Öldüyünü zənn edən yazıçının kitab təqdimatından

Öldüyünü zənn edən yazıçının kitab təqdimatından

Kulis.az Şain Sinarianın Əhmədiyyə Cəbrayılov haqqında yazdığı “Bir ömür, iki tale” kitabının təqdimat mərasimindən reportajı təqdim edir.

Arada dostlara “Bakının xoş gününü görsəydik…” – deyirdim. “Xoş” deyəndə havanı nəzərdə tuturam. Təsadüfən bu gün hava yaxşıdır: yarı buludlu göy üzü, xəfif meh.

APA-nın həyətində maşında oturmuşuq. Tələsirik. Üçə iyirmi dəqiqə qalır. Nəhayət, fotoqraf dostumuz Orxan da gəlir, yola düşürük. Qabaqda TV-mizin sevimli müxbiri Aynur Qara oturub. Sualları müzakirə edirik. Hərdən sürücümüz İlham bəy də bizim müzakirəyə qoşulur, həmkarımız Səbuhi Məmmədlinin peşəkarlığından danışır. Sonra Aynur Qara bürclərdən söhbət açır, əksər kişilər kimi kimi biz də astrologiyaya inanmadığımızı deyirik.

LİBRAFF-a çatırıq. “Bir ömür, iki tale” kitabının təqdimatı keçirilir. Kitab dünya müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri olan Əhmədiyyə Cəbrayılovun həyatından bəhs edir. Bu sənədli romanın müəllifi Parisdə yaşayan azərbaycanlı yazıçı və ssenarist Şain Sinariadır.

Tədbirdə Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri, Ramiz Rövşən, Aqil Abbas, Mehriban Zəki, Ayaz Salayev və digər ziyalılar, yazıçılar iştirak edir.

Söz Rəşad Məcidə verilir. O, Şain bəylə tanışlığından, müəllifin yaradıcılığından, Fransaya səfərindən və fransalıların qonaqpərvərliyindən söhbət açır:

– Şainin tərcüməçilik və yazıçılıq istedadını kəşf edən bizim hörmətli TEAS Press Nəşriyyat evi oldu, mən onlara çox minnətdaram. Şain bir gün mənə dedi ki, TEAS Press Nəşriyyatı mənə sifariş verib, İmişlidə yaşayan İvon Bottonun haqqında yazı yazacam. Gəldi, dedi, İmişliyə gedəcəm. Bir ay İmişlidə qaldı. Sonra kitab işıq üzü gördü.

Bu kitab həm ikinci dünya müharibəsidən, həm İmişlinin zığlı-palçıqlı günlərindən, həm də İvon Bottonun həyatından bəhs edir. Sonra TEAS Press növbəti sifarişini verir: Əhmədiyyə Cəbrayılovun həyatı haqqında bir kitab.

Arabasında mışıldayan körpə qızın qığıltısı zala yayılır. İştirakçılar arxaya çevrilib gülümsəyirlər. Bu vaxt körpə qızın əlindəki su qabı yerə düşür, təzədən qığıldamağa başlayır. Su qabını götürüb verirəm, atası onun arabasını yellədikcə körpə sakitləşir.

Aynur xanım qulağıma pıçıldayır: “Görürsən, müəllif necə pörtüb, qızarıb. Utancaq, abırlı adama oxşayır”.

Müəllifə diqqətlə baxıram, bir daha qadınların güclü hissiyyatına iman gətirirəm. Müəllifin stressi mimikalarından bəllidir.

Tədbirin aparıcısı sözü Millət vəkili Aqil Abbasa verir. Aqil müəllim həmişəki kimi şux və müsbət enerjisilə tribunaya çıxır. Şain Sinaria ilə tanışlığından söhbət açır:

– Şahinlə biz neçə illərin dostuyuq, it ilindən biri-birimizi tanıyırıq. Şahin də etiraf edər, ona evi mən alıb vermişəm, Şahinə o evi vermirdilər. Tutub əllərindən aldım. Bacısı da uşağına mənim adımı verib. Həm də Şahin gözəl oğlandı ee, Alen Delon onun yanında qələt eliyir. Boyu-buxunu, gözəlliyi… Maşallah, Laçından çıxasan, bu gözəllikdə olasan.

İştirakçılar gülüşür…

Aqil Abbas müəllifin sadəliyindən, təmizliyindən, Şahin bəylə xatirələrindən danışır.

Aynur xanım “Bir ömür, iki tale” kitabını açıb qoxlayır. Görünür, kitab ətrini sevir. Kitabı alıb giriş hissəsini oxuyuram, sonra axırıncı səhifəyə baxıram:

” – Ey, yevrey balası, sən Azərbaycan dilini haradan bilirsən? – birinci əsgər azərbaycanca soruşur.

– Bakı cuhudusan?

– Mən yevrey deyiləm, azərbaycanlıyam, – əsir çətinliklə cavab verir.

– Azərbaycanlısan? – əsgər qaşlarını çatır.

– Bəs yəhudi gettosunda nə işin var?

– Almanlar elə bildilər, yəhudiyəm. Nə qədər dedim ki, azərbaycanlıyam, inanmadılar.

– Sənədin yoxdur?

– Yox, itirmişəm.

– Adın nədir?

– Əhməd.

– Haralısan?

– Şəkili… Qardaş, qurban olum, kömək elə buradan çıxım. Vallah, mən yevrey döyüləm…”

Bu hissəni oxuyan kimi İkinci Dünya Müharibəsi haqqında çəkilmiş möhtəşəm film “Pianoçu”nun son epizodunu xatırlayıram: “Atəş açmayın… Mən alman deyiləm, polaşalıyam…”

***

Tədbirin aparıcısı aktrisa Mehriban Zəkini tribunaya dəvət edir. Mehriban xanım Şahin bəylə tanışlığından, onun dəyişməz üsyankar ruhundan danışır, sonra incə, zərif və zövqoxşayan səsilə “İvon Bottonun arzuladığı həyat” kitabından bir neçə sətri oxuyur:

” – Ümidsiz olanda, gələcəkdən heç nə gözləməyəndə, sabahsız yaşayanda bu günün acı bağırsaq kimi uzananda, intiharlardan yaxa qurtarmaq üçün yalnız bir yol qalır: keçmişi dəyişmək. Mənim tapdığım üsulda elə bu idi. Keçmişi dəyişmək olmaz – deyənlərə inanmayın, yalandır. Gələcəyi dəyişmək olmaz, çünki alnımıza nə yazılıbsa, o da olacaq. Bu günümüzü də dəyişmək mümkün deyil, çünki gecdir, bu gün artıq başlayıb. Bircə keçmişi dəyişmək mümkündür. Keçmiş yeganə bir reallıqdır ki, istədiyin kimi dəyişib mənasız həyatına bir təsəlli verə bilirsən.”

Bu hissə Mehriban xanımın səsilə məni başqa dünyaya götürdü: Afinada “Sintaqma” meydanına yaxın bir kilsədə keşiş İncil oxuyurdu, onun uca, incə səsi dalğalandıqca mən ruhani ab-havaya bürünürdüm. Nəyəsə inanmaq istəyirdim, elə bir şey ki, mənə təsəlli olsun, – özümü sakit, heç kimin olmadığı yerdə hiss edirdim.

Məhz bu ab-havaya görə, o tədbirə qatılmağıma dəyərdi.

***

Aparıcı sözü növbəti adama vermək istəyəndə Ramiz Rövşən dillənir. Deyir, mən başqa bir tədbirdə də olmalıyam, mümkünsə, sözümü deyim, şeirimi oxuyum gedim.

Aparıcı razılaşır. Ramiz Rövşən kitab evinin əməkdaşlarından “Sevgi açarı” kitabını istəyir: “O kitabdan sizdə varsa, gətirin, bir şeir oxumaq istəyirəm”.

Məlum olur ki, həmin kitab satılıb qurtarıb. Ramiz Rövşən bu xəbərə çox sevinir və Şahin bəyə də kitabının satılıb bitməsini arzulayır. Sonra Əhmədiyyənin maraqlı həyatı və böyük şəxsiyyəti haqda danışmağa davam edir.


Ramiz Rövşənin çıxışından sonra İvon Botton haqqında çəkilən filmin treyleri təqdim edilir.

***

Söz Fransanın Azərbaycandakı səfirinə verilir. Onun danışdıqlarını Şahin Sinaria özü tərcümə edir:

– Mən çox xoşbəxtəm ki, Azərbaycan-Fransa ədəbiyyatı və mədəniyyətinə həsr olunmuş bir tədbirdəyəm. Mən doğrudan da mədəniyyətin gücünə inanıram. Təbii ki, ədəbiyyatın gücünə də.

Şain Sinaria hamıya təşəkkürünü bildirir və bu çıxışlardan sonra özünü qəribə hiss etdiyini deyir: “Elə bildim ölmüşəm, anım günümdür”.

İştirakçılar gülüşür…

Görünür, müəllif uzun müddət Azərbaycandan uzaq yaşayıb, tədbirlərin formatı və rəsmiliyi ona qəribə gəlir.

Tədbir yekunlaşır, saat 17:30-dur. Biz – mehriban əməkdaşlar yola düşürük. Çox keçmir, musiqili meyxanaların sədaları altında “Baksovet”in tıxacında tıncıxmağa başlayırıq.

Aynur xanım vəziyyəti yüngülləşdirmək üçün bizə ərik paylayır. Fotoqraf Orxanın seçdiyi ekzotik mahnılar, əriyin qoxusu… – Hava gözəldir.

Share: