Ölkədə müharibə gedir, biz isə… – Qurbanov

Ölkədə müharibə gedir, biz isə… – Qurbanov

Çox çətindir. Ölkədə müharibə gedir, biz isə burada “Vilyarreal”a qarşı matça çıxacağıq. Əsgərlərimiz soyuqda düşmənə qarşı vuruşur, amma biz futbol haqqında düşünürük. Biz heç vaxt özümüzü tək hiss etmədik.

Müstəqil.Az Report-a istinadla xəbər verir ki, bu fikirləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində Türkiyənin İstanbul şəhərində İspaniya “Vilyarreal”ına qarşı keçirəcəkləri matçdan əvvəl müsahibəsində deyib.

48 yaşlı mütəxəssis bildirib ki, Türkiyə hər zaman Azərbaycana dəstək olub:

“Türkiyəli qardaşlarımız ilk gündən bizim yanımızda oldular. Bütün türk xalqına dərin təşəkkürümü bildirirəm. Qarabağ müharibəsi başlayandan bu günə qədər yanımızdadırlar. Düşünürəm ki, sonadək bu cür davam edəcək. Belə olan halda biz özümüzü güclü hiss edirik. Bizim üçün nə qədər çətin olsa da, işimiz, peşəmiz budur. Vəzifəmizi layiqincə yerinə yetirməliyik”.

Bir müddət əvvəl Azərbaycan əsgərlərindən birinin Xankəndi şəhərində “Qarabağ” və “Qalatasaray” komandaları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı istəyinə münasibət bildirən təcrübəli baş məşqçi bunları söyləyib:

“Həmin çıxışı izləmişəm, çox duyğulandım. Çox istərdik ki, torpaqlarımız tezliklə azad olunsun. Qarabağ torpaqlarında tək “Qalatasaray”la yox, Türkiyə komandaları ilə matçlar keçirək və birliyimizi bütün dünyaya göstərək”.

Qeyd edək ki, “Qarabağ” – “Vilyarreal” matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

Müstəqil.Az

Share: