“Oğlum şəhid olduğunu mənə yuxuda xəbər verdi”…

“Oğlum şəhid olduğunu mənə yuxuda xəbər verdi”…

Dahilərdən birinin belə bir fikrini xatırlayıram: -“İşğala uğrayan vətən torpaqları sülh ilə ələ keçməz, ancaq savaşla alınar!” Bəli, qan tökülməzsə, azadlıq tumu göyərməz. Azərbaycan xalqının da qanı töküldü, vətən, torpaq, azadlıq uğruna  minlərlə can qurban verdi. Qırx dörd günlük Vətən müharibəsi zəfər sevinci ilə bərabər qəhrəman oğulların əbədiyyətə qovuşmasına da şahidlik etdi.

Müqəddəs torpağım dinim, kitabım,

Hər səhifəsi nəfəs alan canımdır.

Hər sətiri qızıl qanlı tarıxim,

Mürəkkəbi igid-igid qanımdır.

Bəzən müharibə zamanı əsgərlərimiz tərəfindən lentə alınmış videolar qarşıma çıxır. Onlar bəlkə də həmin an hər şeyi gözə alaraq özlərini əbədi olaraq yaddaşa saldıqlarından xəbərsiz idilər. Komandirinmi, ya əsgər yoldaşlarınınmı -“Kəlmeyi-şəhadətinizi deyin, minin maşına”- sözlərini gülə-gülə qarşılayıb, mobil telefonun ekranına baxaraq sevdiklərinə əl edərək əbədiyyətə yollanan oğullar…Çıxdıqları yolun sonunun nə olacağını bilmədən yumruqlarını düyünləyərək, – Hər şey vətən üçün! – deyən oğullar…Sizin haqqınız Tanrı haqqıdı, ömür boyu ödənməz.

Bir Tanrı haqqını boynuma qoyub,

Özü Tanrı yolu gedən şəhidim.

Bir övuc torpağın gözündən öpüb,

Düşmənin gözünü didən şəhidim...

Əbədiyyətdəki əziz ünvanlarımızı soraqlarkən bir şəhidimizin anası ilə rastlaşdım. Üzünün sevinci, saçının qarası, gözlərinin nuru aman-zaman yeganə oğlu ilə getsə də, baxışlarında bir qürur, əyilməzlik vardı. Onu həyatda tutan da elə oğlunun ŞƏHİD adı idi.

Əsl adını, Şəhid adını ona Tanrı verdi. Amma ata-anasının ona verdiyi ad Emin idi. Şəhidimiz Sadiqov Emin Rəşadət oğlu 21 iyul 1998-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Şahbuz kəndində anadan olub. Ailə vəziyyəti ilə əlaqədar uşaq ikən Naxçıvan şəhərinə köçüblər.  2004-cü ildə Naxçıvan şəhər Cəlil Məmmədquluzadə adına 2 -nömrəli tam orta məktəbin birinci sinfinə gedib və səkkizinci sinfi bitirdikdən sonra Heydər Əliyev adına Hərbi liseyə qəbul olur və üç il burada təhsil alır.  2015-ci ildə Naxçıvandan Bakıya gedir, hərbin sirlərinə yiyələnmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. 2019-cu ildə Azərbaycan Ali Hərbi Məktəbindən məzun olan Emin Qazax rayonuna təyinat alır.

İkinci Qarabağ Savaşı başlayanda leytenant qardaşımız Füzuli istiqamətində döyüşlərə qoşulur. Döyüş yoldaşları, onunla bir bölükdə xidmət edən Cavanşir, Habil və digərləri ilə birlikdə hər zaman ön cəbhədə olur. Erməni vəhşilərinə qan uddurur. Onun qeyri-adi cəsurluğu, gözüaçıqlığı hər kəsi heyrətləndirir.

   Anası Gülşad xanım: Emin oktyabrın 11-də zəng vurdu ki, Füzuliyə gəlmişik. Ancaq döyüşdə olduğunu demədi. Zəng vurduqca deyirdi, ana, səsin niyə titrəyir? Mən çox uzaqdayam, qabaqda deyiləm. Ön cəbhədə imiş balam ..Mənə demirdi ki, ürəyim sıxılar, narahat olaram. Oktyabrın 26- sı saat onun yarısı vurduğu zəng son zəngi oldu. Telefonda səsin eşitdim, ağladım. Ağlama, ana, dedi. Hər şey yaxşıdı. Elə həmin gün vurulub. Gecə saat 11- də neytral zonadan çıxarıblar.

Döyüş yoldaşı Cavanşirin dedikləri: Emin çox cəsarətli oğlan idi. Adi vaxtda sakit təbiətli, təmkinli olan Emin döyüş vaxtı tamam dəyişirdi. Od-alov olurdu. Döyüş yoldaşlarına hər zaman örnək olan igid dostumuz növbəti döyüş zamanı bölük komandirimizlə birlikdə düşmənin namərd gülləsinə tuş gəldi. Biz onları -həm Emini, həm də bölük komandiri Raufu döyüş bölgəsindən kənarlaşdırdıq. Güllələrin yağış kimi yaşmasına baxmayaraq, sanki Allah-təala fürsət verdi ki, onları sağ-salamat ordan çıxardıq. Biz hər zaman çalışırdıq ki, şəhid qardaşlarımızı döyüş bölgəsində qoymayaq. Onların mənfur düşmənin əlinə keçməsinə imkan vermirdik. Biz Emin kimi oğulların haqqını ödəyə bilmərik. Bütün şəhidlərimizin ruhu şad olsun, deyirəm.

Anası Gülşad xanım: Mən Şəhid Anasıyam. Bir şəhid Anası olmaq mənə həm qürür verir, həm də kədər. Qürur verir ona görə ki, mənim oğlum ən ali zirvəyə ucaldı. Kədərlidi ona görə ki, mən daha bir də oğlumu bağrıma basa və onun qoxusunu ala bilməyəcəm. Oğlum hər zaman- Ana, sən çox güclüsən. Belə güclü olmağı, belə ayaqda durmağı necə bacarırsan?- deyirdi. İndi oğlum məndən qat -qat güclüdü artıq. Mən oğlumu tək başıma, atasız böyütdüm. O mənsiz yaşaya bilməyəcəyini deyirdi. Bəs indi mən onsuz necə yaşayım? Söz vermişdi mənə, nə olsa, ilk o deyəcəkdi. Nəsə səhv edibsə, həyatında nəsə baş veribsə… O, sözünü tutdu. Şəhid olmaq xəbərini belə başqasından almağıma icazə vermədi. Yuxuma gəldi və bu xəbəri mənə özü verdi:-“Ana, mənim ürəyimdən bir güllə dəyib, yaram çox deyil, narahat olma”. Oğlum çox əziyyətli günlər yaşadı, ancaq sonunda ən gözəl ölümlə getdi. Mən oğlumla fəxr edirəm. Mən oğul böyütdüm. Böyütdüm ki, bu milləti qorusun. Böyütdüm ki, bu millətə layiq olsun. O da bunu çox yaxşı bacardı . Bu gün mən -Vətən sağ olsun!- deyirəm. Təbii ki, istərdim vətənlə birgə oğlum da sağ olsun. Mən bir oğul itirdim, amma yüzlərlə, hətta minlərlə oğul qazandım özümə. Allah bütün övladları qorusun. İndi bu torpağın üstündə dinc, rahat yaşayırıqsa, bunu Şəhid övladladlarımıza borcluyuq. Allah mənim oğlumla birgə bütün Şəhidlərimizə rəhmət etsin . Şəhidlər ölməzdilər . Mənimsə Ana olaraq bir diləyim var. O da tezliklə övladıma qovuşmaq. Bəzən fikirləşirəm ki, qəhrəmanlar anadan qəhrəman doqulmur. Onlarin yaşadıqları, cəkdiyi əziyyətlər onlari elə ürəkli olmağa aparır. Ölümə bilə -bilə getmək, düşmənin üzərinə qorxmadan irəliləmək və düşməndən qorxmayıb kürəyindən yox, ürəyindən yaralanmaq böyük qəhrəmanlıqdı. Bəli, mən bu gün oğlumla fəxr edirəm, qürür duyuram. Onu da bilirəm ki, bir də balamı bağrıma baca bilməyəcəyəm, qoxusunu almayacağam. Buna rəğmən, yenə də balamla fəxr edirəm. Anasının arzularını hecə saydı, Vətəni, Dövləti, Bayraqı, Torpağı secdi balam. Fəxr eləyirəm,  bəli! Bütün şəhid balaları mənım balamdı. Şəhidlərin, Qazilərin, Müzəffər ordumuzun hesabına biz qalib gəldik. Alnımızın ləkəsini onlar qəhrəmanlıqları, al qanlarıyla sildilər”.

Bu sözləri ancaq ürəyi dağ boyda olan Azərbaycan qadını söyləyə bilər. Gülşad ananın bu sözlərini dinlədikcə gözüm önünə bu ana-balanın Tanrı dərgahında son söhbəti canlanırdı:

Ana –

Yollar eşmə-eşmədi,

Ürək deşmə-deşmədi.

Oğlum, Vətəni seçdin,

Sən ananı seçmədin.

 

Oğul –

Apardı bu yol məni,

Bük bayrağa, al məni.

Ana, ana torpağa

Özün yola sal məni.

 

Ana –

Dağlar dumandı, dedin,

Halı yamandı dedin.

Bağışla məni, ana,

Vətən anamdı dedin.

Oğul –

Sən şəhid anasısan,

Çətindi, deyil asan.

Sən özünü mənim yox,

Vətənin anası san!

 

Ana-

Dinim-imanım oğul,

Andım, gümanım oğul!

Təki vətən sağ olsun,

Bitsin amanım, oğul!

 

Oğul-

Azaddı daşım, ana.

Ucadı başın, ana,

Sənə oğul olacaq

Əsgər qardaşım, ana!

Bu gün şəhid anaları Gülşad ananın sözüylə desək, bir oğul itirsələr də, onları gözü üstə saxlayacaq, qarşısında diz çökəcək minlərlə qəhrəman əsgər oğul qazanıblar. Mən Eminin döyüş yoldaşlarının Gülşad xanıma ünvanladıqları sözləri dinlədikcə buna bir daha əmin oldum.

Bəli, müharibə başlanandan bir ay sonra, 26 oktyabr 2020-ci ildə Füzuli rayonunun Alxanlı, Seyidəhmədli kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı Emin. 30 oktyabr 2020-ci ildə Naxçıvana gətirildi, şəhidimizi bütün el qarşıladı, doğulduğu Şahbuz kənd məzarlığında torpağa tapşırıldı.

Vətən igid oğullarını heç zaman unutmayacaq, onlara layiq olduqları dəyər verilib, verilir və veriləcək. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş leytenant Sadiqov Emin Rəşadət oğlu ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə” medalı, Azərbaycan Respublikasının Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Kəlbəcərdə azad olunmasında iştirak etdiyi hərbi postlardan biri bu gün Emin Sadiqovun adını daşıyır.

Bayrağımı qaya üstə, dağ başında

Zirvələrdə ucaltmışam,

Azanımın gür səsini məscidlərdə,

türbələrdə ucaltmışam,

Himnimizin hürr səsini fəxarətlə, dəyanətlə,

Qürur dolu avazımla

azad olan ellərimdə ucaltmışam.

Qarabağı vətən boyda ürəyimdə

gətirmişəm, Vətən sənə!

Anaların, bacıların üzağlığı

Namusumu, vicdanımı,

Son borcumu qeyrətimdə

gətirmişəm, Vətən sənə!

Qəhrəmanım, sənin bizə hədiyyən daha böyük, daha qiymətli oldu. Vətənə layiq oğul olub,  səni canından artıq sevən anaya Şəhid Anası adı qazandırdın. Ruhun şad olsun, qəhrəman  Şəhidim! Vətən torpağı beşiyin, azadlıq nəğməmiz laylan olsun, nurüzlüm!

Təranə Arifqızı

Şair-publisist

 

 

 

 

 

Share: