O yazıçı əxlaqsızdır! – Orxan Həsəni yazır…

O yazıçı əxlaqsızdır! – Orxan Həsəni yazır…

Kulis.az Orxan Həsəninin “Folknerin səs-küyü” yazısını təqdim edir.

“Qol qoymaq” haqqında bir neçə söz

Uliyam Folkner oxuculardan çox yazıçılar üçün əhəmiyyətlidir. Bir cümlə ilə ifadə etsək, hamımızın ədəbi əcdadıdır. Müəllifin dünyası o qədər rəngli və bənzərsizdir ki, bütün yazıçılar özləri üçün oradan pay götürə bilərlər. Təsadüfi deyil ki, illər öncə hiyləgər jurnalistlərdən biri Orxan Pamukdan soruşur: Siz romanlarınızı yazarkən Folknerdən təsirlənmisiniz? Pamukun cavabı sərt olur: Mən Folknerdən təsirlənmirəm, ondan oğurlayıram.

Əlbəttə, bunu oxuyan gənc, perspektivli, eynəkli qələm sahibləri oğurlamağın bənzərsiz cazibəsinə qapılıb bu işə qol qoyarlar. (Mənə ayrılan vaxtdan istifadə edib onu da deyim ki, qol qoymaq ifadəsini son vaxtlar tez-tez istifadə edirəm. Adam birdən eləcə hansısa işə qol qoymaq istəyir. Axşamüstünün sərinliyində düşüb məhəllədə gəzişirsən. Bir də görürsən, beş-on adam oturub həvəslə, həyəcanla hansısa işə qol qoyurlar. Tıncıxırsan, əsəblərin gərilir, ürəyin yerindən çıxıb gup-gup eləyir və nəhayət, qərara gəlirsən ki, onlara qoşulub sən də qol qoyasan).

Qoysunlar. Unutmaq olmaz ki, hətta oğurluq da istedadlı münasibət istəyir. İstedadlı münasibət oğurluğu da sənətə çevirir. Ümumiyyətlə, elə insanlar var ki, yeriyəndə də istedadla yeriyirlər, qaçanda da istedadla qaçırlar, iki kəlmə kəsirsən, görürsən, necə istedadla dinləyirlər, danışırlar, sözlər dilindən dür kimi tökülüb havaya qarışır. Mən həmişə inanmışam ki, maraqlı adam maraqsız əsər yaza bilməz. Buna ona görə inanmışam ki, uzaqbaşı yazdığının əhəmiyyətsiz olduğunu anlayıb bu işdən qol götürər.

Maraqlı adam haqqında

Maraqlı adam demişkən, bu həftə Uliyam Folknerin “Səs-küy və qəzəb” romanını oxudum. Roman məni əməllicə yordu, lakin hekayənin içindəki nəhəng ədəbiyyat işığını gördüm və o işığın istiliyini ürəyimdə duydum. Müəllif həm bu romanında, həm də digər əsərlərində formal ədəbi bacarıqla insan təbiəti haqqında bənzərsiz təsəvvür yaradır. Çox sevdiyim Lev Tolstoy psixoloji realizmi ilə məşhurdur (hətta itin nöqteyi-nəzərindən hekayə danışanda da). Folknerin təsvirləri, şübhəsiz ki, Tolstoyunkulardan dəqiqliyinə görə zəif təsir bağışayır, lakin bu təsvirlər personajların gündəlik həyatından kənarda daha geniş insan təcrübəsini əhatə edir və bunları oxucuya sunur. Tolstoy insanları olduğu kimi, Folkner isə onların böyük hadisələrin təsiri altında nəyə çevrildiyini göstərir. Vəssalam. Ortada xalis bir həqiqət var. Folkner Cənubun boyanmış üzünə güzgü tutur, köhnə aristokratiyanın cilasını ədəbiyyat əskisi ilə silir və o cilanın altında çürüyən nüvəni üzə çıxarır.

Və müəllif bunların öhtəsindən ən böyük silahı – üslubu ilə gəlməyə çalışır. Bu mürəkkəb kombinasiyalar əsərin oxunmasını çətinləşdirir, oxucudan zəhmət istəyir, onu yorur və bezikdirir. Bu çətin məqamlarda təcrübəli oxucu üçün elə bir təsəvvür yaranır ki, Folkner sanki “kasıb Ceyms Coys”dur. O, tamamilə üslubdan ibarətdir, onda üslubdan kənar heç nə yoxdur.

Düşünürəm ki, Ceyms Coys və Uliyam Folkner arasında oxşar və fərqli cəhətlər var. “Uliss”i tam başa düşmək üçün klassik ədəbiyyatı dərindən oxumaq lazımdır. Klassik əsərlərə hakim olmaq romanı dərindən duymağın yeganə açarıdır və belə olan halda bircə oxunuş kifayət edir. “Səs-küy və qəzəb” də isə vəziyyət daha mürəkkəbdir. İlk oxunuşda demək olar ki, hər şey duman içində itir, başa düşülmür. Sonrakı oxunuşlar dumanı dağıdır, açıq səma gözləri qamaşdırır və mətləblər oxucu üçün anlaşılır.

Eyni zamanda hər iki müəllif şüur ​​axınından, daxili monoloqlardan və modernist cərəyanın digər tələblərindən ustalıqla istifadə edirlər. Mənə görə bizim üçün ən əhəmiyyətli oxşarlıqlardan biri isə Coys və Folknerin öz mədəniyyətlərinə və coğrafiyalarına böyük əhəmiyyət vermələridir. Bu mədəniyyətdən və coğrafiyadan kənarda hər iki müəllif sadəcə ortababdır, eləcə qabıqdır. Məhz buna görə yazıçılığa iddialı kəslər yaşadığı ölkəni, onun problemlərini duymalı, insanlarını dərindən tanımalıdır və onlara ədəbiyyat eynəkləri ilə baxmağı bacarmalıdır.

Birincisi ona görə ki, biz vətənə və insanlara ya vəlvələdən, ya zəlzələdən bağlıyıq, böyüdüyümüz kənddən, qəsəbədən, şəhərdən çıxa bilsək də, böyüdüyümüz kənd, qəsəbə, şəhər bizim içimizdən, ruhumuzdan çıxmır. İkincisi ona görə ki, yalnız özün olduğun zaman maraqlı görünürsən. Mətnin önündə yalnız öz nəğməni oxuyarkən uğurun yaşıl işığı yanır.

Əziz dostum Rəvan Cavid bu barədə dərindən düşünməlidir!

Coys Dublindən, Folkner isə ABŞ-ın cənubundan bəhs edir. Bununla belə, Coysdakı Dublin həyatla doludur, Folknerdə isə personajlar, quruluşlar və siyasi institutlar tənəzzülə uğramışdır. Coys əxlaqsız və komikdir, Folkner isə əxlaqlı və ciddi.

Müəlliflər Folknerdən mövzu və ya məzmundan çox formada təsirlənirlər. İstənilən yazıçı zəngin personajlarla, perspektivlərlə, perspektiv dəyişiklikləri ilə, qeyri-adi daxili monoloqlarla və s. yığılan bir əsər yazdıqda, adətən, Folknerin təsiri duyulur.

Bu siyahıda xüsusiylə Latın Amerikası yazıçılarının adlarını çəkmək olar. Nobel mükafatı laureatı Mario Varqas Llosa ona ən çox təsir edən yazıçılardan birinin Folkner olduğunu etiraf edir. Folknerə bənzəyən digər Latın Amerikalı müəlliflər Onetti və Xuan Rulfodur. Onetti Folknerin Yaknopatofasına bənzər bir aləm yaratmışdı. Qabriel Qarsia Markesin “Makondo”su da bu əyalətə çox bənzərdir. Rulfonun “Pedro Paramo” romanını aydın başa düşmək üçün iki və ya üç dəfə oxumaq lazımdır ki, bu da Folkner oxucuları üçün ümumi təcrübədir.

Latın Amerikası yazıçıları və Uliyam Folkner arasındakı əlaqə mənə elə gəlir ki, daha genişdir və başqa bir yazının mövzusudur. Qərayib dənizi hövsəsi sirlərlə doludur.

“Səs-küy və qəzəb”in keçməyən zamanı

“Səs-küy və qəzəb” Kompson ailəsinin tənəzzülü və süqutunun hekayəsini danışır. Amma necə? Modernist üsullarla, müxtəlif perspektivlərlə, şüura görə dil dəyişikliyi ilə və vətəndaş müharibəsinə, çürük aristokratiyaya, irqçilik mövzularına toxunmaqla. Əziz oxucular, 19-20-ci əsrlərdəki elmi, texnoloji inkişaf varlıq, gerçəklik, nisbilik və zaman anlayışlarının yenidən şərh edilməsinə səbəb oldu. Modernist yazıçıların müasir dövrün elmi metodları ilə uyğun romanlarında obyektiv zaman şüur, xəyal və assosiasiyaların ön planda olduğu psixoloji zamanla əvəzləndi. Uilyam Folknerin “Səs-küy və qəzəb” əsəri də bu sıradan romanlardandır. Burada süjet arxa plana keçir, zaman əsərin nüvəsini təşkil edir.

Yuxarıdakı hissələrdə romanın çətin oxunduğunu ifadə etmişəm. Buna səbəb əslində romanın xronologiyasının olmamasıdır. Şüur axını xarakterlərin düşüncəsini fraqmentar, qeyri-xətti şəkildə qeydə alır. Şəkillər və təəssüratlar keçmiş, indiki və gələcək arasındakı fərqlərə məhəl qoymada sıralanır.

Roman dörd hissədən ibarətdir; Benjy hissəsi, Kuentin hissəsi, Jason hissəsi və Dilsey hissəsi. Benjy, Quentin və Jason Kompson qardaşları, Dilsey isə onların qaradərili qulluqçularıdır. İlk üç hissədə şüur ​​axını istifadə olunur və hekayə fləşbəklərdə danışılır. Dördüncü hissədə müəllifin özü hesab edilən və hər şeydən xəbərdar rəvayətçi oxucuları salamlayır. Hər hissənin isə fərqli tarixi var, birinci, üçüncü və sonuncu hissələr Pasxa bayramı ətrafında 1928-ci ilin aprelində Cefferosonda və ikinci hissə 1910-cu ilin iyununda Harvardda qurulur.

Romanı diqqətlə oxuyandan sonra müəllifin zamandan istifadə, zamanın keçməsi ilə bağlı qayğısı maraqlı görünməyə başlayır. Folkner öz romanında keçmişlə indikini qarışdırır və xronologiyaya əhəmiyyət vermədən zaman ardıcıllığını tez-tez irəli-geri dəyişir. Benjnin hissəsində çoxsaylı zaman səviyyələrindən istifadə edir və əslində indiki ilə keçmiş arasındakı zaman keçidləri oxucunu çaşdırır. Bununla belə, müəllif əksər hallarda vaxt dəyişikliyinə işarə etmək üçün kursivdən istifadə edir. Məsələn, Luster 1928-ci ilin aprelində Benjinin qayğısına qalır. Benjinin bölməsi 7 aprel 1928-ci il tarixli olsa da, hekayəni təşkil edən hadisələrin və faktların çox az hissəsi həmin gün baş verir. Keçmişin hadisələri daima indiki müxtəlif hadisələrlə üst-üstə düşür, xatırlanır. Folknerin xüsusi yazı üslubu var və o, normal xronoloji zamandan yalnız sonuncu hissədə istifadə edir. Digər üç hissədə isə zaman hissi pozulur və tez-tez keçmiş vurğulanır. Bəli, əziz oxucular, keçmiş indiki zamana həmişə müdaxilə edir, onu oynadır. Keçmişin qolu gələcəyin çiyinlərindədir.

Mənə ayrılan qısa vaxtdan istifadə edib onu da deyim ki, qol sözü dilimizin ən gözəl sözlərindən biridir. Həm tək hecalıdır, bir nəfəslik canı var, həm də məna yozumları ilə zəngindir, çox mənalıdır. Çox mənalardan biri də qol qoymaqdır. Son vaxtlar bu ifadədən tez-tez istifadə edirəm. Adam birdən eləcə hansısa işə qol qoymaq istəyir. Axşamüstünün sərinliyində düşüb məhəllədə gəzişirsən. Bir də görürürsən, beş-on adam oturub həvəslə, həyəcanla hansısa işə qol qoyurlar. Tıncıxırsan, əsəblərin gərilir, ürəyin yerindən çıxıb gup-gup eləyir və nəhayət qərara gəlirsən ki, onlara qoşulub sən də qol qoyasan. Bəli, əziz oxucular, həyatda belə şeylər tez-tez olur.

İnanmırsınız, Vüqar Babazadədən soruşun!

Share: