Son xəbərlər

replica rolex watches within the quest for the best style simultaneously an ideal blend associated with resourcefulness distinctive daring style .

bodrum escort

Oğuz Atay: “Tutuna bilməyənlər” – Həyatdan yapışa bilməyənlərin romanı – Türkcə və məncə – Hədiyyə Şəfaqət

Oğuz Atay: “Tutuna bilməyənlər” – Həyatdan yapışa bilməyənlərin romanı – Türkcə və məncə – Hədiyyə Şəfaqət

Hədiyyə Şəfaqət

1934. Oğuz Atay doğulur.

“Bizim üçün eyni bir hökm var. Qısa bir hökm: gözlədiyimiz və inanmadığımız bir hökm. Təkcə bizim üçün çıxardıldığını düşündüyümüz, əslindəsə, saysız-hesabsız nüsxələrdə verilən və xırdalıqlarına varılmayan hökm. Bir az pul veriləndə, bir az yaxşı davrananda yumşalan, amma yenə də heç bir şəkildə bizim üçün vacib olmadığını bildiyimiz bir hökm”.

Çox güman, keçən əsrin altmışıncı illərinin sonunda ilk romanı olan “Tutuna bilməyənlər”i yazan Oğuz Atay özündən əvvəlki və sonrakı türk ədəbiyyatı haqda necə bir ölümcül hökm çıxardığını da bilmirdi. Amma yəqin, hardasa taleyin pusquda dayanan əli onu gətirib bu hökmə necə çıxartdığını yaxşıca hesablamış, hər şeyi ən incə xırdalıqlarına kimi götür-qoy edərək əvvəllə sonra arasında nəhəng bir sədd çəkmişdi. Heç kimin dağıda, heç kimin bir kərpic belə əlavə edə, heç kimin bir kərpic belə götürə bilməyəcəyi bir sədd…

Oğuz Atay geniş mənada insan düşüncəsinin, beyninin, hissiyyatının əvvəlinin və sonrasının düz ortasında həyatdan yapışa bilməyənlərin ölümsüzlüyünü hamımızın qarşısında masaya çırparaq çıxıb getmişdi. Yazdığı sətirlər arasında (onlarınsa az qala sayı-hesabı yoxdur) hər kiçik nüans, hər kiçik işarə, detal, bəşəriyyətin qəlbini cılız fikirlərin oyuncağına çevirən həyatı həqiqətlərin istehza və kədər donuna bürünmüş ağısı yatır:

“İlk baxışda mənasız görünən qaralamalar getdikcə əhəmiyyət qazanmağa başladı. Bu qaranlıqda bütün ünsürlər heyrət ediləcək bir nizamla yerini tutdu. Baxanda bədənimdə bir hərəkət olmadığı halda, içimin şiddətlə sarsıldığını hiss edirdim. Həqiqətən sarsıdıcı, müdhiş bir həqiqətlə üz-üzəydim. Mən yeni bir sistem kəşf etmişdim. Kağızın üstündəki o qarmaqarışıq xətlər arasında (halbuki bilirsən, mənim gözəl xəttim var) “Həyatın Koordinatları” nəzəriyyəsi yatırdı”.

***

1970. Oğuz Atay “Tutuna bilməyənlər” əsərini TRT Roman müsabiqəsinə təqdim edir, mükafata layiq görülür, 1972-ci ildə ilk dəfə kitab halında nəşr edilir və… dərhal da unudulur.

Heç kim bu romanı nəinki çap etmək, hətta yaxına buraxmaq belə istəmirdi. Heç kim özünü və dünyanı görmək imkanından xəbərdar deyildi, bəlkə xəbərdar olsaydı da qəbul etməyəcəkdi. Çünki iti fəhmin, üstün insani fikrin məhsulu olan “Tutuna bilməyən”lər elə onların özlərinin arasında, elə onların özlərindən ya əziyyət çəkir, ya da əziyyət verənlər arasında cərəyan edirdi.

İnsanlığın keçmişiylə gələcəyi arasında gedib-gələn insan taleyi bəzən xəyali, bəzən amansızcasına real, gah başa düşülən, gah qətiyyən başa düşülməmək görüntüsü yaradan hadisələrin, məqamların, bəsit və bir o qədər də ali, sakit və o qədər də ürküdücü çağırışların içində qaynayıb əridikcə həyatın əslində min bir üzünün əks edildiyi aynada insan tənhalığının, insan faciəsinin yenilməz, məğlubolmaz hekayəsi.

“Səlim İşıq yalnızlığını sözlərlə bəslədi. Sözlərin mənasını bilmədən əvvəlcə tanıdığı yalnızlığı sözlərin içində yetişdirdi. Əvvəlki həyatının xəstəliyindən yenicə qalxdığı arada laqeyd Sözlər danışarkən qəfildən köhnə yaraların köhnə Sözlərin köksünə saplandığını hiss etdi; sustləşdi. Sözlər yalnızlığını yaşamağına da imkan vermədi. Hər tərəfdən bürüyüb hücuma keçdi. İşlətdiyi sözlər də dönüb onu əzdi, nəfəssiz qoydu. Sonra Səlim birdəncə atılıb yatağından çıxdı, bütün sözləri və həyati hadisələri ayağının altına qoyub əzdi. Günəşə çıxdı. Bir müddət sonra günəş işığı gözlərini yandırdı, pərdələri qapayıb, Sözlərin qaranlığına qayıtdı…

…yalnızlıq həmişə oradaydı”.

***

“Tutuna bilməyənlər”dən sitatlar gətirmək çox çətindir. Gərək bütün romanı sitat gətirəsən. “Tutuna bilməyənlər”i bir obrazın, bir neçə əsas obrazın romanı adlandırmaq da mümkün deyil. Ən kiçiyindən ən böyüyünədək bütün adıçəkilən şəxslər və şübhəsiz, onların romanda tutduğu mövqe ümumi mənzərənin, ümumi orqanizmin kifayət qədər əsas elementidir. Oxucuya elə gələ bilər ki, bəzi məqamların üstündən keçmək olar – tələskənlik, səbirsizlik və tez qərar vermək bu qalın kitabı oxumağa başlamış hər bir oxucunun lənətidir.

“Tutuna bilməyənlər” həm də oxucusu üçün hər mənada sınaqdır, oxuya bilən üçün ayrı, oxuya bilməyən üçün bir ayrı. Romanın həyatla qəribə şəkildə üst-üstə düşən bir cəhəti də sehrli bir təsirlə hər kəs üçün fərqli mənaya gəlməsidir – çünki biz fərd olaraq ayrı-ayrılıqda ya həyatdan yapışa bilməyənik, ya da həyatdan yapışmağa imkan verməyən. İkisi arasında heç nə yoxdurmu? Var – laqeyd tamaşaçı kütləsi, laqeyd cəmiyyət, yolunu azmış cəmiyyət, yolunu axtarmağı ağlına belə gətirməyən cəmiyyət, çünki onun heç yol anlayışı yoxdur, çünki narahat belə deyil, çünki…

Oğuz Atay narahat müəllifdir. Onun narahatlığını ancaq Tanrının rahatlığı və səssizliyilə müqayisə etmək olar…

 

***

Mürəkkəblik – Bir qism oxucu “Tutuna bilməyənlər”i ilk növbədə belə ifadə edir. Bir qisim “başa düşülməyən”, bir qisim isə “mənasız”. Sadalananları oxucu yanaşması adlandırmaq mümkün deyil, bu, sadəcə, qapalı gözlər və tənbəl ürəklərlə bağlı məsələdir. Oğuz Atay keçmişlə gələcək arasında hər məqamda indini qura bildiyi qədər də sanki laqeyd, yararsız, doğulmasıyla ölümü arasında cılız bir boşluq baş tutan kütlənin üzvlərinin əzablarını öz boynuna götürüb. Həyatdan yapışa bilməmək o kütlənin gözündə bacarıqsızlıqdır, Səlim İşığın (Oğuz Atayın) gözündə isə İsa Məsih kimi günahkarların əzablarını öz çiyinlərində daşımaq.

Biz isə xüsusi bir soyuqqanlılıqla onun dara çəkilməsini seyr edirik.

“Tutuna bilməyənlər”i oxumaq qəlbimizin içindəki əzabkeşi çarmıxdan endirmək və ona yeni həyat bəxş etməkdir, Oğuz Atay qarşımıza qətiyyən həyatımızdan, arzularımızdan, xəyallarımızdan, taleyimiz və əzablarımızdan mürəkkəb və qarmaqarışıq mətn qoymayıb. Əksinə, bütün bu kələfi səbrlə aça-aça bizə hazır köynək hörüb – Geyin və yenidən doğul!

 

***

Tarix, ədəbiyyat, dəqiq elmlər, fəlsəfə, coğrafiya, etnoqrafiya, musiqi, siyasət, dövlət idarəçiliyi, idman, incəsənət, təhsil, idarəçilik, tibb, ticarət, mətbuat, ordu, gənclik, qocalıq, dəlilik, ağıllılıq, varlılıq, kasıblıq, nizam-intizam, qaydasızlıq, pozğunluq, əxlaq, dostluq, xəyanət, məhəbbət, sədaqət, laqeydlik, həssaslıq, əyalət, mərkəz, daxil, xaric…

Başqa?

Başqa ağlınıza gələn nə varsa. İti, sərrast, adamın yeddi qatından keçən bir dillə həyat. Səhifələri çevirməklə bu həyatı arxada qoya bilməzsiniz, hansısa bir dövrə, hansısa bir coğrafiyaya aid edib rahat nəfəs ala da bilməzsiniz – bu sizin haqqınızda romandır. Hara getsəniz sizi təqib edəcək, daha doğrusu, siz onsuz da o romanın içindəsiniz və onu oxumamaqla heç nədən qaça, xilas ola və ya heç nəyi itirib tapa bilməzsiniz.

 

***

“Dayanmadan axan bulağın yanına gəldi. Səlim belə bulaqlarda hər yerini isladırdı, sudan da istədiyi qədər içə bilməzdi. Halbuki bəzi insanlar ən palçıqlı yerlərdən belə nişastalı ağ köynəklərini və açıq rəngli şalvarlarını çirkləndirmədən çıxa bilirlər. Belə adamlar həyatda uğura nail olurlar, Olriç. Səlim haradan yapışacağını bilməzdi. Bir əliylə bulağın divarından yapışmağa çalışaraq o biri əlini suya uzadar, amma heç cür müvazinətini saxlaya bilməzdi. Ayaqları palçığa batar, dodaqları suya çatmazdı”.

Həyatdan yapışa bilməyənlərin birinin öz arzusuyla həyatdan imtina etməsi, digərinin onun axtarışının ardıyca çıxıb getməsi, yerdə qalanların bu böyük yolçuluğu bilərəkdən və ya bilməyərəkdən böyük və ya kiçik tale kimi bir yerdə saya-saya başa çatdırmasının romanı.

 

***

1977. Oğuz Atay uzun çəkən xəstəlikdən vəfat edir. 43 yaşında.

Beynindəki şiş yavaş-yavaş inkişaf edib onu sonuna bir az tez çatdırmışdı.

Bu zəkayla, bu zamanın irəlisini – gerisini eyni sürət və itiliklə görə bilən gözə sahib insanın bundan fərqli xəstəliyə tutulması adama qəribə gələrdi.

“Yazdıqlarıma baxdım, dayanmadan özüm barədə danışıram. Heç kimə oxumamağım yaxşı olub. Süleyman Karğı işin içindəydi. Həmişə mənim yanımdaydı. İnsanlar bir işin içində oldularsa, edilənlərə sevgi hiss edərlər. Başqası oxusaydı, yazdıqlarım üçün peşman olardım. Yazanda da özümü fikirləşməmişdim deyə, onları bir kənarda saxlamağı ağlıma gətirməmişdim…

Mən də öldüyüm gün atam kimi unudularam. Heç olmasa buna haqqım çatmalıdır. Heç olmasa arxamca, istədiyi kimi yaşaya bilmədi, istədiyi kimi öldü, istədiyi kimi unuduldu kimi sözlər deyərlər. Tutuna bilməyənlərin arasında belə yeri yoxdu, deyərlər. O hara, tutuna bilməmək hara, deyərlər”.

 

***

1982. Oğuz Atay yada düşür.

1984. “Tutuna bilməyənlər” illər sonra ikinci dəfə kitab halında nəşr olunur.

Oğuz Atay akademik, yazar, ətraf mühitin qorunması fəallarından Ömər Madra tərəfindən 1973-cü ildə bir həbsxana kitabxanasında kəşf edilmiş, bu kəşf romanın da, müəllifin də taleyini dəyişmişdi.

Müəllifinin vəfatından iyirmi il sonra YUNESKO romanı ingilis dilinə tərcüməsi vacib olan yüz əsərdən biri kimi qəbul edir.

Hazırda “Tutuna bilməyənlər” bütün dövrlərin türk ədəbiyyatı yüzlüyündə ikinci sırada yer tutur.

Bu ilin aprel ayında roman Türkiyədə 102-ci dəfə nəşr edilib.

Azərbaycan oxucusu bu ildən “Tutuna bilməyənlər”i Azərbaycan dilində oxuya biləcək…

 

***

“Kitabçıların və çiçəkçilərin bəzi xüsusiyyətləri olmalıdır, Olriç. Təsadüfi adamlar bu peşələrlə məşğul olmamalıdırlar. Kitablar və çiçəklər xüsusi diqqət istəyən varlıqdır. Təəssüf, bu peşələr də artıq kimin gəldi, satdıqlarıyla əlaqəsi olmayan adamların əlindədir. Dayanmadan kitablara və çiçəklərə əziyyət verərlər, onlarla necə davranmaq lazım gəldiyini bilməzlər. Mənə qalsa, bir “Kitabları qorunması dərnəyi” yaratmalı və kitablarla pis rəftar edilməsinin qarşısı alınmalıdır… Hamı kitab satmamalıdır. Artıq cahil kitabçıların yaxşı oxucuları narahat etməklərinə icazə verilməməlidir”.

Bəli, şübhəsiz, bir də Olriç…

Dünyanı ilk dərk edib yalnızlıqdan əziyyət çəkməyə başladığımız andan bizi müşayiət edən həmin o xəyali, gözəgörünməz və vəfalı dost. “Tutuna bilməyənlər”in Olriçi. Bizim “Olriç”imiz…

 

***

Oğuz Atayın insan həyatı qısa və əziyyətli, müəllif həyatı isə gözləmək və ümidsizlik içində keçdi. Taleyi ona şöhrət, fərəh, dəyər görmək qismət etmədi. Faciəvi tale olub-olmadığına qərar verə bilmərik, kim bilir, faciəvi həyat əslində kimə məxsusdur. Amma özündən sonra gələn həyatdan yapışa bilməyənlərin bəxti, şübhəsiz, gətirib – özündən olanın varlığı insana ilahi bir rahatlıq bəxş edir…

Bu qısa yazıda “Tutuna bilməyənlər” haqda heç nə demək mümkün deyildi, mən də deyə bilməzdim. Bunu bir xatirə sükutu, böyük düşüncə qarşısında donub qalmaq kimi qəbul edin…

 

28.07.2021

Share:

seo

-

isim değiştirme