“OL”dan əvvəlki söz – Həyat Şəmi yazır

Müstəqil.Az Həyat Şəminin  Sona Vəliyevanın “Ol”dan əvvəlki sözdənəm” adlı şeirlər toplusu haqqında yazdığı,  Artkaspi.az – da yayınlana “OL”dan əvvəlki SÖZ”  adlı məqaləsini təqdim edir: 
Texnogen eramızda mətnləri adətən daha çox bilgisayardan, telefondan oxuyuruq kitabdan yox. İçimizdə klassik ənənələrə sadiqlik baş qaldıranda kitablara üz tuturuq. Vərəq-vərəq keçirik sözün içindən, ənənəvi oxucu oluruq. Söz də bizi oxuduğumuz yerdə tutdusa, özüylə çəkib aparır və biz daha çox sözün əsiri oluruq, dönə-dönə kitaba qayıdırıq. Bilgisayarlardan kitablara, kitablardan bilgisayarlara, yazıçılıqdan oxuculuğa, oxuculuqdan yazıçılığa keçidlər, çevrilmələr baş verir. Baş verənlər isə müəyyən nəticələrə götürür… Bu yazı həmin nəticələrdən biridir.
 Bu dəfə sayt yox, kitab yox, disk “oxudum”. İçi Sözlə, ürəklə dolu, “Ol”dan əvvəlki sözdənəm” deyən bir disk. Annotasiyasında kiçik bir yazı var, yazıda vurğulanan kimi də oldu. Diski “oxumağa” başladım və şeirlər misra-misra gözümün önünə gəldi, “Ol”dan əvvəlki sözün tamaşası başladı. Bu tamaşada Tanrı yolu, Vətən sevgisi, Qarabağ ağrısı, İnsanlıq təzahürü, Bütövlük dərdi, Araz nisgili və sairə kimi obrazlar gördüm. Ən böyük obraz bütün bunları özündə cəm edən Söz özü idi, “Ol”dan əvvəlki Söz. Bu Söz “Ol”dan əvvəlki sözdürsə, Tanrının sükutudur demək! Tanrı dünyanı bir “Ol” kəlməsindən yaratdı və dünya oldu. Əzəli və əbədi olan Tanrı, ilk substansiya “ol”dan öncə susan bir Sükut olub, məncə. Tanrı bir gün “Ol” dedi və dünya yarandı: “Kun va yəkun”. İnsanın yaranışı da “ol”dan gələn ruhla bağlıdır. Ana bətnindəykən Tanrı insan cisminə ruh verir, bu ruh insanın yaranışını və doğuluşunu reallaşdırır. Ruh Tanrının insanda bir zərrəsi olur. Bu zərrəni də hər insan fərqli yaşadır. Yaradıcı insanlar, qələm əhli, şairlər, alimlər bu zərrəni içdən yaşayanlar, “Ol”dan yaranıb, “ol”la yaşayıb, “ol”la da əbədiləşənlərdir:
İçimdə söz, sözdə mənəm,
“Ol”dan əvvəlki sözdənəm.
Söz ölməsə, mən ölmərəm,
Gəldim sözlə sağ qalmağa.
 
  Haqqında söz açdığım və “Ol”dan əvvəlki sözdənəm” deyən müəllif “əvvəli bir, sonu heç” olan dünyada “öz içindən yol başlayır”, “ol”dan yaranan dünyanı bütün qayğıları, dərdləri və sevincləriylə yaşayır, Tanrıya üz tutur və “Qapına gəldim, İlahi!” deyir:
Qapına gəldim, İlahi!
Günahımla, suçumla,
Savabımla, borcumla,
Ürək adlı boğçamla
Qapına gəldim, İlahi!
 
Bir ömürdə gül əkdim,
Sevinc verib qəm çəkdim,
Yerdən öncə mələkdim,
Aldandım gəldim, İlahi!
 
Ömrüm özüm biçimdə
Sevgim, duam içimdə
Yol başladım içimdən
Qapına gəldim, İlahi!
  İnsan ilk doğulduğu andan ana bətnindən yol başlayır, ana bətni bizi öz içində yaradan və dünyaya verən dünyadı. Tanrı bizi beləcə öz içimizdən öz dışımıza atır. Başladığımız yolda nələrdən keçirik bunu da tək özümüz və genimiz bilir. Bu dünyanın bütün savablarından, borclarından, qarışqa yuvası dağıtmaq qədər də olsa, suçlarından keçən bu doğma müəllif “Ürək” adlı boğçasıyla Tanrı dərgahına üz tutur şeirlərində. Niyə doğma müəllif? Deyim niyəsini… Bəzən onun sirli dünyasının içində yaradıcılığımızdakı oxşar nüanslarla da qarşılaşdım:
İçində dərdlə güləşir,
İçindən üzülən adam.
Haqq nazilər də üzülməz,
Üzülmə, üzülmə, Adam!
               (Sona Vəliyeva)
  Hərdən qırılacaq qədər tarıma çəkilən kəndir misali nazilir haqq, amma üzülməyə Tanrı haqqı izn vermir. İçindən üzülən adama “üzülmə!” demək gücü haqq yerini alacaq mesajıdır. İçində haqq olmayanlar heç bir zaman üzülənləri görə bilmirlər. İnsanın üzülməyini görmək, hiss etmək, duymaq duyğusu var mənim doğma şairimdə.
Dərd çəkir öz içində,
Yarı dərd, yarı adam.
Gözləri tərəzidir,
Qaşları tarım adam...
                        (Həyat Şəmi)
  Yarısı dərd, yarısı adam olan İnsanların mizan-tərəzisi gözləridir. Tarıma çəkilən qaşlar isə tərəzinin qollarını dartan güc mərkəzinin qövsvari elementləridir. Burda güc mərkəzi təfəkkürdü, beyindi. Bənzəmələr, oxşamalar, duymalar bizi doğmalaşdırıb, fikrimcə… Təkcə Tanrı ilə deyil, yaradıcı insanlar arasında da, heç özlərinin də bilmədiyi gizli bağlantılar olur. Bu yazını yazmağa məni vadar edən ən önəmli faktorlardan biri tapdığım bağlantının ip ucları oldu. İpin ucundan tutub bir “Ürəy”in və “Təfəkkür”ün alt qatlarına baş vurmaq istədim. Bu yolu mənə onun əsərləri, şeirləri göstərdi. Onun şeirlərində vətəndaşlıq, azərbaycançılıq, türkçülük, humanistlik, insansevərlik, ədalətlilik duyğuları var. Hər nə qədər gender bərabərliyi olsa da, “qadının yazdığı şeir fərqlidir” deyənlərə bu cümləni tərsinə də söyləmək mümkündür.
 
  Kiçik bir disklə elə bil süjetli film izlədim, bir həyat hekayəsinə baxdım, bir yaşanmış ömrü vərəqlədim, “ol”dan əvvəlki sözü oxudum. Buna qədər də tanış idim müəllifin elmi, publisistik əsərləri və şeirləriylə. Onun şeirlərində vətən, millət təəssübü, sevgisi var, hətta başqa kəm taleli millətlərin halına acımaq var. Taleyi bağlı qapılar arxasında həll olunan millətlərə yazılan şeirdə müəllif millətçi yox, planetar insanlıq duyğusu sərgiləyir. O, dünyanı cənginə alan hegemonluqdan, imperializmdən əziyyət çəkən millətlərin taleyüklü problemlərini öz problemi kimi yaşayır:
O ağ şallı kimdi, gəldi?
Duası haqqa yüksəldi.
Yağışdan açar ələndi,
Götür aç, qapı bağlayan!
  Eyni zamanda, doğma bir torpaq sevgisi, itirdiyimiz torpaqların ağrısı var bu ürək boğçasında. Bu boğçanın içində 25 illik Qarabağ ağrısı, iki əsrlik Təbriz yarası, bundan da daha böyük Dərbənd dərdi, bağlanan Bab-əl-Əbvab qapısı, dədələrimizin ruhu əsir düşmüş Göyçə nisgili, ağısı var. Bağlanan qapıları açmaq arzusu var bu şeirlərdə:
Bu qapının cırıltısı,
Min ilin dərd sızıltısı.
Dərbənd, ya Göyçə ağrısı,
Gəl açaq, qapı bağlayan! 
  “Ol”dan əvvəlki sözdənəm” deyən müəllifin bütün yaradıcılığında bir konseptuallıq, yəni məsələlərə köklü yanaşma təfəkkürü mövcuddur.
Araz boyu bu nə köçdü,
Məndən, səndən, ondan keçdi.
Göz yaşını güllər biçdi,
Yarı bülbül, yarı xarı,
Arazbarı…
 
Tarixlərin səsi, ünü, 
Çay da haqsızlıq sürgünü,
Tanrı tikər körpüsünü,
Yarı dərd-qəm, yarı barı
Arazbarı…
 
  Müəllif Araz çayının Azərbaycanın ayrılıq barı, hasarı olduğunu dilə gətirsə də, “çay da haqsızlıq sürgünü” deməklə Arazın ayıran yox, bir gün qovuşduran körpü olacağına sidq-ürəklə inanır və Tanrı tikən körpüyə güvənərək onun üzərindən keçir “Arazbarı” şeiriylə.
 
  Sonda bu diskin müəllifinin adını açıqlayım, əslində, buna gərək də yoxdur. Söhbət, əlbəttə ki, Sona xanım Vəliyevadan gedir. Onun əsərlərində dilin səlisliyi, axıcılığı, incə və zərifliyi, türkçülüyü, azərbaycançılığı özünü aydın büruzə verir. Sona xanımın da təbirincə desək “dil yoxdursa, millət də yoxdur”. Bu dili yaşadan isə ədəbiyyat, ədəbiyyat və yenə də ədəbiyyatdır. Dil millətin mövcudluq faktorudur, dil millətin varolma səbəbi, atributudur. Belə ədəbiyyat yaradanlardan biridir Sona xanım. Onun həm elmi əsərləri, həm publisistik yazıları, həm şeirləri həm də dil faktorudur. Bu əsərlərdə tələskənlik ucbatından yarımçıqlıq, anlaşılmazlıq yoxdur. Dünyaya “Sözlə sağ qalmağa” gələnlərdəndir o. Elm də, publisistika da sonradan qazanıla bilən nəsnələrdir, amma şeir doğuluşdan var olan bir bəxşişdir. Bu bəxşişi Sona xanıma verən Tanrı böyükdür. Bütün böyüklərdən də yenə böyük Tanrıdır.
  Eləcə, “OL” dan əvvəlki SÖZ” qoyuram bu kiçik yazının adını. Bu disk qarşımda böyük bir ürəyin çırpıntılarını, yaşantılarını, böyüklüyünü və təfəkkür genişliyini açdı. Bir disk yox, böyük bir ürək açıldı qarşımda.
Share: