Öldürdükləri adamın meyidini gizlətmək məqsədilə rayona aparanda qəza törətdilər…

Taksi sürücüsünü qətlə yetirməkdə ittiham olunan Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü Pərviz Qasımov və Zaqatala rayon sakini, 1994-cü il təvəllüdlü Mark Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Müstəqil.Az xəbər verir ki, Pərviz Qasımov və Mark Süleymanov 2014-cü il dekabrın 14-də, saat 23-də quldurluq yolu ilə özgənin əmlakını ələ keçirmək üçün plan qurublar. Həmin vaxt onlar sərxoş vəziyyətdə Bakının Nizami rayonunun ərazisindəki “8-ci Kilometr” adlanan bazardan üzü “Əhmədli” metrostansiyası istiqamətində yolun kənarı ilə gediblər.

 

Bu vaxt onlar Ceyhun Qurbanovun taksi kimi istifadə etdiyi avtomobili saxladıblar. Onlar avtomobilə əyləşiblər və Xətai rayonu, Gəncə prospekti istiqamətində gediblər. Orada hər iki şəxs avtomobili dayandırıb.

 

Bu zaman arxa oturacaqda əyləşən Mark Süleymanov elektrik naqili ilə Ceyhun Qurbanovun boğazına salıb və onu boğmağa çalışıb.

 

Amma sonradan sürücünü öldürməyə gücü çatmadığını görən Mark Süleymanov Pərvizdən kömək istəyib. Pərviz Qasımov da özündə olan bıçaqla Ceyhun Qurbanovun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. Ceyhun Qurbanov aldığı xəsarətdən ölüb.

 

Daha sonra cinayətkarlar mərhumun cibindəki 8 manatı götürüblər. Onlar sonra 13700 manat dəyərində “Azsamand-Runna” markalı avtomobili ələ keçiriblər.

 

Sonra onlar cinayətin izini itirmək məqsədilə meyiti xəlvəti bir yerdə atmaqdan ötrü maşının arxa saxlanc yerinə qoyublar. Pərviz Qasımov avtomobili Zaqatala rayonu istiqamətində sürərkən idarəetməni itirib və Bakı-Şamaxı-Yevlax magistral yolunun 131-ci kilometrliyində aşırıb. Onlar avtomobilin aşırandan sonra hadisə yerindən qaçıblar.

 

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə), 181.3.3.-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunub.

 

Hər iki şəxsin barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İradə Həsənzadənin sədrlik etdiyi kollegiyada araşdırılıb.

 

“Əlləri ilə naqili saxlamaq istədi”

Məhkəmədə ifadə verən Pərviz Qasımov özünü elan olunmuş ittiham üzrə təqsirli bilib. O bildirib ki, dekabrın 14-də birgə yeyib-içdiyi dostu Mark Süleymanov təsadüfi bir taksi saxlayıb: “Bu vaxt Mark arxa tərəfdə taksiyə oturdu. Lakin onun niyə arxa oturacaqda oturmasını əvvəlcədən bilməmişəm. Qardaşımın evinə çatanda taksi sürücü ilə aramızda pul xırdalamaq üstündə mübahisə düşdü. Sonra Ceyhun mənim pulumu xırdaladı. Həmin vaxt Mark arxada oturmasına baxmayaraq Ceyhunla mübahisə etmədi. Bu mübahisə zamanı Ceyhun mənə qarşı söyüş söyüb. Bu vaxt Mark arxa tərəfdən haradansa götürdüyü təxminən 1 metr uzunluqda olan naqili arxadan Ceyhunun bağazına saldı və onu möhkəm şəkildə özünə tərəf dartdı. Ceyhun əllərilə naqili saxlamaq istədi”.

 

“Var gücü ilə bıçağı Ceyhunun ürəyinə sancdı”

 

Təqsirləndirilən şəxsin ifadəsinə görə, bu vaxt Mark ona “vur onu, bıçaqla vur” deyərək üstünə uca səslə qışqırıb: “Dərhal özümdə olan bıçaqla 2 dəfə Ceyhunun qarın nahiyəsinə soxdum. Lakin Ceyhun yenə müqavimət göstərməsini görən Mark mənə “ver bura bıçağı, bıçağı bura ver deyərək” sol əli ilə trosdan yapışdı. Mark bıçağı əlimdən alaraq Ceyhuna daha 3-4 dəfə zərbə vurdu. Daha sonra Mark var gücü ilə bıçağı Ceyhunun ürəyinə sancdı. Bu vaxt Ceyhun oturduğu oturacağın söykənəcək yeri necə oldusa arxa tərəfə açıldı. Mark Ceyhunu dartaraq arxa tərəfə uzatdı”.

 

“Qərara aldıq ki, meyitini dənizə ataq”

Pərviz Qasımov qeyd edib ki, həmin vaxt maşından yerə düşüb: “Həmçinin Markda maşından yerə düşdü. Bir müddət nə edəcəyimizi bilmədik. Bir qədər özümüzə gələndən sonra qərara aldıq Ceyhunun meyitini Hövsan-Türkan tərəflərdə dənizə ataq. Məqsədimiz cinayətin izini itirmək olub. Mark maşın sürə bilmədiyi üçün rol arxasında oturdum. Mark isə qabaqda yanımda əyləşdi”.

 

“Meyiti dənizə atmaq üçün əlverişli yer tapa bilmədik”

Pərviz Qasımovun sözlərinə görə, maşını Hövsan qəsəbəsi tərəfə sürərək güc nazirliklərindən birinin akademiyasının yanına gəliblər: “Lakin Hövsan istiqamətində meyiti dənizə atmaq üçün sakit, əlverişli yer tapma bilmədik. Lakin Akademiyanın yaxınlığında dar bir küçəyə girdik. Orada Ceyhunun meyitini avtomobildən arxa oturacağın ayaqaltısından götürərək maşının arxa saxlanc yerinə qoyduq ki, görən olmasın. Həmin vaxt Mark Ceyhunun cibində olan 6 manatı da götürdü. Həmçinin Ceyhunun telefonuna zəng gəlməməsi üçün sonun telefonunu cibindən götürdü və nömrəsini telefonla birlikdə kənara tulladıq”.

 

Pərviz Qasımov bildirib ki, Markın əynindəki paltarların qan içində olub və buna görə də evə gedərək əynindəki paltarları dəyişmək lazım olub: “Bundan sonra Mark Ceyhunun meyiti aeroport yoluna atmağı məsləhət gördü. Buna görə də oradan maşını sürə-sürə Markın kirayə qaldığı ünvana gəldik. Mark evdə hamamda yuyunub qanın içərisində olan şalvarını və maykasını dəyişdi. Mənim üstüm təmiz olduğu üçün paltarımı dəyişmədim. Mark qanlı paltarlarını sellofan torbaya qoydu və təxminən 10 dəqiqədən sonra evdən çıxdıq. Markgilin qaldığı evə gələrkən orada qalan fəhlə yoldaşları yatmışdı. Həmin şəxslərin bizim gəlib-getməyimizdən xəbərləri olmayıb”.

 

“Fikirləşdik ki, meyiti aşırımlardan dərəyə atarıq”

Pərviz Qasımov qeyd edib ki, Ceyhun meyitini aeroport yoluna atmaq üçün Neftçilər dairəsinin yaxınlığına çatdıq: “Orada Ceyhunun meyitini aeroport yoluna atmağımızı görən ola biləcəyini fikirləşdik. Bu səbəbdən fıkirimizi dəyişdik. Marka dedim ki, gəl izi itirmək üçün Zaqatlaya onun atası evinə gedək. Yolda Ceyhunun meyitini Şamaxı-İsmayıllı aşırımlarından dərəyə atarıq, oradan da Zaqatalaya gedərik. Sonra maşını yandırıb izi itirərlər. Mark da mənimlə razılaşdı. Oradan birbaşa Şamaxı rayonu istiqamətində 90-100 km/saat sürətlə hərəkət etməyə başladıq. Şamaxı rayonu ərazisindən keçərkən yol olduqca dumanlı olduğundan və yolu tanımadığım üçün avtomobili necə sürdüyümü bilməmişəm. Şamaxı rayonu ərazisində Muğanlı dairəsinə çatmağa az qalmış sərt döngəni dönərkən rol sanki əlimdən çıxdı. Maşın yolun kənarına çıxaraq 2 dəfə çevrilərək kənarda qaldı. Bu vaxt başım maşının tavanına dəyərək xəsarət aldım. Mark üstündə olduğu bıçaqla maşının arxa yan qapısını sındırdı və biz maşından çölə çıxdıq”.

 

40 il cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Pərviz Qasımov 20 il, Mark Süleymanov da 20 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Hökmdən narazı qalan Pərviz Qasımov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, cəzasının daha yüngül cəza ilə əvəz edilməsini xahiş edib. Digər təqsirləndirilən Mark Süleymanov apelyasiya şikayəti verməyib.

 

Bu səbəbdən də Bakı Apelyasiya Məhkəməsində cinayət işinin yalnız Pərviz Qasımova aid olan hissəsi araşdırılıb.

 

Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb. Hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, Pərviz Qasımovun apelyasiya şikayəti təmin olunmayıb.

 

Təqsirləndirilən şəxs Ali Məhkəməyə kasasiya şikayəti ilə müraciət edib. Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan prosesdə onun kasasiya şikayəti də təmin olunmayıb.

 

Müstəqil.Az

Share: