Oğlunun ölümünə görə Allahı və Peyğəmbəri söydü və… – Yas məclisindəki olayın ŞOK NƏTİCƏSİ

Bakıda qətl törətməkdə təqsirləndirilən Vüqar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

O, Vüqar Həsənovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra çıxış edən təqsirləndirilən şəxsin vəkili bildirib ki, müvəkkili özünü müdafiə edən zaman qətl törədib. O deyib ki, müvəkkili cinayəti törədən zaman özünü qorumaq niyyəti olub.

Vəkil çıxışının sonunda müvəkkilinə yüngül cəza verilməsini xahiş edib.

Son sözlə çıxış edən təqsirləndirilən bildirib ki, qətli törətməsəydi, zərərçəkmiş onu öldürəcəkdi. O, barəsində ədalətli qərar qəbul edilməsini istəyib.

Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıb.

Müşavirədən qayıdan hakim heyəti hökm elan edib.

Hökmə əsasən, Vüqar Həsənovun qətli özünümüdafiə məqsədilə törətdiyi qənaətinə gəlinərək barəsində bəraət hökmü çıxarılıb.

O, silah saxlama maddəsi ilə isə 9 ay müddətinə azadlıq məhrum edilib.

İttihama görə, ötən ilin oktyabrında Xətai rayonu ərazisində paytaxt sakini, 31 yaşlı Vüqar Həsənov Elşən Məmmədovla mübahisə edib. Mübahisəyə səbəb isə mərhumun Allaha və peyğəmbərə qarşı üsyanedici ifadələr işlətməsi olub.

Belə ki, Elşən Məmmədovun azyaşlı övladı xərçəng xəstəliyindən dünyasını dəyişib. Vüqar Həsənov da dostunun oğlunun yas mərasimi günü orada iştirak edib.

Elşən Məmmədov oğlunun ölməsinə üzüldüyünü söyləyib, buna görə Allahı və peyğəmbəri günahkar bilib, həmçinin nalayiq ifadələr işlədib. Daha sonra Vüqar Həsənov dostuna etiraz edib. Onlar mübahisəni yas mərasimindən kənarda etməyə başlayıblar.

Mübahisə qanlı sonluqla nəticələnib. Onlar bir-birilərinə bıçaqla xəsarətlər yetiriblər. Nəticədə ağır xəsarət alan Vüqar Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun bıçaqladığı Elşən Məmmədov isə hadisə yerində dünyasını dəyişib.

Məlumata görə, onlar eyni məhəllədə yaşayıb və dost olublar. Hər ikisi Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə əvvəllər məhkum ediliblər.

Share: