Oğlu və qardaşı ön cəbhədə olan sənətçi: “İndi mikrofona yox, silaha sarılmaq vaxtıdır”

Oğlu və qardaşı ön cəbhədə olan sənətçi: “İndi mikrofona yox, silaha sarılmaq vaxtıdır”

Artıq bir aydır həmsöhbət olduğum hər kəsdən eyni sözü eşidirəm: Sevinirik! Bəli, sevinirik. Əksi mümkün deyil. 30 ildir işğalda olan torpaqlarımız azad olunur. Az qala hər gün bir zəfər xəbəri eşidirik.

Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərində uzun müddətdən sonra şanlı bayrağımız dalğalınır.  Bir vaxt işğal tarixlərini əzbərlədiyimiz, torpaqların indi qurtuluş tarixini əzbərləyirik.
Necə sevinməyək? Necə qürurlanmayaq?
Şübhəsiz ki, cəbhədən gələn şad xəbərlər, rəşadətli ordumuzun uğurlu həmlələri möhtəşəm qələbənin yaxında olduğuna işarədir. Bu tarixi zəfərin qəhrəmanları isə başda Ali Baş Komandan olmaqla əsgərlərimiz, hərbçilərimizdir. İndi peşəsindən və kimliyindən asılı olmayaraq hər kəsin yaxını, qohumu, ailə üzvü Vətən uğrunda savaşır.
Tanınmış müğənni Əflatun Qubadovun da oğlu və qardaşı ön cəbhədə  xidmət edir. Bu barədə “Sherg.az”a danışan sənətçi Ali Baş Komandanın çıxışlarını izləyərkən sevincdən ağladığını söyləyib:
“Allah ordumuzu qorusun. Hər bir əsgər bizim balamızdır.  Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Mənim evimdə nəvələrimin birinin anası Ağdamlıdır, o birininki, Qubadlıdandır. Qubadlının azad olunması xəbəri gələndə sevindiyimizdən bilmədik nə edək. Gəlinim də mənim balamdır, evimdədir. İnşallah Ağdam da, həmçinin hər qarış torpağımız alınsın. Fərq eləmir haralısan. Məsələn, mən Cəlilabaddanam. Kimin içində vicdan varsa, hamı bir olmalıdır. O torpaq bizim anamızdır, onu qorumalıyıq. Ananı kim qoruyar? Övlad, oğul. Canımızı, qanımızı, malımızı, övladlarımızı vətənə qurban verməyə hazırıq. Oğlum və qardaşım ikisi də cəbhə bölgəsindədir. Müharibə başlayanda getdilər. Balam ya da qardaşım heç kimdən artıq deyil. Hamının övladı necə mənimki də elə.”
Əflatun bəy, həmçinin deyib ki, indi mikrofona deyil, silaha sarılmaq vaxtıdır:
“Ona da vaxtımız olar. Toylarımız olacaq. Ali Baş Komandanımız  sağ  olsun.  Müharibə qurtarandan sonra  Azərbaycanda əmin-amanlıq hökm sürəcək. Hər an vətənin qulluğunda durmağa hazıram. İmkan daxilində Silahlı Qüvvələrə Yardım Fonduna ianə də etmişəm. Nə olsa, əlimdən gələni əsirgəmərəm. İnanın saniyə-saniyə gözləyirik. Deyirik, görəsən indi hansı torpağımızı alacağıq. İnşallah Qarabağ bütövlükdə bizim olacaq. Şəhid analarının qarşısında diz çökürəm. Onların əllərindən öpürəm ki, belə məharətli övladlar böyüdüblər. Mən də balamı onlardan seçmirəm. Şəhidlərin hər biri elə bilirəm mənim balamdır”.
Share: