Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, qardaşı oğlu Orxan Nərimanlı və daha 4 şəxs Vergilər Nazirliyinin əməkdaşlarına zor tətbiq, nazirliyə məxsus nəqliyyat vasitələrini daşqalaq etdiklərinə görə barələrində həbs-qətimkan tədbiri seçilib. Tutulanlara qarşı Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.
Bundan sonra deputatın oğlu və digərlərinin neçə il müddətinə azadlıqdan məhrum edilə biləcəyi sualı aktuallaşıb.
Hüquqşünas Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda oxşar situasiyalarda fərqli qərarların verilməsi pis bir ənənə şəklini alıb: “Lerikdəki ”Relaks” istirahət mərkəzində baş verən hadisəyə gəlincə isə yayılan videolardan belə aydın olur ki, Vergilər Nazirliyinin əməkdaşlarına, yəni hakimiyyət nümayəndələrinə qarşı cinayət qrup şəklində törədilib. Yayılan məlumatlardan o da aydın olur ki, nazirlik əməkdaşlarına qarşı qabalıq edən, onlara əl qaldıran dəstənin rəhbəri rolunda deputatın oğlu çıxış edib. Qrup şəklində törədilən cinayət əməlləri adətən nəzərdə tutulan maddənin sanksiyasının ən yuxarı həddində cəza tətbiqini şərtləndirir.
CM-in 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda – 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
CM-in 315.2-ci maddəsinə əsasən bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə – 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Hüquqşünas deyir ki, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlının iş üzrə dəstə başçısı olaraq tanınması onun vəziyyətini ağırlaşdıra bilər: “İstintaq videoları əsas götürüb iş üzrə araşdırma aparsa, Mirhəmid Nərimanlını nəticə etibarı ilə 8 il və daha artıq müddətə azadlıqdan məhrum edilməsinə əsas yaranar. Onunla bərabər tutulan şəxsləri də az cəza gözləmir”.
Hüquqşünas Əkrəm Həsənov isə ümumən vergidən yayınma halına görə Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən müvafiq vergi məbləğinin 50 – 100 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilə bildiyini deyib:
“Yəni vergi ödəyicisi ödəmədiyi vergi ilə bərabər büdcəyə sanksiya üzrə məbləği də ödəməlidir. Bu, sırf iqtisadi məsuliyyətdir. Eyni zamanda vergidən yayınma əlavə olaraq inzibati və ya cinayət məsuliyyəti ilə də nəticələnə bilər. Az miqdarda (20.000 manatadək) vergidən yayınmağa görə İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsi ilə məsuliyyət nəzərdə tutulub: Müvafiq məbləğinin 30 faizindən yetmiş faizinədək məbləğdə cərimə edilir. Amma bu əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur. 20.000 manatdan artıq yayınma Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Belə ki, 20 min – 100 min manat arası yayınma cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya 100 min manat miqdardan artıq yayınma olduqda cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Amma bu əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur”.
Yayılan son məlumatlar onu deməyə əsas verir ki, deputat İqbal Məmmədovun “Relaks” istirahət mərkəzində vergidən yayınma halları illərdir ki, davam edir.
“Rəsmi açıqlamadan bəlli olur ki, ”Relaks” bu ilin 7 ayında cəmi 972 manat vergi ödəyib. Bu o deməkdir ki, 20 obyekti olan istirahət mərkəzində hər 1 obyekt qeyd olunan müddətdə orta hesabla 48 manat 60 qəpik vergi ödənişi həyata keçirib”. Bunu isə iqtisadçı ekspert Vüqar Bayramov deyib. İqtisadçı unikal.org-a bildirib ki, hər bir obyektin aylıq vergi ödənişi orta hesabla hətta 7 manatdan da az olub: “14 hektar sahəsi olan istirahət mərkəzi üçün bu hər sotdan istifadə də 7 ayda cəmi 70 qəpik vergi ödənişi deməkdir. Bu hər torpaq sotunun ayda cəmi 10 qəpik vergi ödənişi anlamına gəlir. Qiyməti kifayət qədər yüksək olan və nəinki mövsüm, hətta digər aylarda da sıxlıq müşahidə olunan bir istirahət obyektinin ayda belə gülməli rəqəmlərlə ifadə olunan vergi ödənişləri gizli iqtisadiyyatın miqyasını göstərən və əslində buna qarşı mübarizənin əhəmiyyətini bildirən faktlardandır. Aydındır ki, ”Relaks” az vergi ödəyən birinci şirkət deyildi və sonuncu da olmayacaq. Vergilər Nazirliyinin bu məsələdə prinsipial mövqeyi təqdirəlayiqdir. Birmənalı şəkildə, himayə olunan obyektlərdə vergi intizamının formalaşmasına ehtiyac var. Aydındır ki, qeyri-neft sektorunun inkişafının davamlılığı məhz gizli iqtisadiyyata qarşı mübarizənin hansı səviyyədə səmərəli aparılmasından və təbii ki, real sektorda “himayəçiliyin” aradan qaldırmasından asılı olacaq”.
“Relaks” istirahət mərkəzinin necə vergidən yayınması ilə bağlı təfərrüatları da üzə çıxıb. Belə ki, Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamentinin əməkdaşları avqust ayının 16-dan “Relaks” istirahət mərkəzində yoxlama aparır. Yoxlamalar zamanı ciddi qanunvericilik pozuntuları aşkarlanıb. Aşkarlanan pozuntular çərçivəsində “Relaks” istirahət mərkəzində ciddi vergi sanksiyaları tətbiq olunmaq üçün müvafiq sənədlər tərtib edilib. Aparılan yoxlamalar zamanı məlum olub ki, 2017-ci ildə vergidən yayınmaq üçün Milli Məclisin deputatı İqbal Məmmədov obyekti 20-yə yaxın qohum və tanışlarının adına rəsmiləşdirib: “Relax” hoteli qardaşı və oğlunun, çayxana və restoranların hər biri isə başqa-başqa adamların adına sənədləşdirilib. Adı “Relax” MMC olsa da, demək olar ki, bu obyektdə MMC-lik heç nə saxlanılmayıb. Bununla belə, istirahət mərkəzinə gələn müştərilərin sayı rəsmi sənədlərdə azaldılıb, xərcləri isə şişirdilib. Ümumilikdə istirahət mərkəzində külli miqdarda vəsaitin vergidən yayındırılması aşkarlanıb. Vergilər Nazirliyinin əməkdaşları baş verən qanun pozuntuları ilə bağlı İ.Məmmədovun oğlu Mirhəmid Nərimanlını məlumatlandırıblar. Bu da Mirhəmid Nərimanlının ciddi narazılığına səbəb olub. Tərəflər arasında baş verən söz atışması sonda əlbəyaxa davaya səbəb olub.
Onu da qeyd edək ki, Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər Departamenti “Relaks” istirahət mərkəzində bu il bir neçə dəfə də vergidən yayınma halları aşkarlayıb və bununla bağlı sanksiyalar tətbiq edib. Amma “Relaks” rəhbərliyi bu sanksiyalardan çəkinməyərək, yenə də eyni əməllərini təkrarlayıb. 28 mart 2019-cu il tarixində “Relaks” MMC qərarın ləğv edilməsi barədə Şirvan Apelyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə işə 30 aprel 2019-cu ildə baxılması qərarını verib. Həmin gün apelyasiya instansiyasında keçirilən məhkəmə prosesində 6 saylı Ərazi Vergilər Departamentinin qərarı qüvvədə saxlanılıb.
Məsələnin ən ilginc tərəfi isə odur ki, eyni insident 2017-ci ildə də baş veribmiş!
Sayt yazır ki, deputatın rəhbəri olduğu obyektdə 2017-ci ildə də oxşar insident olub. Həmin vaxt buna görə Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsinin şikayəti əsasında “Relaks” MMC-nin rəhbərliyinə İnzibati Xətalar Məcəlləsinin 602.4 (sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsi, digər yerlərə baxış keçirilməsinə mane olması) maddəsi ilə iş başlanıb.
“Relaks” bu qərara görə Şirvan Apelyasiya Məhkəməsinə müraciət edib. Məhkəmədən İXM-nin 602.4 maddəsinin ləğv edilməsini tələb edib. Məhkəmə “Relaks” MMC rəhbərliyinin iddiasını rədd edib.
“Relaks”dakı məlum olaydan sonra deputat İqbal Məmmədovun ən müxtəlif sahələri əhatə edən biznesi haqda məlumatlar da ortaya çıxıb:
“Kaspi Yıldız” şirkətlər qrupu (hotellər, restoranlar),
“Relaks” şirkətlər qrupu (Lerikdə “Relax” istirahət mərkəzi də bura daxildir),
Şamaxı rayonu Göylər kəndinin yaxınlığında ferma,
Şamaxı rayonunda mal-qara və əkin-biçin təyinatlı hektarlarla torpaq sahəsi,
Lerik rayon sakini Eldəniz Quliyevin əlindən zorla aldığı 60 sot torpaq,
Türkiyədə İstanbul və Ankara şəhərlərində 1 villa, 2 mənzil,
Xətai rayonu, Fəzail Bayramov 11/56 ünvanında 3 mənzil,
Yanğınsöndürmə balonlarının biznesi (“Azərtürkmm” şirkəti),
Tibbi yardım çantalarının (“apteçka”) biznesi (Azərtürkmm şirkəti),
Lerik rayonunda donuz ferması,
Lerik rayonunda dəvəquşu ferması,
“Piran broyler” şirkəti (qardaşı Çingiz idarə edir),
Piran kənində şeben və kərpic fabrikləri,
Şüvəlan və Novxanıda villa,
Şəhərin müxtəlif ərazilərində yeni tikilmiş binada mənzillər,
Ukrayna, Belarus və Rusiyada ticarət obyektləri və mənzillər,
İngiltərə, İsveçrə, Çexiyada mənzillər,
Lerik rayonunda villalar və sairə.
Yada salaq ki, deputat oğlunun başının dəstəsi ilə qanunlardan çox uzaq düşən əməllərindən sonra ərazidə DİN-in BMCMİ əməliyyat keçirib və 6 nəfəri həbs edib. Onların arasında deputatın oğlu Mirhəmid Nərimanlı və qardaşı Çingiz Məmmədovun oğlu Orxan Nərimanlı da var. Artıq deputatin digər obyektlərində də vergi yoxlamalarının başlanması haqda xəbərlər gəlməkdədir.(Türküstan.info)