövkət necə geyinir, biz də elə geyinək. Geyimləri özü də seçirdi, dərzisi də vardı. Altmış yaşı olsa da, o, yenə çox gözəl idi. Onun gözəlliyi tam olaraq efirdə görsənmirdi. O vaxtı indiki kimi yüksək keyfiyyətli kameralar, işıqlandırma yox idi. Evdə tamamilə başqa cür, qeyri-adi gözəllikdə olurdu. O qədər gözəl ürəyi vardı ki, siması ilə ürəyi bir-biri ilə vəhdət yaradırdı. Heç vaxt evinə gələn adamı rədd etməzdi. Əgər mahnı xoşuna gəlirdisə, hətta, tanınmayan bəstəkarların mahnısını belə ifa etməkdən çəkinməzdi. Müğənnilərlə də elə rəftar edirdi. Akif İslamzadədən Şövkət xanım haqqında soruşun. Şövkət xanım həmişə Akif İslamzadəyə, bəlkə də, Sara xanımdan artıq dəstək olub.

– Akif müəllim bunu indi etiraf edir?

– Bəli. Siz bir dəfə onunla bu haqda danışın, görün, necə gözəl sözlər deyəcək.

– Şövkət xanımın tələbələri çox olub.

– Elədir. Akif İslamzadə, Mənsum İbrahimov, Firuzə İbadova, Aygün Bayramova, Almaz Orucova, Aybəniz Haşımova, Könül Xasıyeva və başqaları…

– Sizcə ən etibarlı tələbəsi hansıdır?

– Ən etibarlısı Aybənizdir. Onun haqqında mənə həmişə deyirlər ki, Aybəniz Şövkət xanım haqda çox danışır. Amma olsun, bu, onun etibarlılığının əlamətidir. Aybəniz bu evə gələndə balaca uşaq idi. On bir yaşı vardı.

– Hətta bir dəfə Şövkət xanım xəstə olub, Aybəniz Haşımova gəlib sizin qapının ağzında saatlarla oturub gözləyib ki, müəllimindən bir xəbər bilib, onun üzünü görüb sonra getsin.

– Hə, o, elə idi. Və bu günə qədər də elə vəfalıdır.

– Şövkət xanım da onu çox istəyirdi.

– Bilirsiniz o, elə bir xanım idi ki, içində, daxilində nə baş verdiyini çox da göstərmirdi.

– Hər halda siz gəlini idiniz, bilərsiniz…

– Elə şeylər var ki, adam danışmaq istəmir. Şövkət xanım bir tələbəsindən çox-çox incidi.

– Səbəb nə idi?

– Şövkət xanımın sinfini bitirib konservatoriyaya getdi, amma müəllimini konservatoriyaya dəvət etmədi. Hətta, bir məclisdə gəlib Şövkət xanıma gözü ilə salam verir, konservatoriyadakı müəllimini isə qucaqlayıb öpür. Bu əhvalat Şövkət xanıma çox pis təsir edir. O, məclisdən gələndən sonra gəlib oturub bax bu gördüyünüz otaqda ağladı.

– Kim idi o?

– Adını demək istəmirəm. Hal-hazırda çox məşhur olsa da, xəstədir. İnanırsınız, o xanəndə bizə başında bitlə gəlmişdi. Onu Şövkət xanım Bakıya özü gətirmişdi. O vaxtı Şövkət xanım, Tofiq Quliyev Azərbaycanın rayonlarını qarış-qarış gəzib istedadlı uşaqlar axtarır, tapır, Bakıya gətirirdilər. Şövkət xanım mənim paltarlarımı aparıb ona geyindirib, onu efirə çıxarırdı. Mən də o xanəndə geyinəndən sonra paltarları geri götürmürdüm, ona bağışlayırdım. Tək ona yox, bütün tələbələrinə analıq edib, onları geyindirib, yedirdib. Bu evdə elə uşaq olmayıb ki, yemək yeməmiş, ac çıxıb getsin. Həmin tələbəsinin xəyanətindən sonra Şövkət xanım müalicəyə gedəndə Aybəniz onun yanında olmuşdu. Aybəniz onun incidiyini görüb soruşanda, Şövkət xanım ona dedi ki, siz hamınız əmək itirənsiniz. Aybənizə aid etmirdi, amma ümumən tələbələrindən ürəyi sınmışdı. Ona salam verməyən tələbəsinin qucaqladığı adam indi yuxarı başdadır. Amma əslində o adam da dərs deməyi Şövkət xanımdan öyrənmişdi.

– O adam kim idi?

– Onun da adını demək istəmirəm. Məşhur muğam ustasıdır. Mədəni-maarifi bitirmişdi. Şövkət xanımın öz yeri, onun isə öz yeri vardı. Həmişə Şövkət xanımdan soruşanda ki, Zeynəb Xanlarova kimdir? Cavab verirdi ki, Zeynəbin öz yeri var, Şövkətin öz yeri. Onu da xalq sevir, məni də. Şövkət xanım heç vaxt səhnə yoldaşları haqqında mənfi söz deməzdi. Həmişə də deyirdi ki, mənim xalqım qədir biləndir. Doğrudan da elə oldu. Elə şeylər var, onu mən sonra açıqlayacam, zamanı çatanda. Şövkət xanımı bütün MDB ölkələrində sevirdilər. Yerevana gedəndə ona yalvarırdılar ki, Yerevanın Xalq artisti adını versinlər, o isə qəbul etmirdi. Və bir dəfə də olsun erməni mahnısı oxumadı. Amma bəziləri qaça-qaça getmişdilər Yerevana, mahnı da oxuyub, ad da almışdılar. Ona görə Şövkət xanıma SSRİ Xalq artisti adını vermədilər. Onda Niyazi bizə gəldi, Şövkət xanıma dedi ki, o adı sənə vermədilərsə, SSRİ dağılacaq. SSRİ-nin dağılma xəbərini televizordan eşidəndə Şövkət xanım əlini dizinə vurub dedi, vay, Niyazinin dediyi çin oldu, o boyda quruluş dağıldı!

– Rübabə Muradovanın qızı ilə söhbət edəndə belə bir fikir işlətdi ki, anam İrandan gəlmişdi, onu burdakı qadın həmkarları təkləyirdilər, imkan vermirdilər üzdə olsun. Məncə, Sara xanımla, Şövkət xanımı nəzərdə tuturdu.

– Yox. Yalan danışmasın. Şövkət xanımda belə hiss olmayıb. Bəlkə Sara xanım edib, bilmirəm, amma Şövkət xanım yox. O, öz sənət dostlarına həmişə hörmət edib. Hətta dostları üçün gedib qapıları döyüb ki, onlara ad, ev versinlər. Özü üçün etməyib, başqaları üçün edib. Misal üçün, Sara xanımın ev alması üçün nə qədər yerlərə müraciət edib.

– Şövkət xanım sənətinin fərqində olduğundan daxilən rahat idi.

– Bəli, bəli. O, bilirdi kimdir. Elə səs yoxdur axı. İndi çıxsın meydana görək varmı? Şövkət xanım yeganə müğənni idi ki, bütün janrlarda yüksək səviyyədə oxuya bilirdi. Bu gün bir nəfər çıxsın, desin ki, mən onun kimi oxuya bilərəm. Yoxdur. Onun zirvəsinə heç kim çata bilmir.

– Özü kimləri dinləyirdi, bəyənirdi?

– O vaxtı indiki kimi hər şey əlçatan deyildi. Hansısa ölkəyə gedəndə kimisə bəyənirdisə gəlib deyirdi. Misal üçün, Zəki Mürəni, Emel Sayını bəyənirdi. Ququşu çox sevirdi. İrandan gələndən sonra dedi, orda bir Ququş var, onun səsi, boğazları çox gözəldir. Onda Azərbaycan qanı var. Bir də Misirə gedəndə Umkülsümü çox bəyənmişdi.

– Bizim xanəndələrdən onu kim feyzyab edə bilərdi?

– Rəşid Behbudov. Həmişə deyirdi ki, Rəşiddən yoxdur. Rəşid öləndə Şövkət xanım bilirsiniz nə qədər ağlamışdı? Mən ona nə qədər dərman versəm də, sakitləşmirdi. Deyirdi, sən bilmirsən, bu xalq kimi itirdi. Qara Qarayev öləndə dedi, bir böyük planet yox oldu. Eləcə də Fikrət Əmirovun, Niyazinin ölümünə dəhşətli dərəcədə pis oldu. Niyazi öləndə biz Göygöldə idik. O, bu xəbəri eşidəndə nə günə qaldı? Dedi, məni dərhal Bakıya çatdırın. Ağlayanda da bilirsiniz necə ağlayırdı? Hönkür-hönkür.

– Aybəniz Haşımovanın “Şövkət xanım, rəhmətə gedəndə, kəfən almağa pulu yox idi, onu xalq dəfn etdi” sözləri sizi çox qəzəbləndirdi. Əslində, Aybəniz xanım xalqın Şövkət xanıma olan sevgisini bildirmək istəmişdi…

– Bu düzgün ifadə deyil, həm də etik səslənmir. Yaxşı olar ki, Şövkət xanımın mahnılarından, yaradıcılığından söhbət açılsın, nəinki belə söhbətlər. Həm də, axı bu söhbət həqiqət deyil. Aybənizdə bir az belə xüsusiyyət var, qızışır və haralarasa gedib çıxır. Görünür, bu da sevgidən irəli gəlir. İnsanların bu məsələyə reaksiyası pis oldu. Xalq doğurdan da Şövkət xanımı çox sevir. Şövkət xanım uzun illərdir, rəhmətə gedib, biz onun ailəsi olaraq bir dəfə də olsun qalmaqala, söz-söhbətə qoşulmamışıq.

– Şövkət xanım özü də sakitliyi sevən adam olub…

– Bəli, bəli. O, heç vaxt qalmaqala qoşulmağı, mərkəzdə olmağı sevməyib, bizi də belə tərbiyə edib. Həmişə deyib ki, uzaq olun söz-söhbətdən. Ona görə də həmin söhbət çıxan gecə mən səhərə qədər yatmayıb, ağladım. Hətta təzyiqim də qalxmışdı. Axı Şövkət xanım elə-belə müğənni deyil.

– Bu qalmaqalda sizə ən çox təsir edən nə oldu?

– Mənə elə gəlir ki, bu, Şövkət xanıma qarşı hörmətsizlik idi. O boyda dahi insan haqqında belə sözlər demək doğru deyildi. İndi gəlin, həqiqəti deyək də.

– Əgər həqiqətən də Şövkət xanımın deyilən kimi pulu olmasaydı, dünyasını dəyişəndən sonra kəfən pulu tapılmasaydı, bu söz sizə indiki kimi təsir edərdi?

– Mən sizə bir söz deyim. Axı Şövkət xanım tək yaşamayıb, onun ailəsi, oğlu var. Mən bu məsələyə çox toxunmaq istəmirəm, çünki bir az ailə daxili məsələdir. Amma onun elə bir oğlu var ki, kaş hamının elə oğlu olardı. Şövkət xanımın oğlu o, xəstə yatan günlərdə anasından beş dəqiqə yox, heç bir dəqiqə də aralanmayıb. Bildiyiniz kimi, Şövkət xanım çox ağır xəstə oldu və qızından sonra cəmi bir il yaşadı. Qızının dərdi onu çox sındırdı.

– Şövkət xanım hansı xəstəlikdən dünyasını dəyişdi?

– Onun şəkəri vardı. Amma qızının 48 yaşında vəfat etməsi ona çox pis təsir etdi.

– Bildiyimə görə, qızının xərçəng xəstəsi olduğunu da Şövkət xanımdan gizlədiblər.

– Bəli. Mənim ixtiyarım yox idi ki, bu barədə ona nəsə deyim. Çünki onun qızının ailəsi vardı. Qızının həyat yoldaşı deyirdi ki, biz bu barədə Şövkət xanıma nə isə desək, o, elə indi ölər. Düz də deyirdi. Heç olmasa Şövkət xanım beş il yaşadı.

– Bəs nə vaxt bildi?

– Qızının ölümünə üç gün qalmış. Hamı gördü, Natella daha sağalmayacaq, can verir. Ondan sonra dedilər, anası yanına gəlməlidir. Bunu da biləndə Şövkət xanım şok oldu. Ona qədər biz Şövkət xanımın şəkərini də, sağlamlığını da nəzarətdə saxlayırdıq, müalicə etdirirdik. Amma Natellanın üç məclisində Şövkət xanım artıq xəstəxanada idi.

Şövkət Ələkbərovanın qızı Natella xanım

– Yaradıcı insan, hissiyyatlı qadın… Bəs qızındakı dəyişiklikləri görmürdü?

– Gizlədirdi, parik qoyurdu. Bir az səsində nəsə dəyişiklik olanda, yalandan deyirdi, boğazım ağrıyır. Şövkət xanım da şübhələnmirdi. Bəlkə də şübhələnirdi, amma qorxurdu bu haqda düşünməyə. Mənim yadıma gəlir, Şövkət xanımı Natellanın yanına aparanda, o, geyinə-geyinə deyirdi ki, mən çox qorxuram, mən getmək istəmirəm, orda nə isə olacaq. Onda mən onun əlindən tutdum, dedim, Şövkət xanım, xahiş edirəm qorxmayın, hər şey yaxşı olacaq. Mən yazıq nə deyəydim axı… Ora gedəndən sonra Natella artıq danışa bilmirdi, huşu getmişdi, can verirdi. Natellanın ölümündən sonra çox pis oldu, hətta huşunu da itirmişdi. Həmin vaxt ölkədə də vəziyyət pis idi. Xəstəliyi dövründə Şövkət xanım xəstəxanaya düşdü və ona ancaq oğlu baxırdı. Mən uşaq gözləyirdim. Ona görə də ancaq özümlə əlləşirdim. Şövkət xanımın ən böyük arzusu mənim ilk övladımı görmək idi. Allaha yalvarırdı ki, nəvəsinin üzünü görsün və qızının ilini verib sonra dünyadan köçsün. Necə demişdi, elə də oldu. Qızım anadan oldu, Natellanın ilində isə artıq o, çox ağır vəziyyətdə idi. Heç huşu özündə deyildi. Yanvar ayında qızının ilini verdik, fevralın 7-də isə Şövkət xanım rəhmətə getdi.

– Natella xanımın övladları Şövkət xanıma təsəlli deyildi?

– Natellanın iki oğlu vardı. Amma heç nə ona təsəlli vermirdi. Bəlkə, bir balaca mənim qızım onun könlünü açırdı. Onun arzusu idi ki, bir qız nəvəsi də olsun və ona öz adını qoysun. Mənə də deyirdi, bilirəm, bu müasir ad deyil, amma gözəl addır. Şövkət hökmranlıq, ad san deməkdir. Mən də deyirdim, axı bu türk adıdır, həm də kişilərə qoyulur. Onda mənim rəhmətlik anam dedi, sən onun xətrinə dəymə, o, qızını itirib, qəlbi yaralıdır. Amma indi mən çox sevinirəm ki, qızım o adı daşıyır. Bir dəfə Şövkət xanım mənə dedi, mənim adım nəvəmə çox qapılar açacaq. Düz də demişdi. Təhsil aldığı illərdə adamlar biləndə ki, o, kimin nəvəsidir, çox böyük hörmət edirdilər.

– Gülnarə xanım qızının ölümündən sonra onu doğurdan da heç nə həyata bağlamadı?

– Yox. Heç nə. Saçına rəng də qoymurdu. Siz əgər onu sonrakı bir ildə görsəydiniz, tanımazdınız. O, qızının ölümündən sonra cismən öldü. Evdə ağlayır, qızını çağırırdı. Birdən ağlayıb-ağlayıb sonra da Natella deyib qışqırırdı. Heç kim də heç nə edə bilmirdi. Biz onun naləsinə, göz yaşlarına dözə bilmirdik, amma nə edə bilərdik. Əlimizdən heç nə gəlmirdi.

– Natella doğrudan da çox gözəl qadın olub.

– O, çox gözəl ana, ağıllı qadın idi. İnanırsınız, neçə illərdir Natella dünyasını dəyişib. Bu günə qədər də onun yerini mənim üçün heç kim tuta bilməyib. O boşluq bu günə qədər də qalır. Mən onu rəfiqələrimdə, qohumlarımda axtarsam da, heç kim də tapa bilmədim. Onun yoldaşının indi yetmişə yaxın yaşı var, Natelladan sonra ailə qurmadı. Ona evlənmək təklif edən adama deyirdi ki, Natella kimisini tapa bilmərəm.

– Hiss olunur ki, Şövkət xanım övladları ilə münasibətdə çox ciddi olub.

– Düz deyirsiniz, onun tərbiyə üsulu çox ciddi idi. Qışqırmazdı. Bircə dəfə kiməsə gözünün ucu ilə baxsaydı, bəs edərdi.

– Niyazi ilə çox yaxın dost olublar

– Hə. Bir dəfə Niyazi bir neçə nəfərin yanında deyib ki, mənim dostlarımın içərisində ən sədaqətlisi Şövkətdir, istəyirsinizsə, bunu sizə sübut edim. Sonra zəng vurur Şövkət xanıma, deyir, mənə təcili beş min pul lazımdır. Şövkət xanım bir saata bütün qohumuna, dostuna zəng vurub o məbləği düzədir. Niyazi deyir, Şövkət bağışla, pul lazım olmadı. Sadəcə, mən bu gədələrə sənin sədaqətini və dostluğunu başa salmaq istəyirdim. Bir dəfə də gecə saat on ikidə konsertdən sonra Şövkət xanım gəlib yatır. Niyazigil də bizdən bir kvartal aralı olublar. O, evə gedir, görür xanımı qəşəng plov bişirib. Tez zəng vurub Şövkət xanımı yuxudan oyadır, deyir, dur gəl. Şövkət xanım da ona həmişə Knyaz deyirdi. Deyir, Knyaz, yorulmuşam, yatıram. Deyir, o dünyada o qədər yatacağıq ki, heç gəlib baxan da olmayacaq orda yatan mənəm, ya sənsən, indi isə yaşamaq lazımdır.

– Şövkət xanımın baməzəliyi də olub.

– Olub. Amma baxırdı kiminlə zarafat edirdi. O, çox müdrik xanım idi. Bilirdi ki, kiminlə mərd, kiminlə başqa cür danışmaq lazımdır. Gələndə hamı ayağa qalxırdı. Çünki inanılmaz xarizması və enerjisi vardı.

– Hündürboy deyildi.

– Hündür idi. Bəlkə də, bütün qadın müğənnilərdən hündür o idi. Özü o qədər gözəl idi ki, nə geyinsə, taxsa, yaraşırdı. Zinət əşyalarına xüsusi marağı yox idi. Tez-tez Çexoslovakiyaya gedirdi, ordan çoxlu büjeteriya alıb gətirirdi. Elə bilirdilər, bahalı daş-qaşdır. Kimin nədənsə xoşu gəlirisə üstündən çıxarıb verirdi.

– Şövkət xanımın əşyası qalıb?

– Yox. Bizim adət-ənənələri bilirsiniz. Bir, iki zinət əşyası qalmışdı, onlar da elə bahalı deyildi.

– Şövkət xanımın çox kədərli səsi vardı. Bunu onun taleyi ilə də bağlayırdılar. Sizcə o, bir qadın kimi xoşbəxt idi?

– Yox. Çünki onun ilk həyat yoldaşı, Natellanın atası həkim olub və müharibəyə gedib, orda hospitalda işləyib. Şövkət xanım eşidib ki, orda onun yanında artıq başqa bir qadın var. Buna görə də ərini bağışlaya bilməyib. Uşağı götürüb ərinin evindən gedib.

– Mən bildiyimə görə, birinci həyat yoldaşı da Şövkət xanımı qısqanıb

– Yox. Mən elə şey eşitməmişəm. Bir yaxşı film var. “Onun böyük ürəyi”. Bu film sanki onun taleyidir. Mənə elə gəlir, elə o filmin süjetini Şövkət xanım danışıb.

– İkinci evliliyi isə rejissor Lətif Səfərovla olub.

– Bəli. O, çox ağıllı, savadlı insan olub. Moskvada Qriqori Kozintsevin kursunda Eldar Rzyanovla bir oxuyub. Orda evlənib, iki övladı olub, amma Bakıya gələndən sonra xanımı ondan ayrılır, uşaqlarını da götürüb Moskvaya gedir. Lətif müəllim də başlayır burda işləməyə. Bəxtiyar filminin çəkilişi zamanı Şövkət xanımla tanış olur. Həmin filmdə Bəxtiyarın uşaqlıq səsini Şövkət xanım oxuyur. Hər ikisi tək olduğundan tale onları sanki birləşdirir. Bizim indi sizinlə söhbət etdiyimiz ev Lətif Səfərovun evidir.

– Gülnarə xanım, deyirlər, Lətif müəllim vərəm xəstəsi olub, buna görə oğlunu Bərdəyə yollayıb ki, xəstəlik ona yoluxmasın. Bunlar doğrudur?

– Yalan söhbətdir. Lətif müəllim Türkmənistanda “Leyli və Məcnun”u çəkəndə orda nə isə yeyir və xəstələnir. Xəstəlik onun sümüyünə keçir. Bu xəstəliyə sümük vərəmi deyirlər. Onda da indiki kimi dərmanlar yox idi. Lətif müəllim həmişə soyuqdan üşüyən adam kimi titrəyirdi. Həkimlər tapşırmışdı ki, uşağa və arvadına yaxın durmasın. Bu səbəbdən otağı ayrı olub. Şövkət xanım onunla bir otaqda qala bilmirdi. Lətif müəllim də buna görə çox əziyyət çəkirdi. Bir yandan da film çəkilişlərinə başlayıb, pulunu alıb. Vaxt isə gedir. Bir gün dayanmaq külli miqdarda pul itkisi deməkdir. O da titrəməsi dayansın deyə gedib içirmiş və tez də oturub filmi çəkirdi. Onda da onun yaxın adamları, kimləri ki, Lətif müəllim adam edib, onlar onun haqqında Lətif Səfərov film çəkilişi zamanı içkili olur, sərxoşluq edir kimi fikirlər yazmağa başlayırlar. Sovet dövründə bu dəhşət idi.

– Bu adamlardan biri Həsən Seyidbəyli olmayıb?

– Bilmirəm. Çünki bu barədə əlimdə fakt yoxdur. Bu barədə kinoşünas Aydın Kazımov daha çox bilir. Mənim yanında Şövkət xanım ad çəkmədən həmişə deyirdi ki, yazıq Lətif, yazıq oldu. Lətif müəllimin öz əli ilə yaratdığı ittifaqdan onu çıxarırlar. Onun yerinə Həsən Seyidbəylini qoyurlar. Hansı ki, onu Lətif müəllim Moskvaya oxumağa göndərir. Ona növbəti zərbə isə “Möcüzələr adası” filminin ssenarisini yazıb bitirəndən sonra dəyir. Həmin ssenarini də onun əlindən alıb, xəstəliyini bəhanə gətirib verirlər Həsən Seyidbəyliyə.

– Bəs Lətif müəllimin intiharı haqqında nə bilirsiniz?

– Lətif müəllimin intiharı bax həmin bu evdə, bu otaqda olub. Şövkət xanım, anası, oğlu və Natella o biri otaqda yatırlar. Lətif müəllim isə bu otaqda oturub məktub yazır. Yazır ki, mənim ölümümdə heç kimi günahlandırmayın. Mən sadəcə olaraq bezmişəm. Bundan sonra intihar edir. Hadisə baş verəndə mənim həyat yoldaşımın 5 yaşı varmış. Şövkət xanım onu tez qonşuya verir. Onu bezdirirlər və intihara sürükləyirlər. Bu konkret olaraq siyasi məsələ idi. Amma sovet dövründə vətəndaş özünə qəsd edə bilməzdi. Ona görə də onlara qısqanclıq üstündə özünü öldürüb mövzusu sərf edirdi. Bu şayiə də ordan yayılır. Və “KQB”-dən Şövkət xanıma tapşırırlar ki, bu barədə heç nə danışmasın. Şövkət xanım axırıncı nəfəsinə qədər bu mövzudan qorxdu. Çünki onun iki balası vardı. Ancaq onu deyirdi ki, Lətif Bəşiroviç qurban getdi. Ona görə də o, öz uşaqlarını qoruyurdu. Deyirdi, bəsdir, mən də yoldaşım da çox qurban verdik, bəsdir. Mənim həyat yoldaşım məktəbi qurtaranda Kozintsev zəng eləyib dedi ki, Lətifin oğlu gəlsin bura, biz ona nə lazımdırsa, edəcəyik. Şövkət xanım dedi, yox, mənim oğlum yanımda qalacaq. Şövkət xanım Moskvaya dekadaya gedəndə orda nə qədər tanınmış sənət adamı eşitmişdi ki, Lətif Səfərovun həyat yoldaşı gəlib, hamısı Şövkət xanımın görüşünə gəlmişdi. Smaktnovski Şövkət xanımın qarşısında diz çöküb əlindən öpmüşdü, demişdi, Lətif Səfərov möhtəşəm rejissor idi. Kozintsev “Hamlet” filmini çəkəndə Lətif onun assistenti olub. O, bu cür imkanlarını qoyub gəldi Bakıya ki, burda filmlər çəksin, amma qoymadılar. Lətif Səfərov filmlərində rus aktrisalarını çəkmək istəmirdi. “Bəxtiyar” filmində Rəşidin yanında Saşanı görəndə özünü öldürürmüş, deyirmiş, mən filmimdə rus qızı istəmirəm. Onun “Qızmar günəş altında” filmi başdan-ayağa simvollarla doludur. Natella Lətif müəllimin qızı deyildi, amma o, həmişə deyirdi ki, bu günə gəlib çatmağımda Lətif müəllimin mənə verdiyi tərbiyəyə borcluyam.

– Şövkət xanımın oğlu ilə münasibəti necə idi?

– Mən elə bir sevgi görməmişəm. Biz dördüncü mərtəbədə yaşayırıq. Şövkət xanımın oğlu birinci mərtəbəni qalxanda o, hiss edirdi ki, pillələri qalxan onun oğludur. Deyirdi, mənim balam gəlir. Atasını itirəndən sonra Şövkət xanım onu ərköyün saxlayırdı. İstəyirdi ki, oğlu atası ilə bağlı yaranı hiss etməsin. Otuz il keçib, amma indi də elə bir həftə yoxdur ki, Bəşir anasının qəbrini ziyarətə getməsin.

Mən sizə bir əhvalat deyim. Şövkət xanım sağ olanda hər dəfə iki, üç aydan bir evimizə çox kasıb bir qadın gəlirdi. Şövkət xanım qapını açıb həə, nənə, gəldin, gəl, gəl – deyərək onu mətbəxə aparırdı. Şkafda o qadının ayrıca boşqabı, qaşığı, fincanı vardı. Hər dəfə yedirdib, içirdib, pul verib yola salırdı. Mən açıq deyirəm, o qadın gələndə əsəbiləşirdim, deyirdim, bəlkə bu qadın xəstədir, siz niyə bunu evə çağırırsınız? Deyirdi, qızım, o, bilmir ki, mən kiməm, amma acdır, onu qapıdan necə qovum? O qadının gəlişi uzun illər davam etdi. Hətta Şövkət xanım mənə dedi ki, birdən mən ölərəm, amma o gələndə onu qapıdan boş qaytarma.

– Şövkət xanım rəhmətə gedəndən sonra gəldi?

– Qırxı çıxandan sonra bir gün qapı döyüldü, açdım, gördüm, həmin qadın qapıda dayanıb. Mən onu mətbəxə aparıb xörək çəkdim, çay süzdüm. Gördüm, gözü axtarır. Axırda dedi, bəs xanım hardadır? Dedim, rəhmətə gedib. Xeyli ağladı. Mən onu sakitləşdirə bilmədim. Hətta ona qoşulub ağladım. Axırda dedi, daha mənim heç kimim qalmadı. Ondan sonra heç vaxt gəlmədi. Amma mənim vicdanım rahatdır, çünki mən ona dedim ki, Şövkət xanım yoxdursa da biz varıq, nə vaxt istəsəniz gəlin.

– Şövkət xanımın son günlərini necə xatırlayırsınız?

– Dəhşət idi. “Leçkomissiya”dan bizə zəng vurdular ki, onun vəziyyəti yaxşı deyil, böyrəkləri fəaliyyətini yerinə yetirə bilmir, onu burda saxlamaq gərəksizdir. Yoldaşım dedi, mən onu evə gətirəcəm, istəmirəm xəstəxanada rəhmətə getsin. Evə gətirdilər, bayırda dəhşətli külək əsirdi, elə bil, hər yer dağılacaqdı. Heç bir gün çəkmədi. Mən hamilə idim deyə onun yanına buraxmırdılar. Özüm də yoldaşımı tək qoyub anamgilə gedə bilmirdim. Amma son məqamda yanına gəldim, gördüm, can verir, xırıldayır. Molla gələndə məni qonşuya yolladılar. Bütün gecəni qonşuda oturdum. Səhərə yaxın onun qohumlarından biri dedi ki, gəlin gəlsin, o, canını tapşıra bilmir. Gəldim, yanında oturdum, əlimdən tutdu, rusca dedi: “Ya bayus.” Mən ona xeyli təsəlli verdim. Dedim, yanınızdayam, yenə dedi, mən yenə də qorxuram. Vəssalam. Mən ağladım, yoldaşım ümumiyyətlə pis vəziyyətdə idi. Mən qorxurdum ki, yoldaşımı da itirəcəm. Yaxşı ki, qızımız vardı. Onun yatdığı otaqda göydə bir çilçıraq asılmışdı, onu Lətif müəllim almışdı. Mən neçə dəfə demişdim, gəlin, onu dəyişək, Şövkət xanım demişdi, yox, onu Lətif alıb, mən onun altında öləcəm. Şövkət xanım son nəfəsini verəndə bayırdakı külək dayandı, həmin çilçıraq yanılı idi. Birdən lampa partlayıb yerə səpələndi. Molla dedi, o, canını tapşırdı.

Ondan sonra əlbəttə çətin oldu. Hamı deyirdi, onun qəbrinin üstünü ilindən sonra götürün, yoldaşım razı olmadı. Oğlum dünyaya gələn gün zəng vurub deyir ki, mən bu gün ən xoşbəxt adamam. Mən də düşündüm ki, yəqin, oğlumuzu nəzərdə tutub nə isə deyəcək. Birdən qayıtdı ki, bu gün mamanın məzarı hazır oldu. Bu, bizim üçün asan deyildi. O dövr çətin dövr idi. Qalan məsələləri dövlət elədi. Onun bütün cümə axşamları bizim bu evimizdə, bir də iki qonşumuzun evində keçirilib. Mən onların heç adlarını da bilmirdim. Adamlar gəlirdilər, heç tanımırdıq. Kimi yağ, kimi un, kimi pesok gətirirdi. Mən qırx gün stulların üstündə yatdım.

Foto: Nicat Əlili

2020

Share: